2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində 24 dekabr 2019-cu il tarixli 02 saylı müraciətə baxılmasına dair

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 22/100

 

2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Yardımlı rayonu Astanlı kənd sakini Tağıyev Rafiq İslam oğlu 2019-cu il dekabrın 24-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək 72 saylı Yardımlı - Masallı seçki dairəsi üzrə Aşağı Astanlı bələdiyyəsinə keçirilən seçkilərdə həmin seçki dairəsinin 7, 8 və 9 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verməsini iddia etmiş, bu pozuntuların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin 112.10-cu maddəsinə əsasən seçkilərin gedişi zamanı səsvermə günüyaxud növbəti gün seçki komissiyasına daxil olan şikayət üzrə qərar dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Yardımlı rayonu Astanlı kənd sakini Tağıyev Rafiq İslam oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2019-cu il tarixli 02 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

24.12.2019

 

Azərbaycan.- 2019.- 25 dekabr.- S.10.