2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə
seçkilərində 24 dekabr 2019-cu il tarixli 04 saylı
müraciətə baxılmasına dair
Azərbaycan Respublikası
Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹ 22/102
2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 85 saylı Şamaxı seçki dairəsindən Şəhriyar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Hüseynov Natiq Məmməd oğlu 2019-cu il dekabrın 24-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək 85 saylı Şamaxı seçki dairəsinin 12 saylı seçki məntəqəsində Şəhriyar bələdiyyəsinə keçirilən səsvermənin Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) tələblərinə zidd keçirildiyini, məntəqə seçki komissiyasının sədri tərəfindən səslər hesablanarkən qanunvericiliyin tələblərinin pozulmasını və müşahidəçilərin zaldan çıxarılmasını bildirmişdir.
Müraciət Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Seçki Məcəlləsinin 112.10-cu maddəsinə əsasən seçki komissiyasına seçkilərin gedişi zamanı səsvermə günü və yaxud növbəti gün daxil olan şikayət üzrə qərar dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 85 saylı Şamaxı seçki dairəsindən Şəhriyar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Hüseynov Natiq Məmməd oğlunun seçki günü həmin seçki dairəsinin 12 saylı seçki məntəqəsində baş verməsi iddia edilən qanun pozuntularına dair Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 dekabr 2019-cu il tarixli 04 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.12.2019
Azərbaycan.- 2019.- 25 dekabr.- S.10.