Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına
müsahibə verib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.
-Cənab Prezident, salam. Çox sağ olun ki, bizi Azərbaycanda
yenidən qəbul edirsiniz. Biz 2019-cu ilə birlikdə yekun
vura bilərik. Bu il Azərbaycan üçün, Rusiya-Azərbaycan
münasibətləri üçün necə olub?
-Sizi Azərbaycanda yenidən görməyimə çox şadam, xoş gəlmisiniz. Keçənilki görüşümüzü xatırlayıram. İlin sonunda görüşmək yaxşı bir ənənə olub. Əlbəttə, həm azərbaycanlı, həm də rusiyalı tamaşaçılara deməyə sözümüz var. Ona görə ki, bu il ikitərəfli münasibətlərin inkişafı baxımından həqiqətən çox zəngin olub.
Biz ilə yekun vururuq. Əminəm ki, bu il bizim münasibətlərimizin tarixinə ölkələrimizin yaxınlaşması baxımından ən fəal və dinamik illərdən biri kimi daxil olacaq. Yüksək səviyyədə əlaqələrimiz çox olub. Mən Rusiya Prezidenti ilə dəfələrlə görüşmüşəm və hər bir görüş çox faydalı, səmərəli və nəticəyönümlü olub. Bizim öz komandalarımıza verdiyimiz tapşırıqlar yerinə yetirilib. Biz praktiki olaraq bütün fəaliyyət sahələrimizi – ticarət, nəqliyyat, energetika, humanitar və turizm sahələrini əhatə edən beş "yol xəritəsi” çərçivəsində proqramı fəal surətdə reallaşdırırıq. Bu ilin sonunda həmin "yol xəritələri”nə daha ikisi – innovasiyalar üzrə və gənclər siyasəti üzrə "yol xəritələri” əlavə olunub. Bu, bizim təşəbbüsümüz idi və Rusiya tərəfindən müsbət qəbul edildi.
Deməliyəm ki, artıq gələn ilin fevral ayında birinci Rusiya-Azərbaycan gənclər forumunun keçirilməsini planlaşdırırıq. Biz hesab edirik ki, ikitərəfli nailiyyətlərimizi qoruyub saxlamaq və artırmaq üçün gənc nəsil hökmən ünsiyyətdə olmalı, bir-birini tanımalı, əməkdaşlıq baxımından yetkin həyata hazırlaşmalıdır. Buna görə əminəm ki, Azərbaycan və Rusiya gənclərinin birinci forumu çox faydalı, xoşagələn, maraqlı olacaq və beləliklə, gənc nəslin nümayəndələri artıq bir-birini tanıyacaqlar. Əminəm ki, indiki nəsil kimi, gələcək nəsil də əlaqələrimizi möhkəmlətməyə çalışacaq.
Sənaye sahəsində çox iş görülüb. Şadıq ki, bu il Azərbaycanda ən iri sənaye layihələrindən biri həyata keçirilib. "Qazprombank” bu layihənin maliyyələşdirilməsinə təqribən 500 milyon dollar ayırıb. Bu il Azərbaycanda 100 faiz Rusiya investisiyalı əczaçılıq müəssisəsi açılıb. Bu da çox mühüm hadisədir. Ona görə ki, bu gün biz əczaçılıq şirkətlərinin məhsullarının satışı məsələsində çox cəhətdən idxaldan asılıyıq. Bu il həm də "Vertolyotı Rossii” şirkəti ilə birlikdə helikopterlərin təmiri və onlara xidmət üzrə servis mərkəzinin təməli qoyulub. Deməliyəm ki, bizdə Rusiya istehsalı olan 100-dən çox helikopter var və əlbəttə, onlara servis tələb olunur. Biz hesab edirik ki, bu mərkəz həm də regional xarakterli olacaq və Rusiya hərbi texnikasına malik qonşu ölkələr bizim imkanlarımızdan istifadə edəcəklər.
Hərbi-texniki əməkdaşlıq baxımından da bu il uğurlu olub. Biz əvvəllər imzalanmış, həcmi milyard dollarlarla ölçülən kontraktların reallaşmasını davam etdirmişik, bu sahədə mövcud dinamikanın qorunub saxlanması üçün yeni kontraktlar bağlanması imkanlarını müfəssəl müzakirə etmişik. Azərbaycanda istehsal edilən "KamAZ” və "Ural” avtomobillərindən əlavə, "QAZ” avtomobilləri istehsalı zavodunun da təməli qoyulub. Metro vaqonlarının təchizatı barədə Rusiya şirkəti ilə üçillik kontrakt imzalanıb. Biz metronun vaqon parkını tamamilə yeniləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan” pavilyonu açılıb. Bu da əlamətdar hadisədir. Pavilyon ilkin görkəmində bərpa edilib. Bu, məşhur beynəlxalq məkanda Azərbaycanın mədəni mərkəzidir.
Dekabrın 24-də Samur çayı üzərində yeni avtomobil körpüsü açılıb. Bu körpü dövlətlərimizi əlaqələndirir. Bu da çox mühüm hadisədir. Ona görə ki, köhnə körpü ötən əsrin 50-ci illərində tikilmişdi və daşınan yüklərin, oradan keçən minik avtomobillərinin həcminə davam gətirmirdi. Buna görə dekabrın 24-də sərhəddə təntənəli şəraitdə istifadəyə verilmiş körpü bizim əməkdaşlığımız, habelə regional əməkdaşlıq üçün yeni qapı olacaq. "Şimal-Cənub” layihəsinin həyata keçirilməsi nəticəsində yükdaşımaların həcmi keçən il 8 dəfə, bu il isə 60 faiz artıb. Buna görə bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işləri prinsip etibarilə başa çatdıran Azərbaycan qonşu ölkələr üçün artıq nəqliyyat-logistika imkanları təqdim edir. Mən bu siyahını davam etdirə bilərəm.
-Layihələr həqiqətən də çoxdur və
əsas odur ki, onlar həyata keçirilir, bu, tamamilə
başqa səviyyədir. Bu, artıq sənaye sahəsində
əməkdaşlıq, qarşılıqlı fəaliyyət
və yüksək texnologiyalar səviyyəsidir. Yəqin Siz razılaşarsınız ki, onların
dinamikası, ümidvaram, növbəti il də davam edəcək
və bu il, sadəcə, Rusiya və Azərbaycan münasibətlərində
yeni mərhələnin başlanğıcı olacaq, irəlidə
bizim digər layihələrimiz də olacaq, bizi başqa
rekordlar gözləyir. Bütün
bunları bu gün məhdudiyyətləri ilə biznesə
mane olan inzibati baryerlərin aşılması şəraitində
inkişaf etdirmək zəruridir. Əgər gələn ilə
nəzər salsaq, Sizcə növbəti ildə bu məhdudiyyətlərdən
hansıları aradan götürülə bilər?
Hansı addımları atmaq zəruridir?
-Bu məsələlər il ərzində detallı şəkildə müzakirə olunub. Belə ki, sizin söylədikləriniz bizim münasibətlərimizin, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafının ayrılmaz hissəsidir. Ona görə də ölkələrimizin müvafiq strukturlarına artıq bu gün gömrük prosedurlarının sadələşdirilməsi, yüklərin daşınmasına nəzarət üzrə müasir texnologiyaların tətbiqi, sərhədi keçməyin sadələşdirilməsinə dair tapşırıqlar verilib. Həm Azərbaycanda, həm də Rusiyada bu istiqamətdə müasir texnologiyalar tətbiq edilir. Ona görə düşünürəm ki, məhz bu cür inzibati və bürokratik maneələrin aradan qaldırılması əsas istiqamətlərdən biri olacaq.
İqtisadi sahədə əməkdaşlığa gəldikdə, əminəm ki, əmtəə dövriyyəsi artacaq. Bu il biz 25 faiz artım müşahidə edirik, ötən il 20 faizə yaxın olub. Bu, iqtisadi-ticari münasibətlərdə ciddi dinamikadan xəbər verir. Çünki artıq mövcud olan yüksək bazanı aşmaq bizim üçün asan deyil. Bunun üçün isə, əlbəttə, biz mənim söylədiyim "yol xəritələri”ni uğurla həyata keçirməliyik və nəqliyyat-tarif siyasətinə yanaşmaları əhəmiyyətli dərəcədə unifikasiya etməli, o cümlədən yeni nəqliyyat layihələri üzrə fəaliyyətimizi əlaqələndirməliyik. Bu gün Azərbaycanda Xəzər dənizinin sahili boyunca mövcud yola paralel olaraq Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil trası inşa edilir. Avtomobil trasının bu marşrutu məsafəni xeyli azaldacaq. Ona görə də Rusiya sərhədinə çatmaq daha tez və rahat olacaq.
-Mütləq rəqəmlərlə ifadə etsək,
bizim qarşılıqlı əmtəə dövriyyəsinin
həcmi 3 milyard dollara yaxınlaşır. Dollar demişkən,
Rusiya və Azərbaycan dollardan asılılığı
azaltmaq üçün tədricən milli valyutalarda
hesablaşmalara keçirlər. Bu gün Azərbaycanın
"Mir” ödəmə sisteminə qoşulmasının
mümkünlüyü də müzakirə edilir. Bu
yaxınlarda Vladimir Putin MDB-nin sammitində, ümumiyyətlə,
ortaq maliyyə bazarı yaradılmasının perspektivləri
barədə düşünməyi təklif edib. Belə təşəbbüslərə
Sizin münasibətiniz necədir?
-Biz bu təşəbbüsləri ciddi surətdə nəzərdən keçiririk. Biz ölkələr arasında ticarətin milli valyutalarla aparılması ilə bağlı məsələləri qonşu ölkələrdə də müzakirə edirik. Bildiyiniz kimi, bu məsələ orada da çox fəal müzakirə olunur və bu istiqamətdə ilk addımlar atılır. Buna görə də düşünürəm ki, ilk növbədə, bizim əmtəə dövriyyəsində milli valyuta ilə satıla biləcək malların nomenklaturu müəyyən edilməli və sonra bu istiqamətdə addımlar atılmalıdır.
"Mir” ödəmə sisteminə qoşulmaq barədə təklifi nisbətən yaxın vaxtlarda almışıq və onu ciddi öyrənirik. Fikrimcə, xüsusən Rusiyadan Azərbaycana turist axınının kəskin artması ilə əlaqədar burada yaxşı perspektiv var. Keçən il Azərbaycana təqribən 900 min rusiyalı gəlib. Bu il isə 11 ay ərzində müvafiq rəqəm yenə 900 mindir. Yəni, biz milyona yaxınlaşırıq. Biz turizm sənayesini fəal inkişaf etdirir və turizm hesabına gəlirin uçotunu aparmağa çalışırıq. Əlbəttə, turistlərin ödəmə kartları üzrə nə qədər xərclədiklərini hesablamaq çox asandır. Lakin turistlərin çoxu həm də nağd pul xərcləyir. Bu, əsasən keçmiş SSRİ məkanından olan turistlərə aiddir. Buna görə əgər bu sistem Azərbaycanda tətbiq edilsə, bizdə mədaxilin dəqiq uçotu aparılacaq, rusiyalılar üçün isə Azərbaycana gəlmək xeyli rahat və münasib olacaq, bəzən mübadilə məntəqələrində pul dəyişdirilməsi ilə bağlı problemlərlə üzləşməyəcəklər.
-Bəs, vahid maliyyə bazarı?
-Maliyyə bazarı daha mürəkkəb məsələdir. Bu barədə bizə hələlik konkret təkliflər edilməyib. Bu barədə bəyanatlar eşitmişik. Əlbəttə, bunu ciddi öyrənəcəyik. Təbii ki, bizim yanaşmamız həmişə praqmatizmə, məsələnin praktiki tərəfinə əsaslanır. Əgər bu, sərfəli, maraqlı, rahat olsa, əmtəə dövriyyəsini stimullaşdırsa, biznes strukturlarının fəaliyyətini asanlaşdırsa, əlbəttə, biz bu məsələyə çox ciddi yanaşacağıq.
-Əlbəttə, Rusiya və Azərbaycan dedikdə həmişə
iri enerji layihələri yada düşür. Biz burada həm də
tərəfdaşlarıq. Bizi rəqiblər də
adlandırırlar. Bunun nə dərəcədə əsaslı
olduğunu bilmirəm. Biz "Türk axını” layihəsinin
inkişafı və Cənub Qaz Dəhlizi barədə
danışırıqsa, gələn il üçün Sizin
planlarınız necədir? Siz Avropaya
çatmalısınız...
- Elədir. Mən də, ilk növbədə, bu məsələyə toxunmaq istərdim. Ona görə ki, bəzən müxtəlif ölkələrin mətbuatında burada hansısa rəqabət olması barədə eşidirik, bu cür tezislər görürük. Bu, əsla belə deyil, heç vaxt belə olmayıb və əminəm ki, belə olmayacaq. Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni, mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər.
"Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik.
Azərbaycan qazının Avropa bazarına çıxması məsələsinə gəldikdə, Cənub Qaz Dəhlizi layihəsi həyata keçiriləndən sonra Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək. Rusiyadan göndərilən həcm ilə müqayisədə, - dəqiq rəqəm yadımda deyil, lakin ayrı-ayrı illər üzrə təxminən 150-170 milyard kubmetrdir, - bu, çox kiçik həcmdir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsi, əlbəttə, əsla rəqib deyil. Biz də bunu heç vaxt belə hesab etməmişik. Sadəcə, bu layihə Azərbaycana öz qaz ehtiyatlarını beynəlxalq bazarlarda satmaq imkanı verəcək. Bu dəhliz üzrə qazın bir hissəsi artıq Türkiyə bazarına çatdırılır. Bu il noyabrın sonunda TANAP layihəsi – Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlanıb. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni gələn il bütünlüklə istifadəyə verməyi nəzərdə tuturuq. Bu, həm də bizə hazırda işlənilmə mərhələsində olan yeni qaz yataqlarını istismara verməyə imkan yaradacaq və daha düşünməyəcəyik ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə ki, biz nəqliyyat və enerji dəhlizləri vasitəsilə artıq çoxdan həm Qara dəniz, həm də Aralıq dənizi bazarına çıxmışıq və indi, əlbəttə, Türkiyənin və Avropanın qaz bazarlarına nisbətən böyük həcmdə çıxırıq.
-Tərəfdaşlıq Avropaya göndərilmək
üçün Rusiya qazının alınması ilə
davam edə bilər.
-Bəli, şübhəsiz. Düşünürəm ki, gələcəkdə biz yenə də çoxtərəfli səmərəli əməkdaşlıq çərçivəsində əvvəllər bəlkə də həyata keçirilməsi mümkünsüz görünən bir çox birgə layihələri reallaşdıra bilərik. Bu cür əməkdaşlığın örnəyi kimi mən Azərbaycan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal gətirə bilərəm. Bu gün rusiyalı təchizatçılar Rusiyadan yükləri Azərbaycan ərazisi ilə Türkiyə limanlarına, ilk növbədə, Mərsinə çatdırırlar. Daha sonra Avropa ölkələrinə yüklərin limanlarda yükaşırma olmadan dəmir yolu ilə daşınması perspektivi var. Bu gün biz artıq milyonlarla tona çatacaq mümkün həcmlərdən danışırıq. Həm də biz Azərbaycanla Türkiyə arasında dəmir yolu xəttinin tikilməsi təşəbbüsünü irəli sürəndə çoxlarına elə gəlirdi ki, bu, yalnız Çin və Mərkəzi Asiyadan olan yükgöndərənlərə aid ediləcək, lakin bu gün rusiyalı yükgöndərənlər artıq yüklərini bu istiqamət üzrə daşıyırlar. Buna görə də istisna etmirəm ki, Türkiyə ərazisində cəmləşəcək bizim yaratdığımız və artıq Rusiyanın da yaratdığı mövcud qaz nəqli infrastrukturu müəyyən mərhələdə ortaq infrastruktura çevrilə bilər.
-Burada yəqin ki, həm də Azərbaycan, Rusiya və
İranın enerji sistemlərini xatırlatmaq vacibdir. Burada da əməkdaşlıq
üçün böyük imkanlar mövcuddur.
-Tamamilə doğrudur. Biz Rusiya ilə paralel rejimdə işləyirik. Bu, çox səmərəli rejimdir. Hər rübdə mənə enerji mübadiləsi üzrə məlumatı təqdim edirlər. Ən əsası odur ki, hər hansı qəza zamanı biz həmişə bir-birimizə güvənə bilərik. Ötən ilin yayında Azərbaycanda qəza baş verəndə, demək olar ki, tam blekaut vəziyyəti yarananda Rusiya tərəfi bizə müəyyən strateji obyektləri elektrik enerjisi ilə təmin edə bilmək üçün qəbul edə biləcəyimiz həcmdə zəruri yardım göstərdi.
Dağıstanda qəza baş verəndə biz də eynilə bu cür hərəkət edirik, dərhal enerji axınını Rusiya bazarına yönəldirik. Bu gün Azərbaycanda min meqavat həcmində elektrik enerjisi artıqlığı var. Biz Gürcüstan, Türkiyə və bəzi Avropa ölkələrinə elektrik enerjisi ixrac edirik. Zərurət yarananda Rusiya ilə də satış həyata keçiririk. Biz, həmçinin İranla yeni elektrik verilişi xətti inşa etmişik. Beləliklə, artıq üç ölkə arasında energetika dəhlizi mövcuddur və üç ölkənin nazirləri mütəmadi olaraq görüşərək bu istiqamətdə gələcək əməkdaşlıq məsələlərini müzakirə edirlər.
-Bu, ortaq enerji
sisteminə çevrilə bilərmi?
-Bəli, bu, artıq praktik olaraq
baş verir. Çünki artıq mənim
dediyim kimi, biz Rusiya Federasiyası ilə paralel rejimdə
işləyirik. Həmçinin qərb
istiqamətində, cənub istiqamətində bizim enerji xəttimiz
və ixracımız nizamlanıb. Ona
görə düşünürəm ki, təkcə
üçtərəfli Azərbaycan-İran- Rusiya
miqyasında deyil, daha böyük həcmdə koordinasiya və
çoxtərəfli əməkdaşlıq hamı
üçün faydalı olacaq.
-Yəqin ki, Siz
Rusiyanın "Şimal axını-2” layihəsinin necə təzyiqə
məruz qaldığını müşahidə edirsiniz. Siz
dediyiniz kimi, Azərbaycanın Avropa bazarında ambisiyaları
bir qədər azdır, lakin o da bu cür basqıya məruz
qala bilər. Siz bunu hiss edirsinizmi?
-Xeyr. Enerji layihələri
baxımından hiss etmirik. Üstəlik,
avropalı istehlakçılar Azərbaycan qazının əlçatan
olmasında maraqlıdırlar. Dediyim kimi,
bu həcm kiçik olsa da, amma hər halda mövcuddur.
Buna görə də energetika ilə bağlı məsələlərdə
biz bu cür təzyiq hiss etmirik.
-Avropalı
istehlakçılar "Şimal axını-2” layihəsində
maraqlıdırlar, amerikalı istehsalçılar isə o qədər
də yox. Bu maraq çox da
qarşılıqlı deyil. Bütövlükdə,
qarşılıqlı siyasi fəaliyyət, siyasi fon barədə danışmalı olsaq,
Rusiyanın qərbli tərəfdaşları ilə münasibətlərinin
sizə hər hansı təsirini
görürsünüzmü, bu münasibətlər Azərbaycana
necə təsir göstərir?
-Mən deyərdim ki, əlbəttə,
bu təsiri birbaşa görmürük, ona görə ki, bu
məsələ bir növ bizim fəaliyyət
sahəmizə aid deyil. Amma, əlbəttə,
bütövlükdə ölkələr arasında, bizimlə
tərəfdaşlıq münasibətləri olan ölkələr
arasında əlaqələr gərginləşəndə,
bu, hamıya mənfi təsir göstərir.
-Bəlkə Sizi Rusiya ilə dostluq etməkdən
çəkindirmək istəyirlər?
-Fikrimcə, elə deyil. Məncə, artıq hamıya, o cümlədən
Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil
xarici siyasət yürüdür və bunu açıq elan
edir. Bizim sözlərimiz heç vaxt əməllərimizə
zidd olmur. Avropa ölkələri ilə
bizim yaxşı, xoş münasibətlərimiz var. Biz Avropa
İttifaqının üzvü olan 9 ölkə ilə
strateji tərəfdaşlıq haqqında sənədlər
imzalamışıq və ya bu cür sənədlər qəbul
edilib. Bu, Avropa İttifaqı ölkələrinin
üçdəbiri deməkdir, lakin Brexitdən sonra
üçdəbirdən də çox olacaq. Keçən
il biz Avropa İttifaqı ilə tərəfdaşlığın
prioritetləri barədə sazişi paraflamışıq. Bu sazişdə Azərbaycanın ərazi
bütövlüyünün, suverenliyinin, sərhədlərinin
toxunulmazlığının dəstəklənməsi ifadə
edilib.
Hazırda Avropa
İttifaqı ilə danışıqlar prosesi gedir. Bütün
bunlar başqa ölkələrlə münasibətlər
qurulmasına əsla mane olmur. Avropada da
başa düşürlər ki, Azərbaycan qonşularla
münasibətlər baxımından tamamilə müstəqil
kurs yürüdür. Azərbaycan o
ölkədir ki, o, yarana biləcək təsiri və təzyiqi
dəf edə bilər və bunu dəfələrlə
nümayiş etdirib. Səbəb odur ki,
biz iqtisadi baxımdan müstəqilik. Biz
öz vəsaitimiz hesabına yaşayırıq. Bizim kreditə ehtiyacımız yoxdur. Beynəlxalq İnkişaf Assosiasiyasının
hesablamalarına görə, biz donor ölkə olmuşuq.
Azərbaycanın xarici dövlət borcu
ümumi daxili məhsulun təqribən 17 faizi
civarındadır. Bu göstərici
üzrə biz dünyada 9-cu yerdəyik. Buna
görə də iqtisadi müstəqillik siyasət
meydanında da öz mövqeyimizi qorumaq üçün bizə
güc verir. Biz də bunu uğurla edirik.
Yarana biləcək təzyiq və
basqıları dəf etmək üçün bir
imkanımız da ondan ibarətdir ki, bizim siyasətimiz xalq tərəfindən
dəstəklənir, biz haqlı olduğumuza əminik. Beləliklə, əvvəllər Azərbaycanı
hansısa məcraya yönəltmək üçün
göstərilən bütün cəhdlər puç olub.
-Siz Avropa İttifaqına daxil olmağa
hazırlaşmırsınız?
-Tamamilə doğrudur.
-Əvvəlcə
göstərilib, sonra yığışdırıla bilən
bu cür dadlı tikə yoxdur...
-Bu yaxınlarda Azərbaycan jurnalistləri
ilə görüşümdə mən bu məsələlər
barədə ətraflı danışmışam, belə
ki, bəzən bizim mətbuatımızda bununla bağlı
reallıqdan uzaq fikirlər səsləndirilir. Mən bu məsələnin
üzərində təfsilatı ilə dayanaraq dedim ki, bizi
orada heç gözləmirlər də. Biz hətta
namizədlərin siyahısına da daxil deyilik. Həm də Azərbaycan "Şərq tərəfdaşlığı”
layihəsində birləşən keçmiş SSRİ-i
ölkələrinin bəzilərindən fərqli olaraq assosiasiya
haqqında sazişi imzalamayan ölkədir. Mən onu əvvəldən axıradək
oxumuşam. Başa düşdüm ki, bu,
saziş deyil. Bu, təlimatdır. Bunlar bizim əməl etməyimiz üçün
yuxarıdan göndərilən təlimatlardır. Mən öz komanda üzvlərimə sual verdim.
Bu təlimat bizim nəyimizə lazımdır?
O, bizə nə verəcək? Burada Azərbaycan
üçün hər hansı əməli fayda varmı?
Mən şəxsən bunu görmədim.
Ona görə də biz Avropa Komissiyasına
bunun yerinə bizim üçün faydalı olacaq, Azərbaycan
vətəndaşlarına bu addımı nədən
ötrü atdığımızı izah edə biləcəyim
ikitərəfli saziş üzərində işləməyi
təklif etdik. Axı, biz kiminsə
xoşuna gəlmək üçün və ya sadəcə
ondan bizdə də var demək xətrinə saziş imzalaya
bilmərik. Biz bu cür işləmirik.
Bizim əldə edəcəyimiz hər hansı
saziş, hər hansı razılaşmanın konkret nəticələri
olmalıdır.
Biz bu gün Rusiya-Azərbaycan
münasibətlərindən bəhs etdik. Görürsünüz,
hər məsələdə konkret nəticə var, bizim
razılıq əldə etdiklərimizin və
imzaladıqlarımızın hamısı həyata
keçirilir. Biz Avropa Komissiyasına da
bunu təklif etdik və deməliyəm ki, yeni saziş üzrə
danışıqlar bütövlükdə pis getmir. Bəndlərin 90 faizindən çoxu
razılaşdırılıb. Lakin
razılıq əldə olunmayan bəndlər bizim
üçün qətiyyən qəbuledilməzdir. Əgər Avropa İttifaqının mövqeyində
dəyişiklik baş verərsə, onda biz nəticəyə
hesablanmış danışıqları davam etdirə bilərik.
-Bu il
Dağlıq Qarabağda atəşkəs haqqında
sazişin, müddətsiz sazişin 25 ili tamam oldu. Elə bu il tərəflər Bakının və
Yerevanın qəbul etdiyi proqram üzrə sülhə
doğru hərəkətin başlandığını bəyan
etdilər və bir neçə maraqlı hadisə baş
verdi. O cümlədən məsələn, Ermənistanda və
Azərbaycanda jurnalist nümayəndə heyətləri
mübadiləsi. Siz bu, çox mürəkkəb məsələdə
daha hansı müsbət cəhətləri qeyd edərdiniz?
-Təəssüf ki, daha heç nəyi.
Hesab edirəm ki, 2019-cu il münaqişənin
nizamlanması üçün itirildi. Bunun
günahı isə erməni tərəfinin
qeyri-ardıcıl, ziddiyyətli və anlaşılmaz
mövqeyidir. Çünki il ərzində
biz Ermənistanın ali rəhbərliyinin bir-birinə tamamilə
zidd olan bəyanatlarını eşidirdik. Məsələn,
onlardan biri Dağlıq Qarabağın "müstəqil
dövlət” olması və Azərbaycanın belə
adlandırılan "müstəqil dövlət” ilə
danışıqlar aparmalı olması barədə bəyanatdır.
Bu, danışıqlar prosesinin tamamilə
pozulması, mahiyyətcə onun dayandırılması cəhdi
idi. Təbii ki, bununla nə biz
razılaşa bilərdik, nə də vasitəçi ölkələr
– ATƏT-in Minsk qrupunun həmsədrləri. Bildiyimə görə, onlar da Ermənistan rəhbərliyinə
xəbərdarlıq etdilər ki, bu populist və zərərli,
təhlükəli siyasətdən əl çəksin.
Görünür ki, bu
ağlabatan məsləhəti eşidən Ermənistan rəhbərliyi
öz mövqeyini dəyişdi, lakin yenə də daha pis bir
istiqamətdə. Ermənistanın baş nazirinin növbəti
bəyanatı ondan ibarət oldu ki, Dağlıq Qarabağ Ermənistandır
və nöqtə. Onda bizdə belə bir sual meydana
çıxır: onlar gah deyirlər ki, Dağlıq
Qarabağ heç kimin, o cümlədən Ermənistanın
da tanımadığı müstəqil dövlətdir, gah
da deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır. Bu da yalandır. Beləliklə,
onlar özləri Dağlıq Qarabağın nə
olduğunu bilmirlər. Əgər onlar
Dağlıq Qarabağın nə olduğunu bilmirlərsə,
biz bunu onlara izah edə bilərik. Mən
bunu oktyabrda "Valday” forumu çərçivəsində
sizin kanalınızın birbaşa efirində etmişəm,
onda demişdim ki, Dağlıq Qarabağ Azərbaycandır və
nida işarəsi. Erməni tərəfinin
tezislərindən fərqli olaraq, bu, həqiqətdir,
çünki həm tarixi ədalət, həm də beynəlxalq
hüquq Dağlıq Qarabağın Azərbaycanın
ayrılmaz hissəsi olduğunu təsdiq edir. Azərbaycan BMT-yə daxil olanda, o, özünün
tam ərazi bütövlüyü çərçivəsində
üzv olub. Əgər biz buraya BMT Təhlükəsizlik
Şurasının erməni silahlı qüvvələrinin
işğal olunmuş əraziləri dərhal və
qeyd-şərtsiz tərk etməsi haqqında qətnamələrini,
digər beynəlxalq təşkilatların qətnamələrini
və heç bir ölkənin Dağlıq Qarabağ adlanan
ağlasığmaz və qeyri-qanuni qurumu
tanımadığını da əlavə etsək, onda
görərik ki, münaqişənin həlli Azərbaycanın
ərazi bütövlüyünün tanınması və
onun suverenliyinə hörmət müstəvisində
olmalıdır. Ona görə də Ermənistan
rəhbərliyi bu sadə həqiqəti nə qədər
tez başa düşsə, bizim danışıqlar prosesində
irəliləmək şansımız yaranar.
-Bəli, bu proqram
davam etdiriləcək. Siz bu mövqelərə
sadiq qalırsınızmı?
-Nizamlanma mövqeyi üzrə?
-Bəli, sülhə
nail olmaq üzrə.
-Bəli, sülhə doğru irəliləmək
fəal danışıqlar prosesi ilə müşayiət
olunmalıdır. Erməni tərəfinin bizim
Dağlıq Qarabağla danışıqlar aparmalı
olduğumuz barədə bəyanatına baxmayaraq, indi
danışıqlar Azərbaycan və Ermənistan arasında
aparılır. Mənim baş nazir Paşinyanla
görüşlərim, o cümlədən ATƏT-in Minsk
qrupunun təsbit etdiyinə görə, martda Vyanada
keçirilən rəsmi görüş erməni tərəfinin
onu necə dəyişmək istədiyinə baxmayaraq, bir daha
təsdiq etdi ki, danışıqlar prosesi və format dəyişilməyib.
Ona görə də sülhə doğru irəliləmək
və danışıqlar trekində real tərəqqi paralel
getməlidir.
-Növbəti il bizim ortaq tariximiz üçün xüsusi
il olacaq. Biz böyük Qələbənin,
Böyük Vətən müharibəsində Qələbənin
75 illiyini qeyd edəcəyik. Təəssüf ki, biz
artıq hər dəfə bu bayramda tarixi yenidən qiymətləndirmək
cəhdləri ilə ovqatların təlx edilməsi
hallarına alışırıq. İndi tarixi
yenidən qiymətləndirmək cəhdlərinə
faşizmin qəhrəmanlaşdırılması da əlavə
olunub ki, bu, artıq ölkəmizi müdafiə edən və
bu Qələbəni bizim üçün qazanan insanlar və
onların nəsli üçün yolverilməzdir.
Birincisi, Siz bu bayramı necə qeyd edəcəksiniz, Azərbaycan
xalqı onu necə qeyd edəcək? İkincisi,
Siz bizim ortaq tariximizdə baş verənləri necə qiymətləndirirsiniz?
-Siz çox vacib məsələyə
toxundunuz. Bu məsələ mütləq
bütün ölkələrin gündəliyində
olmalıdır və düşünürəm ki,
bütün ölkələr və onların rəhbərləri
öz mövqelərini açıq şəkildə ifadə
etməlidirlər. Bu məsələ
üzrə susmaq siyasəti aparmaq olmaz və necə deyərlər,
"həm sizin, həm də bizim” siyasəti aparılmamalıdır.
Hesab edirəm ki, bütövlükdə hər
bir məsələ üzrə hər bir ölkənin öz
mövqeyi olmalıdır və ilk növbədə, bu məsələyə
dair. Çünki biz tarixin yenidən
yazılması, faşizmin qəhrəmanlaşdırılması,
tarixi həqiqətin təhrif edilməsi üzrə təhlükəli
tendensiyaları görürük. Biz buna
çox ciddi yanaşmalıyıq. Ona
görə də MDB-də əməkdaşlıq çərçivəsində
bu məsələ gündəlikdədir və MDB-nin
Sankt-Peterburqda sonuncu qeyri-formal sammitində Vladimir
Vladimiroviç Putin tarixi sənədlərə istinadla
onlardan ətraflı danışdı. Onların bir
çoxunu biz ilk dəfədir eşidirdik, mən Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda
təhsil aldığım zaman tarixi yaxşı öyrənmişəm,
o vaxt həmin sənədlər yox idi, onları bizə tədris
etmirdilər və düşünürəm ki, bu, bir xəta
idi.
-Bu, xəta idi?
-Bu, xəta idi. Amma mənim
fikrimcə, bu, siyasi korrektliklə bağlı olub. Ona görə ki, bu cür sənədlərdə
elə incə məqamlara toxunulur ki, sovet tarix elmi həmin məqamları
"məxfi” qrifi altında saxlamağı qərara
almışdı. Amma Rusiya Prezidentinin ətraflı
çıxışında həmin məqamlar hamıya təqdim
edildi və mənim fikrimcə, bu, çoxları
üçün böyük sürpriz oldu. Biz həmin dövrdə, əslində, nələr
baş verdiyini bir daha gördük. Buna
görə də istər tarixin yenidən yazılması, istərsə
də faşizmin qəhrəmanlaşdırılması əsla
yolverilməzdir.
Azərbaycan Böyük Vətən
müharibəsində həlak olanların xatirəsinə
ehtiramla yanaşır. Hərçənd, açıq deməliyəm,
təəssüf ki, müstəqilliyin ilk illərində belə
olmayıb. O vaxt özünü Xalq Cəbhəsi
adlandıran bir qrup hərbi çevriliş yolu ilə hakimiyyətə
gələndə onlar 9 May bayramını ləğv
etmişdilər, müharibə veteranları təqiblərə,
mənəvi terrora məruz qalırdı. Praktiki
olaraq, indi bəzi ölkələrdə baş verən hadisələr
o vaxt bizdə olurdu. Yalnız Heydər
Əliyev hakimiyyətə qayıdandan sonra tarixi ədalət
bərpa edildi. Veteranlar yenidən dövlətin dəstəyindən
istifadə etməyə başladılar, 9 May günü
ümummilli bayram elan edildi və o vaxtdan – 1994-cü ildən
biz bu bayramı qeyd edirik, həmin gün qeyri-iş
günüdür. Mən hər il
veteranlarla görüşürəm, biz həlak olanların
xatirəsini ehtiramla yad edir, onların məzarları üzərinə
gül-çiçək, əklillər qoyuruq. Azərbaycanda Böyük Vətən müharibəsi
veteranları dövlətin çox böyük dəstəyindən
istifadə edirlər.
Onu da demək istərdim ki,
Azərbaycan bizim ümumi Qələbəmizə böyük
töhfə verib. 120-dən çox Sovet İttifaqı Qəhrəmanı
əslən Azərbaycandandır. Bizim
müəssisələrdə gecə-gündüz hərbi
texnika, o cümlədən məşhur "Katyuşa” raketləri
istehsal edilirdi. Ona görə ki, həmin
illərdə Azərbaycan sənayesi inkişaf etmişdi.
Həmçinin Sovet ordusu üçün neftin 70 faizini,
benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan
təmin edirdi, bunlar olmasa idi, müharibədə qalib gəlmək
mümkün olmazdı. Biz bilirik ki, Hitler
ordusunun çox hücumlarının uğursuz olması
yalnız yanacağın vaxtında gətirilməməsinin nəticəsi
idi. Təsadüfi deyil ki, faşist
Almaniyası Bakını tutmağa
çalışırdı. Yeri gəlmişkən,
mən bu barədə oktyabr ayında Aşqabadda MDB-nin
sammitində danışmışdım. Məşhur
bir kadrda Hitlerə üzərində alman dilində "Xəzər
dənizi” sözləri yazılmış tort gətirirlər.
Orada Xəzər dənizinin sərhədlərində
qara rəngli əridilmiş şokolad tökülüb.
Hitler svastikanı götürüb düz
Bakı sözü yazılan yerə qoyur. Onun planları belə idi. Bakının
tutulması Sovet İttifaqı üçün fəlakət
olardı. Ona görə ki, Sovet
İttifaqı mühüm bir komponentdən məhrum edilərdi.
Bizim vətəndaşlar üçün isə
bu, ona görə fəlakət olardı ki, bütün neft
quyuları minalanmışdı. Əgər faşistlər
Bakını tutmağa nail olsaydılar, hər şey havaya
uçar, yüz minlərlə insan həlak olardı. Buna
görə də Böyük Vətən müharibəsi və
Vətən uğrunda həlak olanlar haqqında xatirə, - Azərbaycandan
müharibədə iştirak etmiş 600 mindən çox
döyüşçünün 300 mini həlak olub, - bizim
üçün müqəddəsdir. Biz bunu
xatırlayırıq və ehtiramla yad edirik.
Daha bir məqam. Biz faşizmin
qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində
hər hansı siyasi korrektlikdən uzaq olmalıyıq. Kimin necə nitqlər söyləməsindən,
kimin nə etməsindən asılı olmayaraq, biz hər
şeyin öz adını deməliyik. Oktyabrda
Aşqabadda mən daha bir məsələ qaldırdım,
çünki gündəlikdə ümumi Qələbəmizin
75 illiyinin bayram edilməsinə hazırlıq məsələsi
dururdu. Mən dedim ki, MDB məkanında faşistlərin
qəhrəmanlaşdırılması, Ermənistanda baş
verənlər, Yerevanda faşistlərin əlaltısı
Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə
heykəl qoyulması yolverilməzdir. Njde ləqəbi ilə
məşhur olan bu adam SMERŞ tərəfindən
həbs edilərək 25 il azadlıqdan məhrum edilib və
Vladimir həbsxanasında ölüb. Ona bəraət
verilməmişdi. İndi belə bir adama
Ermənistanda altı metr hündürlüyündə heykəl
qoyulur, küçələrə, meydanlara onun adını
verirlər. Bu, Ermənistan rəhbərliyinin
də guya faşizmin qəhrəmanlıq kimi qələmə
verilməsinin əleyhinə olması barədə bəyanatı
ilə bir araya necə sığa bilər? Mən bu barədə açıq
danışdım, öz mövqeyimi bildirdim və bu
biabırçı məsələdə əli olmayan Ermənistanın
baş nazirinə öz mövqeyini bildirmək şansı
verdim. Lakin təəssüf ki, onun
reaksiyası tamamilə qeyri-adekvat oldu. O cavab verdi ki, Soljenitsın da sovet düşərgələrində
olub. Mən yenidən çıxış
üçün söz alıb deməyə məcbur oldum ki,
Soljenitsın ilə faşist cəlladının eyniləşdirilməsi
həyasızlıqdır.
Bir müddət sonra Ermənistanın
baş naziri rusiyalı jurnalistlərlə görüşdə
daha irəli gedərək deyib ki, Molotov da Hitler ilə
görüşmüşdü, bunda təəccüblü
heç nə yoxdur. Lakin bu tezisi ümumiyyətlə şərh
etmək çətindir. Ona görə
ki, tarixdən elementar biliyi olan hər kəsə məlumdur
ki, Molotov Sovet İttifaqının Xarici İşlər naziri
olub və onun bir vəzifəsi müharibənin əvvəlində
riskləri mümkün qədər minimuma endirmək idi.
Çünki biz yaxşı bilirik ki, Sovet
İttifaqı 1939-cu ildə, əslində elə 1941-ci ildə
də müharibəyə hazır deyildi, əgər hazır
olsaydı, bu cür itkilər olmazdı. Buna
görə də düşünürəm ki, bütün
bu qeyri-adekvat bəyanatlar çox ciddi diqqət tələb
edir. Burada siyasi korrektlik və ya hər
hansı siyasi maraqlar xatirinə tarixin yenidən
yazılması və faşizmin qəhrəmanlaşdırılması
cəhdlərinə yol vermək olmaz.
Mən gələn il
9 May gününü Moskvada keçirməyi
planlaşdırıram. Vladimir Vladimiroviç
Putindən dəvət almışam. Adətən
mən həmin günü Bakıda veteranlarla birgə qeyd
edirəm. Bu dəfə isə - 5 il
bundan əvvəl Qələbəmizin 70 illiyini qeyd edəndə
olduğu kimi, Moskvada olacağam.
-Bu sözləri
Sizdən bu gün eşitməyimiz çox sevindirici və
vacibdir. Biz Sizi Moskvada qarşılamağa
şad olacağıq. Müsahibə üçün
çox sağ olun.
-Sağ olun.
Azərbaycan.- 2019.- 31 dekabr.- S. 1-2.