Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, əhalinin məşğulluğu,
əmək, sosial müdafiə və təminat sahələrində
göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsi,
habelə sosial müdafiə sahəsində
idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı həyata keçirilən
tədbirlərin davam
etdirilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində aşağıdakı
publik hüquqi şəxslər yaradılsın:
1.1. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin
əsasında Dövlət
Məşğulluq Agentliyi;
1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu;
1.3. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında
Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyi;
1.4. Sosial Xidmətlər Agentliyi.
2. Bu Fərmanın
1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin
təsisçisinin səlahiyyətlərinin
həyata keçirilməsi
aşağıdakılara həvalə
edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. nizamnamənin
təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi,
onların dəyişdirilməsi;
2.1.2. idarəetmə
orqanlarının yaradılması;
2.1.3. yenidən
təşkili və ləğv edilməsi;
2.2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə:
2.2.1. "Publik hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikası Qanununun
3.3-cü maddəsində nəzərdə
tutulmuş qərarın
qəbul edilməsi;
2.3. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:
2.3.1. bu
Fərmanın 2.1-ci və
2.2-ci bəndlərində qeyd
edilənlər istisna
olmaqla, "Publik hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikası Qanununun
8.2-ci maddəsində publik
hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin (bu
Fərmanın 3.4-cü bəndi
nəzərə alınmaqla)
həlli.
3. Müəyyən
edilsin ki:
3.1. bu
Fərmanın 1-ci hissəsində
nəzərdə tutulmuş
publik hüquqi şəxslərin fəaliyyətinə
ümumi rəhbərliyi
və nəzarəti həyata keçirmək üçün onlarda İdarə Heyəti yaradılır;
3.2. İdarə Heyətinin üzvlərini
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəyə təyin
və vəzifədən
azad edir;
3.3. Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin fəaliyyəti
dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilir;
3.4. Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin işçilərinin
sayının yuxarı
həddini və əməkhaqlarını (o cümlədən
dövlət büdcəsi
vəsaiti hesabına əməkhaqqına əlavələri,
mükafatları və
digər ödənişləri)
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə razılaşdırmaqla
təsdiq edir.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1. bu
Fərmanın 1-ci hissəsi
ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin
layihələrini, o cümlədən
nizamnamə fondlarının
miqdarı barədə
təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.2. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
5.1. tabeliyindəki
Dayanıqlı və
Operativ Sosial Təminat Agentliyinin
"DOST” mərkəzləri açıldıqca bu Fərmanın 1-ci hissəsi
ilə yaradılan publik hüquqi şəxslərin yerli qurumlarının fəaliyyətinin,
əhaliyə göstərilən
xidmətlərin əlçatanlığı
qorunmaqla, regional əsaslarla
qurulmasını təmin
etsin;
5.2. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
6. Sosial Xidmətlər Agentliyi dövlət qeydiyyatına
alındığı tarixdən
bir ay müddətində
bu Fərmanın
1.2-ci bəndinə əsasən
yenidən təşkil
edilmiş Dövlət
Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət
müəssisələri həmin
Agentliyin tabeliyinə
verilsin.
7. Bu Fərmanın
1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada dövlət qeydiyyatına alındığı
günədək Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti, Dövlət
Sosial Müdafiə Fondu və Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam
etdirsinlər.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 dekabr 2019-cu il
Azərbaycan.- 2019.- 31 dekabr.-
S.5.