İlham
Əliyevin uğurlu regional inkişaf modeli
Azərbaycan
bölgələrində son 15 ildə möhtəşəm
quruculuq və abadlıq işləri aparılıb
Son 15 ildə bütün
istiqamətlər üzrə konseptual yanaşma və
proqramlar əsasında tarixi uğurlara imza atan Azərbaycan həqiqətən,
bu dövrdə böyük və şərəfli yol
keçib. İstənilən böyük dövlətlərdə
inkişafın davamlılığını təmin edən
başlıca amillərdən biri isə məhz strateji hədəflərin
düzgün müəyyənləşdirilməsidir.
Dünyada geosiyasi risklərin
yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi
fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq
nümayiş etdirməsi bir daha göstərdi ki, iqtisadi
prioritetlərin əvvəlcədən müəyyən
olunması və bu hədəflərin məqsədyönlü
şəkildə reallaşdırılması çox önəmlidir.
2004-cü il - 1,8 milyard dollar valyuta ehtiyatı ilə regional
inkişafa start
Artıq uzun müddətdir
ki, Azərbaycanın iqtisadi inkişaf mərkəzi, paytaxt Bakıdan
regionlara keçib. Genişmiqyaslı dövlət proqramlarının həyata
keçirilməsi regionlarda istehsal və sosial infrastruktur
obyektlərinin yaranması, yeni iş yerlərinin
açılması ilə nəticələnib.
Onu vurğulamaq yerinə
düşər ki, regional inkişaf proqramları bölgələrdən,
yerlərdən gələn təkliflər əsasında və
ölkənin strateji istiqaməti nəzərə alınaraq
tərtib edilirdi. Proqramların məqsədi məhz ondan
ibarət idi ki, bütün mövcud problemlər, insanları
narahat edən sosial məsələlər öz həllini
tapsın. Əminliklə söyləmək
olar ki, qarşıya qoyulan konkret hədəflərə
çatmaq üçün görülən işlər
faydasını verir. Regionların
sosial-iqtisadi inkişafına dair 3 dövlət
proqramının uğurla icrası bunu deməyə əsas
verir.
Bir fakta da nəzər yetirək. 15 il öncə - 2004-cü
ildə regionların sosial-iqtisadi inkişafı ilə
bağlı ilk dövlət proqramının icrasına
başlanılarkən Azərbaycanın valyuta ehtiyatları cəmi
1,8 milyard dollar idi. Lakin bu
kiçik məbləğlə böyük işlər
görüldü və bu gün ölkənin valyuta
ehtiyatları 45 milyard dollara bərabərdir. Bu, həqiqətən də böyük nailiyyətdir.
400-dən
çox sərəncam, 24,2 milyard manat vəsait
Prezidentin rəhbərliyi ilə
ölkəmizdəki ictimai-siyasi sabitlik, həyata keçirilən
davamlı islahatlar nəticəsində yaradılan
güclü iqtisadi potensial dünyada gedən çətin
geosiyasi proseslər fonunda Azərbaycan iqtisadiyyatının
dayanıqlı inkişafını təmin edib, regionların
sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.
Son dövrlərdə
ölkəmizdə müasir iqtisadi şəraitin tələblərinə
uyğun olaraq çoxşaxəli və ardıcıl
islahatlar həyata keçirilir, qeyri-neft ixracının
artırılması üzrə kompleks
stimullaşdırıcı tədbirlər görülür,
biznes-investisiya mühiti davamlı olaraq
yaxşılaşdırılır, qeyri-neft sektorunun
inkişafı təmin edilir, sahibkarlığa dövlət dəstəyi
daha da gücləndirilir.
İcrası başa çatan
dövlət proqramı çərçivəsində
2014-2018-ci illərdə regionların inkişafına
ümumilikdə 24,2 milyard manat vəsait
yönəldilib. Dövlət başçısının
şəhər və rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi ilə
bağlı imzaladığı 400-dən çox sərəncamla
2,8 milyard manat vəsaitin ayrılması
regionların sosial-iqtisadi inkişafında həlledici rol
oynayıb.
Dövlət
proqramları bölgələrin simasını
büsbütün dəyişdirdi
Son 15 il ərzində
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarının icrası nəticəsində əldə
edilmiş nailiyyətlərə nəzər yetirdikdə
görərik ki, həqiqətən, Azərbaycan tarixi
uğurlara imza atıb.
Yanvarın 29-da regionların
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının yekunlarına həsr olunan
konfransda Prezident İlham Əliyev bir daha bu uğurları dəyərləndirdi. Dövlət
proqramının icrasının təmin edildiyini vurğulayan
dövlət başçısı son 15 il
ərzində Azərbaycan iqtisadiyyatının dünya
miqyasında rekord templərlə inkişaf etdiyini söylədi.
Yalnız bir fakta nəzər yetirək. 15
ildə ümumi daxili məhsulun 3,3 dəfə
artması dünya miqyasında rekord göstəricidir.
Bütün iqtisadi göstəricilər onu deməyə əsas
verir ki, Azərbaycan son 15 il ərzində çox
uğurla inkişaf edib. Artan iqtisadi imkanlar
dövlətin sosial məsələlərə də
böyük diqqət yetirməsinə real imkanlar yaradıb.
Prezident İlham Əliyevin
yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata
keçirilən siyasət ölkədə bazar
iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri
ilə birləşdirdi. Dövlət
başçısının söylədiyi kimi, Azərbaycanın
uğurlu inkişafı məhz buna söykənir.
Dövlət
proqramlarının icrası nəticəsində bölgələrin
siması büsbütün dəyişdi. Regionlarda sənayenin,
aqrar sektorun inkişafına təkan verildi. Sənaye park və məhəllələri,
aqroparklar, fabrik və zavodların açılışı
vaxtı ilə işsizlik səbəbindən paytaxta üz
tutan insanları yenidən rayonlara qaytardı. Bu gün həmin müəssisələrdə
yüzlərlə insan çalışır.
Bu illər ərzində Azərbaycan
həm də kosmik dövlətə çevrildi və
artıq ölkəmizin üç peyki var. Azərbaycan kosmik
kluba daxil olan nadir ölkələrdəndir.
Bütün bu nailiyyətləri
Prezident belə qiymətləndirdi: "Son 15 il ərzində
Azərbaycan xalqı əmin-amanlıq şəraitində
yaşayır. Azərbaycan xalqı rahat
yaşayır, qurur, yaradır. Hesab edirəm
ki, hər bir vətənpərvər insan öz ölkəsi
ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr
edə bilər”.
Həqiqətən də
reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan bu
gün tarixinin ən qüdrətli dövrünü
yaşayır.
Bir vaxtlar borc alan, hətta elektrik enerjisini
ixdal edən bir ölkə indi borc verir, ən böyük qaz
ixracatçılarından biridir.
Hələ də
həll olunmamış məsələlər var
Dövlət proqramlarının
icrasını dəyərləndirən Prezident həm də
görüləcək işlərlə bağlı
tapşırıq və göstərişlərini
verdi.Bildirdi ki, bölgələrdə mühüm işlər
həyata keçirilsə də, ancaq hələ həll
olunmamış məsələlər də var. Elə məsələlər
var ki, onların həlli üçün imkanlar olmayıb,
yaxud da onların növbəsi gəlməyib. Ona
görə də görülmüş işlərlə
kifayətlənməməli, daim irəliyə
baxılmalıdır. Çatışmayan,
həll edilməyən məsələlər öz həllini
tapmalıdır.
Dövlət
başçısı öncə infrastrukturla bağlı məsələlərə
toxundu. Prinsip
etibarı ilə bu sahədə bütün əsas məsələlər
öz həllini tapsa da, bu proses davam etdiriləcək. Məsələn,
bu gün elektrik enerjisi ixrac edən dövlətə
çevrilsək də, yenə də yeni elektrik
stansiyalarının tikilməsinə ehtiyac var. Bunun da səbəbi
sənaye potensialının getdikcə genişlənməsi, əhalinin
artımı, kənd təsərrüfatının
inkişafı, böyük sənaye klasterlərinin
yaradılmasıdır.
Bununla paralel olaraq, bərpa
olunan enerji mənbələrinin yaradılması istiqamətində
işlər görüləcək. Söhbət su elektrik
stansiyalarının, günəş və külək
stansiyalarının tikintisindən gedir. Çünki bu
sahəyə xarici investorlarda maraq var. Dövlət
başçısı ötən həftə Davosda Dünya
İqtisadi Forumu çərçivəsində keçirdiyi
görüşləri bir daha xatırlayaraq dedi ki,
böyük şirkətlər bu sahəyə investisiya
qoymağa hazırdırlar. Ona görə də
bu məsələ diqqətdə saxlanılacaq.
Dördüncü
dövlət proqramının icrasına başlanılır
Prezident yekun nitqində
regionların sosial-iqtisadi inkişafına dair
dördüncü dövlət proqramına da toxunaraq qeyd etdi
ki, bu sənədin tərtibi əsasən, yerlərdən gələn
xahişlər nəticəsində formalaşıb. Dövlət
başçısının bölgələrə
çoxsaylı səfərləri və vətəndaşlarla
söhbətləri bu sahədə çox gözəl bir
ünsiyyət yaradıb. Çünki vətəndaşların
təklifləri mütləq nəzərə alınır və
bölgələrdə bir çox layihələr məhz vətəndaşların
təklifləri əsasında reallaşıb: "Ona görə
daim bu təmas olmalıdır və var ki, insanları narahat
edən, bu gün hələ həllini tapmayan məsələlər
həll olunsun. Bizim buna imkanımız da, iradəmiz
də var”.
Prezident sahibkarlıqla bağlı
siyasətin davam etdiriləcəyini, iş
adamlarına yenə də dövlət tərəfindən
böyük dəstək veriləcəyini və bu sahədə
də təkmilləşmə gedəcəyini söylədi.
Kənd təsərrüfatında
islahatlar dərinləşdirilməlidir
Dördüncü dövlət
proqramında kənd təsərrüfatı və sənaye
istehsalı xüsusi yer tutur. Çünki həyata
keçirilən infrastruktur layihələrinin böyük
hissəsi başa çatdığı üçün
iqtisadiyyatın real sektoru, kənd təsərrüfatı, sənaye
potensialının gücləndirilməsi əsas məsələlərdən
biridir.
Bununla yanaşı, kənd təsərrüfatının
subsidiyalaşdırılması və vergilərdən azad
olunması, texnika və gübrələrin güzəştli
şərtlərlə verilməsi, lizinq xidmətlərinin təşkili,
investisiyaların və ixracın təşviqi,
lisenziyalaşdırmanın təkmilləşdirilməsi,
yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dək uzadılması bu sahəyə
necə diqqət göstərildiyini bir daha təsdiqləyir. Həmçinin yerli istehsalın
stimullaşdırılması məqsədi ilə dövlət
satınalmalarında yerli məhsulların dəyərinə
20 faiz güzəştin tətbiqi, ixrac təşviqinin verilməsi
və digər dövlət dəstəyi mexanizmləri
ölkədə sahibkarlığın inkişafında
mühüm rol oynayır.
Xatırladaq ki, bu sahədə
müxtəlif mexanizmlər işə salınıb, təşəbbüslər
irəli sürülüb. Onlardan biri də
investisiya təşviqi mexanizmidir. İnvestisiya
təşviqi proqramı üzrə 107 layihə həyata
keçirilib. Ümumiyyətlə isə
332 layihənin icrası nəzərdə tutulub. Bu layihələrin
həyata keçirilməsinə qoyulacaq sərmayə 2,8 milyard manatdır. Layihələr çərçivəsində
əlavə 12 min yeni iş yeri açılacaq.
Prezident həmçinin
ölkədə yeni meyvə-tərəvəz emalı müəssisələrinin
yaradılmasına ehtiyac duyulduğunu söylədi. Bunun səbəbi
isə meyvə və tərəvəz istehsalının
getdikcə artması və ixracının
çoxalmasıdır. Ancaq bu gün
xarici bazarlarda daha çox emal olunmuş məhsullara
böyük tələbat var. Ona görə də emal müəssisələrinin
sayı çoxaldılmalıdır.
Ümumiyyətlə, kənd
təsərrüfatında islahatlar dərinləşdirilməlidir. Bu sahə elmi
əsaslarla inkişaf etməli, müasir texnologiyalar,
yanaşmalar tətbiq olunmalıdır. Həmçinin
kənd təsərrüfatı məhsullarının
ixracı artırılmalıdır. Dövlət
başçısının söylədiyi kimi, son 15 il ərzində kənd təsərrüfatı
məhsullarının ixracı təxminən 6 dəfə
artsa da, potensial da böyükdür.
IV dövlət
proqramı - 17 milyard manatdan çox vəsait
Dünən dövlət
başçısı "Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında fərman imzalayıb.
İlkin hesablamalara görə,
regionların sosial-iqtisadi inkişafına dair
dördüncü dövlət proqramının icrası
üçün ən azı 17 milyard manatdan çox vəsait
nəzərdə tutulur. Bunun 4,6 milyard manatı özəl
sektor tərəfindən indi icra edilən və
hazırlığı gedən layihələrə investisiya
şəklində qoyulacaq.
Prezident dedi ki, dövlət tərəfindən
təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir.
Əlbəttə ki, bu, ilkin rəqəmdir və
bu rəqəmin daha böyük olacağı gözlənilir.
Çünki əvvəlki üç
proqramın icrası bunu deməyə əsas verir. Bu proqramın hər biri artıqlaması ilə icra
edilib. Elə yeni proqram da digərləri
kimi Azərbaycana böyük dividendlər qazandıracaq.
Dövlət başçısı
bir daha görüləcək işlərin, reallaşacaq
layihələrin uğurla başa çatacağına əminliyini
vurğulayaraq fikrini belə yekunlaşdırdı: "Azərbaycan
bundan sonra da uğurla, inamla inkişaf edəcək. Mən tam əminəm ki, bundan sonra da ölkəmiz
ancaq inkişaf, tərəqqi və qələbələr
yolu ilə gedəcək”.
Son 15 ildə Azərbaycanın
uğurlu sosial-iqtisadi göstəriciləri
* Ümumi daxili məhsul 3,3 dəfə artıb;
* Valyuta ehtiyatları 24 dəfə
artaraq 45 milyard dollara yüksəlib;
* Ölkə iqtisadiyyatına 250
milyard dollar sərmayə qoyulub;
* Qeyri-neft sektoru 2,8
dəfə yüksəlib;
* Sənaye potensialı 2,6 dəfə, kənd təsərrüfatı
1,7 dəfə artıb;
* 100 mindən çox müəssisə
yaradılıb;
* İşsizlik 5 faizə, yoxsulluq səviyyəsi
isə 5,1 faizə enib;
* Sahibkarlara verilən kreditlərin məbləği
2 milyard manatı ötüb;
* İxrac ümumilikdə 4,7 dəfə artıb;
* 292 sahibkarlıq subyektinə 332
investisiya təşviqi sənədi verilib;
* Sumqayıt və Mingəçevirdə
sənaye parkları açılıb;
* Neftçala, Masallı,
Hacıqabul, Sabirabadda sənaye məhəllələri
yaradılıb;
* 17 aqropark fəaliyyətə
başlayıb;
* Maaşlar 7, pensiyalar 9 dəfə
artıb;
* 3272 məktəb əsaslı təmir
edilib və ya yenidən tikilib;
* 640 tibb müəssisəsi tikilib və
yenidən qurulub;
* Bölgələrdə 44 olimpiya mərkəzi
yaradılıb;
* Məcbuki köçkünlər
üçün 102 qəsəbə salınıb;
* 290 minədək məcburi
köçkün yeni mənzillərlə təmin edilib;
* Şəhid ailələrinə,
müharibə əlillərinə 6654 mənzil verilib;
* Müharibə əlillərinə
6144 avtomobil təqdim olunub;
* 15 "ASAN xidmət” mərkəzi
yaradılıb
* 31 yeni elektrik stansiyası tikilib;
* 15 min kilometr avtomobil yolu
salınıb;
* Əhalinin təbii qaz ilə təminatı
95 faizə çatıb;
* İçməli su təminatı
70 faizdir;
* Dörd böyük su anbarı
tikilib;
* 2 milyon yeni iş yeri
açılıb.
2014-2018-ci illərdə
regionların inkişafına dair dövlət
proqramının icrasının yekunları
* Regionların inkişafına
ümumilikdə 24,2 milyard manat vəsait
yönəldilib;
* 400-dən çox sərəncam
imzalanıb;
* İmzalanan sərəncamlara əsasən
ayrıca 2,8 milyard manat vəsait
ayrılıb;
* 16 mindən çox sahibkara 1 milyard
manatdan çox güzəştli kredit verilib;
* 1,5 milyonu daimi
olmaqla 2 milyondan çox iş yeri açılıb;
* Qeyri-neft sektoru 8, qeyri-neft sənayesi
isə 32 faiz artıb.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 1 fevral.- S.1; 5.