Etimad doğrulanda...

 

2 fevral Gənclər Günüdür

 

Bu sətirlərin müəllifi Cavid Osmanov ömrünün gənclik dövrünü geridə qoyub. Amma parlamentin cavan deputatlarındandır. Gənc yaşlarından siyasi-ictimai fəaliyyətə başlayan həmsöhbətim həyatdakı ilk uğurlarını da elə gənclik illərində qazanıb. Ona həvalə olunan vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarıb. Gəncliyin müdrik çağında olan Cavid Osmanovun həyat hekayətini onun öz dilindən eşidək.

 

Heydər Əliyev həm də gənclərin xilaskarı oldu

 

- 1975-ci ildə Ağdaş rayonunda anadan olmuşam. Uşaqlıq illərim doğma rayonumda keçib. 1992-ci ildə Ağdaşdakı Maksim Qorki adına məktəbi bitirmişəm. Evdə dərslə az məşğul olsam da, məktəbi əla qiymətlərlə bitirmişəm. Çünki sinifdə müəllim nə danışırdısa, yadımda qalırdı. Evdə valideynlərim dərslə az məşğul olmağımdan narahat idi. Amma məktəbi əla qiymətlərlə başa vurdum. Məktəb illərində dərsdən kənar sevimli məşğuliyyətim isə voleybol oynamaq idi. Zona birinciliklərində iştirak edirdim.

O illər çətin dövrlər idi. Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Amma ölkədə hərcmərclik vardı. Bir-birini əvəz edən iqtidarlar hələ kövrək olan müstəqilliyimizi və dövlətçiliyimizi uçuruma aparırdılar. Orta məktəb şagirdi olsaq da, bu prosesləri, Ali Sovetdəki xaotik iclasları ürək ağrısı ilə izləyirdik, müstəqilliyimizə yaranan təhlükələrin aradan qalxmasını arzulayırdıq. Hər birimizdə çox güclü bir vətəndaş təəssübkeşliyi vardı. Bu proseslərin təsiri altında isə bizim dövlətimizin gələcəyi ilə bağlı baxışlarımız formalaşırdı. 1993-cü ilin iyununda Heydər Əliyevin Bakıya gəlməsi, daha sonra Ali Sovetin Sədri seçilməsi vətənini sevən hər bir azərbaycanlı kimi, mənim də arzu və istəklərimin reallaşması, siyasətçi olmasam da, təzə-təzə formalaşmaqda olan siyasi baxışlarımın ifadəsi oldu. Sonrakı illərdə mənim Yeni Azərbaycan Partiyasına üzv qəbul edilməyimdə həmin dövrkü proseslər əsas rol oynadı.

O illərdə Azərbaycanda gənclərlə bağlı, demək olar ki, heç bir siyasət yox idi. Lakin dövlətin və millətin xoşbəxt gələcəyi üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Heydər Əliyev müdrik siyasətçi idi. Dövlətin, cəmiyyətin inkişafında nələrin vacib əhəmiyyət kəsb etdiyini gözəl bilirdi. Ona görə 1993-cü ildən sonra ölkədə hərcmərcliyə son qoyan ulu öndər başlatdığı inkişaf proseslərində gəncləri də nəzərə aldı, onların ictimai-siyasi fəaliyyətinə şərait yaradılmasını təmin etdi.

 

Məmurluq və siyasət

 

- Mənim də gənclik illərim Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərə təsadüf etdi. Əvvəlcə özəl məktəblərdən birində ali təhsil aldım. 1997-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına) qəbul olundum. İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirdim.

İxtisasıma uyğun olaraq 2001-ci ildən Ağdaş Rayon Gənclər və İdman İdarəsində təlimatçı vəzifəsinə qəbul olundum. Həmin vaxt mən artıq Yeni Azərbaycan Partiyasının da üzvü idim. Təxminən bir illik fəaliyyətim, təhsilim, xüsusən işgüzarlığım nəzərə alınaraq Gənclər və idman idarəsinin rəisi vəzifəsinə təyin olundum. Mənim bu təyinatım həm də ulu öndər Heydər Əliyevin gənclər siyasətinin uğurla reallaşması, onun gənclərə idarəetmədə etimad göstərilməsi ilə bağlı təşəbbüsünün göstəricisi idi. Təxminən 2005-ci ilin sonlarına qədər idarəyə rəhbərlik etdim, bu dövrdə rayonda gənclərlə bağlı mühüm layihələr həyata keçirməyə müvəffəq olduq. Fəaliyyətimizin əsas məramı isə ulu öndərin tövsiyələrinə uyğun olaraq yeni formalaşan gənc nəslin dövlətçilik, vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ətrafında yetişmələri, milli mənəvi dəyərlərə bağlı olmaları idi.

2005-ci ildə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi vəzifəsinə təyin olundum. Bir müddət sonra rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyinat aldım. Bu vəzifəyə təyinat alanda 30 yaşım var idi. Rayon miqyasında olsa da, kifayət qədər məsuliyyətli bir iş mənə həvalə olunmuşdu. Bu etimadı öz əməlimlə doğrultmalı idim.

Həmin vaxtlar Azərbaycanda ulu öndər Heydər Əliyevin neft strategiyası öz bəhrəsini uğurla verməyə başlamışdı. 2006-cı ildən Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşmüşdü. I regional inkişaf Dövlət Proqramının icrasına başlanılmışdı. Kifayət qədər məsuliyyətli və şərəfli dövr idi. Azərbaycanın yeni inkişaf tarixi yazılırdı. Dövlət başçısı qarşımıza bir sıra vəzifə və tapşırıqlar qoymuşdu. Mən də icra hakimiyyətinin məsul şəxsi kimi rayonda gedən bir sıra proseslərə nəzarət edirdim. Bu mənada mənim üçün olduqca qürurvericidir ki, Ağdaşda gedən sosial-iqtisadi inkişaf proseslərində yaxından iştirak edirdim. Doğma rayonum gözlərim önündə ucalır, tərəqqi edirdi.

 

YAP-ın qabaqcıl rayon təşkilatının sədri

 

- 10 il rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində işlədim. Həm bu vəzifəyə gənclər sferasından gəldiyim üçün, həm də özüm gənc yaşlarında olduğum üçün gənclərlə bağlı görülən işləri xüsusilə nəzarətdə saxlayırdım. Yadımdadır ki, 2005-ci ildə gənclərin IV Forumu keçirildi, cənab İlham Əliyev orada proqram xarakterli nitq söylədi. Təbii ki, bütün bunlar Ağdaşda da dövlət gənclər siyasətinin daha dinamizmlə həyata keçirilməsinə təkan verdi.

2007-ci ildən mən həm də Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatına rəhbərlik edirəm. Hazırda da bu vəzifəni daşıyıram. Hesab edirəm ki, bu, mənim daşıdığım vəzifələr arasında xüsusilə şərəfli bir missiyadır. Çünki Heydər Əliyevin yaratdığı bir partiyanın rayon təşkilatına sədrlik edirəm. Bu illərdə fəaliyyətimi ulu öndərin və onun layiqli davamçısı, partiyamızın rəhbəri cənab İlham Əliyevin tövsiyələrinə uyğun qurmağa çalışmışam. Ötən illərdə sıralarımız əhəmiyyətli dərəcədə genişlənib. Hazırda YAP Ağdaş rayon təşkilatının 17 mindən artıq üzvü var. İlk təşkilatlarımızın sayı 77-dir. Üzvlərimizin təxminən yarısını gənclər təşkil edir. Xüsusilə qeyd etmək istəyirəm ki, YAP Ağdaş rayon təşkilatı üzvlərinin sayına görə respublika üzrə öncül təşkilatlardan biridir. Bir məsələni də qeyd edim ki, bu gün Azərbaycanda özünü müxalifət hesab edən partiyaların hamısını bir yerə yığsan, bu qədər üzvləri ola bilməz. Yanvarın 19-da keçirdikləri mitinqə təxminən 2 min nəfər adam gəlmişdi. Amma bizim sıralarımızda bundan 8 dəfə çox üzv var. Bu da xalqımızın Heydər Əliyev ideyalarına olan sədaqətinin, Prezident İlham Əliyevin ətrafında sıx səfərbər olmasının və hazırkı siyasi kursun alternativsizliyinin təsdiqidir.

 

Prezidentin fəaliyyəti bizim üçün əsl nümunədir

 

- 2016-cı il iyun ayının 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə YAP mənə böyük etimad göstərdi və namizədliyimi irəli sürdü. Seçkidə 7 nəfər namizəd iştirak edirdi və mən təxminən 85,6 faiz seçicinin səsini toplayaraq Milli Məclisə deputat seçildim.

Hazırda siyasi-ictimai fəaliyyətimi Milli Məclisin deputatı və YAP Ağdaş rayon təşkilatının sədri kimi davam etdirirəm. Məqsədim ölkə rəhbərliyinin mənə bəslədiyi bu etimadı daim doğrultmaq, dövlətə, partiyaya və seçicilərimə layiqincə xidmət etməkdir. Prezident İlham Əliyevin də bizlərdən tələbi məhz budur və elə ölkə rəhbərinin fəaliyyəti bizim üçün əsl nümunədir.

İki övladım var, biri ali məktəbdə, digəri orta məktəbin 11-ci sinfində təhsil alır. Çox sevinirəm ki, onların hər ikisi dövlətçiliyə, milli dəyərlərə sevgi ruhunda yetişir. Bu mənada bir ata, ailə başçısı kimi mənəvi borcumu layiqincə yerinə yetirdiyimi düşünürəm.

Gənclər dövlətin və xalqın gələcəyidir. Təsadüfi deyil ki, cənab İlham Əliyev prezident seçkilərindən sonra Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən bayram konsertində gənclərə xitabən dedi: "Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq”.

Cənab Prezidentin bu sözləri gənclərin dövlət və xalq qarşısında məsuliyyətini daha da artırır. Çünki İlham Əliyevin gənclərə müraciəti göstərdi ki, o, ölkə rəhbəri kimi gənclərə güvənir, onlara etibar edir. Gənclər də bu etibarı, bu etimadı öz əməlləri, fəaliyyətləri ilə doğrultmalıdırlar.

Hansı sferada çalışmasından asılı olmayaraq istənilən qədər insan göstərmək olar ki, həyatlarındakı ilk uğurları dövlətin gənclərə yaratdığı imkanlardan bəhrələnməklə qazanıblar. Cavid Osmanov da onlardan biridir. Onun həyat hekayəsi isə gənc nəslə, dövlətə xidmətin, həvalə olunan vəzifələrin layiqincə icrasının nümunəsidir.

 

R.CƏFƏRLİ

 

Azərbaycan.- 2019.-1 fevral.- S.7.