Unudulmaz sənətkar
Mehdi Məmmədov
- 100
Amiranə səsi, ağayana duruşu, əzəmətli görünüşü ilə o, səhnəyə yaraşırdı. Elə sənət yolunda fəaliyyətə də aktyorluqla başladı.
Müxtəlif teatrlarda səhnələşdirilən "Qaçaqlar”da Karl Moor, "Almaz”da Hacı Əhməd, "Yanğın”da Gənc aqronom, "Kölgə”də Bəxtiyar, "Vaqif”də Eldar, "Alov”da Kamalov, "Canlı meyit”də Protasov, "Xəyyam”da Xəyyam, "Meşşanlar”da Terenti Teterov və başqa tamaşalarda bir-birindən maraqlı, fərqli rollar ifa etdi. Radio teatrı onun ifası ilə zənginləşdi.
Azərbaycan kino sənətinə də Mehdi Məmmədovun adı kinoaktyor kimi yazıldı. "Azərbaycanfilm”in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?” filmində çəkildiyi Qaya rolu ona kino sənətində də sevgi qazandırdı.
Mehdi Məmmədov nadir istedada
malik rejissor idi. O, Gəncə Dövlət
Dram Teatrında (1942-1945), Opera və Balet Teatrında
(1956-1960), Akademik Milli
Dram Teatrında (1960-1963), Rus
Dram Teatrında (1978-1982) baş
rejissor oldu. Azərbaycan və dünya dramaturqlarının
dərin məzmunlu, fərqli janrlı bir çox əsərinə quruluş
verdi. Neçə-neçə istedadlı aktyor Mehdi Məmmədov məktəbini keçdi.
O həm də sevilən, heyranlıq duyulan müəllim idi. Mehdi Məmmədovun qarşısında qabiliyyət
imtahanı verib ali məktəbə
daxil olmaq, onun kursunda oxumaq
xoşbəxtlik sayılırdı.
Altmış altı illik ömrünə o qədər
işlər sığdıra
bildi ki, saymaqla bitməz. Azərbaycanın
görkəmli teatr rejissoru,
tanınmış aktyor, teatrşünas
alim, pedaqoq, SSRİ xalq artisti, SSRİ Dövlət
mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovun adı sənət
dünyamıza əbədi həkk olunub.
Azərbaycan.- 2019.-1 fevral.- S.10.