Prezident gənclərə tam güvənir, gənclər də Liderini birmənalı dəstəkləyir

 

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

 

Prezident İlham Əliyevin nitqi

 

- Əziz gənclər, mən sizi qarşıdan gələn Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanda Gənclər Günü 22 ildir ki, qeyd olunur. Bildiyiniz kimi, 1997-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis edildi. Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq.

Azərbaycanda müasir gənclər siyasəti isə 1994-cü ildə başlamışdır. O il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanılmışdır.

O illər çox ağır illər idi. Azərbaycan böhrandan təzə-təzə çıxırdı. Ölkəmizdə iqtisadi vəziyyət çox ağır idi. Ölkəmizdə islahatlara start verilirdi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edilmiş, göstərişlər verilmişdir. 1999-cu ildə dövlət gənclər siyasəti haqqında Fərman imzalanmışdır. Ondan sonrakı dövrdə də biz həmişə gənclərə dəstək olmağa çalışmışıq. 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramı qəbul edilmişdir. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradılmışdır, 44 Olimpiya İdman Mərkəzi vardır ki, orada məşq edənlərin əksəriyyəti gənclərdir.

Bizim beynəlxalq əlaqələrimiz genişlənir. Gəncə şəhəri 2016-cı ildə Avropa Gənclər Paytaxtı adına layiq görülmüşdür. Biz Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər, o cümlədən 170 ölkədən nümayəndənin iştirak etdiyi Dünya Skaut Hərəkatı Təşkilatının konfransını keçirmişik. Bütün bunlar onu göstərir ki, bu istiqamətdə düzgün addımlar atılır və bundan sonra da atılacaq.

Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti başlayanda mən də gənc idim. O vaxt mənim 32 yaşım var idi. Fürsət düşmüşkən, gənclik illərimdən bir qədər danışmaq istərdim. Mən orta məktəbi Bakıda bitirəndən sonra 1977-ci ildə Moskvaya oxumağa getdim. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldum. Beş il orada təhsil aldım, ondan sonra üç il aspiranturada oxudum, dissertasiya müdafiə etdim və mən institutda dərs deməyə başlayanda 23 yaşım var idi. İşimdən də çox razı idim. Mənim işimə heç bir irad yox idi, ta 1990-cı ilə qədər. Həmin il xalqımıza qarşı qanlı cinayət törədilmişdir, Qanlı Yanvar faciəsi baş vermişdir.

O vaxt atam Heydər Əliyev təqaüdçü idi. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz səsini bütün dünyaya çatdırdı. Mən də onun yanında idim. Orada mətbuat konfransı keçirdi və Sovet İttifaqını, Kommunist Partiyasını və onun rəhbərliyini qətiyyətlə pislədi, bu dəhşətli cinayəti bütün dünyaya çatdırdı. Çünki o vaxt bizim sözümüz dünyaya çatmırdı. Hələ Sovet İttifaqı dövrü idi. Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heydər Əliyev kimi tanınmış şəxsiyyətin bu məsələ ilə bağlı dediyi sözlər dərhal dünyaya çatdırıldı və dünya ictimaiyyəti bundan xəbər tutdu. Bu addım həm təbii, həm də çox cəsarətli idi. Çünki Azərbaycan xalqı, onun maraqları Heydər Əliyev üçün hər şeydən üstün idi. Bir daha bildirməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaq. Yəni, Heydər Əliyev sovet sistemini dərindən bilən insan kimi bu addımı şüurlu şəkildə atdı. Bilirdi ki, ona qarşı çox böyük təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Bizdə olan məlumata görə, Moskvada sovet rəhbərliyi onun çıxışından çox hiddətlənmişdi və göstəriş vermişdi ki, o, həbs olunsun.

Biz müxtəlif yollarla çalışırdıq ki, o, Moskvadan Bakıya gəlsin. İndi tarixin bu səhifəsini tam açıqlamaq istəmirəm. Ancaq Bakıya gələ bildi. Lakin Bakıda da yaşamağa qoymadılar. Bakıda da ona qarşı çox böyük təzyiqlər göstərildi və o, Naxçıvana gedərək orada yaşamağa başladı. Bir müddətdən sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi.

Müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi məhz Heydər Əliyev Naxçıvan parlamentində qaldırdı və təsis etdi. Azərbaycan Milli Məclisi, - o vaxt Ali Sovet adlandırılırdı, - qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin.

Mənim taleyimdə bundan sonra dəyişiklik baş vermişdir. Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım. Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif yerlərdə iş axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü.

O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurmuş oldum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O Assambleyanın qurucularından biri də mənəm. Bir biznesmen kimi Assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan birincisi, o məktəbə maliyyə dəstəyi verən də mən olmuşam.

Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir. Yenə də deyirəm, o vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar.

Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir.

Mən bir daha demək istəyirəm ki, bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Bu qələbə ermənilərin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdi. Bu qələbə göstərdi ki, biz döyüş meydanında da onlardan üstünük. Bu qələbə göstərdi ki, ən əlverişsiz hərbi mövqelərdən əks hücum əməliyyatı apararaq biz çox strateji mövqelərə sahib olduq. Bu gün ordu quruculuğu istiqamətində atılan addımlar təbiidir, zəruridir. Çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğalçılardan azad edək.

Bizim gənclərimiz bu gün sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir. Bizim gənclərimiz ictimai asayişi qoruyur. Bu gün Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Bizim gənclərimiz müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir.

Azərbaycanda könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı "ASAN xidmət”dən başladı və "ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün "ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. "ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır.

Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər. Biz bunu heç vaxt təsəvvür edə bilməzdik. İndi burada əyləşən gənclər sovet dövrünü xatırlamırlar, çoxları o vaxt heç doğulmamışdı. Ancaq o vaxt Azərbaycan idmanı sovet məkanında ön planda deyildi. Amma bu gün biz dünya miqyasında belə tarixi qələbələr qazanmışıq. Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutmuşuq. Bu, bir daha göstərir ki, bizim gənc idmançılarımız nə qədər peşəkardır, iradəlidir, vətənpərvərdir.

Bizim gənclərimiz bu gün iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər. Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxmışdır. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin.

Yəni, gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılmışdır. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə, milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.

Bu gün gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında qısaca öz sözlərimi demək istəyirəm. Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm.

Ölkəmizdə daxili vəziyyət sabitdir. Daxili sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda çox böyük faciələr baş verir, o ölkələrin başına çox böyük bəlalar gətirilir. Biz görürük ki, ölkələr dağılır, milyonlarla insan həlak olur, qaçqın, köçkün vəziyyətinə düşür. Ona görə daxili sabitliyin qorunması hər birimizin əsas vəzifəsidir və bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir.

Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir. Ünvanlı sosial yardım alanların da problemləri daim diqqət mərkəzindədir. Onlar hələ də öz imkanlarını özləri təmin edə bilmirlər. Ona görə təbiidir ki, Azərbaycan dövləti onlara dəstək göstərir. Onu da bildirməliyəm ki, Azərbaycan ünvanlı sosial yardım göstərən nadir ölkələrdəndir və bu, tam ədalətlidir. Biz çalışmalıyıq ki, hələ də öz maddi imkanlarını lazımi səviyyəyə qaldıra bilməyən vətəndaşlar dövlətdən dəstək alsınlar. Eyni zamanda, bundan sonrakı dövrdə özünüməşğulluq proqramı da geniş vüsət alacaq və dövlət hələ də yaxşı vəziyyətdə yaşamayan vətəndaşları müxtəlif vasitələrlə, aktivlərlə təmin edəcəkdir.

Hesab edirəm ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Uğurlu xarici siyasət aparmaqla biz özümüzü mümkün olan xarici risklərdən qoruyuruq və buna nail oluruq. Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub. Milli maraqlar diktə edir ki, biz bütün ölkələrlə işgüzar, bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq şərti ilə münasibətlər quraq və qurmuşuq - qonşularımızla, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə, eyni zamanda, Avropa ölkələri ilə. Yəni, biz buna nail ola bilmişik, eyni zamanda, öz milli maraqlarımızı həmişə lazımi səviyyədə qoruyuruq və qoruyacağıq. Bizim dünyadakı rolumuzu və bizə olan münasibəti əks etdirən çox parlaq bir nümunə var. Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Yəni, bu da beynəlxalq aləmin mütləq əksəriyyətidir. Azərbaycana göstərilən hörmət, rəğbət, dəstək bu səsvermədə özünü büruzə verdi.

Əlbəttə, ən başlıca vəzifə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni, ədaləti əks etdirən qətnamələr qəbul ediblər. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni, həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər. Ona görə bütün lazımi tədbirlər görülüb.

Bununla paralel olaraq, bizim iqtisadi gücümüz, hərbi gücümüz artır. Aprel döyüşləri və ötən il keçirilən uğurlu Naxçıvan əməliyyatı bizim gücümüzü, peşəkarlığımızı göstərdi. Biz strateji yüksəklikləri azad etmişik, biz strateji kommunikasiyalara nəzarət edirik. Bütün bunlar münaqişənin həlli üçün çox önəmli zəmin yaradır. Ona görə biz bu məsələ ilə bağlı öz siyasətimizi davam etdirəcəyik. Biz daha güclü olmalıyıq və biz güclənirik. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücümüzü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində yaxşı nəticələr var. Dünya Bankının son "Doing Business" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yerə layiq görülüb. Baxın, dünya miqyasında biznes şəraitinə görə Azərbaycan 25-ci yerdədir. Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik. Buna nail olmaq üçün əlbəttə ki, gənclərin çox böyük dəstəyi olmalıdır. Biz bunu hiss edirik və görürük.

İqtisadi müstəqillik siyasi müstəqilliyin əsas şərtidir. Təsəvvür edin, əgər biz iqtisadi cəhətdən asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox. Dünyada o qədər ölkə var ki, bu məsələ ilə bağlı çətinlik çəkir. Biz iqtisadi gücümüzə arxalanaraq müstəqil siyasət aparırıq və öz prinsipial sözümüzü deyirik, xalqımızın maraqlarını bütün tədbirlərdə qoruyuruq.

İqtisadi müstəqillik və dayanıqlılıq mütləq bundan sonra da təmin edilməlidir. Biz xarici dövlət borcumuzu çox aşağı səviyyədə saxlayırıq. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Çox az ölkə tapılar ki, bu göstərici ilə fəxr edə bilsin. Yəni, biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik və heç vaxt asılı olmamalıyıq. Mən gənclərə deyirəm, siz də bunu bilməlisiniz ki, biz heç vaxt heç kimdən asılı olmamalıyıq. Biz azad xalq kimi yaşamalıyıq, biz öz həyatımızı özümüz qururuq. Əgər kimsə bizə məsləhət vermək, kömək göstərmək istəsə, - əlbəttə ki, əgər bu, təmənnasızdırsa, - biz bunu alqışlayırıq. Ancaq biz özümüz hər şeyi bilirik, öz həyatımızı özümüz qururuq. Müstəqilliyimizin son 25 ili bunu göstərir ki, biz düzgün yoldayıq.

Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər. Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük - özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik.

Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm. Sizi qarşıdan gələn Gənclər Günü münasibətilə bir daha təbrik edirəm və gənclərə "Eşq olsun!” deyirəm. Sağ olun.

 

***

Sonra gənclər siyasətinə həsr olunan film nümayiş olundu.

 

***

Daha sonra gənclərin nümayəndələri çıxış etdilər.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm MƏCİDOVA dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Əziz gənc dostlarım.

Əvvəlcə hamınızı 2 fevral - Gənclər Günü münasibətilə təbrik edir, fəaliyyətinizdə daim uğurlar arzulayıram.

Biz tarixi hadisələrlə zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə malikdir. O, regionda və dünyada sayılır və dövlətimizlə hesablaşırlar. Bunun arxasında əzmkarlıq, mübarizlik və düşünülmüş uzaqgörən siyasət dayanır. Ümummilli liderimiz Heydər Əliyev öz zəngin təcrübəsi, nüfuzu və dahilərə xas zəkası ilə gələcəyimiz üçün güclü əsaslar yaradıb.

Azərbaycan 28 ildir ki, müstəqil dövlətdir. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin bu il 25 ili tamam olur. 25 ildir ki, Azərbaycan gənci tarixi, milli və mədəni mənsubiyyətinin qorunması yolunda daha ciddi addımlar atmaqdadır. Biz beynəlxalq tribunalarda çıxış edərkən "Mən müstəqil Respublikanın vətəndaşıyam”, - deyə özümüzü təqdim edirik.

Bəli, bu sözləri biz fəxrlə deyirik. Çünki bizim arxalandığımız güclü dövlətimiz və güclü liderimiz var!

Sədri olduğum Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildə 11 təşkilatla yaradıldı. Bu gün sıralarımızda 128 təşkilat birləşir. Təşkilatımız Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək gənclərin ictimai idarəetmə məktəbi kimi də formalaşıb. Gənclər Təşkilatları Milli Şurasının sıralarından çıxmış gənclər bu gün mərkəzi və yerli icra orqanlarında, o cümlədən beynəlxalq təşkilatlarda və şirkətlərdə çalışaraq, bilik və bacarıqlarını dövlətimizin möhkəmlənməsinə və inkişafına yönəldirlər. Bu amilin əhəmiyyətini nəzərə alaraq gəncləri ölkəmizin həyatında daha da fəal iştiraka çağırıram. Çünki bu, bizim Vətənimizdir, çünki bu, bizim Azərbaycanımızdır.

Bir məqamı da xüsusi qeyd etmək istərdim. Gənclər təşkilatlarının təşəbbüsləri, onların cəmiyyətin və gəncliyin inkişafına yönəlmiş layihələri, həmçinin beynəlxalq əməkdaşlığı dövlət tərəfindən dəstəklənir. Gənclər təşkilatları üzvlərinin fəaliyyəti ən ali səviyyədə qiymətləndirilir. Məsələn, mən beynəlxalq tədbirlərdə iştirak edərkən, öz həmyaşıdlarıma gənclər üçün Prezident mükafatçısı olduğumu bildirəndə bunu təəccüblə qarşılayır, dövlət gənclər siyasətimizə həsəd aparırlar. Budur, gənclərə olan qayğı və diqqət, budur, gənclərə olan inam.

Gənclər siyasətinin vacib istiqamətlərindən biri də beynəlxalq təmsilçilikdir. Dövlətimizin yürütdüyü xarici siyasət nəticəsində biz gənclər Azərbaycanın inkişafı və həqiqətlərini dünya ictimaiyyətinə yüksək tribunalardan çatdırırıq. Əminliklə deyə bilərəm ki, bundan sonra da belə olacaq.

Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması ölkəmizin davamlı inkişafının təminatıdır. Bizim yeganə yolumuz Prezidentimizin ətrafında daha da sıx birləşərək azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməkdir.

Möhtərəm cənab Prezident, Siz Azərbaycan gənclərinin IV Forumunda çıxış edərək belə bir fikir bildirdiniz: "Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Biz də bütün fəaliyyətimizdə Sizə arxalanır və qayğınızı hər zaman hiss edirik.

On minlərlə gənci birləşdirən 128 gənclər təşkilatı adından bizə verilən bu dəyəri yüksək qiymətləndirir və Sizi əmin edirik ki, etimadınızı doğrultmaq üçün daim səylə çalışacağıq.

Diqqətinizə görə minnətdaram.

 

***

Qarabağ qazisi, baş leytenant Kamil MUSAVİ çıxış edərək dedi:

- Möhtərəm Prezident.

Cənab Ali Baş Komandan.

Hörmətli tədbir iştirakçıları.

Hər birinizi salamlayıram. Gənclər Günü münasibətilə bütün gənc bacı və qardaşlarımızı təbrik edir, həyatda uğurlar arzulayıram.

Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir. Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Onlardan biri və birincisi vətənpərvər olmağımızdır. Hər bir gənc vətənpərvər olmalıdır, Vətənini sevməlidir. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib hərbçi olmaq deyil. Vətənpərvər olmaq təkcə hərbi forma geyinib səngərdə dayanmaq deyil. Hər bir insanın vətənpərvərliyi öz sahəsində Vətəninə, xalqına, millətinə vicdanla xidmət etməsidir.

Mən bu gün burada həm Azərbaycan Ordusunu, həm Qarabağ qazilərini təmsil edirəm. Bildirmək istəyirəm ki, biz hər zaman döyüş əhval-ruhiyyəsi ilə yaşayırıq. Biz hər zaman öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək arzusundayıq.

Cənab Baş Komandan, bir zamanlar hücum əmri sanki yaddaşımızdan silinmişdi. Amma Aprel döyüşlərində gözlənilməyən anda Sizin "İrəli” əmri verməyiniz cəsarətli qərarlarınızdan oldu.

Siz çıxışlarınızın birində belə bir fikir söyləmişdiniz: "Biz öz doğma torpaqlarımızı heç kimə verməyəcəyik və heç bir zaman bu vəziyyətlə barışmayacağıq”. Bu fikirlərinizi dünyaya sübut etmək və öz doğma torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Azərbaycanın qeyrətli oğulları Sizin "İrəli” əmrinizə hazırdır.

Möhtərəm cənab Prezident, "İrəli” əmri verdiyiniz zaman biz qazilər də bu əmrdən kənarda qalmayacağıq. Düzdür, kimlərsə düşünər ki, bədənin hər hansısa bir üzvünü itirmiş insanlar necə döyüşə bilər? Amma ayağı olmayanlar sürünərək, gözləri görməyənlər hiss edərək döyüşə gedəcəklər. Yetər ki, xalqımız yaşasın, yetər ki, müstəqil Azərbaycanımız var olsun.

Çox sağ olun.

 

***

 

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, "Human Foundation” Fondunun Azərbaycan üzrə təsisçisi Fəridə ƏSGƏRZADƏ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli gənclər.

Sizin və bu böyük gənclər auditoriyasının qarşısında çıxış etmək, fikirlərimi sizinlə bölüşmək mənim üçün şərəfdir. Biz bu gün dördüncü sənaye inqilabı dövründə yaşayırıq. Genetika, süni intellekt, robototexnika, nanotexnologiya və biotexnologiya sahələri artıq yenilik deyil. Bir çox peşə və ixtisaslar 5 və ya 10 il əvvəl heç mövcud deyildi. Bu səbəbdən də gənclərin yeni yaranan peşələr və əmək bazarına uyğunlaşması baxımından sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi çox aktualdır.

Sizin apardığınız uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda biznes mühiti davamlı olaraq yaxşılaşır, istehsal, emal sahələri inkişaf edir və iqtisadiyyatın şaxələnməsi təmin edilir. Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına dəstək göstərilir, qanunvericilik bazası təkmilləşdirilir və güzəştli kreditlər verilir. Startap infrastrukturunun inkişafı üçün böyük addımlar atılır. Yüksək texnologiyalar parkları, innovasiya mərkəzləri, biznes inkubasiya mərkəzləri açılır. Gənclər üçün biznes məsləhət xidmətlərinin təşkili və metodiki tövsiyələrin verilməsi mühüm əhəmiyyət kəsb edir.

Gənc sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri beynəlxalq təcrübənin öyrənilməsi, mentallıq və innovasiya xidmətlərinin göstərilməsidir. İnnovativ ideyalara gəldikdə isə, sosial sahibkarlığı xüsusi vurğulamaq lazımdır. Bu sahə gəlir gətirməklə yanaşı, cəmiyyətə fayda verən, yerli və qlobal problemlərin həlli yollarını tapmağa təsir göstərməyə malik sahibkarlıq konsepsiyasıdır. Mənim "Human Foundation”u yaratmağıma bu düşüncə səbəb olub. Bizim məqsədimiz sosial sahibkarlıq platforması vasitəsilə gənclərə sosial biznes, mədəni layihələrin həyata keçirilməsi üçün şərait yaratmaq, hər kəs üçün bərabər imkanları dəstəkləməkdir.

Dövlətin dəstəyi bizi ətrafımızda çox sadə gəncləri toplamağa həvəsləndirdi və bu qarşılıqlı dəstək dairəsi bu gün getdikcə genişlənir. Son dövrlərdə yaradılmış sahibkarlıq subyektlərinə diqqət yetirəndə burada qadınların sayının artdığını müşahidə edirik. Azərbaycan çox azsaylı ölkələrdən biridir ki, qadınların sahibkarlıq fəaliyyəti dövlət tərəfindən tam dəstəklənir və inkişaf üçün bütün şərait yaradılır. Mənim fəaliyyətim bunun bir nümunəsidir. 21 yaşımdan etibarən sahibkar kimi, 23 yaşımdan isə universitetdə müəllim kimi çalışmağa başlamışam. Sevindirici haldır ki, mənim fəaliyyətim və ideyalarım müxtəlif təşkilat və dövlət qurumları tərəfindən dəstəklənib. Sahibkarlıq sahəsində həm elmi, həm praktiki fəaliyyət göstərməyim dövlətimizin yaratdığı şərait nəticəsində mümkün olub.

Əziz Mehriban xanım, Sizin ictimai fəaliyyətiniz, sosial sahədə gördüyünüz işlər, insanpərvərliyiniz və işgüzarlığınız nəinki mənə, bütün gənc azərbaycanlı qadınlara örnəkdir.

Hörmətli gənclər, bu gün ölkəmizdə cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və məşğulluğun təmin olunması üçün münbit şərait yaranmışdır. Biz gənclər bu işdə cənab Prezidentin bizə göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün birlikdə çalışmalıyıq. Azərbaycanda hər bir gənc parlaq uğura nail ola bilər. Biz hər zaman uğur qazanmaq istəyiriksə, elə bu gün başlamalıyıq. Gənclər günümüzü təbrik edirəm.

Hörmətli cənab Prezident, bizə yaratdığınız şərait və dəstək üçün Sizə gənc sahibkarlar adından dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, biz Azərbaycanın daha da güclənməsi naminə əzmlə çalışacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

 

***

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur ORUCOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

Hörmətli tədbir iştirakçıları.

Əvvəla, Ulu Öndərimizin biz gənclərə hədiyyəsi olan Gənclər Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Bu gün bu yüksək kürsüdən Ulu Öndərin qurduğu Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi çıxış edib fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Cənab Prezident, Sizin rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı qüvvəsidir. Müdriklərdən biri deyib: "Haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini müəyyən edən xalqlar heç zaman uğursuzluğa düçar olmurlar”. Bəli, biz bu yolda iri addımlarla irəliləyirik. Biz ona görə xoşbəxtik ki, bu yolun təməlini ulu öndərimiz Heydər Əliyev qoyub. Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri, Prezidenti gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib.

Cənab Prezident, Siz çıxışlarınızda demisiniz ki, Azərbaycan tarixində bu qədər güclü olmayıb. Bəli, bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının, Azərbaycan gəncinin Sizə olan ehtiramıdır, məhəbbətidir.

Bu gün hər bir Azərbaycan gənci Ali Baş Komandanın əsgəridir. Səngərdə əsgəridir, Orduda əsgəridir, təhsildə əsgəridir. Əgər Azərbaycanın müstəqilliyinə qarşı hər hansı bir təhdid olarsa, inanın kı, cənab Prezident, bu gənclər həmin qüvvələri tarixin siyasi səhnəsindən bir anda silərlər.

Təbiidir ki, bu gün dünyada sosial şəbəkələrlə bağlı baş vermiş xaosdan bəzi antimilli qüvvələr sui-istifadə etməyə çalışırlar. Bir çox dövlətlər artıq bununla bağlı qanunvericilikdə dəyişikliklər edib, düşünürük ki, artıq bu, Azərbaycanda da zərurətə və tələbata çevrilib.

Bu gün xalq tərəfindən tarixin arxivinə atılmış siyasətin tör-töküntüləri, bax, həmin bu sosial medianın vermiş olduğu imkanlardan sui-istifadə edərək, xalqı çaşdırmağa, səhv, yalan, böhtan xarakterli məlumatlar yayaraq, insanlardakı Azərbaycana olan inamı itirməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Amma bu gün Yeni Azərbaycan Partiyasının gənc üzvləri - Prezidentini, Vətənini sevən gənclər onları sosial şəbəkələrdə də iflasa uğradıblar. Bütün həqiqətləri açıqlayaraq, Azərbaycan cəmiyyətinə onların kim olduqlarını göstərib. Azərbaycan xalqı onsuz da onların kim olduğunu çox gözəl bilir. Mən buradan üzümü həmin antimilli qüvvələrə tutub deyirəm, təkcə Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının bir rayondakı üzvlərinin sayı sizdən qat-qat çoxdur. Təkcə ötən il Yeni Azərbaycan Partiyasına 24 mindən çox üzv qəbul edilib. Onların əksəriyyəti gənclərdir. Bu da ondan xəbər verir ki, Azərbaycan cəmiyyəti bu siyasi kursa böyük dəstək verir, bu siyasi kursla həmfikirdir.

Əziz cənab Prezidentimiz, Siz qısa müddət ərzində yeni Azərbaycan qurdunuz. Azərbaycanı dünyada bir çox dövlətlərin heyranlıqla izlədiyi bir səviyyəyə gətirib çıxardınız. Biz gənclərin də, Yeni Azərbaycan Partiyası gənclərinin də əsas işi ondan ibarətdir ki, Sizin və çox hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gördüyü işləri gənclərimizə çatdıraq, bunun təbliğatını aparaq. Təbiidir ki, Siz bu işdə bizə çox kömək göstərirsiniz. Çünki Sizin gördüyünüz işlər o qədər möhtəşəmdir, cəmiyyət tərəfindən o qədər müsbət qarşılanır və Azərbaycanı o qədər qüdrətli edir ki, həmin işlər özü-özünü təbliğ edir.

Müqayisə üçün deyim ki, məsələn, Ermənistan gəncləri öz rəhbərlərini necə təbliğ edə bilərlər? İş yoxdursa, əhali səfil vəziyyətdə yaşayırsa, hər şeydən məhrumdursa, hansı təbliğatdan söhbət gedə bilər?! Amma Azərbaycan gəncinin deməyə sözü çoxdur.

Cənab Prezident, Sizi bir daha əmin etmək istəyirəm ki, biz istər regionlarda, istərsə də paytaxtda gənclərlə görüşlərimiz zamanı gənclər Sizə hər zaman öz məhəbbət, sevgi və ehtiramlarını ifadə edirlər. Bu gün Siz əmin ola bilərsiniz ki, Azərbaycan gəncliyi Sizin çağırışınızı gözləyir, Azərbaycan gəncliyi Sizinlədir. Çünki bizim dəmir iradəli Prezidentimiz var. Biz çox sürətlə inkişaf edirik. Bu yoldan bizi heç kim, heç bir qüvvə döndərə bilməz.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Heydər Əliyev yolu! Yaşasın Prezidentimiz İlham Əliyev!

Çox sağ olun.

 

***

"Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aydan RAMAZANOVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım.

2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən təsis olunmuş "Regional İnkişaf” İctimai Birliyinin məqsədi regionlarda ictimai nəzarəti həyata keçirmək, ölkəmizin sosial, ictimai və mədəni həyatında fəal iştirak etmək, dövlətimiz tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdən ibarətdir. Bu istiqamətdə İctimai Birlik bölgələrdə mütəmadi görüşlər keçirir, insanların qayğıları ilə maraqlanır, müraciətlərini araşdıraraq həlli yollarını axtarır.

Cənab Prezident, bu günədək biz Sizin və Mehriban xanımın bilavasitə dəstəyi sayəsində əhalinin sosial, infrastruktur, özünüməşğulluq, səhiyyə və digər məsələlərlə bağlı çoxsaylı müraciətlərinin müsbət həllinə nail olmuşuq. İcazənizlə görülmüş işlərdən bəzi nümunələri qeyd etmək istəyirəm.

Əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı Sizin tapşırığınıza uyğun olaraq, "Sosial bağlar” layihəsi həyata keçirildi. Layihə çərçivəsində 125 şəhid ailəsi, əlil və aztəminatlı ailələr üçün intensiv meyvə bağları salındı. Bu bağlar onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

Bu yaxınlarda Ağsu rayonundan qayıtdıq. Əhalinin Sizə salamlarını çatdırmaq istərdim. Ağsu rayonunun Elabad kəndində sakinlərə verilmiş pay torpaqlarının sərhədləri uzun müddət qeyri-müəyyən olduğundan, insanlar torpağı əkib-becərməkdə və dövlət tərəfindən verilmiş imtiyazlardan istifadədə çətinlik çəkirdi. İctimai Birliyin təşəbbüsü ilə aidiyyəti qurum tərəfindən qısa müddət ərzində torpaqların dəqiq sərhədləri müəyyənləşdirildi, vətəndaşlara müvafiq mülkiyyət sənədləri verildi. Eyni zamanda, əkin üçün torpaqların şumlanması və məhsulun yığılmasında da onlara lazımi kömək göstərildi.

Belə nümunələr kifayət qədərdir. Bildirmək istərdim ki, bütün bu işlər regionlarda əhali, xüsusilə gənclər tərəfindən böyük məmnunluqla qarşılanır, onlarda ruh yüksəkliyi yaradır və dövlətə olan inamı daha da gücləndirir.

Cənab Prezident, bütün bu işlərdə həmişə Sizin və Mehriban xanımın dəstəyinə arxalanırıq. Sizin insanlara bu cür qayğı göstərməyiniz, onların problemlərinə həssaslıqla yanaşmağınız bizə və bütün gənclərə stimul verir.

Gənclərimiz bütün sahələrdə gedən inkişaf proseslərini yaxından izləyir və dövlətimizin əldə etdiyi nailiyyətlərlə qürur duyur. Sizin rəhbərliyiniz altında dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib. Bu gün ölkəmiz beynəlxalq tədbirlərin, forumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Xalqımızın rifahı naminə gördüyünüz bütün bu işlər Azərbaycan gənclərində xoşbəxt gələcəyə olan inam və əminliyi daha da artırır.

Regionlardakı gənclərimizin sosial fəallığının artırılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, həyata keçirilən layihələrdə iştirakının təmin olunması məqsədilə biz geniş fəaliyyətimizə könüllüləri də cəlb etmişik. Hazırda 500-ə yaxın könüllü İctimai Birliyin bütün təşəbbüslərinə dəstək verərək müxtəlif idman yarışlarında, marafonlarda, səhiyyə aksiyalarında, eləcə də əhalinin tibbi, hüquqi və ekoloji maarifləndirilməsində fəal iştirak edir.

Möhtərəm cənab Prezident, "Regional İnkişaf” İctimai Birliyi olaraq biz regionlara, o cümlədən cəbhə bölgələrinə müntəzəm səfərlər edirik. Bu səfərlər zamanı şahidi oluruq ki, xalqımızda böyük ruh yüksəkliyi, milli birlik və həmrəylik var. Bu hisslər onların Sizə və Mehriban xanıma olan inamından irəli gəlir. Siz bayramları, xoş günlərinizi, hətta doğum günlərinizi xalqla, qaçqın və məcburi köçkünlərlə, şəhid ailələri və əsgərlərlə qeyd edirsiniz. Bu, biz gəncləri bir daha hədsiz qürurlandırmaqla yanaşı, Sizdən humanizm və vətənpərvərlik dərsi alaraq dövlətimizə layiqli vətəndaş kimi yetişməyimizdə böyük rol oynayır.

Bizim qarşımıza konkret məqsədlər qoyulub. Region gəncləri adından bildirmək istəyirəm ki, bu məqsədlərə nail olmaq üçün bundan sonrakı fəaliyyətimizdə də dövlətimizə və Prezidentimizə sadiq qalaraq, Sizin ətrafınızda sıx birləşəcək, ölkəmizin inkişafı naminə daha böyük əzmlə çalışacağıq.

Möhtərəm cənab Prezident, regionların inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətinizdə biz gənclər Sizin bir nömrəli köməkçilərinizik.

Diqqətinizə görə minnətdaram.

 

***

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Ayxan HÜSEYNLİ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Bu gün Azərbaycan vətənpərvər və istedadlı gənclər ölkəsidir. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin real bəhrəsidir. Dahi rəhbərimizin təşəbbüsü ilə hələ sovetlər birliyi dövründə Azərbaycan gəncliyinin inkişafı istiqamətində ardıcıl tədbirlər görülürdü, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasına başlanılmışdı. O dövrdə gənclərin təhsili sahəsində həyata keçirilən tədbirlər, onların ixtisaslı kadr kimi yetişdirilməsi, xüsusilə milli hərbçi kadrların hazırlanması ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdı.

Ümummilli Liderimiz ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da gənclərlə bağlı dövlət siyasətini əsas vəzifələr sırasına çəkmiş, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, onların problemlərinin həlli və gələcəyin layiqli vətəndaşları kimi yetişməsi üçün lazımi şərait yaratmışdı. Bütün bunlar da gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, sosial problemlərinin həlli və məşğulluqlarının təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.

Ulu öndərimiz Heydər Əliyev deyirdi: "Bizim hamımızın vəzifəsi Azərbaycanın gənclərini milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir, gənclərimizi bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaqdır, respublikamızın gənclərini Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir”.

Bu gün Ulu Öndərimizin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə davam etdirilən yolla gedən Azərbaycan gəncləri cəmiyyətin fəal sosial təbəqəsinə çevrilmişdir. İnsan kapitalının yetişdirilməsi sahəsində irəli sürdüyünüz düzgün yol və əldə olunan nəticə Azərbaycanda gənclər siyasətini yeni mərhələyə çıxarıb. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə dünyada tanınır və qəbul olunurlar. Artıq gənclərimiz diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə ölkəmizi layiqincə təmsil edirlər.

Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola gənclərin problemləri ilə bu qədər yaxından məşğul olsun.

Müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunub. Muxtar respublikada gənclərin yüksək səviyyədə təhsil alması, intellektual səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün formalaşması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər görülür.

Ötən dövrdə muxtar respublikada 200-dən çox məktəb binası, 5 peşə məktəbi, 23 uşaq bağçası, məktəbdənkənar tərbiyə müəssisələri, musiqi məktəbləri, Gənclər Mərkəzi, elektron kitabxanalar, mədəniyyət sarayları, tələbə evləri, 50-dən artıq idman obyekti, universitet şəhərcikləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının "Qızıl kitabı”nın təsis edilməsi, Gənclər Fondunun yaradılması muxtar respublikada gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardandır.

Həyata keçirdiyiniz dövlət gənclər siyasətinin, gələcəyimiz olan gənclərə göstərdiyiniz qayğının və yaradılan şəraitin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilmişdi.

Müdriklər deyirlər ki, bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Çünki gənclər mənsub olduğu xalqı təmsil edir. Azərbaycan gənci xalqına, dövlətinə və rəhbərinə sədaqətlidir. Azərbaycan gənci ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiq qalaraq öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçən əsl vətəndaşlardır. Bu gün Azərbaycan gəncinin simasını Avropa, dünya və Olimpiya çempionu olan idmançılarımız, beynəlxalq reytinqli şahmatçılarımız, istedadlı gənc alimlərimiz, musiqiçilərimiz, mühəndislərimiz, doğma Azərbaycanımızın mənafeyini müdafiə edən diplomatlarımız, Lələtəpədə, Günnütdə Azərbaycan bayrağını vüqarla dalğalandıran əsgərlərimiz müəyyən edirlər. Budur, Azərbaycan gəncliyi, budur, müstəqil Azərbaycanın gələcəyi.

Çıxışlarınızın birində qeyd etmişdiniz ki, "Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”. Biz Sizin etimadınızı və bundan irəli gələn məsuliyyəti başa düşərək potensialımızı müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf edirik. Bizim bir yolumuz var. O da müdrik rəhbərimiz tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev yoludur.

Cənab Prezident, ölkəmizin gələcəyi olan gənclərin inkişafına göstərdiyiniz hərtərəfli qayğıya görə Sizə muxtar respublika gəncləri adından dərin minnətdarlığımızı bildiririk.

 

***

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi Ülkər ƏSƏDOVA çıxış edərək dedi:

- Hörmətli cənab Prezident.

Əziz tədbir iştirakçıları.

Bu gün burada Azərbaycanın böyük tələbə ordusu adından çıxış etmək mənim üçün çox böyük məsuliyyət və şərəfdir.

Mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsiyəm. Bir çox yuxarı kurs tələbələri kimi, mən də artıq magistratura imtahanlarına hazırlaşmağa başlamışam. Mən magistr diplomunu diplom üçün deyil, bilik və bacarıq üçün almaq istəyirəm. İnanıram ki, belə də olacaq. Mən istəyirəm ki, aldığım təhsil sayəsində ölkəmin inkişafına töhfə verim və mənim həmin inkişafda payım olsun.

Yəqin ki, burada əyləşən hər bir kəs Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə” əsərini xatırlayır. Orada balaca Şahzadə deyir ki, "Böyüklər rəqəmləri çox sevirlər. Onlara deyəndə ki, özünə təzə dost tapmısan, heç vaxt soruşmazlar ki, onun səsi necədir? O hansı oyunları sevir? O, kəpənəkləri xoşlayırmı? Bu suallar əvəzinə soruşacaqlar ki, onun neçə yaşı var? Neçə bacı-qardaşdırlar?”.

Biz, tələbələr üçün isə vacib olan rəqəmlər deyil, tələbəlik illərində qazandığımız biliklər, dostluqlar, ən əsası isə xatirələrdir.

Biz hər səhər dərsə qaçmağa, axşamlar sosial şəbəkələrdə günün hesabatı formatında statuslar yazmağa, gecələr isə kollokvium və imtahanlara hazırlaşmağa öyrəşmişik. Yadımdadır ki, dərsə gecikdiyim vaxtlarda auditoriyanın qapısı ağzında arzulayırdım ki, müəllim hələ auditoriyaya girməmiş olsun – bəzən bu arzularım gerçəkləşirdi, bəzən isə yox. Təqaüdlər köçürüləndə və hamı bu xəbəri bir-birinə sevinclə ötürəndə biz əsl bayram ab-havasını yaşayırdıq.

Dövlətimiz bizim üçün dünya standartlarına cavab verən auditoriyalar, məşq zalları, yeni kitabxana və laboratoriyalar yaradıb. Biz tələbələr bu imkanlardan çox yaxşı faydalanırıq. Dörd il əvvəl mənə yad olan insanlar bu gün mənim ən yaxın və ən doğma dostlarıma çevriliblər və biz bir-birimizdən artıq ayrıla bilmirik. Çünki biz artıq bir ailəyik.

Tələbələr istənilən ölkənin aparıcı qüvvəsidir. Ölkənin inkişafı və nailiyyətləri birbaşa tələbələrin nə qədər sağlam, savadlı, xoşbəxt və uğurlu olmasından asılıdır. Biz, Azərbaycan tələbələri əlimizdən gələni edəcəyik ki, uğur qazanaq. Uğur qazanaq ki, ölkəmiz də uğur qazansın, biz xoşbəxt olaq ki, ölkəmiz də xoşbəxt olsun.

Biz çalışacağıq ki, müstəqil dövlətimizdə yaradılan bütün imkanlardan tam şəkildə istifadə edək və növbəti dəfə, cənab Prezident, siz Sofiya ilə deyil, məhz azərbaycanlı mühəndis tələbələr tərəfindən yaradılmış robotla danışasınız. Biz çalışacağıq ki, Nobel mükafatçıları arasında gənc azərbaycanlı alimlər olsun – niyə də olmasın axı? Bizim tərəfdaşlıq etdiyimiz universitet dünyaya 29 Nobel mükafatçısı bəxş edib. Biz çalışacağıq ki, azərbaycanlı tələbə Harvard və Oksford tələbəsi kimi bir brendə çevrilsin, ölkəmiz xoşbəxtlik reytinqlərində ən ön yerləri tutsun.

Ola bilsin ki, dediklərim bir az qeyri-real səslənir. Amma bu gün mən, sadə bir tələbə, ölkə başçısının qarşısında necə çıxış edirəmsə, inanın ki, sizin də hər bir arzunuz həyata keçə bilər.

Əziz gənclər və tələbələr, biz Azərbaycan kimi keçmişi zəngin və gələcəyi parlaq bir ölkədə yaşadığımıza və təhsil aldığımıza görə, həqiqətən də, çox şanslıyıq. Azərbaycan tələbələri beynəlxalq əmək bazarında rəqabət gücünə malikdirlər. Bu gücü biz tələbələr, ilk növbədə, ölkəmizin inkişafına sərf etməliyik, çünki bizim hər addımımızda dövlət bizə dəstək olmağa hazırdır və dəstək olur da.

Hörmətli cənab Prezident, bu cür imkanları bizə yaratdığınız üçün Sizə bütün tələbələrin minnətdarlığını çatdırmaq istərdim. Siz bizim üçün ən böyük nümunəsiniz və ən böyük örnəksiniz.

Sonda bütün tələbələr adından onu da diqqətinizə çatdırmaq istəyirəm ki, cənab Prezident, biz Sizi həqiqətən də çox istəyirik və çox sevirik. Ulu Tanrı Sizi və ailənizi qorusun. Çox sağ olun.

 

***

Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin ORUCLU çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Əziz həmyaşıdlar.

İşinizin gərgin olmasına baxmayaraq, vaxt ayırıb biz gənclərlə görüşdüyünüz üçün Sizə çox təşəkkür edirik. Mən Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun oğluyam və şəhid oğlu olmağımla fəxr edirəm.

Aprel döyüşlərində atamın Vətənimiz uğrunda qəhrəmancasına şəhid olması bizə böyük qürur hissi yaşadır. Ordumuzun Aprel döyüşlərindəki qələbəsi yalnız Ordunun deyil, həm də Sizin qələbəniz idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Sizdən alır. Lakin hamıya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq.

Mən bir gənc kimi, dövlətimizə layiqli vətəndaş olmaq məqsədilə ADA Universitetinə qəbul oldum. Hazırda ölkəmizin ən nüfuzlu universitetlərindən birində təhsil alıram və dövlətim bizə dəstək olur. Digər sosial müdafiəyə ehtiyacı olan ailələr kimi, mənim də təhsil haqqım dövlətimiz tərəfindən ödənilir.

Cənab Prezident, Sizin dörd gün öncə şəhid ailələri ilə keçirdiyiniz görüş, orada yaşlı şəhid valideynlərinə göstərdiyiniz qayğı və nəvaziş xalqımız tərəfindən qürur hissi ilə qarşılandı. Bu, biz gənclər üçün gözəl nümunə oldu. Siz bu görüşdəki çıxışınızda qeyd etdiyiniz kimi, təkcə keçən il 5900 məcburi köçkün ailəsi, 6600 şəhid ailəsi dövlətimiz tərəfindən mənzillərlə təmin olunub, 6 mindən çox şəhid ailəsinə isə minik avtomobilləri verilib. Bu, Sizin şəhid ailələrinə göstərdiyiniz münasibətin təzahürüdür. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün verdiyiniz Sərəncama uyğun olaraq, 2016-cı ildə biz də digər şəhid ailələri kimi 11 min manat vəsaiti almışıq.

Qərara gəldik ki, Qarabağ döyüşçülərinin və qazilərinin, şəhidlərin təbliği işinə biz də qoşulaq. Bu məqsədlə 2016-cı ilin Aprel döyüşlərində şəhid olanların ailə üzvləri birləşərək İctimai Birlik yaratdıq. Ümid edirik ki, gördüyümüz işlərlə dövlətin bu sahədə həyata keçirdiyi siyasətə kiçik töhfə vermiş oluruq. Güman edirik ki, bu iş valideynlərimizin ruhlarını da şad edib.

Biz gənclər düşünürük ki, verdiyimiz hər itki əvəzinə minlərlə gənc onların keçdiyi şərəfli yolunu davam etdirməyə hazırdır. Mən bu gün bir gənc, bir şəhid övladı kimi bir daha əmin oldum ki, həyata keçirdiyiniz siyasətin əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır. Siz və birinci xanım Mehriban Əliyeva sosial müdafiəyə ehtiyacı olanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər zaman şəhid ailələrinin yanında olmusunuz. Azərbaycan vətəndaşları hər zaman Sizin şəfqət və mərhəmətinizi hiss edib. Sizin gəncliyə dəstəyiniz və sosial siyasətiniz bizdə özünəinam və əminlik yaradır.

Şəhid vərəsələrinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə bir daha minnətdarlığımızı bildiririk. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə Azərbaycan gəncliyi sabaha daha inamla addımlayacaq. Azərbaycanın əmin-amanlıq şəraitində inkişafı üçün apardığınız siyasətdə Sizə uğurlar arzulayırıq. Əmin ola bilərsiniz ki, bir qəhrəman övladı olaraq hər zaman Sizin yanınızdayıq. Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyirik. Çox sağ olun, möhtərəm cənab Prezident.

 

***

"ASAN” könüllüsü Emilya BAYRAMOVA çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Sizi 17 minlik ASAN könüllüləri hərəkatının üzvü kimi salamlamaqdan qurur duyuram. Sizin xeyir-duanızla 15 nəfərlə çıxdığımız bu yola, Sizin dəstəyinizlə davam edirik.

Gənclərlə görüşlər zamanı nəcib bir fəaliyyət kimi dəyərləndirdiyiniz könüllülük fəaliyyəti bu gün ölkəmizdə geniş vüsət alıb. Sizin də dediyiniz kimi, ölkəmizdə könüllülük hərəkatı var və bu hərəkat yaşayır.

Dövlətimizə olan sonsuz sevgimizin nəticəsi olaraq "ASAN xidmət” mərkəzlərində vətəndaşlarımıza təmənnasız xidmətlə yanaşı, ev sahibliyi etdiyimiz dünya əhəmiyyətli tədbirlərdə, idman yarışlarında könüllü olaraq aktiv iştirak etdik, ölkəmizi ən yüksək səviyyədə təbliğ etməyə çalışdıq. Könüllülük fəaliyyəti zamanı Sizin və hörmətli Mehriban xanımın dəstəyini daim hiss edirik.

Təşəbbüskarı olduğunuz ASAN könüllüləri haqqında fikirlərinizi hər zaman böyük fəxrlə dinləyir və ruhlanırıq. Biz gənclər olaraq fəaliyyətimizdə hər zaman Sizin Azərbaycan gəncliyi qarşısında qoyduğunuz ən ümdə vəzifələri, vətənpərvərlik və insanpərvərlik prinsiplərini, məsuliyyətli vətəndaş tələblərinizi rəhbər tuturuq.

Diqqətinizə çatdırmaq istərdim ki, bu günə qədər ASAN könüllüləri tərəfindən 30 mindən çox gənci əhatə edən 500-dən çox sosial-mədəni, ekoloji, maarifləndirici layihələr icra edilib, o cümlədən "ASAN məktub” layihəsi çərçivəsində 3000 aztəminatlı və ya kimsəsiz uşağın əlçatan arzularının gerçəkləşməsində vasitəçi olmuşuq.

Eyni zamanda, "Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlarımızın xeyir-duasını, arzu və diləklərini əsgərlərimizə çatdırmışıq, Aprel döyüşləri zamanı qəhrəman əsgərlərimizə mənəvi dəstək olmuşuq. Azərbaycanın hərbi uğurları bu gün biz gəncləri çox qürurlandırır və əminik ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə işğal altında olan bütün torpaqlarımızın geri qayıdacağı gün uzaqda deyil. Ən böyük arzumuz isə o zəfər bayramının təşkilində könüllü olaraq iştirak etməkdir.

Könüllülük həyatımıza hədsiz dinamiklik qatdı və heç şübhəsiz ki, fərdi inkişafımıza böyük təkan oldu. Valideynlərimiz, böyüklərimiz onların dövründə gənclər üçün belə şəraitin olmamasından şikayətlənəndə biz onları da könüllülüyə dəvət etdik və bu gün artıq ölkəmizdə "Könüllülüyün yaşı yoxdur” şüarı heç kəsi təəccübləndirmir.

Möhtərəm Prezident, biz çox gözəl dərk edirik ki, Sizin siyasətiniz ölkəmizin təbii sərvətlərinin insan kapitalına çevrilməsinə, dövlətimizin dayanıqlı inkişafına yönəlib. Bu gün biz gənclərin ən böyük xoşbəxtliyi, ən dəyərli sərvəti məhz ölkəmizin müstəqilliyi, sabitliyi və tərəqqisidir.

Sonda bir məsələyə də xüsusi olaraq toxunmaq istəyirəm. Bu gün dövlətimizin uğurlu inkişafını gözü götürməyən qüvvələr bəzən gəncləri də öz oyunlarına alət etməyə çalışır. Lakin gəncliyimizin mütləq əksəriyyəti həmin təsisatların əsl niyyətlərindən xəbərdardır və biz Sizin yanınızdayıq, Sizin sadiq, könüllü əsgərlərinizik.

Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində öz müstəqilliyini qorumuş, güclü, öz sözünü deməyə qadir dövlətimizin dayanıqlı inkişafı üçün daim çalışacağıq.

Bir daha biz gənclərə olan sevginiz üçün Sizə minnətdarıq.

Biz Sizi çox sevirik, könüllülərin könlü daim Sizinlədir.

 

***

Sonra bir qrup gəncin təltif olunması mərasimi keçirildi.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekunlaşdı.

 

Azərbaycan.- 2019.- 2 fevral.- S.1-4.