Prezident vətəndən kənardan yaşayan
soydaşlarımıza da diqqət və
qayğısını əsirgəmir
Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada yaşayan soydaşlarımız Umud və Sabir Şirinov qardaşları ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı həyatları təhlükəyə məruz qalan insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə onları "İgidliyə görə” medalı ilə təltif edib.
Şirinov qardaşlarını salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Vətənə xoş gəlmisiniz. Sizi təbrik edirəm. Çox böyük şücaət göstərmisiniz. Köməksiz vəziyyətdə olan insanları xilas etmisiniz. Öz həyatınızı risk altına salmısınız. Bu, doğrudan da çox böyük əks-səda doğurub. Əlbəttə ki, sizin bu qəhrəmanlığınız Azərbaycan xalqı haqqında daha da dolğun təsəvvür yaradılmasına xidmət göstərir. Doğrudan da xalqımızı ləyaqətlə təmsil etmisiniz. Mən sizi dəvət etdim və sizi dövlət mükafatı ilə - "İgidliyə görə” medalı ilə təltif edirəm.
Sonra Prezident İlham Əliyev medalları təqdim etdi.
Daha sonra Şirinov qardaşları hadisə barədə danışdılar.
Umud ŞİRİNOV dedi:
-Biz işdən qayıdırdıq, yolda yük maşınının
qoşqusu aşmışdı,
amma elə bildik ki, yolu
tutmayıb. Yaxınlaşanda gördük ki,
artıq gecdir, yol təmiz tutulmuşdu. Biz birtəhər
keçdik, az
qala özümüz də qəzaya düşmüşdük. Biz yanan "KİA” maşınını
görməmişdik. Biz avtomobilimizi saxlayıb buraya yığılmış
adamlara iradımızı
bildirdik ki, niyə xəbərdaredici
nişan qoymamısınız. Heç yarım
dəqiqə keçməmişdi
ki, mən uşaq səsi eşitdim. Yolun kənarı çox
çökəklik idi,
görünmürdü. Uşaq səsi eşidəndə
baxıb gördüm
ki, bir maşın
yanır, səs də oradan gəlir. Artıq salon təmiz yanmışdı.
Dedim bəs niyə dayanmısınız?
Dedilər ki, qapıları
aça bilmədik, maşına baxdıq, qazla işləyir, qaz balonu var,
partlaya bilər, cəhd edə bilmədik, məsləhət
görmürük. Biz də qapını aça bilmədik, sonradan sürücü özü bizə dedi ki, uşağa
görə qapıların
mərkəzi qıfılını
bağlayıbmış. Biz
maşının qapılarını
heç cür aça bilmədik. Gördük
maşın təmiz yanır. Uşağın atası və
anası yıxılı
vəziyyətdə idi.
Üç yaşlı uşaq
qışqırırdı. Biz avtomobilin yük
yerinin qapısını
qırdıq, uşağı
və anasını çıxardıq. Biz tələsir, ehtiyat edirdik ki, qaz
balonu partlaya bilər. Mən uşağı çıxaranda
kömək istədim.
Yolda
25-30 nəfər dayanmışdı.
Kömək istədim,
heç kim
yaxın durmadı. Mən qardaşıma dedim ki, bizim
də övladımız
var, indicə balon partlayacaq. Alovun ona çatmasına bir qarış qalıb. Sürücü komada idi, tərpənmirdi, oturacaqların
arasında sıxılmış
vəziyyətdə qalmışdı.
Biz oturacaqları qırdıq. Sağ
olsun qardaşım, dedi ki, gəl
risk edək, onu da çıxaraq. Qadın yalvarırdı ki, ərini də çıxaraq. Uşaq da
deyirdi ki, xahiş edirəm atamı da xilas
edin. Artıq biz özümüz haqqında düşünmürdük,
həyatımızı riskə
qoyub kişini də çıxardıq.
Bundan dəqiqə yarım sonra qaz balonu
partladı.
Prezident İlham ƏLİYEV: Siz doğrudan da qəhrəmanlıq göstərmisiniz.
Mən bunu eşidəndə dedim ki, mütləq sizi dəvət etsinlər, görüşək,
mən sizi "İgidliyə görə”
medalı ilə təltif edim.
Şirinov qardaşları: Çox
sağ olun,
cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sizin kimi gənclər bizim fəxrimizdir.
Şirinov qardaşları: Siz
də bizim fəxrimizsiniz.
***
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 2 fevral.- S.4.