Təhsil naziri gənc müəllimlərlə görüşüb

 

Fevralın 1-də “Muğam Klubda Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gənc müəllimlə görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər.

AZƏRTAC xəbər verir ki, görüşdə təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən nazir bu sənədə uyğun olaraq həyata keçirilən tədbirlərdən və qazanılan uğurlardan danışıb.

C.Bayramov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən çoxlu sayda sərəncamlar imzalandığını, layihələr reallaşdırıldığını vurğulayıb. Son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsinə xüsusi diqqət göstərildiyini bildirən C.Bayramov ötən il işə qəbul olunan 4 min 100 nəfərə yaxın müəllimin 2 min 724 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Qeyd edilib ki, ümumilikdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub. Onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib.

Nazir bildirib ki, hazırda ölkə üzrə müəllimlərin sayı 144 min 414 nəfər təşkil edir. Onlardan 35 yaşa qədər olan müəllimlərin sayı 39 min 179 nəfərdir ki, bu da müəllimlərin 27 faizi deməkdir. Həmin müəllimlərdən 6 min 99-u Bakı şəhərinin payına düşür.

Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında üç dəfə artım müşahidə edildiyini söyləyən nazir deyib ki, 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Ötən il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3, ötən ilə nisbətən isə 1,5 dəfə artım deməkdir.

C.Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən bəhs edib. Nazir müəllimləri Gənclər Günü münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə gənc müəllimlərdən Kürdəmir rayonu Qabil Hüseynov adına Bağman kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xalid Bayramov və Hacıqabul rayonu Talış kənd məktəbinin ibtidai sinif müəllimi Səbinə Əhmədova çıxış edərək öz fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

 

Azərbaycan.- 2019.- 2 fevral.- S.5.