ADA Universitetində Rumıniyanın Avropa İttifaqı Şurasında sədrliyinə həsr olunan tədbir keçirilib

 

Fevralın 1-də ADA Universitetində Rumıniyanın Avropa İttifaqı Şurasında sədrliyinə həsr olunan "Avropaya yanaşarkən: Milli gündəmlər və ümumi hədəflər” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bildirib ki, Avropa İttifaqı ilə əlaqələrdə Avropanın enerji təhlükəsizliyinin təmin olunması məsələsi mühüm yer tutur. Azərbaycan TANAP, TAP kimi irimiqyaslı enerji layihələrini həyata keçirir. 2020-ci ildə təbii qazımız İtaliyaya çatdırılacaq. Bizim layihələr dünyanın enerji xəritəsini dəyişdirəcək. Azərbaycan Avropanı Asiya ilə bağlayacaq bir sıra böyük nəqliyyat-logistika layihələrinin təşəbbüskarı və iştirakçısı kimi də çıxış edir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas iki tərəf arasında yeni sazişə dair danışıqların növbəti mərhələsinin fevralın ortalarında keçiriləcəyini deyib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanki əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyətindən danışıblar.

 

Azərbaycan.- 2019.- 2 fevral.- S.5.