Gənclər Günü ilə əlaqədar ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib

 

Hər il fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi geniş qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində bildirib ki, bu gün Azərbaycan gəncliyinin bayramıdır. 1993-cu ilin sentyabrında ulu öndər Heydər Əliyevin Ali Sovetdə ilk görüşü məhz gənclərlə keçirilib. 1994-cü ildə isə Gənclər və İdman Nazirliyi təsis olunub. Bu, Azərbaycanda dövlət gənclər siyasətinin başlanğıcı idi. 1997-ci ildə ölkəmizdə gənclərlə bağlı qanun qəbul olunub. 2005-ci ildən Azərbaycanda gənclər sahəsində üç Dövlət Proqramı qəbul edilib. Bu il həm də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 25 illiyi tamam olacaq.

Nazir Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gəncləri Gününə həsr edilmiş respublika toplantısında iştirakını, dövlətimizin başçısının fəal gəncləri təltif etməsinin gənclərimizə göstərilən yüksək diqqət və qayğının göstəricisi olduğunu bildirib. A.Rəhimov vurğulayıb ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Gənclərimiz Azərbaycanın firavan gələcəyinə inanırlar.

 

Azərbaycan.- 2019.- 2 fevral.- S.5.