Sağlam ruhun keşikçisi
2 fevral Gənclər
Günüdür
"Psixologiya sahəsinə sevərək gəlmişəm. Düşünürəm ki, insanın seçdiyi ixtisasın onun şəxsi keyfiyyətləri ilə əlaqəsi var və mən insanları öyrənməyi, ən başlıcası isə özümü kəşf etməyi, tanımağı sevirəm. Psixoloqun əsas vəzifəsi pasiyentə düşdüyü çətin situasiyanı anlatmaq və çıxış yolu tapmaq, bu istiqamətdə analiz aparmaqdan ibarətdir. Burada önəmli məqam odur ki, insanlar üçün güzgü rolunu oynayıb onların özlərini tanımasına yardım edə biləsən. Həyatlarını onlara uzaqdan göstərə və izləmə şansını yaradasan. İnsanın ixtisasına sevgisi yaranmasa, o, heç vaxt yaxşı mütəxəssis ola bilməz. İnsanlar kimi peşəyə də sevgi lazımdır. Hər çətinliyinə sinə gərib irəliləmək üçün...”
Düzgün seçim
İnsanın təkcə xəstəliklərə tutulmaması, bədənin isə güclü olması onun sağlamlığına dəlalət etmir. Bədənin sağlam olması ilə yanaşı, ruhi sağlamlıq da yerində olmalıdır. Bəzən fiziki sağlamlığa, psixoloji sağlamlıqdan daha çox önəm verilir. Bu isə mənəvi pozuntu, depressiya və stress kimi arzuolunmaz vəziyyətlərə səbəb olur.
Təsadüfi deyil ki, psixologiya ən çətin sahələrdən biri kimi qeyd olunur və psixoloqların da bu mənada işlərinin ağır olduğu vurğulanır. Onlar ruhi sarsıntı içərisində olan, özünəinamı qırılan insanların ümidini geri qaytarmalı, yaşam həvəslərini artırmalıdırlar.
Ona görə də insanlarla işləməyi, ünsiyyəti seçən bu sahənin adamlarında güclü iradə mütləqdir və bunu yalnız peşəkarlar bacarır.
Psixologiyanı özünün həyat amalına çevirən gənc müsahibimiz Fidan Azərqızı (Ağayeva) bu sahədə uğurlar qazansa da, çətinliklərlə də çox qarşılaşıb. Müsahibimiz deyir ki, özünü dərk edən gündən psixoloq olmaq istəyib. Ailəsi onu həkim görmək istəsə də, o, öz seçimini edərək bu sahəyə istiqamətlənib.
Hələ abituriyent olduğu zamanlarda imtahan həyəcanını azaltmaq üçün psixoloq yanına gedən Fidan xanım nəticəsini əyani şəkildə gördükdə, düzgün seçim etdiyini bir daha dəqiqləşdirib.
Passiv həyatı sevmirəm
Fidan xanım arzuladığı kimi, Bakı Qızlar Universitetində psixologiya ixtisasına qəbul olur və elə təhsilinin ilk günlərindən etibarən seçdiyi peşənin incəliklərini daha dərindən öyrənmək üçün əzmlə çalışmağa başlayır: "Birinci kursun ilk günlərindən psixologiya sahəsini professional şəkildə öyrənməyə girişdim. Artıq birinci kursun sonunda psixologiyanın yeddidən artıq istiqaməti üzrə kurslarda iştirak etdim və nailiyyətlər əldə etdim. Universitet nəzdində keçirilən elmi konfranslarda tələbə olduğum müddətdə psixologiya sahəsi üzrə birinci yerə layiq görülürdüm. Şanslı idim ki, müəllimlərim mənə bu ixtisasımı hər gün daha çox sevdirirdi”.
Psixoloq deyir ki, o, heç zaman passiv həyat keçirməyib və gəncliyin verdiyi enerji ilə daim öz üzərində çalışıb, təkmilləşib: "Mən passiv həyatı təsəvvür edə bilmirəm. Aktiv olmağı sevirəm və öyrəndiklərim yeniliklərdən qrup yoldaşlarımı, bu ixtisasda təhsil alan dostlarımı da xəbərdar etmək istəyirdim. Mütəmadi olaraq təhsil aldığım universitetdə psixoloji seminarlar təşkil edirdim. İkinci kursa başladığım ilk günlərdə universitetdə Tələbə Gənclər Təşkilatına sədr seçimlərinin olacağını dedilər və mənim bu seçkiyə qatılmağımı təklif etdilər. Tələbələrin səs çoxluğu ilə Bakı Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının sədri seçildim. 3 il müddətində TGT sədri olaraq fəaliyyət göstərdim. Azərbaycan Tələbə Gənclər Təşkilatının mükəmməl komandası ilə birlikdə çalışaraq bu sahədə çox təcrübə qazandım. Gənclər birliyinin psixologiya mərkəzinin rəhbəri kimi də fəaliyyət göstərirdim. Həmçinin başqa bir ictimai birlikdə psixologiya akademiyası layihəsini yaratdım və iki il müddətində həmin layihənin rəhbəri kimi çalışdım”.
Erkən nikah problemləri
Fidan Azərqızı söyləyir ki, 2 il əvvəl çalışdığı mərkəzin Lənkəranda filialı açılır və ona müvəqqəti olaraq həmin filialda çalışmaq təklif olunur. Əvvəlcə tərəddüd etsə də, sonradan işinə olan bağlılığı, insanlara kömək etmək hissi daha üstün gəlir və qərarını verir. Elə bu gün də həmin bölgədə psixoloq kimi fəaliyyət göstərir: "Orada problemlərin daha dərin olması məni çəkdi. Xüsusən, bu bölgədə müraciət edən qadınlar ancaq xanım psixoloq istəyirdilər. İnsanların ailədə toplum halında yaşaması, qayınana gəlin münasibətləri, yaxud da kişi - qadın psixologiyasının daha yaxşı bilinməməsi məsələləri ilə bağlı problemlər vardı. Ailə problemlərində erkən nikahlar ümumi bölgələrdə olduğu kimi, burada da xarakterikdir. İnsan özünü anlamadan, dərk etmədən ailə qurur. 16 yaşında insan hər hansı emosional, sevgi boşluğuna düşür, amma bəzən qarşısındakı insandan özünə qarşı bu sevgini görmür. Amma ailədə mütləq sevgi olmalıdır. Bəzən insan deyir ki, mən bu insanı qarşılıqsız da olsa ömür boyu sevəcəm, təki onun yanında olum. Lakin insan elə bir varlıqdır ki, hər zaman sevgiyə ehtiyacı var, tənhalıq onun üçün deyil. Bu cür qarşılıqsız sevgi olan ailələrdə problemlər yaranır”.
Onun danışmağa ehtiyacı var
Psixoloqun sözlərinə görə, indi işlədiyi bölgədə insanların psixoloji maariflənməsi yeni-yeni başlayır və onların inamını qazanmaq daha çətindir: "Bəzən problemlərlə qarşılaşırsan. Məsələn, hansısa bir şəxs 10-20 dəfə davamlı seanslara gəlməlidir. İkinci seansdan yaxınları gəlib soruşur ki, bu şəxsdə irəliləyiş varmı? Nə deyirsiniz? Amma biz hələ tanışlıq mərhələsindəyik və təbii ki, o insan da dərhal qarşısındakına ürəyini açmaz, nədəsə tərəddüd edər. Düşünər ki, mənim danışdıqlarımı valideynimə, yoldaşıma, yaxud kiməsə deyər və o tərəddüd birinci-ikinci dəfədə onları çəkindirir. Nəzərə almaq lazımdır ki, bir konsultasiya ümumilikdə problemi həll etmək üçün kifayət deyil. Yaxud da illər boyu yaranan problemin, uzun dövr davam edən psixoloji narahatçılığın bir seansda yox olması mümkün deyil, çünki psixoloqun "sehrli çubuğu” yoxdur ki, onun vasitəsi ilə hər şeyi bircə seansa dəyişsin. Müsbət nəticə üçün zaman lazım olur”.
Fidan Azərqızı söyləyir ki, bizim mədəniyyətimizdə insanlar problemlərini ailə və ya dostları ilə paylaşmağı daha üstün tuturlar, bu, qısamüddətli rahatlıq hissi yaradır: "Ancaq bu vəziyyət narahatçılığı aradan qaldırmır. Birincisi, adətən, insanın emosianal bağlı olduğu insanlar neytral ola bilməzlər, çünki onlar sizi yaxından tanıyır və sevirlər. Digər tərəfdən, onlar emosional kömək etməyə çalışdıqları və tərəfsiz ola bilmədikləri üçün adətən, müəyyən yol göstərirlər”.
"Onu da qeyd edim ki, psixoloqa müraciətlə bağlı insanlar arasında belə bir yanlış düşüncə də var ki, psixoloqun yanına yalnız hansısa problemin olanda getmək lazımdır. Amma bu, tamamilə səhvdir və sən bəzən sadəcə, danışmaq üçün, səni yükləyən o psixoloji yükdən qurtarmaq üçün də psixoloqa müraciət edə bilərsən. Bəzən elə pasientlərlə rastlaşırıq ki, o insan hər kəsdən qaçıb, özünə qapanıb, onu narahat edən düşüncələrdən, fikirlərdən danışmayıb, utanıb, qınaqdan qorxub. Bax, bu cür pasientlərin terapiyası sadəcə danışmaqla, onu dinləməklə müsbət nəticələnib” - deyə psixoloq vurğulayır.
Ümid yeri
Psixoloqlar onlara müraciət edənlərin, adətən, ən son ümid yeri olurlar. Ona qədər terapevtlərdən, nevropatoloqlardan keçərək, axırıncı pənah yeri kimi psixoloqların yanına gəlirlər. Fidan Azərqızı elə bu səbəbdən də psixoloqun məsuliyyətinin böyük olduğunu deyir: "Sən həmin insanın ümidini doğrultmalısan. O, kiməsə etiraf etmədiyi, hamıdan gizlətdiyi sözü, bəlkə də özlüyündə vicdan əzabı çəkdiyi bir şeyi səninlə bölüşür və bununla rahatlıq tapır. Artıq o düşünmür ki, mən təkəm...”
Psixoloqun yüksək analiz qabiliyyəti olmalıdır və insanların danışdıqlarından düzgün nəticə çıxarıb onların həyatlarına dair düzgün seçimlər verməyi bacarmalıdır. Elə gənc müsahibimiz Fidan Ağayeva da belə psixoloqlardandır və daim bu sahədə daha yaxşı nəticələr əldə etmək, insanlara yardım göstərmək üçün öz üzərində işləyir. Özünü çox xoşbəxt sayır, düşünür ki, Allah ona belə bir peşə vasitəsi ilə insanlara kömək etmək missiyasını verib...
Yasəmən MUSAYEVA
Azərbaycan.-
2019.-2 fevral.- S.10.