Görkəmli ədəbi simalar Cəlil Məmmədquluzadə haqqında

 

* Abdulla ŞAİQ:

 

"C.Məmmədquluzadənin və "Molla Nəsrəddin” məcmuəsinin yerli istismarçılara, çar məmurlarına, köhnəliyə qarşı, İran və Türkiyə hökmdarlarına qarşı, Şərq ətalətinə, dinə və mövhumata qarşı apardığı mübarizə Azərbaycan zəhmətkeşlərinin öz istiqlaliyyətləri uğrunda mübarizə etmək üçün ayağa qalxmalarına çox böyük fayda vermişdi”.

 

* Firudin bəy KÖÇƏRLİ:

 

"İndiyə qədər çapdan çıxmış nömrələrə əsasən demək olar ki, "Molla Nəsrəddin” nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etməkdən ibarət olan məqsədini tamamilə yerinə yetirir..., azərbaycanlıların vaxtı keçmiş, köhnəlmiş görüşlərini, anlayış və adətlərini, gülüş yolu ilə aradan qaldırmaq, onların adətlərini islah etməyə və özlərini də oyadıb, nəcib və ciddi fəaliyyətə sövq etməyə çalışır”.

 

* Abbas ZAMANOV:

 

"Mircə Cəlil əsərlərini ürəyinin qanı ilə yazırdı”.

 

* Mir Cəlal PAŞAYEV:

 

"Mirzə Cəlil ədəbiyyatımıza "xırda adamları”, onların dərdini, ürək döyüntülərini gətirdi. Xalqın dərdini qələmə almaq - vətənə, xalqa sonsuz məhəbbətdən doğur”.

 

* Məmməd CƏFƏR:

 

"Cəlil Məmmədquluzadənin və onun 1906-cı ildən başlayaraq ətrafına topladığı mollanəsrəddinçilərin kəşf edib mətbuat aləminə, döyüş meydanına çıxardığı Sabirlərin, Əli Nəzmilərin qələminin gücü ilə Azərbaycan satirik ədəbiyyatının şöhrəti ölkə sərhədini aşaraq, bütün Şərqdə rəğbət, məhəbbət qazanmış, Şərqin müxtəlif ölkələrində qoca Molla Nəsrəddinin neçə-neçə istedadlı davamçıları, məfkurə və sənət dostları yetişmişdir”.

 

* Yaşar QARAYEV:

 

"Mirzə Cəlil XX əsr Azərbaycan bədii fikrində yeni realizmin başçısı və böyük nümayəndəsi sayılır. Ümumən Azərbaycan realizmi Zakirdən Sabirə qədər keçdiyi yolda Mirzə Cəlildən yüksək zirvə tanımır. Bizdə tənqidi realizm Mirzə Cəlillə kamala çatır. O, M.F.Axundov realizminin, sadəcə, davamçısı deyildi, bu realizmin inkişafında tam yeni mərhələnin "baneyi-kariidi. Mirzə Fətəlidən sonra Azərbaycan nəsrində, dramaturgiyasında, ədəbi və ictimai fikrində böyük islahatlar Mirzə Cəlil yaradıcılığında baş verir”.

 

Azərbaycan.- 2019.- 2 fevral.- S.11.