Sözünü o kəslərə
deyirdi ki...0
Millətpərvər
"Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur.
Zira ki, mal-mülk tələf olur gedir, amma söz
qalır”.
Cəlil Məmmədquluzadə
Böyük çətinliklərlə
nəşrinə nail olduğu
"Molla Nəsrəddin”
jurnalının 1906-cı il 7 aprel tarixli ilk sayında Cəlil Məmmədquluzadə
üzünü oxuculara
tuturdu: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman
qardaşlarım! O kəsləri
deyib gəlmişəm
ki, mənim söhbətimi xoşlamayıb,
bəzi bəhanələrlə
məndən qaçıb
gedirlər, məsələn,
fala baxdırmağa,
it boğuşdurmağa, dərviş
nağılına qulaq
asmağa, hamamda yatmağa və qeyri bu növ
vacib əməllərə.
Çünki hükəmalar
buyurublar: "Sözünü
o kəslərə de ki,
sənə qulaq vermirlər”.
"Molla
Nəsrəddin” jurnalının
elə həmin sayının üz qabığında verilən
karikaturada isə bir dəstə yuxuya getmiş müsəlman təsvir olunmuşdu. Şərqin müdrik ağsaqqallarından
sayılan Molla Nəsrəddin onları oyatmağa çalışırdı...
Əsrin dörddə biri ərzində, müəyyən
fasilələrlə nəşr
olunacaq məşhur jurnalın ilk sayında verilmiş bu yazı və karikatura, əslində, bir mövzunun sözlə və karikatura ilə təsviri idi. Mövzu
isə əsir Vətən, əsarətin
məngənəsində çırpınan
azərbaycanlılardı...
Millətin Söz aynası
Adı ilə də oxucusunu güldürəcəyi bəlli
edilən jurnalın birinci sayında gülüş ünvanını
belə nişan
verirdi böyük Mirzə Cəlil: "Ey mənim müsəlman
qardaşlarım! Zəmani ki,
məndən bir gülməli söz eşidib, ağzınızı
göyə açıb
və gözlərinizi
yumub, o qədər
"xa-xa!” edib güldünüz ki, az qaldı bağırsaqlarınız
yırtılsın və
dəsmal əvəzinə
ətəklərinizlə üz-gözünüzü
silib, "lənət
şeytana!” dediniz, o vaxt elə güman
etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.
Ey mənim müsəlman qardaşlarım!
Əgər bilmək istəsəniz
ki, kimin üstünə gülürsünüz,
o vaxt qoyunuz qabağınıza aynanı
və diqqətlə baxınız camalınıza”.
Bu yazının
dərcinə qədər
də Mirzə Cəlilin bənzərsiz yazıçılıq qabiliyyəti
müasirlərinə bəlli
idi. Hələ XIX əsrin
sonlarında o, "Çay
dəstgahı” alleqorik
mənzum dramını,
"Kişmiş oyunu”
komediyasını, "Danabaş
kəndinin əhvalatları”
povestini və bir sıra kiçik
hekayələrini yazmışdı.
Buradaca yaradıcılığa "əlvida”
demiş olsaydı belə, təkcə
1894-cü ildə qələmə
aldığı "Danabaş
kəndinin əhvalatları”
əsəri Cəlil Məmmədquluzadə adının
Azərbaycan ədəbiyyatında
əbədi yaşamasına
bəs edərdi.
Amma o, xalqına, Vətəninə
xidmət yolunu özünə ömürlük
seçmişdi. Həm də
bu yola çox
güclü, qüdrətli
bir silahla - Sözlə çıxmışdı.
Və sözünü o kəslərə
deyirdi ki, öz problemlərini və nöqsanlarını
görmək iqtidarında
və arzusunda deyildilər.
Mirzə Cəlilin əsərləri
ayna idi. Orada öz
eyiblərini görənlərin
kimisi "Bu, mən deyiləm” deyə düşünərək özünə
təsəlli verir, gülüb keçir, kimisi də müəllifə düşmən
kəsilirdi. Yazıçı isə öz tövrünü dəyişmədən
satirik əsərlərinin
gülüş hədəfinə
çevirdiyi müasirlərinə
qurtuluş yolunu göstərirdi.
Bu gülüş
Cəlil Məmmədquluzadənin,
demək olar ki, bütün yaradıcılığını müşayiət etdi. O, xalqının,
soydaşlarının halına
ürək ağrısı
ilə güldü...
Müəllifi öz içində
yandırıb qovruldan,
qəhr edən bu gülüş düşmənlərin ətrafında
dolandığından, zamanın
belə qəsdinə
durduğundan xəbərsiz
qardaşlarının qolundan
yapışıb onları
oyatmağa cəhd etmək, səy göstərməkdi.
"Ey biçarə Vətən...”
Azərbaycan xalqının milli oyanışı Cəlil
Məmmədquluzadə yaradıcılığının
başlıca qayəsi
idi. O, bu yolda əngəl olanları tənqid edirdi. Demək olar ki, Azərbaycanın,
azərbaycanlıların ictimai-siyasi,
iqtisadi, mədəni həyatında mövcud olan elə bir
problem yox idi ki, Cəlil Məmmədquluzadə ona
münasibət bildirməsin.
XX əsrin əvvəllərində
Azərbaycanda hökm
sürən savadsızlıq,
məktəblərin azlığı,
olanların böyük
əksəriyyətinin də
dövrün tələblərinə
cavab verməməsi bu görkəmli ziyalını düşündürən
ən ümdə məsələlərdən idi.
Eyni səylə o, xalqımızın
mədəni geriliyinə,
dini xürafata, mövhumata, cəhalətə,
avamlığa, çarizmin
mürtəce siyasətinə
qarşı inadla mübarizə aparırdı.
Mirzə Cəlil qadın azadlığını milli
tərəqqinin əsas
əlamətlərindən biri hesab edirdi. Arzu edirdi ki, Azərbaycan
qadınlarının mədəni
səviyyəsi və
hüquqları Avropa qadınlarından aşağı
olmasın: "Avropa qadınlarının səviyyəsinə
çatmaq üçün
Şərq qadınları
oxumalı, çalışmalı,
vuruşmalı və
cəmiyyətlər təşkil
etməlidirlər, yoxsa
yer üzündə heç bir islam milləti mədəniyyət meydanında
irəli gedə bilməyəcəkdir”.
Təhsilə böyük əhəmiyyət
verən ədib bəzi oxumuşlarımızın
xalqdan ayrı düşdüyünə təəssüflənirdi. "Anamın kitabı”, "Bizim obrazovannılar” və başqa əsərlərində, hətta
doğma ana dilində danışmağı
da özünə yaraşdırmayan belə
oxumuşlarımızı satira atəşinə tuturdu.
Cəlil Məmmədquluzadə
yaradıcılığında diqqətimizi çəkən
bir məqam da budur: Azərbaycanı
1828-ci ildə ikiyə
parçalasalar da, bir hissəsi Rusiyanın, digər hissəsi isə İranın müstəmləkəsinə
çevrilsə də,
dərdi bütövdür.
Mirzə Cəlil o bütöv dərdi dilə gətirirdi:
"Ax, gözəl Azərbaycan
vətənim! Harda qalmısan?!. Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq
xoylu, meşkinli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli,
gülüstanlı quli-biyaban
vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim!
Gəlin, gəlin, gəlin mənə bir yol göstərin!
Vallah ağlım çaşıb! Axır
dünya və aləm dəyişildi, hər bir şey
qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı
ortalığa qoyub bir fikirləşək - haradır bizim vətənimiz?!”.
Mirzə Cəlil yadigarı
Səni dinləyənə, ən azından, dinləmək istəyənlərə Söz deməyə nə var ki?!.. Çoxu yazıb-oxumaq bilməyən, dünyanın işlərindən baş çıxarmayan, cəhalətin yaxasından bərk-bərk yapışıb buraxmaq istəməyən, yuvarlandırıldığı səfalətdən, düşdüyü qaranlıqdan çıxış yolu aramayan, ən ağırı, sənə qulaq verməyənlərə əl uzat, harayla... Sonra havada qalan əllərinə bax, öz qulağına çatan səsini dinlə... Və bunlardan usansan da, yorulsan da, kədərlənsən də geri çəkilmə... Mirzə Cəlil kimi millət təəssübkeşləri öz üzərlərinə bu qədər böyük və ağır mənəvi vəzifə götürmüşdülər.
"Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın, şüəranın sözləri hala baqidir”.
1906-cı ildə "Mola Nəsrəddin” jurnalının ilk sayında dərc olunan "Atalar sözləri” adlı əsərində belə yazırdı Mirzə Cəlil.
Aradan yüz ildən çox vaxt keçsə də, onun özünəməxsus sadə üslubla, şirin dillə qələmə aldığı hər bir əsərində xalqının dərdinə yanan, vətəninə sevgisi tükənməz vətəndaş, ziyalı, yazıçı fəryadı duyulur.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 2 fevral.-
S.11.