Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib
2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib.
AZƏRTACxəbər verir ki, toplantıda Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbərliyi, veteranlar, Azərbaycan Ordusunda xidmət edən gənclər, Aprel zəfərinin qazanılmasında, həmçinin Naxçıvanın Günnüt və digər strateji yüksəkliklərinin azad edilməsində xüsusi xidmətləri olmuş hərbi qulluqçular, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Toplantıdan əvvəl Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidəsi, eləcə də, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub.
Tədbir iştirakçıları "Heydər Əliyev və Azərbaycan gəncliyi”, "Gənclərə qayğı Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir” və "Ordu gəncləri böyük qüvvədir” mövzularında fotosərgilərə baxıblar. Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani qonaqlara sərgilər barədə ətraflı məlumat verib.
A.Qurbani hər il ölkəmizdə geniş qeyd edilən Azərbaycan Gəncləri Gününün ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsis olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, bu, Ulu Öndərimizin Azərbaycan gəncliyinə ali diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoyub. Gənclərə qayğı bu gün ölkəmizdə milli dövlət siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrilib.
Sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Toplantıda dövlət gənclər siyasəti ilə bağlı videoçarx nümayiş olunub, ümummilli liderimiz Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin gənclərlə bağlı fikirləri səsləndirilib.
Cəbhə bölgəsindən gəlmiş gənc zabit, mayorOrxan Rüstəmovqeyd edib ki, bir gün əvvəl Gənclər Günü münasibətilə keçirilən respublika toplantısında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin proqram xarakterli nitqi hər bir Vətən əsgərinin də döyüş ruhunu, vətənpərvərlik hissini artırıb. Bu gün biz bura Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə sədaqətimizi bəyan etmək üçün toplaşmışıq.
Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi–şöbə müdiriFuad Ələsgərovtədbirdə çıxış edərək hərbçi gənclərimizi Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Gəncləri Gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Gənclərə xüsusi qayğının Azərbaycan Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olduğunu qeyd edən Fuad Ələsgərov deyib ki, dövlətimizin başçısının sərəncamları ilə təsdiq edilən gənclər sahəsində strategiya və dövlət proqramlarının məqsədi ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləməkdir.
Fuad Ələsgərov dövlətimizin başçısının Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında gənclərə tövsiyələr verməsini, fəal gənclərin bir qrupunu mükafatlarla təltif etməsini ölkə gəncliyinə göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün Azərbaycan gəncliyi ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Silahlı Qüvvələrimizdə xidmət edən əsgər və zabitlərin böyük əksəriyyəti gənclərdən ibarətdir. Minlərlə gənc əsgər və zabitimiz təcavüzkar Ermənistan ordusuna qarşı döyüşlərdə qəhrəmanlıq göstərib, Vətən uğrunda canlarını və sağlamlıqlarını qurban verib, adlarını müasir hərb tariximizə qızıl hərflərlə yazdırıblar. 2016-cı ilin Aprel döyüşləri zamanı xalqımıza qələbə sevinci bəxş edən döyüşçülərin arasında gənclər çoxluq təşkil edirdi.
Düşmənə qarşı hərbi əməliyyatlarda şücaət göstərmiş qəhrəman əsgər və zabitlərimizlə xalqımızın qürur duyduğunu vurğulayan Prezidentin köməkçisi deyib: "Torpaqları hələ də işğal altında olan Azərbaycan üçün ordu quruculuğu ən vacib məsələlərdən biridir. Bu sahədə indiyədək çox iş görülüb. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığı inkişaf etdirib, ordumuz ən müasir silahlar, reaktiv artilleriya və hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr, gəmilər və digər texnika ilə təchiz olunub. Bununla yanaşı, ölkəmizdə güclü müdafiə sənayesi yaradılıb, 20-dən çox hərbi zavod inşa edilib. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunur”.
Görülmüş işlərin nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını vurğulayan Fuad Ələsgərov bildirib ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında aparılmış uğurlu əməliyyat nəticəsində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib, strateji yüksəkliklər Ordumuzun nəzarəti altına keçib. Böyük məharət və peşəkarlıqla həyata keçirilmiş bu əməliyyatlar Azərbaycan hərbçilərinin qəhrəmanlığını, Ordumuzun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirib.
Xüsusi vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsini də həmişə diqqət mərkəzində saxlayır. Son illər xeyli sayda hərbi şəhərcik yaradılıb, hərbi hissələrimizin 80 faizi yenilənib və ya əsaslı təmir edilib. Ötən ilin dekabrında paytaxtın Sabunçu rayonunda 400-dək hərbi qulluqçuya yeni mənzillər verilib. Bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Orduda xidmət edən zabit və əsgərlərin vətənpərvərliyinin vacib amil olduğunu deyən Fuad Ələsgərov yuxarı sinif şagirdlərinin hərbi hissələrə səfərlərinin, qəhrəman əsgər və zabitlərimizlə görüşlərinin, "Əsgərə məktub” və digər sosial tədbirlərin təşkilinin, görkəmli şəxsiyyətlərin, ictimai xadimlərin əsgərlərimizə tez-tez baş çəkmələrinin bu baxımdan önəmini qeyd edib.
Aprel döyüşlərinin qəhrəmanlarından biri, "Azərbaycan Bayrağı” ordenliTahir Misirxanovişğal altındakı bütün torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağından azad ediləcəyinə və böyük qələbə bayramının qeyd olunacağına əminliyini bildirib. Aprel döyüşləri ilə bağlı xatirələrini bölüşən T.Misirxanov deyib: "Mən xidmət etdiyim hərbi hissənin, birliyin gəncləri adından Prezidentimizi və Müdafiə Nazirliyinin rəhbərliyini, eləcə də bütün toplantı iştirakçılarını əmin edirəm ki, aprel zəfərini təkrarlamağa və Qarabağa böyük qayıdışı təmin etməyə hər an hazırıq və buna qadirik. Hərbçi gənclər böyük qüvvədir və fəxr edirəm ki, mən də onların sıralarındayam”.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Rasim İbrahimovun yolunu davam etdirən oğlu, Hərbi Hava Qüvvələrinin Aviasiya manqasının texniki istismar hissəsinin rəisi kapitanNizami İbrahimovatasının Vətən uğrunda son gülləsinədək vuruşduğunu, yaralanmasına baxmayaraq, düşmənə təslim olmadığını, qumbaranı sinəsinə sıxaraq bir neçə düşmən zabitini məhv etdiyini və şəhidlik zirvəsinə ucaldığını bildirib. Atasına Azərbaycanın Milli Qəhrəmanı adının ölümündən iki il sonra Ulu Öndərimizin Fərmanı ilə verildiyini xatırladan gənc kapitan onların ailəsinin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu deyib.
Şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlığın bildirən N.İbrahimov deyib: "Yenidən Prezident seçiləndən sonra cənab İlham Əliyevin ilk Sərəncamı şəhid ailələri ilə bağlı oldu. Dövlətimizin başçısı yanvarın 28-də şəhid ailələri ilə görüşdü. Şəhid vərəsələrinə birdəfəlik yardım kartları təqdim olundu, yeni Sərəncam imzalandı. Şəhid ailələrinə verilən Prezident təqaüdünün artırılması haqqında növbəti Sərəncam bizi bir daha sevindirdi”.
Aprel döyüşləri zamanı ermənilərin təxribatlarının qarşısını alarkən düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv etdiyinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan, tank əleyhinə divizionun komandiri mayorMirdamət Bağıyevbildirib ki, nizami Azərbaycan Ordusunu yaratması ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında ən böyük xidmətlərindən biridir. Bu Ordu dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da güclənərək istənilən döyüş əmrini, hücum tapşırığını yerinə yetirməyə hər an hazır olan mütəşəkkil hərbi qüvvəyə çevrilib. Orduda xidmət illərinin İlham Əliyevin prezidentlik dövrünə təsadüf etdiyini vurğulayan zabit deyib: "Dəfələrlə Ali Baş Komandanımızla görüşmək şərəfinə nail olmuşam. Aprel döyüşlərinin ildönümündə Prezidentimizin qəbulunda olduğum günü ömrüm boyu unutmayacağam”.
Ötən ilin mayında Günnüt zəfərinin qazanılmasında müstəsna xidmətləri olan Naxçıvanın qəhrəman müdafiəçilərindən kapitanƏlqəm Gözəlovulu öndər Heydər Əliyevin qurucusu olduğunu milli ordumuzun ilk təməl daşının Naxçıvanda qoyulduğunu vurğulayaraq deyib: "Azərbaycan Ordusunda ilk dəfə Naxçıvanda hərbi hissələrə döyüş bayraqları təqdim olundu. Həmin bayraqları Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev təqdim etdi. Naxçıvanda ilk diviziya, ilk Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Bizə Ulu Öndərimizdən miras qalmış azərbaycançılıq məfkurəsi ən kəsərli silahımızdır. Biz bu torpağın, Odlar diyarının övladlarıyıq, gəncləriyik. Bizim bir vətənimiz var. O da azad, müstəqil, yenilməz, gündən-günə çiçəklənən, güclü və qüdrətli Ordusu ilə fəxr etməyə haqqı olan doğma Azərbaycandır”.
İştirakçısı olduğu Günnüt əməliyyatı haqqında danışan gənc kapitan deyib: "Bu uğurlu əməliyyat düşmənlərimizi lərzəyə salıb və onlar çətin ki, özlərinə gələ bilsinlər. Mühüm strateji yüksəkliklərin qısa vaxt ərzində azad edilməsi, 11 min hektar ərazinin nəzarətə götürülməsi hərb tarixində görünməyən hadisədir. Bu möhtəşəm qələbənin qazanılmasında fərqlənən hərbi hissənin döyüş bayrağını Bakıya gətirərək Azadlıq meydanında nümayiş etdirdik”.
Yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu, Mərkəzi Ordu İdman Klubunun taqım komandiri, leytenantHəsən Əliyevulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına da daim böyük qayğı göstərdiyini vurğulayıb. O deyib ki, Ordumuzun idmançıları ölkəmizin şanlı idman salnaməsinə parlaq səhifələr yazıb, olimpiadalarda, mötəbər idman yarışlarında Azərbaycan bayrağını dalğalandırıb, himnimizi səsləndiriblər. Müdafiə Nazirliyinin rəhbərliyi orduda bədən tərbiyəsi və idmanın inkişafına, kütləviliyinə ciddi diqqət yetirir. Bu sahədə Mərkəzi Ordu İdman Klubunun xidmətləri danılmazdır. Hərbçi-idmançılarımız Beynəlxalq Hərbi İdman Şurasının xətti ilə keçirilən beş ümumdünya hərbi idman oyununda 78 qızıl, 64 gümüş və 98 bürünc medal qazanıblar.
Hərbi Dəniz Qüvvələrində xidmət edən baş leytenantAriz Qəhrəmanovbildirib ki, digər qoşun növləri kimi, Hərbi Dəniz Qüvvələrimiz də Ümummilli Liderimizin sayəsində yenidən formalaşıb və hazırda mütəşəkkil qüvvəyə çevrilib. Döyüş gəmilərinin və qüvvələrinin iştirakı ilə keçirilən son irimiqyaslı təlimlər bir daha göstərdi ki, hərbi dənizçilərimiz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdirlər.
Ariz Qəhrəmanov deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Puta əsas baza məntəqəsinin və bazada xidmət edən, əksəriyyəti gənclərdən ibarət zabit, miçman və çavuşların sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün tikilən yaşayış binalarının və digər hərbi obyektlərin açılışında şəxsən iştirakı hərbi dənizçilərdə böyük ruh yüksəkliyi yaradıb.
Qeyd edilib ki, 2015-ci ildən başlayaraq keçirilən Beynəlxalq Ordu Oyunlarının "Dəniz kuboku” müsabiqəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birinci yeri tutması mühüm nailiyyətdir. Baş leytenant hərbi dənizçilərin qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərinə, digər qoşun növləri ilə birlikdə hərb tariximizə parlaq səhifələr yazacaqlarına əminliyini bildirib.
Ötən il keçirilən möhtəşəm hərbi paradlarda öz məharətlərini göstərən təyyarəçi kapitanMəzahir Səfərov2001-ci ilin avqustunda indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi məzunlarının ilk buraxılışında Ulu Öndərimizin xeyir-duasını məmnunluqla xatırladıb. Hazırda Azərbaycanın milli şahinlərinin əsl peşəkarlıq xüsusiyyətlərinə malik olduqlarını vurğulayan M.Səfərov deyib ki, pilotlarımız hərbi paradlarda peşəkarlıqlarını bir daha nümayiş etdirərək Ulu Öndərimizin arzularını gerçəkləşdiriblər. "Fəxr edirəm ki, mən də Azərbaycanın milli şahinlərindən biriyəm. Lələtəpə istiqamətində erməni işğalçılarına qarşı əks-hücum əməliyyatlarında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış milli pilotlarımız Təbriz Musazadə, Urfan Vəlizadə və Əbu Bəkr İsmayılovun intiqamını almaq, işğal altındakı bütün torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və zəfər yürüşünə hazırıq”, - deyə pilot bildirib.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantıTapdıq Mansurovxalqımızın haqlı olaraq "Heydər Əliyev məktəbi” adlandırdığı Liseydə təhsil almaqdan, yeniyetmə vaxtlarından əsgər çəkməsi, uniforma geyinməkdən qürur duyduğunu qeyd edib. Hərbi Liseyin yetirmələri arasında 20-dən çox general və admiralın, 10-dan çox Milli Qəhrəmanın olduğunu vurğulayan kursant deyib: "Biz Heydər Əliyevin arzuları, Prezident İlham Əliyevin ümidləri və Ordumuzun gələcəyiyik. Mən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almağımla qürur duyur, zabit olacağım günü səbirsizliklə gözləyirəm”.
Müdafiə naziri, general-polkovnikZakir Həsənovtədbirdə çıxış edərək Azərbaycan Gəncləri Günü münasibətilə hərbçi gəncləri təbrik edib. Ordumuzun döyüş qabiliyyətindən danışan müdafiə naziri bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin yüksək diqqət və qayğısı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Müdafiə naziri deyib ki, son illərdə ölkəmizin dinamik iqtisadi inkişafı və ordumuzun güclənməsi dövlətimizin başçısının uğurlu siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib.
Sonra Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə deyilir: "Əmin ola bilərsiniz ki, biz həqiqətən Vətən uğrunda, torpaq uğrunda canımızdan keçməyə, işğal altında olan torpaqlarımızı azad etməyə, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazırıq. Hərbi paradlarda cüzi hissəsini nümayiş etdirdiyimiz ən müasir hərbi texnikalarımız, zenit-raket komplekslərimiz, artilleriya qurğularımız, aviasiya vasitələrimiz və ilk növbədə, Azərbaycan əsgərinin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, peşəkarlığı, yüksək vətənpərvərlik hissi bunu deməyə əsas verir. Biz Sizin arzularınızı gerçəkləşdirəcək, digər əzəli torpaqlarımızı işğaldan azad edərək orada bayrağımızı dalğalandıracağıq”.
Azərbaycan Ordusu gənclərinin ümumrespublika
toplantısı Ali Baş
Komandana ünvanlanan
"Zəfər marşı”nın ifası ilə başa çatıb.
Azərbaycan.- 2019.- 3 fevral.- S.1; 5.