IV Dövlət Proqramı islahatların davamı olacaq
Yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransın materiallarında diqqəti çəkən vacib məqam dövlət başçısının uğurları sadalaması, görülən işlərə tənqidi yanaşması, perspektivlərə aydınlıq gətirməsi və IV Dövlət Proqramının əsas konturlarını təyin etməsi ilə yadda qaldı.
Prezident İlham Əliyev bir daha islahatlara sadiq olduğunu, Azərbaycanı dünyada islahatların lideri kimi irəli çıxarmaq, ölkə iqtisadiyyatını daha böyük uğurlara istiqamətləndirmək əzmində olduğunu nümayiş etdirdi, dövlət qurumlarını, biznes strukturlarını, sıravi vətəndaşları belə islahatların dərinləşməsinə çalışmağa, yeni təfəkkürə, düşüncəyə sahib olmağa dəvət etdi.
Ötən illərin uğurları nə qədər öyünməyə, təmtəraqlı raportlara imkan versə də, dövlət başçısının konfransdakı yekun nitqi analitik-tənqidi məzmunu və imkanların çözələnməsi, islahatların qarşıdakı mərhələsinin konturlarının səlis təyin edilməsi ilə seçildi. III Dövlət Proqramının uğurlu icrası iqtisadi intibahın məntiqi qanunauyğunluğu kimi dəyərləndirildi, eyni zamanda, həll olunmamış məsələlərə xüsusi diqqət yetirildi. Konfransın ruhu görülmüş işlərdən qürrələnmək əvəzinə, çatışmazlıqlara diqqət ayırmağa, bugünədək həll edilməyən problemlərin aradan qaldırılmasına köklənmişdi.
Yeni elektrik stansiyaları tikiləcək
Konfransda enerji təhlükəsizliyi məsələlərinə də toxunuldu. Qeyd edildi ki, elektrik enerjisi ilə həm özümüzü tam təmin edə, həm də böyük həcmdə ixrac etsək belə, yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Belə ki, sənaye potensialı, əhalinin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması gec-tez elektrik enerjisinin istehsalının artırılmasını zəruri edəcək. Bakıda 400 meqavat gücündə olan "Şimal 2” stansiyasının açılışı gözlənilir. Yeni 300, 350 və təxminən 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılmışdır. İlkin hesablamalar göstərir ki, 500 meqavat ətrafında əlavə güc əldə oluna bilər.
Bütünlükdə əlavə 1500 meqavat elektrik enerjisinin istehsalı artan daxili tələbatı ödəyəcək, ixrac isə əlavə valyuta gətirəcək. Bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində işlər gedəcək. Su-elektrik stansiyalarının, günəş və külək stansiyalarının tikintisinə marağın artdığını bildirən Prezident dedi: "İndi bu sahəyə xarici investorlarda maraq var. Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim görüşlər bir daha onu göstərir ki, böyük şirkətlər bu sahəyə investisiya qoymağa hazırdırlar, bu barədə düşünürlər”.
Prezident İlham Əliyev konfransdakı yekun nitqində görülən işlərdən məmnun qaldığını bildirsə də, daha çox analitik-tənqidi mövqe nümayiş etdirdi, ölkə iqtisadiyyatının potensial imkanlarını araşdırdı, islahatların perspektivlərinə toxunaraq IV Dövlət Proqramının qarşısında duran vəzifələrin icra mexanizmlərini açıqladı.
Qeyd olundu ki, içməli su layihələri, həmçinin meliorativ tədbirlər davam etdiriləcək. Bu il 80 min hektarda meliorasiya işləri aparılacaq. Kiçik su anbarlarının tikintisi, yeni suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi də gündəlikdədir.
Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdə olsa da, 15 ildə 15 min kilometr avtomobil yolu çəkilsə də, bu proses davam etdiriləcək, qarşıdakı illərdə yüzlərlə kənd yolu abadlaşdırılacaq.
Ölkədə 3272 məktəb tikilib təmir edilsə də, sosial infrastrukturun yaradılmasında fasilələr olmayacaq. Təmirə ehtiyacı olan məktəblər təmir ediləcək, xəstəxanaların, Olimpiya komplekslərinin tikintisi davam etdiriləcək. Məcburi köçkünlərin problemləri yenə diqqət mərkəzində qalacaq, ən azı 5000 ailə üçün evlər tikiləcək. Bu il əlavə 800 şəhid və Qarabağ əlili ailəsinə mənzil veriləcək. IV Dövlət Proqramının məqsədi bütün şəhid və Qarabağ müharibəsi əlilləri ailələrinin mənzillə təmin olunmasıdır.
Vətəndaşların təklifləri nəzərə
alınmışdır
Konfransda o da diqqətə çatdırıldı ki, regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramı əsasən yerlərdən gələn xahişlər nəticəsində formalaşmış, vətəndaşların təklifləri nəzərə alınmışdır. Sahibkarlara dövlət tərəfindən verilən böyük dəstəyin arası kəsilməyəcək, kreditlərin və subsidiyaların, texnika, gübrə və yanacağın güzəştli şərtlərlə verilməsinin ahəngi pozulmayacaq, ailə və kiçik biznesin inkişafına təkan verən yeniliklər tətbiq ediləcək.
Növbəti proqramda kənd təsərrüfatı və sənaye istehsalına, infrastruktur layihələrinə xüsusi diqqət yetiriləcək. Yeni idarəetmə mexanizmləri işə salınmış, müxtəlif təşəbbüslər irəli sürülmüşdür. İnvestisiya təşviqi proqramı üzrə 332 layihənin icrasına qoyulacaq sərmayə 2,8 milyard manatdır. Sənaye potensialının inkişafı üçün, əlbəttə, sənaye zonalarının, sənaye parklarının çox böyük rolu var. Azərbaycan indi müasir sənaye mərkəzinə çevrilmişdir.
Ölkənin neft sənayesində də meqalayihələr icra edilmişdir. 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan "Cənub qaz dəhlizi” layihəsinin icrası da əlavə böyük gəlir gətirəcək.
Qeyri-neft sektorunun dövlət başçısının şəxsi nəzarətində olması yaxşı nəticələr əldə etməyə imkan versə də, qarşıdakı vəzifələr daha böyük intellektual və maddi resursların səfərbərliyə alınmasını tələb edir. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiya Parkı, Mingəçevir Yüngül Sənaye Parkı, Gəncə şəhərində sənaye müəssisələrinin, Neftçala, Hacıqabul, Masallı, Sabirabad sənaye məhəllələrinin yaradılması köklü islahatların getdiyini büruzə versə də, gələcəkdə digər şəhərlərdə də sənaye zonalarının yaradılmasını zəruri edir.
Xalçaçılıq kimi qədim sənət növü Azərbaycan brendinin möcüzəvi qanadıdır. 20 xalça fabriki fəaliyyətdədir, onların da sayının 31-ə çatdırılması nəzərdə tutulur. Bu il Sumqayıt şəhərində açılması gözlənilən əyirici boyaq fabriki xalça istehsalında xarici xammaldan asılılığı aradan götürməyə imkan verəcək.
Ölkədə iplik fabrikləri olsa da, həm iplik, həm də hazır tekstil fabriklərinin tikilməsi IV Dövlət Proqramında nəzərdə tutulur. Tədarük edilən pambığın təxminən 50 faizinin artıq Azərbaycanda emal olunması əlavə dəyər yaratmağa imkan verir. Lakin pambıq istehsalının ildən-ilə sürətlə artmasını nəzərə alsaq görəcəyik ki, iplik fabriklərinin tikilməsi sahibkarlar üçün maraqlı, eyni zamanda gəlirli sahədir. Bu sırada ipəkçiliyin inkişafı da perspektivlidir. Artıq Qax rayonunda Damazlıq Baramaçılıq Mərkəzinin yaradılması ona imkan verəcək ki, idxaldan asılılıq azalsın, tingdən hazır ipək parçasına qədər mükəmməl istehsalat zənciri yaransın.
Aqrar sektorda yeni meyvə bağları salındıqca, məhsuldarlıq sürətlə artdıqca yeni meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması gündəmə gəlir. Prezident İlham Əliyev belə hesab edir ki, ümumiyyətlə, kənd təsərrüfatında islahatlar dərinləşdirilməlidir: "Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq”.
IV proqramın icrasına 17 milyard manatdan çox vəsait nəzərdə
tutulub
Bu potensiallar
qeyri-neft sektorunun bir çox sahələrini əhatə
edir. Əgər 2016-cı ildə 40 min hektar fındıq bağlarımız
vardısa, indi artıq bu rəqəm
75 min hektara çatıb,
bu il 9 min hektar əlavə əkiləcək. Yeni fındıq
və zeytun bağları salındıqca
ixracın həcmini tədricən iki dəfə artırmaq mümkün olacaq. Son vaxtlar badam
və qoz bağlarının salınmasının
geniş vüsət alması badam və qoz emalı
fabriklərinin tikintisini
aktuallaşdırır.
2015-ci ildə cəmi 35 min ton, keçən
il isə
233 min ton pambıq istehsal
edilmişdir. Təxminən 7 dəfəyə yaxın artım əldə olunmuşdur. Lakin yalnız
hektarın məhsuldarlığını
artırmaqla yenə iki dəfə artıq məhsul əldə etmək mümkündür. Baramaçılıqda vəziyyət daha fərqlidir. 2015-ci ildə
cəmi bir rayonda 230 kiloqram barama tədarük edilmişdişə, keçən
il artıq 38 rayonda 513 ton barama tədarük edildi. Fərq bilirsinizmi nə qədərdir? 2200 dəfədən
artıq! İmkanlar isə məhdud
deyil, daha böyük uğurlara imza atmağa, digər sahələrdə
irəli getməyə
şanslar mövcuddur.
Məsələn, 2004-cü ildə 55 min ton üzüm
yığılmışdısa, keçən il bu rəqəm 167 min tona çatdı və üçqat artım əldə edildi. Şərab istehsalı 15 il
ərzində 5 dəfə
artıb, amma bu da son hədd
deyil.
Turizm sahəsində
də irəliləyişlər
yeni perspektivlərə
nail olmağa imkan yaradır. Keçən il turist
axını əvvəlki
illə müqayisədə
təqribən 6 faizə
yaxın artmışdı.
Hesablamalara görə, əcnəbi
səyyahlar ölkəmizdə
2 milyard dollara yaxın pul xərcləyiblər. Bu rəqəmləri
turizmin inkişaf etdiyi ölkələrin gəlirləri ilə müqayisə etdikdə daha böyük qazanca nail olmağın yolları aydın görünür. Azərbaycanlılar dünyada digər xalqlardan seçilən fərqli üstünlüklərə
malikdirlər. Əgər Neapol
bulvarının seyrək
yerində gəzəndə
sumkandan ikiəlli yapışmalısansa, kənara
addım atan kimi isə soyulmaqdan
qorxmalısansa, Azərbaycanda
bu təhlükələrin
heç biri mövcud deyil. Ölkədə hökm sürən
təhlükəsizlik, sabitlik,
xalqımızın qonaqpərvərliyi
əcnəbilərin diqqətini
cəlb edir. Bakı dünyanın ən gözəl şəhərlərindən
biri kimi yüz minlərlə əcnəbinin sevgisini qazanmışdır. Bu da onu deməyə
əsas verir ki, turizm sahəsində
qazandığımızdan dəfələrlə artıq
valyuta əldə edə bilərik.
Dövlət başçısı
qarşıya qoyulan məqsədlərin əldə
olunması üçün
lazım olan məbləği də açıqladı: "Bütövlükdə
isə deməliyəm
ki, ilkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair IV Dövlət Proqramının
icrası üçün
ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard
manatı özəl sektor tərəfindən indi icra edilən
və hazırlığı
gedən layihələrə
investisiya şəklində
qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə
ki, bu, ilkin
rəqəmdir. Mən tam əminəm
ki, bu rəqəm
daha böyük olacaq. Çünki əvvəlki üç
proqramın icrası bunu göstərir. Çünki üç proqramın
hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm
ki, dördüncü
proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki,
indi bizdə investisiya iqlimi daha əlverişlidir”.
Dünya Bankı
"Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə
layiq görüb. Bu isə o deməkdir
ki, IV Dövlət Proqramının icrasına
dövlət sərmayələrindən,
sahibkarların yatırımlarından
savayı xarici sərmayələr də
cəlb ediləcək.
Beləliklə, ölkə iqtisadiyyatına
yatırılan vəsaitlər
dövlətin rəsmi
ayırmalarından xeyli
artıq olacaq. Bir sözlə, bu investisiyaların hesabına
Azərbaycanın bundan
sonra da uğurla, inamla inkişaf etməsinə zəmin yaradılacaq.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2019.- 3 fevral.-
S.1; 6.