Onkologiya və nüvə təbabəti simpoziumu
Bu gün Bakıda Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin
(MOM) təşkilatçılığı ilə
Ümumdünya Xərçəng Gününə həsr
olunmuş III Azərbaycan onkologiya və nüvə təbabəti
simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, müasir ümumi onkologiyanın və nüvə təbabəti problemlərinin müzakirə olunduğu bu mötəbər beynəlxalq səhiyyə forumunda Azərbaycan onkoloqları ilə yanaşı, Avstriya, İsveçrə və Türkiyənin ən nüfuzlu tibbi mərkəzlərinin aparıcı mütəxəssisləri və elmi dairələrin nümayəndələri də iştirak ediblər. III Azərbaycan onkologiya və nüvə təbabəti simpoziumunun əsas müzakirə mövzularından biri də nüvə təbabətinin müasir vəziyyətinə və perspektivlərinə, eləcə də xərçəngin profilaktikası və müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələrin dinlənilməsi və təcrübə mübadiləsi aparılması olub.
Simpoziumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev açıb. Xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin son illərdə əldə etdiyi yüksək nailiyyətlərdən danışan C.Əliyev müasir dünyada onkoloji xəstəliklərin dinamikasının artması faktını təəssüflə vurğulayıb. Akademik bu sahədə müvafiq beynəlxalq strukturların ümumi bəlaya qarşı mübarizənin gücləndirilməsinin və birgə səylərin koordinasiyasının zəruriliyini xüsusi vurğulayıb.
Akademik C.Əliyev qeyd edib ki, əsrin bəlasına qarşı mübarizə işinə Azərbaycan onkoloqları, Milli Onkologiya Mərkəzinin elmi və tibbi personalı da layiqli töhfə verir. Bildirilib ki, tibbin ən ağır, ən məsuliyyətli sahələrindən biri olan onkologiya problemləri daim dövlətimizin diqqət mərkəzindədir. Son illərdə Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası və müalicəsi üçün hər cür şərait yaradıldığını bildirən akademik Cəmil Əliyev bu nəcib işdə həmişə əhalinin sağlamlığını və sosial rifahını düşünən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd edib. O, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə Milli Onkologiya Mərkəzində Uşaq Klinikasının inşa edilib istifadəyə verilməsini onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
Simpoziumda rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzinin Azərbaycanda göstərdiyi çoxillik səmərəli fəaliyyətinə və onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə akademik Cəmil Əliyevə Birləşmiş Millətlər Təşkilatının "Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilib. Fəxri mükafatı akademik C.Əliyevə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məsul işçisi, BMT Beynəlxalq Mükafatlar Şurasının Cenevrə ofisinin rəhbəri Mehmet Şükrü Güzel təqdim edib, Milli Onkologiya Mərkəzinə və akademik C.Əliyevə yeni nailiyyətlər arzulayıb.
Tədbirdə
çıxış edən Milli Onkologiya Mərkəzi baş
direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz
Əliyev son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb
sahəsində mühüm uğurlar əldə edildiyini
diqqətə çatdırıb. Professor
öz çıxışında
xatırladıb ki, son
illər Milli Onkologiya
Mərkəzi onkoloji xəstələrin
müalicəsi üçün zəruri
yeni texnologiyaların
istehsalçısı olan dünyanın
aparıcı şirkətləri ilə sıx əməkdaşlıq
edir. MOM ilə Amerikanın bədxassəli
şişlərin radioterapiyası üçün
müasir texnologiyaları layihələşdirən
və istehsal edən "Varian
Medical Systems” şirkəti
arasında 2014-cü ilin oktyabrında
imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur. Bununla da, Milli Onkologiya
Mərkəzi rəsmi
referens-mərkəz statusunu
alıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın
genişləndirilməsinə, müasir texnologiyaların
Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına,
xarici mütəxəssislərlə
geniş fikir mübadiləsi aparılmasına
şərait yaradır.
Bununla yanaşı, imzalanmış
saziş Milli Onkologiya Mərkəzində
onkoloji xəstələrə
göstərilən yüksək
səviyyəli xidmətin
dünyanın aparıcı
klinikaları tərəfindən
tanınmasını təsdiq
edir.
Tədbirdə qeyd olundu ki, 2008-ci ildə ölkəmizdə
radionuklid diaqnostika, dörd il
sonra radionuklid terapiya şöbələri,
2014-cü ildə Nüvə
Təbabəti İctimai
Birliyi yaradılıb.
2015-ci ildə nüvə təbabəti
ixtisası təsdiq edilib və 2016-cı ildə Nüvə Təbabəti Mərkəzi
fəaliyyətə başlayıb.
Nəinki Azərbaycanda,
hətta regionda ilk və yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzi
xərçəng xəstəliklərinin
erkən aşkar edilməsi baxımından
böyük əhəmiyyət
daşıyır. Mərkəzdə pozitron emissiya tomoqrafiya/kompüter tomoqrafiya (PET/KT) cihazı quraşdırılıb. Bu,
orqanizmdə hüceyrə
mübadiləsini molekulyar
səviyyədə göstərməyə
imkan verən müasir tibbi diaqnostik görüntüləmə
üsuludur. Nüvə Təbabəti
Mərkəzinin fəaliyyətinin
əsas prinsipi yüksək səviyyədə
xidmət təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar,
fiziklər, mühəndislər,
kimyaçılar, hətta
kiçik və orta heyət xaricdə təhsil alıb və zəngin praktiki biliklərə malikdirlər.
Onların sırasında müvafiq
sahədə böyük
təcrübəsi olan
xarici mütəxəssislər
də var.
Diqqətə çatdırılıb ki,
2016-cı ildən Avropa
Nüvə Təbabəti
Assosiasiyası tərəfindən
akkreditasiya olunaraq dünyanın 29 ölkəsinin
ən mükəmməl
mərkəzləri sırasına
daxil edilib. Bunun nəticəsi
olaraq Milli Onkologiya Mərkəzinə
dünyanın müxtəlif
ölkələrindən müraciətlərin
sayı xeyli artıb. Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Əfqanıstan,
Liviya, Suriyanın, eləcə də bir sıra Avropa
və Asiya ölkələrindən olan
pasiyentlər Nüvə
Təbabəti Mərkəzində
uğurla müayinədən
keçiblər. 2017-ci ildən etibarən mərkəzdə hədəfə
yönəlmiş radionuklid
müalicələrə başlanılıb.
Bir çox qonşu ölkədən xəstələr
bu xüsusi təyinatlı Litesium-177 və
Actinium-225 müalicəsini almaq üçün ölkəmizə müraciət
ediblər.
Simpoziumun sessiyalarında
Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş inspektoru, professor Françesko
Giammarile, MOM-un nüvə
təbabəti şöbəsinin
müdiri Fuad Novruzov, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının
məsul işçisi,
BMT Beynəlxalq Mükafatlar
Şurasının İsveçrə
ofisinin rəhbəri Mehmet Şükrü Güzel, Bern Universitetinin nüvə təbabəti
bölməsinin rəhbəri
professor Aksel Rominger,
Ankara Universitetinin nüvə
təbabəti bölməsinin
professoru Özləm Küçük və başqaları müxtəlif
mövzularda məruzələrlə
çıxış ediblər.
Azərbaycan.- 2019.- 3 fevral.- S.5.