Bədin xassəsi

 

Xərçəng artıq ölüm deyil, vaxtında aşkarlandıqda həyat yenidən qazanılır

 

Andım olsun...

 

Uşağın anası Püstəxanım Hüseynova danışır ki, xəstəliyin tibbi adı neuroblastmadır: "Araşdırmışam, bu xəstəlikdən sağalan xeyli uşaq var. Yaxşı müalicə alsa, mənim İbrahimim də qurtula bilər. Amma bunun üçün xeyli pul lazımdır. İbrahimim yaşamaq istəyir... Ölüm ondan ötrü tezdir, çox tez. Bu dəqiqə onun həyətdə qaçan-oynayan vaxtıdır, amma balam ağrıdan qollarımda qıvrılır” - deyir anası və hönkürür: "Çox çarəsizəm, onun ağrılarına dözə bilmirəm, heç cür köməyim də dəymir. Söz vermişəm İbrahimə, bu həyatda o nə qədər yaşayacaqsa, mən də o qədər yaşayacam...”

 

Xərçənglə mübarizə

 

Hər il fevralın 4-ü Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Xərçəng hüceyrənin qarşısı alınmaz şəkildə böyüməsi ilə xarakterizə edilən xəstəliklər sinfidir. 100 müxtəlif xərçəng növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Zədələnmiş hüceyrələr nəzarətsiz şəkildə bölünərək tümör adlanan toxuma kütləsi, yaxud şiş əmələ gətirdikdə, xərçəng yaranır. Şişlər (tümörlər) həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir. Onların fəaliyyətinə müdaxilə edir və bədən fəaliyyətini dəyişdirən hormonlar ifraz edir.

Bir nöqtədə dayanan və məhdud şəkildə böyüyən şişlər adətən xoşxassəli hesab edilirlər. Xərçəng hüceyrələri meydana gəldikləri şişdən ayrıldığı təqdirdə, qan və ya limfa dövranı vasitəsi ilə bədənin digər nahiyələrinə gedə bilirlər. Getdikləri nahiyələrdə şiş koloniyaları meydana gətirir və böyüməyə davam edirlər. Şiş sağlam toxumaları məhv edərək bədənin digər hissələrinə yayılıb inkişaf etdikdə, bu metastaz (şaxələnmiş) xərçəng adlanır. Bu prosesə metastaz deyilir və müalicəsi çox çətin olan kəskin vəziyyət ilə səciyyələnir.

 

Dəhşətli proqnozlar

 

Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri 2018-ci ilin göstəricilərinə əsaslanaraq bildirir ki, hər beş kişidən və hər altı qadından biri ömürlərinin hansısa mərhələsində xərçəngə tutulurlar. Hesablamalara görə, ötən il bütün dünyada 18 milyondan artıq insana xərçəng diaqnozu qoyulub və bu xəstəlikdən ölənlərin sayı 9,6 milyona çatıb. Lakin ümidverici statistika da var: ilkin diaqnozdan sonra beş il yaşayanların sayı 43,8 milyona çatıb. Yəni, xüsusilə inkişaf etmiş ölkələrdə bu sahədə tibb irəliləməyə davam edir.

Həmçinin təşkilatın proqnozuna əsasən, 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir. Məlumata əsasən 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəsi qeydə alınacaq. Həmin halların 80 faizi aşağı və orta gəliri olan ölkələrdə baş verəcəkdir. Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaq.

 

Dünya bu xəstəliyin caynağında

 

Onkoloji xəstələrin demək olar ki, yarısı Asiya ölkələrinin payına düşür. Bu da əsasən Yer kürəsi əhalisinin 60 faizdən çoxunun dünyanın bu hissəsində yaşaması ilə əlaqədardır. Dünya əhalisinin yalnız doqquz faizindən ibarət olmasına baxmayaraq avropalılar bu göstəricinin 23,4 faizini təşkil edir.

Ən geniş yayılmış onkoloji xəstəliklərin ilk üçlüyünü ağciyər, döş və bağırsaq xərçəngləri təşkil edir. Xərçəngin bu növləri öldürücü ilk beş xəstəlik siyahısına da daxil edilib.

Onkoloji xəstələrin təxminən beşdə biri ağciyər xərçəngindən vəfat edir. İkinci yerdə düz bağırsaq, mədə və qaraciyər xərçəngi dayanır. İlk beşliyi isə süd vəzi xərçəngi tamamlayır.

Ekspertlər ağciyər xərçənginin sayının artması barəsində həyəcan təbili çalırlar. Bu sahədə ən yüksək göstərici Şimali Amerika, Avropanın şimal və qərb bölgələri - xüsusilə Danimarka və Niderland, eləcə də Çin, Avstraliya, Yeni Zelandiyada qeydə alınıb.

 

Ağrılı rəqəmlər...

 

2017-ci ilin statistikasına əsasən Azərbaycanda 45756 xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır. Onlardan 17149-u kişi, 28607-si qadındır.

2017-ci ildə ölkədə yenitörəmələrdən ölənlərin sayı 8665 nəfər təşkil edib ki, onlardan 4866 nəfəri kişilər, 3799 nəfəri qadınlar olub.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanda 40 653, 2016-cı ildə isə 43 927 nəfər onkoloji xəstə qeydiyyatda olub.

2018-ci ilin qara statistikası isə hələ məlum deyil. Göründüyü kimi, rəsmi rəqəmlərə əsasən hər il Azərbaycanda xərçəng xəstələrinin sayı 2-3 min nəfər artır...

 

"O, özü də bilirdi ki, bu mərəzdən yaxa qurtara bilməyəcək...”

 

"Eşitdiyimə inanmır, anlamsızca sözləri beynimdə təkararlayırdım. Anamda bədxassəli şiş yaranmışdı... Bu necə ola bilərdi, kiçik narahatlıqları olsa da, onda heç bir sağlıq problemi yox idi, axı...”- deyə bir neçə ay əvvəl bu xəstəlik səbəbindən anasını itirən Faiq Mirzəyev kədərini bizimlə bölüşür: "Aparılan müayinələrdən sonra məlum oldu ki, anamda süd vəzi xərçəngi var və gecikdiyi üçün çox irəliləyib. Artıq əməliyyat da etmək olmazdı. O, gündən-günə sanki əriyirdi, saçları tökülmüşdü, baxışları donmuşdu, əsəbləri tarıma çəkilmişdi.

Anamın bu iztirablarını seyr etmək ürəyimizi parçalayırdı, amma çalışırdıq ki, büruzə verməyək. Daim dəstək olaq, onda sağalacağına ümid yaradaq... Amma heyhat, o, özü də bilirdi ki, bu dəhşətli mərəzdən yaxa qurtara bilməyəcək... Özünə qapanmışdı, son günlər isə ağlayaraq yalvarırdı ki, daha dözə bilmir, ona ağrılarını azacıq da olsa, sakitləşdirəcək nəsə verək...”

 

"Buna böyük artım demək olmaz...”

 

Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstəliyində artım müşahidə olunur. Amma digər qonşu ölkələrlə müqayisə etsək, Azərbaycanda bu xəstəliyin artımında elə də ciddi nəzərəçarpacaq dəyişiklik qeyd olunmur və buna böyük artım demək olmaz: "Məsələn, 2000-ci illərin əvvəllərində ölkəmizdə əhalinin sayı 7 milyon idisə, hazırda 10 milyona yaxınlaşır. Əlbəttə, bu göstəricinin nəticəsində tək xərçəng xəstəliyi yox, digər xəstəliklərin artımı da müşahidə olunmalıdır və bu, labüddür”.

 

Xərçəng sağalan xəstəlikdir, amma...

 

A.Kərimli deyir ki, xərçəngə qarşı mübarizəni təkcə onkoloqlar və həkimlər yox, bütün ictimaiyyət aparmalıdır: "İlk növbədə, ekoloji natəmizliyi aradan qaldırmaq, qidalanma faktoruna diqqət etmək lazımdır. Çətinliyimiz bu sahədə maarifləndirmə işinin aparılması ilə əlaqədardır. Bu isə tək onkoloqun işi deyil. Bunun üçün müəyyən bir şərait yaradılmalıdır. Televiziya böyük təbliğat maşınıdır. Çox yaxşı olardı ki, efir vaxtı ayrılaydı, xərçəngin profilaktikası ilə bağlı vaxtaşırı məlumatlar veriləydi. Bu xəstəlik vaxtında aşkarlansa, yerləşdiyi yerdən asılı olmayaraq 100 faiz sağala bilər. Əgər xəstə 3-cü, 4-cü mərhələdə müraciət etsə, onda onun müalicəsində müəyyən problemlər üzə çıxacaq. Əfsuslar olsun ki, xəstələrin çoxu xəstəliyin 3-4-cü mərhələsində müraciət edir. Əgər insanlar həqiqətən də xərçəngin sağalan xəstəlik olduğunu anlasalar, özlərini ona kökləyib gələrlər. Camaatın ürəyinə qorxu salmaq lazım deyil. Hansı xəstəlik yüngüldür? Sadəcə, gəlib vaxtlı-vaxtında müayinə olunmaq lazımdır”.

 

Bu peşə sahibləri daha çox risk altındadır

 

Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov məlumat verir ki, qadınlar üçün xərçəng yaradan faktorlardan biri ailədə uşağın az olması və 30 yaşdan sonra ilk hamiləliyin baş tutmasıdır: "Növbəti faktorlardan biri ultrabənövşəyi şüaların təsiri altında açıq havada uzun müddət qalmaqdır. Bu, balıqçılara, neftçilərə, kənd təsərrüfatı işçilərinə, həmçinin açıq şəraitdə işləyən başqa əməkçilərə də aiddir. Bununla yanaşı, ətraf mühitin çirklənməsi, məsələn maşın mexanizmlərindən çıxan tüstülərin tərkibində olan zərərli maddələr səbəb olur. Əhalinin sıx yaşadığı yerdə zərərli maddələr istehsal edən sənaye müəssisələrinin olması, əmək şəraiti, tutaq ki, azbest, sement, şifer zavodlarında işləmək və digər amillərin xərçəngin yayılmasında kifayət qədər rolu var”.

 

Ölüm göstəricisinə görə...

 

"Hazırda dünyada ildə 11 milyondan çox qadın xəstə qeydiyyata düşürsə, onun 1 milyon 600 mini qadınların süd vəzi xərçənginə görədir” - deyən onkoloq bildirir ki, bu, bədxassəli şişlər içərisində birinci yerdə durur: "İkinci yerdə duran ağciyər xərçəngidir. Bu həm kişilərdə, həm də qadınlarda müşahidə olunur. Sonrakı yeri isə mədə-bağırsaq traktının xərçəngi tutur. Son illərdə qaraciyər xərçəngi də sürətlə artmağa başlayıb. Burada əsas faktor ölüm göstəricisidir. Məsələn, dünya göstəriciləri üzrə ağciyər xərçəngindən ölüm birinci yerdədir. Baxmayaraq ki, süd vəzi xərçəngi ən çox rast gəlinəndir, ölümə görə 5-ci yerdədir. Deməli, müalicəsi və diaqnostikası kifayət qədər yaxşıdır. Ölüm göstəricisinə görə ikinci yeri qaraciyər xərçəngi tutur. Bizim ölkədə isə xərçəngin bu növü axırıncı yerlərdən birini tutur. Mədə xərçəngi üçüncü, bağırsaq xərçəngi 4-cüdür”.

 

Stressdən uzaq durmaq, az yemək, fiziki aktiv olmaq...

 

Baş həkim deyir ki, Azərbaycanda 2017-ci ildə il ərzində xərçəng diaqnozu qoyulan xəstələrin sayı 11 mindən çox olub. Onlardan az qala 2 mini (1967 nəfəri) süd vəzi xərçəngidir. 2-ci yeri ağciyər, 3-cü yeri mədə, 4-cü yeri bağırsaq xərçəngi tutur ki, bunların hər biri min nəfərdən yuxarıdır. Qadın cinsiyyət üzvlərinin xərçənginə tutulanların sayı isə 1000-ə yaxındır. Kişilərdə ən çox rast gəlinən bəd xassəli şişlər ağciyər, mədə, prostat, qaraciyər, bağırsaq xərçəngidir: "Ölüm göstəricisinə baxanda bizimlə dünyanın arasında bir qədər fərq var. Məsələn, ağciyər xərçəngindən ölüm bizdə birinci yerdə durur. Mədə xərçəngi ikinci, süd vəzi xərçəngi üçüncü, qadın cinsiyyət üzvlərinin xərçəngi dördüncüdür. Bütün bu statistik göstəricilərə əsasən demək olur ki, ilbəil xəstələnmə artır, ölüm isə azalır. Stressdən uzaq olmaq, az yemək, fiziki aktiv olmaq, çəkini aşağı salmaq, siqaret çəkməmək lazımdır”.

 

Uşaq qurbanların da sayı artır

 

Ən acınacaqlısı isə ölkədə xərçəngin "uşaqlaşması”dır. Başqa sözlə, bu dəhşətli xəstəlikdən ölən uşaqların sayı da çoxalır.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən 2017-ci ildə Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Həmin il yenitörəmələrdən ölən 17 yaşadək uşaqların sayı 105 nəfər təşkil edib.

Nəsimi Qasımov qeyd edib ki, uşaqlarda müşahidə edilən şişlər əsasən embrional şişlərdir: "Böyüklərdə rast gəlinən şişlər uşaqlarda yoxdur. Uşaq deyəndə biz 17 yaşadək insanları nəzərdə tuturuq. Embrional şişlərin əmələ gəlməsinin də səbəbi anaların, ataların genetik şiş daşıyıcısı olmasıdır. Dolayısı ilə demək istəyirəm ki, hər bir insanda gələcəkdə bədxassəli şiş əmələ gətirə biləcək hüceyrələrin potensial dayağı var. Biz kanserogen maddə ilə təmasda olduqda onlar fəaliyyətini aktivləşdirə bilirlər. Bu hüceyrələr genetik olaraq uşaqda rüşeymdə ola bilər ki, bunlar da bir sıra onkoloji xəstəliklərə səbəb olur. Ancaq bu rəqəm böyüklərlə müqayisədə qat-qat azdır. Həmçinin uşaqların müalicəsində böyüklərə nisbətən kifayət qədər yaxşı effekt almaq olur”.

 

"Xəstəliyi uzadıb həkimə müraciət edəndə artıq gec olur...”

 

Nəsimi Qasımov deyir ki, ölkədə bədxassəli şişlərin müalicəsi üçün kifayət qədər geniş dərman spektri və genetik, bioloji molekulyar laboratoriyalar var: "Müalicədən sonra 20 ildən artıq yaşayan xəstələrim olub. Hazırda hesabatda qeydiyyatda olan xəstələrdən 20 mini 5 ildən çox yaşayanlardır. 65 yaşında xəstənin ömrünün üzərinə 15 il qoyuruqsa, bunun özü bir nailiyyətdir”.

Xərçəngin müalicəsində ilk iş pasientin üzərinə düşür. İnsanlar vaxtaşırı həkim müayinələrindən keçməli, bədənlərində olan dəyişikliklərə fikir verməlidirlər: "Məsələn, hər qadın öz süd vəzisini yoxlayıb ondakı dəyişikliyi görə bilər, yaxud öskürəndə bəlğəmində qan olub-olmadığına diqqət edə bilər. Gərək xəstə özünü xəstə bilmədiyi vaxtda həkimə müraciət etsin. İnsan özünü xəstə bilib həkimə müraciət etdikdə artıq çox gec olur...”

 

Müalicəsi çox bahadır

 

O da reallıqdır ki, xərçəngin müalicəsi və təyin olunan dərmanlar olduqca bahadır ki, hər kəsin də buna maddi imkanı çatmır.

Bununla əlaqədar Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirmişdi ki, Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün tələb edilən şiş əleyhinə dərmanların alınması ilə bağlı maliyyə vəsaitinin artırılması lazımdır. Onun sözlərinə görə, onkoloji xəstələrin müalicəsi üçün şiş əleyhinə dərmanların alınması ilə bağlı hər il vəsait ayrılır: "Lakin bu preparatların həddindən artıq baha olmasını və yeni preparatların meydana çıxmasını nəzərə alaraq, bu vəsaitin artırılmasına böyük ehtiyac var. Ayrılan vəsait kifayət etmir və xəstələr adekvat müalicə ala bilmirlər”.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1048,3 milyon manat ayrılmışdır ki, bu da ötən illə müqayisədə 308,9 milyon manat çoxdur. Ayrılan vəsaitin 41,1 milyon manatının xərçəng xəstəliyi ilə milli mübarizə tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.

 

Xərçənglə savaşdım...

 

"Böğazımda bədxassəli şiş olduğunu bildikdə, dünyam qaraldı. Tezliklə öləcəyimi düşündüm, amma ailəmi, 2 kiçik övladımı gözlərimin qarşısına gətirib, yox, dedim, mən ölməyəcəm...”

Artıq 10 ildir qırtlaq xərçənginə qalib gəlmiş 46 yaşlı Zöhrab Miriyev söyləyir ki, xoşbəxtlikdən xəstəliyi birinci mərhələdə aşkarlanıb və müəyyən müalicələrdən, ən əsası da siqaret çəkməyi tərgitdikdən sonra bu dəhşətli xəstəlikdən yaxa qurtarmağı bacarıb: "Təbii ki, sağalmağımda müalicənin böyük rolu oldu, amma psixoloji baxımdan da xəstəliyi heç zaman qəbul etmədim, onunla savaşmağa başladım. Bilirdim ki, stress, həyəcan, qorxu xərçəngin artmasına birbaşa rəvac verir...”

 

Profilaktika

 

Onu da bildirək ki, asanlıqla qarşısı alına bilən xərçənglər müəyyən davranışlarla sıx əlaqəli olanlardır. Məsələn, siqaret çəkməmək, yaxud spirtli içki içməmək əsasən ağciyər, boğaz, ağız və qaraciyər xərçəngi kimi bir sıra xərçəng növlərinin yaranma riskini azaldır. Kölgədə dayanmaqla, papaq və köynək vasitəsi ilə günəşdən qorunmaqla və günəş kremindən istifadə etməklə dəri xərçənginin qarşısı alına bilər. Həmçinin qidalanma da bu xəstəliklə əlaqəli olduğuna görə, pəhriz xərçəngdən qorunmanın əhəmiyyətli hissəsidir. Bunun üçün təzə meyvələr, tərəvəzlər və bütün dənli bitkilərlə zəngin, az yağlı pəhriz məsləhət görülür. Müəyyən peyvəndlər bəzi xərçəng növlərinin qarşısının alınmasında müsbət rol oynayır. Məsələn, uşaqlıq boynu xərçəngi ilə əlaqədar olan papilomavirus əleyhinə peyvənd vurdurulması olduqca vacibdir. Bununla yanaşı, Hepatit B peyvəndləri qaraciyər xərçənginə səbəb olan Hepatit B virusunun qarşısını alır.

Deyirlər, xərçəng təbiətin xəstəliyidir və bütün canlı orqanizmlərdə bu şişlərə rast gəlinir. Əsas səbəblərdən biri yaş faktoru olsa da, ətraf mühit, yaşam şərtləri, müəyyən vərdişlər xəstəliyin yaranmasını daha da sürətləndirir və getdikcə gənclərdə, hətta uşaqlarda ortaya çıxmasına səbəb olur, yeni növləri əmələ gəlir. Amma xəstəliklə bağlı ümidverici məqam onun zamanında aşkarlandıqda müalicəsinin mümkün olmasıdır. Buna görə də vaxtaşırı müayinə olunmaq, sağlam qidalanmaq, həyat tərzindəki pis vərdişlərdən yaxa qurtarmaq, stressdən, həyəcandan uzaq durmaq xərçəngə qalib gəlməyin və ona yaxalanmamağın ən asan yoludur.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2019.- 3 fevral.- S.7.