Neft Azərbaycan üçün “qara qızıl” olaraq
qalır
Prezident İlham Əliyev dünən də,
bu gün də belə
olduğunu, sabah da belə olacağını bir
daha bəyan etdi
"Əsrin müqaviləsi”ndən start götürən Azərbaycan neft-qaz sənayesi son 15 ildə daha böyük yüksəlişə nail olub. 2005-ci ildə ilk yükünü qəbul edən Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə tam bir sistem kimi işə düşüb. Ötən illər ərzində Azərbaycan özünü həm də qaz ixrac edən ölkə kimi təsdiqləyib. Artıq 12 ildən çoxdur Bakı-Tbilisi-Ərzurum kəməri Xəzərin Azərbaycan sektorunda hasil olunan qazı Gürcüstana və Türkiyəyə çatdırır. Tikintisi sona yaxınlaşan "Cənub qaz dəhlizi” isə yaxın gələcəkdə mavi yanacağı neçə-neçə Avropa ölkəsinə nəql edəcək.
Təsadüfi deyil ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda neft-qaz sektorunda qazanılmış nailiyyətlərdən də ətraflı bəhs edilib. O cümlədən keçən il ölkədə 38,8 milyon ton neft və 30 milyard kubmetr qaz hasil olunduğu vurğulanıb.
Prezident İlham Əliyev konfransdakı nitqində bu barədə belə deyib: "Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bugünə qədər bu, əsas iqtisadi potensial olub”.
2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları üzrə dəyişdirilmiş və yenidən işlənmiş Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması bu potensialın böyük olduğunu bir daha sübut etdi. 2050-ci ilədək AÇG yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər. Keçən il yanvarın 29-da ARDNF-yə yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib. Hesablama Palatasının hazırladığı "ARDNF-nin 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də bildirilir ki, bu il AÇG-dən neft hasilatının 26,56 milyon ton olacağı planlaşdırılıb.
Bundan əlavə, Azərbaycan neftçiləri qurudakı və dənizdəki köhnə yataqlardan neft və qaz çıxarırlar. Hasilatın sabit saxlanılması üçün çoxsaylı tədbirlər həyata keçirilir. Keçən il dekabrın 24-də "Bulla-dəniz” yatağında istismara verilmiş yeni stasionar özül buna aydın misaldır. Sözügedən konfransda da ölkədə həyata keçirilən meqalayihələrlə paralel olaraq məhz daxili istehsalın, yəni SOCAR tərəfindən neft və qaz hasilatının sabit saxlanılmasının vacibliyi qeyd edilib.
Tədbirdə eləcə də təbii resurslardan səmərəli istifadə olunduğu vurğulanıb. Dövlət başçısının dediyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir: "Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir”.
İndi Azərbaycan Avropada ən böyük infrastruktur layihələrindən biri olan "Cənub qaz dəhlizi”nin həyata keçirilməsinə liderlik edir. Hazırda dəhlizin tikintisi sona yaxınlaşır. Belə ki, dörd seqmentdən ibarət olan layihənin üç hissəsi istifadəyə verilib. Keçən il "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanması, eləcə də qazı Azərbaycanın və Gürcüstanın ərazisi ilə nəql edən Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinin yekunlaşması ilə birinci iki seqment işə düşdü. Bununla bağlı mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılış mərasimi keçirildi. İyunun 14-də isə Türkiyədə - Əskişəhərdə TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) açılışı oldu. TANAP dəhlizin ən böyük hissəsi və birləşdirici həlqəsi olduğu üçün bu kəmərin istifadəyə verilməsi də layihənin salnaməsində mühüm yer tutur.
Hazırda dəhlizin sonuncu hissəsi olan TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi uğurla davam edir.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan "Cənub qaz dəhlizi” layihəsinin icrasının Azərbaycana əlavə böyük gəlir gətirəcəyinə əmin olduğunu bildirib.
Təqdirəlayiq haldır ki, Azərbaycan dövləti neftdən və qazdan əldə olunan gəlirləri qeyri-neft sektorunun şaxələndirilməsinə, insan kapitalının inkişafına yönəldir. Bu gəlirlər eləcə də böyük nəqliyyat layihələrinin gerçəkləşməsinə imkan yaradıb. Nəticədə Azərbaycan təkcə regionun deyil, bütün Avrasiya məkanının nəqliyyat mərkəzinə çevrilib. Dövlət başçısı: "Əlbəttə ki, neft sənayesində də işlər daim diqqət mərkəzindədir” deyib və bununla əslində, sözügedən bütün sahələrdə görülən işlərin yenə də gündəmdə qaldığını, davamlı olduğunu bəyan edib.
Flora SADIQLI
Azərbaycan.-
2019.-3 fevral.- S.6.