Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşmadialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ötən dövr ərzində Azərbaycan Respublikasında multikulturalizm ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədilə qərara alıram:

1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800,0 (səkkiz yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 fevral 2019-cu il

 

Azərbaycan.- 2019.- 5 fevral.- S.2.