Özümü bu qədər
güclü hiss etməmişdim
Aqşin Oruclu: "Prezident
İlham Əliyevin məni bağrına
basıb görüşməyi bütün
şəhid əmanətlərinə olan
ehtiram və qayğının təzahürü
idi”
"Mən Qarabağı görmədən, atamın doğma eli Ağdamı görmədən böyüdüm. Amma həmişə vətənsizliyin, işğal altında olan torpaqlarımızın həsrətini kiçik ürəyimdə böyüdərək yaşadım. Atam hərbçi idi! Həm də adi hərbçi yox! Doğma elini itirmiş, anasını, yaxınlarını şəhid vermiş bir Qarabağ qazisi idi. Eyni zamanda səngər komandiri idi. Bizim ən xoş günlərimiz atamızla birgə əsgərlərin yanında keçən zamanlarımız oldu. Bu görüşlər bizim əyləncəmiz idi”.
Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Orucludur bu fikirlərin müəllifi...
Onun bu sözlərində yalnız ata itkisinin məşəqqəti yox, ən əsası, şəhidlik zirvəsinə yüksəlmiş bir KİŞİnin övladı olmağın qüruru da ifadə olunub...
Ötən həftə Ali Baş Komandan qarşısında şəhid övladı kimi, daha doğrusu, sabahın müsəlləh əsgəri - qəhrəman atasının şərəfli yolunun davamçısı kimi çıxış etdi...
Azadlıq və müstəqillik itkisiz
əldə edilmir
Bir qəhrəman övladı, gəncliyimizin nümunəsi olaraq Prezident İlham Əliyevin qarşısında çıxış edən Aqşin vurğuladı ki, Aprel döyüşlərində atasının Vətənimiz uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalması Orucovar ailəsinə böyük qürur hissi yaşadır. Bu döyüşlərdəki qələbə isə yalnız ordunun deyil, həm də Ali Baş Komandan İlham Əliyevin qələbəsi idi: "Aprel döyüşləri həm də dünyaya Azərbaycan Ordusunun gücünü, əzmini və qətiyyətini göstərdi. Azərbaycan Ordusu bu gücü, bu ilhamı məhz Ali Baş Komandanından alır. Hamıya məlumdur ki, torpaqların qorunması, azadlıq və müstəqillik itkisiz əldə edilmir. Buna baxmayaraq, Vətən, torpaq uğrunda şəhid olan igid və qəhrəmanlarımız Azərbaycan var olduqca yaddaşlarda yaşayacaq”.
Hər zaman Ali
Baş Komandanın yanındayıq
Aqşin təkcə
gənclərə göstərilən
diqqət və qayğıdan deyil, həm də cənab İlham Əliyevin şəhid ailələri, Qarabağ müharibəsi qaziləri
ilə görüşünü
xatırlayaraq bunu dövlət başçısının
bu kateqoriyaya aid olan insanlara göstərdiyi böyük
ehtiramın təzahürü
kimi qiymətləndirdi:
"Şəhid ailələri
ilə keçirdiyiniz
görüş, orada
yaşlı şəhid
valideynlərinə göstərdiyiniz
qayğı və nəvaziş xalqımız
tərəfindən qürur
hissi ilə qarşılandı. Bu, biz gənclər üçün
gözəl nümunədi.
Siz bu görüşdəki
çıxışınızda qeyd etdiyiniz kimi, təkcə keçən il 5900 məcburi köçkün
ailəsi, 6600 şəhid
ailəsi dövlətimiz
tərəfindən mənzillərlə
təmin olunub, 6 mindən çox şəhid ailəsinə
minik avtomobilləri verilib. Bu, Sizin
şəhid ailələrinə
göstərdiyiniz münasibətin
təzahürüdür. Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
müdafiəsi ilə
əlaqədar şəhid
ailələrinin sosial-məişət
şəraitinin yaxşılaşdırılması
üçün verdiyiniz
sərəncama uyğun
olaraq, 2016-cı ildə
biz də, digər şəhid ailələri
kimi, 11 min manat vəsaiti almışıq”.
Şəhid vərəsələrinə
göstərdiyi diqqət
və qayğı üçün Prezidentə
bir daha minnətdarlığını bildirən gənc dövlət başçısının
rəhbərliyi ilə
Azərbaycan gəncliyinin
sabaha daha inamla addımlayacağını
söylədi və bu yolda gənclərin,
şəhid övladlarının
daim Ali Baş Komandanın yanıda olacağını vurğuladı:
"Azərbaycanın əmin-amanlıq
şəraitində inkişafı
üçün apardığınız
siyasətdə Sizə
uğurlar arzulayırıq.
Əmin ola
bilərsiniz ki, bir qəhrəman övladı olaraq hər zaman Sizin yanınızdayıq.
Sizin apardığınız daxili
və xarici siyasəti dəstəkləyirik.
Biz gənclər düşünürük ki,
verdiyimiz hər itki əvəzinə minlərlə gənc onların keçdiyi şərəfli yolu davam etdirməyə hazırdır. Mən bu
gün bir gənc, bir şəhid övladı kimi bir daha
əmin oldum ki, həyata keçirdiyiniz siyasətin
əsasında sosial ədalət prinsipi hər şeydən yüksəkdə dayanır.
Siz və birinci xanım Mehriban Əliyeva sosial müdafiəyə ehtiyacı
olanlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşmısınız, hər
zaman şəhid ailələrinin yanında
olmusunuz. Azərbaycan
vətəndaşları hər
zaman Sizin şəfqət və mərhəmətinizi hiss edib.
Sizin gəncliyə dəstəyiniz
və sosial siyasətiniz bizdə özünəinam və əminlik yaradır”.
Sanki mən həm atama, həm də dövlətimə hesabat verirdim
Atasının arzusunu gerçəkliyə
çevirərək Azərbaycan
Diplomatik Akademiyasına
daxil olan Aqşin bu gün
həm də Qarabağ döyüşçülərinin
və qazilərinin, şəhidlərin tanıdılması,
işğal faktının
dünyaya yayılması,
təbliği işində
böyük səy göstərir. O, Aprel döyüşlərində şəhid
olanların ailə üzvləri ilə birgə yaradılan ictimai birliyin aktiv üzvlərindən biridir.
Prezidentlə keçirilən görüşdən
sonra Aqşin Orucovla görüşüb
təəssüratları ilə
bağlı fikirlərini
öyrəndik. Aqşin bildirdi ki, Azərbaycan
gəncliyinin və Prezidentinin qarşısında
etdiyi çıxış
onun üçün böyük məsuliyyət
hissi idi: "Sanki mən həm atama, həm də dövlətimə hesabat verirdim. Həyatımda heç vaxt özümü bu qədər güclü hiss etməmişdim.
Gənclərin məni ayaq
üstə alqışlaması
mənə fəxr hissi bəxş etdi. Əmin oldum ki, Azərbaycan
gəncliyi mübarizdir,
atam və digər şəhidlərimiz
ölməyib! Hər
bir gəncimiz bir Mübariz, bir Raquf, bir
Pəncəli və digərləridir! Və ən
nəhayət, əmin
oldum ki, Prezident bizimlə, xalqla birlikdədir. Dövlət başçısının
məni bağrına
basıb görüşməyi
bütün şəhid
əmanətlərinə olan
ehtiram və qayğının təzahürü
idi! Dövlət başçısının şəhidinə, qəhrəmana
verdiyi dəyər idi. İndi daha tək deyiləm, xalqım, dövlətim və Ali Baş Komandanımızla
birgə şəhidlərimizin
qisasının alınacağı
günə, Vətən
torpağının işğaldan
azad olunacağı zamana daha əzmlə
nail olacağıq!”
Özümə bir
söz vermişəm
Bu gün
Aqşin Dağlıq
Qarabağın işğal
faktı ilə bağlı ölkəmizdə
və Türkiyədə
keçirilən konfranslarda
iştirak edir, şəhidlərimizin tanıdılması,
gənc nəsil arasında vətənpərvərliyin
təbliği məqsədilə
üzvü oldiğu ictimai birliyin fəaliyyətində fəallıq
göstərir. Çünki atasını torpağa tapşırdığı gündən
özünə söz
verib:
"Mən atamı Vətən torpağına əmanət
etdiyim gün özümə bir söz verdim: onun əməllərinə,
ideallarına sadiq qalmaq, xalqıma və Vətənimə layiqli bir gənc
kimi yetişmək! Atamın arzusunda olduğu ADA Universitetinə qəbul oldum. Qarabağımızın, Vətənimin işğalı
ilə bağlı ölkəmizdə və Türkiyədə keçirilən
konfranslarda iştirak etdim, şəhidlərimizin
tanıdılması, gənc
nəsil arasında vətənpərvərliyin təbliği
məqsədilə üzvü
olduğum ictimai birliyin fəaliyyətində
aktiv iştirak etdim. İnandım ki, Vətən
eşqi ən uca eşqdir!”
Azərbaycan İlham
Əliyevlə daha böyük zəfərlər
qazanacaq
Raquf Orucovun şanlı döyüş yolunun hər bir Azərbaycan gənci üçün örnək olduğunu düşünən Aqşin deyir ki, atası onlara hər şeydən öncə bu həyatda necə yaşamağı, Vətəni necə qorumağı, dəyərlərimizə necə sahib çıxmağı öyrədərək müqəddəs bildiyi dəyərlər uğrunda şəhidlik zirvəsinə yüksəlib. Amma Azərbaycan gəncliyinə çox qiymətli bir əmanət qoyub gedib - Vətən əmanəti!
Atasının şəhid xəbərini alanda özünü arxasız və kimsəsiz hiss edən Aqşin kiçik qardaşı ilə həyatın çətinliklərinə necə tab gətirəcəklərini fikirləşərək çox ağrı-acı çəkib. Axı bu dəfə komandir həmişə döyüşə gedərkən onlara verdiyi sözünə əməl etməmişdi: "Həmişə döyüşə gedərkən sağ-salamat qayıdacağına söz verərdi və dediyinin üstündə durardı. Amma bu dəfə sözünə əməl etmədi. Vətən torpağının azadlığı uğrunda şəhid oldu. Lakin unutduğum bir məqam vardı. Onun qəhrəmanlığını başı üstünə qaldıran xalqımın sevgisi... Onu son mənzilə alqışlarla yola saldılar, atam ölümü ilə ölümsüzlüyə qovuşdu”.
Bu gün Azərbaycan gəncliyini daha əzmkar, daha inamlı görən Aqşin hesab edir ki, gənclik gücünü sahib olduğu dəyərlərdən, mübarizə dolu keçmişindən və ümid vəd edən sabahından alır. Hər bir gənc inanır ki, qüdrətli, daha əzmli Azərbaycan dövləti cənab İlham Əliyevlə böyük zəfərlər qazanacaq və bu yolda gənclər hər zaman Azərbaycan Prezidentinin yanında olacaqlar.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 5 fevral.- S.1; 8.