Dinlərarası əməkdaşlıq sahəsində
Azərbaycan-Rusiya əlaqələri daha da möhkəmlənir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 5-də Moskvanın və
bütün Rusiyanın Patriarxı Kirillə
görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli qarşıladı.
Sonra dövlətimizin başçısı Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə söhbət etdi.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Zati aliləri, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram.
Mən Sizi yenidən görməyimə çox
şadam. Fürsətdən istifadə edərək,
ilk növbədə, Sizi
patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik
etmək istərdim.
Mənə çox xoşdur ki, Siz bu əlamətdar
hadisədən az sonra bizim ölkəmizə səfər etmisiniz. Biz bunu Azərbaycana
hörmət əlaməti
hesab edirik. Həmçinin Sizə demək
istəyirəm ki, Azərbaycanda Sizə, Sizin fəaliyyətinizə
böyük hörmətlə
yanaşırlar. Sizi Azərbaycanda
tanıyırlar. Siz ilk dəfə
deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizə dərin
hörmət bəsləyirlər.
Dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı
anlaşmanın möhkəmləndirilməsi
işində Sizin rolunuz bütün dünyada, o cümlədən
bizim ölkəmizdə
çox yüksək
qiymətləndirilir. Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların,
müxtəlif millətlərin,
ölkələrin nümayəndələri
arasında qarşılıqlı
anlaşmanın möhkəmlənməsi
işində çox
mühüm rol oynayırsınız. Biz də Azərbaycanda Sizin işlərinizi, sözlərinizi çox diqqətlə izləyirik.
Əlbəttə, bir
daha qeyd etmək istərdim ki, Sizin
bütün fəaliyyətiniz
öz xalqınıza
xidmət işinə
yönəlib. Həmçinin qeyd etmək istərdim ki, Sizin sözləriniz, dərin biliklərə, prinsipial mövqeyə əsaslanan müdrik sözləriniz gənclərin
ənənəvi dəyərlər
ruhunda tərbiyə edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizim üçün
çox xoşdur ki, Siz bizim
ölkəyə çox
xeyirxah münasibət
bəsləyirsiniz. Artıq
qeyd etdiyim kimi, Siz ilk dəfə
deyil ki, Azərbaycana gəlirsiniz və Sizin budəfəki
səfəriniz də
münasibətlərimizin - həm dinlərarası əməkdaşlıq sahəsində,
həm də bütövlükdə çox
uğurla və dinamik inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi
işinə xidmət
edəcək. Bizdə qarşılıqlı
etimad səviyyəsi prezidentlərdən başlamış
adi vətəndaşlara
qədər bütün
səviyyələrdə çox
yüksəkdir. Demək
istərdim ki, keçən il
rekord sayda – 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib. Bu, onu göstərir
ki, insanlar və ölkələr arasında münasibətlər
ən yüksək səviyyədədir. Ona görə
ki, onlar özlərini evdəki kimi hiss edir, buraya yaxşı niyyətlərlə gəlir
və burada onlara doğma münasibət bəsləyirlər.
Həmçinin qeyd etmək istərdim ki, keçən il Rusiya
və Azərbaycan prezidentləri arasında altı görüş olub. Düşünürəm ki, bu da bizim münasibətlərimizin
mahiyyətini və xarakterini, yaxınlığımızı
əks etdirən rekord göstəricidir.
Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri
və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin
daha da möhkəmlənməsi
işində çox
mühüm rol oynayıb. Düşünürəm
ki, bizim münasibətlərimiz qonşular
arasında münasibətlərə
nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər
çoxdur və bu gün - biz bütün istiqamətlərdə
fəal qarşılıqlı
əlaqə saxladığımız
bir vaxtda bu əməkdaşlıq,
əlbəttə, bizim
regionda, Qafqazda sülhün möhkəmlənməsi
işində xüsusi
əhəmiyyət kəsb
edir. Buna görə də biz dövlətlərarası münasibətlərin
bütün palitrasına
nəzər salanda, əlbəttə, müsbət
dinamika görürük.
Bu baxımdan, Sizin bugünkü səfəriniz xüsusi rol oynayır.
Ölkəmizə səfər etdiyinizə görə Sizə bir daha dərin
təşəkkürümü bildirmək və nəcib işimizdə uğurlar arzu etmək istərdim.
***
Moskvanın və bütün Rusiyanın Patriarxı KİRİLL dedi:
-Çox hörmətli cənab Prezident, mən Sizinlə görüşmək
imkanına görə
təşəkkür edirəm.
Azərbaycana səfər mənim
üçün hər
zaman mühüm mənəvi-mədəni hadisədir.
Zəngin və qədim
tarixi olan, mürəkkəb sivilizasiya
qovuşuğunda yerləşən
ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və
mənəviyyatla zənginləşdirən
tarixi təcrübəsini
əxz edib. Mən Azərbaycana səfər edərkən həmişə
dinlərarası münasibətlərin
yüksək səviyyəsinə
diqqət yetirirəm.
Həm də bu münasibətlər
yalnız hansısa rəsmi səviyyədə
göstərici deyil.
Bütün bunlar sadə
insanların həyatına
birbaşa aiddir.
Azərbaycandakı pravoslavlar da
müsəlman əksəriyyəti
kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən
Azərbaycanda millətlərarası,
dinlərarası sülhün
möhkəmlənməsində həm də çox müsbət işlər görən dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, həm də şübhəsiz rus kilsəsi ilə təkcə Azərbaycanın
müsəlmanları ilə
deyil, həm də Qafqazın ali dini
rəhbəri olduğuna
görə Rusiya müsəlmanları ilə
münasibətlərin inkişafında
böyük işlər
görür. Biz də onun sülhməramlı
rolunu, həm də dinlərarası münasibətlər sahəsində
mürəkkəb məsələləri
həll etmək bacarığını çox
yüksək qiymətləndiririk.
Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Sizə xüsusilə təşəkkür
etmək istərdim. Həmişə zati-müqəddəsləri Aleksandr
ilə görüşəndə
o, bu münasibətləri
çox nikbin təsvir edir və mən dəqiq bilirəm ki, bu, reallıqdır
və həqiqətən
belədir. Azərbaycanda
yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər.
Onlar öz ölkələrinin
həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar.
Onları həm dini əqidələrinə, həm
də ənənəyə
görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var.
Ölkələrimiz arasında münasibətlərin
inkişafına Azərbaycan
çox sanballı töhfələr verir. Sizin bu münasibətlərin inkişafına
xoş məramınız,
Sizin səmimiyyətiniz
bizim xalqımız tərəfindən yüksək
qiymətləndirilir.
Bir məqamı da vurğulamaq istərdim ki, bu gün
Moskvada, ümumiyyətlə,
Rusiyada Sizin xalqınızın çoxsaylı
övladları yaşayır. Onlar müasir
Rusiyanın həyatında
- həm biznes sahəsində, həm də mədəniyyət
aləmində mühüm
rol oynayırlar.
Moskva şəhərinin müsəlman
və pravoslav icmaları arasında münasibətlər də
çox uğurlu və dinc şəkildə
qurulur. Ulu Tanrıya şükür
edirəm ki, çoxmillətli Rusiyada,
ümumiyyətlə, hər
hansı dinlərarası
gərginlik yoxdur və bu, əlbəttə,
çox cəhətdən
pravoslavların dünya
duyumu və onların başqa dinlərə münasibəti
ilə şərtlənir.
Lakin bu, həm də
o cümlədən əslən
Azərbaycandan olan müsəlmanların mövqeyi
ilə bağlıdır.
Başqa
sözlə desək,
bizim ölkələrimiz,
xalqlarımız arasında
münasibətlərdə müsbət cəhətlər
çoxdur. Mən bu
münasibətlərin inkişafını
alqışlayıram. Hesab edirəm ki, bu münasibətlər çox cəhətdən
həm Rusiya, həm Azərbaycan üçün, həm də xalqlarımız üçün vacibdir.
Fikrimcə, bu münasibətlərin
potensialı hələ
tükənməyib. Sizi
əmin etmək istəyirəm ki, Rus Pravoslav Kilsəsi
tərəfindən mənim
şəxsimdə, Rus
Pravoslav Kilsəsinin iyerarxiyasının, o cümlədən
Azərbaycandakı ruhanilərin
şəxsində Azərbaycan
ilə Rusiya arasında münasibətlərin
daha da inkişafına
səmimi qəlbdən
çalışan etibarlı
tərəfdaşlarınız var.
Sizinlə bu gözəl görüş imkanına
görə təşəkkür
edirəm və bir daha vurğulamaq
istəyirəm ki, Azərbaycanda baş verən bütün dəyişiklikləri görəndə
sevinirəm. Biz Sizinlə bir neçə il bundan
əvvəl burada görüşmüşdük və deməliyəm ki, Bakıya hətta ötəri nəzər salanda burada çox böyük dəyişikliklər
baş verdiyi görünür. Bakı əla
infrastruktura malik olan gözəl, çox gözəl şəhərə çevrilir.
Burada çoxlu gözəl binalar ucaldılıb.
Paytaxtdakı böyük dəyişikliklər
münasibətilə Sizi
təbrik etmək istərdim, lakin burada yaşayan xeyirxah dostlarımdan da eşitmişəm ki, müsbət dəyişikliklər təkcə
paytaxtı yox, bütün ölkəni əhatə edir. Buna görə də
Sizə Ulu Tanrıdan kömək, ruhani və cismani qüvvə, Azərbaycan xalqına firavanlıq diləmək
istərdim.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
***
Sonra
Moskvanın və bütün Rusiyanın
Patriarxı Kirill Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva ilə də görüşdü.
Azərbaycan.-
2019.-6 fevral.- S.1-2.