İlin ikinci yarısında Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır

 

Fevralın 4-5-də Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub. Nümayəndə heyətində iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, "Azərbaycan Dəmir Yolları”, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lərin rəhbər şəxsləri və sahibkarlar təmsil edilib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində hər iki ölkənin rəsmilərinin və sahibkarların iştirakı ilə dəyirmi masa keçirilib, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə olunub.

İqtisadiyyat naziri Şahin Mustafayev iki ölkənin iqtisadi-ticarət əməkdaşlığının dərinləşməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərini diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz arasında birgə tədbirlər, biznes forumlar, sərgilər təşkil edilir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir: "Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və sair sahələrdə Özbəkistan kapitallı 30-dək şirkət fəaliyyət göstərir. 2018-ci ildə ticarət dövriyyəsi 46,5 faiz artıb. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür. Bu potensialın reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi cari ilin ikinci yarısında Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır”.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev qeyd edib ki, son 15 ildə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ticarət dövriyyəsi 3,5 dəfə, qeyri-neft ixracı 4,2 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları investisiya qoyulub: "Qazanılan uğurlar, ölkəmizdəki əlverişli biznesinvestisiya mühiti beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya Bankının "Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib”.

İqtisadiyyat naziri Özbəkistanlı adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

Azərbaycanın əlverişli geostrateji mövqedə, "Şimal-Cənub”, "Cənub-Qərb” və "Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını vurğulayan Ş.Mustafayev logistika-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, Özbəkistanın ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə biləcəyini diqqətə çatdırıb: "Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdürbu sahədə əlverişli infrastruktur yaradılıb”.

Vurğulanıb ki, bu infrastrukturdanpotensialdan istifadə olunmaqla nəqliyyat-tranzit sahəsində əlaqələrin inkişafı üçün imkanlar genişdir.

İqtisadiyyat naziri əsrlər boyu xalqlarımız arasındakı dostluğa və dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli siyasi münasibətləri vurğulayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Özbəkistan tərəfinə minnətdarlıq edib. Qeyd edib ki, Özbəkistanın ədalətli mövqeyi ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin ruhuna tam uyğundur.

Özbəkistanın Baş nazirinin müavini Eler Qəniyev ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin, aparılan müzakirələrin iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Dəyirmi masada Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Özbəkistanın kənd təsərrüfatı naziri Jamşid Xocayev, investisiyaxarici ticarət naziri Sardor Umurzakov çıxış edərək iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, kənd təsərrüfatı sahəsində təcrübə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalar və yeniliklər, pambıqçılıq, ipəkçilik və digər sahələrdə təcrübə mübadiləsinə, əməkdaşlığa dair fikirlərini bölüşüblər. Tədbirdə özbəkistanlı investorların ölkəmizdəki aqroparklara cəlb olunması, ticarət əlaqələrinin genişləndirilməsi və sair məsələlər müzakirə edilib.

Həmçinin sahibkarlar arasında ikitərəfli formatda işgüzar görüşlər keçirilib, müzakirələr aparılıb.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistanın Baş naziri Abdulla Aripovla görüşüb. İqtisadiyyat naziri Ş.Mustafayev Özbəkistanla əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Görüşdə xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinə və dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığı vurğulanıb.

Bildirilib ki, əlaqələrimiz 2004-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyənnaməyə uyğun olaraq inkişaf edir. İndiyədək Azərbaycan və Özbəkistan arasında 110-dan çox sənəd imzalanıb. Hər iki ölkənin iqtisadiyyatının davamlı inkişafı ikitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır. Ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, tekstil, xalçaçılıq, ipəkçilik, məişət texnikası istehsalı və digər sahələrdə əməkdaşlıq perspektivləri böyükdür. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. Ölkələrimiz arasında dəmiryolu və hava nəqliyyatı, beynəlxalq avtomobil daşımaları, tranzit yükdaşımaların tənzimlənməsi sahələrində müqavilələr imzalanıb.

Azərbaycanın tranzit yükdaşımalar sahəsində etibarlı və stabil tərəfdaş olduğunu vurğulayan Ş.Mustafayev nəqliyyat-logistika strukturları arasında birbaşa və uzunmüddətli əlaqələrin genişləndirilməsinin, bu sahədə məlumat mübadiləsinin hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.

Özbəkistanın Baş naziri A.Aripov dövlət başçılarının siyasi iradəsini, xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrini vurğulayıb, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş dəyirmi masanın, görüşlərin səmərəli olduğunu, aparılan müzakirələrin ikitərəfli əlaqələrin genişləndirilməsində önəmini qeyd edib.

Görüşdə investisiya, ticarət, nəqliyyat-tranzit, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarından daha geniş və səmərəli istifadə edilməsi, tranzit daşımaların artırılması üçün əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində hər iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri arasında da görüşlər keçirilib və əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Bakan Tex” tekstil fabriki, "Artel” elektrik məişət texnikası, "Uzbekipaksanoat” ipək, "Uzaqrotexsanoatholdinq” kənd təsərrüfatı texnikası istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

 

Azərbaycan.- 2019.- 7 fevral.- S.2.