Üzümüzü ağ edən
“qara qızıl” yatağı
Ötən əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəllərində Azərbaycanda neft sənayesi tənəzzülə uğramışdı. Neft və qaz hasilatı kəskin şəkildə aşağı düşmüşdü. Xalqımızın işğalçı Ermənistan tərəfindən müharibəyə cəlb olunması, üstəlik, daxildəki hərc-mərclik, xaos və anarxiya nəticəsində ümumiyyətlə, ölkədə əsl iqtisadi böhran yaşanırdı. Təbii ki, belə bir dövrdə Azərbaycan investorlar üçün riskli və təhlükəli ölkəyə çevrilmişdi. Vəziyyəti ulu öndər Heydər Əliyevin yeni neft strategiyası dəyişdi.
1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının bir sıra tanınmış xarici şirkətlərlə birgə tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı. Bu, həmin sazişdir ki, sonralar "Əsrin müqaviləsi” adını aldı.
AÇG-nin işlənməsi mərhələlərlə həyata keçirilib. Əvvəlcə "İlkin Neft Layihəsi” işlənib və bu layihə çərçivəsində 1997-ci ilin noyabrında "Çıraq” platformasından hasilata başlanıb. Birinci və ikinci fazalarda 2005-ci ilin əvvəlindən 2006-cı ilin sonunadək bir-birinin ardınca "Azəri” yatağının mərkəzi, qərb və şərq hissələrindəki platformalardan neft alınıb. Üçüncü faza adlanan növbəti mərhələyə "Dərinsulu Günəşli”nin işlənməsi daxil edilib və 2008-ci ilin aprelində bu yataqdan neft hasil olunub. Daha sonra "Çıraq Neft Layihəsi” gerçəkləşdirilib və layihə 2014-cü ilin yanvarında "Qərbi Çıraq” platformasından da neft çıxarılmasına imkan verib.
Hazırda AÇG-də 6 hasilat və 2 texnoloji platforma fəaliyyət göstərir. Kompleksdən neftin və səmt qazının çıxarılması davam edir. Keçən ilin 9 ayında "Çıraq”dan gündə orta hesabla 47 min barel, "Mərkəzi Azəri”dən 156 min barel, "Qərbi Azəri”dən 126 min barel, "Şərqi Azəri”dən 97 min barel, "Dərinsulu Günəşli”dən 105 min barel və "Qərbi Çıraq”dan 57 min barel hasil olunub. İndi AÇG-də ümumilikdə 112 neft hasilatı, 53 qaz və su injektor quyusu var.
AÇG böyük
potensiala malik olan yataqlardır. Bu, 2017-ci ilin
sentyabrında Azərbaycana
tərəfdaş şirkətlərlə
AÇG üzrə dəyişdirilmiş
və yenidən işlənmiş HPBS imzalamağa
imkan verdi.
Bu saziş "Yeni əsrin müqaviləsi” adlandırıldı.
Həmin vaxta qədər buradan 3,2 milyard barelə,
yaxud 440 milyon tona yaxın neft hasil edilmişdi.
Yataqların işlənməsinə 33 milyard dollar sərmayə qoyulmuşdu. Azərbaycana təmənnasız olaraq
30 milyard kubmetrdən çox səmt qazı təhvil verilmişdi.
Yeni müqaviləyə əsasən
isə AÇG-nin işlənməsi müddəti
əsrin ortasınadək
artırılıb. Beləliklə, 2050-ci ilədək AÇG yataqlar
blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulub.
Beynəlxalq tərəfdaşlar
Azərbaycan Respublikası
Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard dollar bonus ödəyəcəklər.
Keçən il yanvarın 29-da
ARDNF-yə yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində
ilk bonus ödənişi həyata
keçirilib.
"Yeni
əsrin müqaviləsi”ni
həyata keçirmək
üçün "Mərkəzi
Şərqi Azəri”
(MŞA) layihəsi gerçəkləşdirilməyə
başlayıb. Layihənin Ətraf Mühitə
və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədləri hazırlanıb.
Əvvəlki layihələrin ƏMSSTQ sənədlərində olduğu
kimi, burada da Sağlamlıq, Əməyin Təhlükəsizliyi,
Təhlükəsizlik və
Ətraf Mühit (SƏTTƏM)
siyasəti əsas götürülüb.
MŞA çərçivəsində
hasilata başlamaq istiqamətində quruda və dənizdə genişmiqyaslı işlərin
görülməsi planlaşdırılıb. Belə ki,
AÇG müqavilə sahəsində
daha bir hasilat, qazma və yaşayış platforması quraşdıracaq.
O, Xəzərdə "Mərkəzi
Azəri” və "Şərqi Azəri” platformaları arasında mərkəzi nöqtədə
yerləşəcəyindən "Mərkəzi Şərqi
Azəri” adlanacaq.
MŞA platformasından
karbohidrogenlər "Dərinsulu
Günəşli”nin neft
və qaz ixracı borularına yataqdaxili xətlərlə
köçürüləcək. Hasil edilən
neft AÇG-nin digər platformalarında olduğu kimi, Səngəçal terminalına
çatdırılacaq və
burada ixrac üçün lazım olan səviyyədə emal ediləcək. Çıxarılan qazın bir
hissəsi platformada yanacaq kimi istifadə
olunacaq, qalanı yataqdaxili xətlərlə
"Mərkəzi Azəri”yə,
oradan AÇG-nin mövcud ixrac borularına ötürüləcək.
"Mərkəzi
Şərqi Azəri”dən
gündə 100 min barelə
qədər neft (lay suları ilə birlikdə) və 350 milyon standart kubfutadək qaz hasil ediləcəyi gözlənilir. Quraşdırma, öncə qazma
quyularının platformaya
birləşdirilməsi və
işəsalma tədbirləri
tamamlandıqdan sonra hasilata 2023-cü ildə başlanacağı gözlənilir.
Nəhayət, yeni platformanın üst modullarının və dayaq blokunun inşa edilməsi üçün potensial tikinti-quraşdırma meydançaları
əvvəlki platformalar
üçün olduğu
kimi yenə də Heydər Əliyev adına
Bakı Dərin Özüllər Zavodu
(BDÖZ) və Bibiheybətdəki
"AMEK-Tekfen-Azfen”
(ATA) sahələridir. Qurudakı tikinti-quraşdırma
meydançalarında inşaat
və istismara hazırlıq işlərinin
əksəriyyətinin 2019-cu ilin ortalarından 2022-ci ilin ortalarına qədər davam edəcəyi nəzərdə
tutulur. Layihənin qiymətləndirilməsi nəticəsində belə
qənaətə gəlinib
ki, tikinti mərhələsinin ən
qaynar çağı
2021-ci ilin əvvəlinə
təsadüf edəcək.
Bu zaman işçi
qüvvəsinin təxminən
3700 nəfərə çatacağı
gözlənilir. Həmişə olduğu kimi, bu layihədə də Bakının tikinti meydançalarına
yaxın olan Səbail və Qaradağ rayonlarının
sakinləri məşğulluq
problemlərini həll
etmək imkanı qazanacaqlar. Əvvəlki neft-qaz tikinti
layihələrində çalışarkən
bacarıq nümayiş
etdirmiş və etimad qazanmış işçilərə üstünlük
veriləcək.
Bu il AÇG yataqlarından neft hasilatının 26,56 milyon ton olacağı planlaşdırılıb. Bu məlumat Hesablama Palatasının hazırladığı
"ARDNF-nin 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də verilib.
ARDNF-nin məlumatına görə,
AÇG yataqlarından əldə
olunan ümumi gəlirlər 2001-ci ildən
2019-cu il yanvarın 1-dək 138 milyard
206 milyon ABŞ dolları
təşkil edib.
Prezident İlham
Əliyevin dediyi kimi: "Əsrin kontraktı”nın Azərbaycan dövlətinin
inkişafında müstəsna
yeri var. Bu kontraktın
uğurla icra edilməsi imkan verdi ki, biz neftdən
əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək
və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan,
bölgələrimiz, çiçəklənən
şəhərlərimiz və
dünyanın ən gözəl şəhərlərindən
biri olan Bakı, bax, gördüyümüz işlərin
bariz nümunəsidir.
Görülən işlər göz
qabağındadır. Bütün bu işləri biz düşünülmüş siyasət nəticəsində
görmüşük və
əlbəttə ki, iqtisadi potensialımızı
gücləndirərək, ölkəmizi böyük
dərəcədə qabağa
apara bilmişik”.
Flora SADIQLI
Azərbaycan.-
2019.-7 fevral.- S.9.