Ceyhandan dünya bazarlarına...
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri regionun enerji ixracının başlıca arteriyası sayılır. Bu kəmər qapalı Xəzər hövzəsi və dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir.
BTC Səngəçal
terminalından başlayaraq Türkiyədə
Aralıq dənizinin sahilinədək 1768 kilometrlik
yol keçir. Kəmərin
apardığı yükün
çatdığı son ünvan
Ceyhan dəniz terminalıdır. Türkiyə
dövləti və xalqı Ceyhan
terminalına ulu öndər Heydər
Əliyevin adını verib.
Əslində kəmərin marşrutu İsgəndərun körfəzində bitir. Terminal da elə buradadır. Bu, geniş, innovativ texnologiyalarla təchiz edilmiş müasir obyektdir. Ona görə də Xəzər neftinin dünya bazarına çıxarılmasından əvvəlki son məntəqə kimi böyük əhəmiyyətə malikdir. Sutkada 1,2 milyon barel neft daşımaq gücündə olan belə nəhəng kəmərin fəaliyyətində bu terminalın rolunu şərh etməyə ehtiyac yoxdur.
Ceyhan terminalında hər birinin tutumu 1 milyon barel olan
7 böyük saxlama çəni var. Neftin tankerlərə yükləndiyi
yanalma körpüsünün
uzunluğu 2 kilometrdir. Burada eyni
vaxtda iki tankerə neft doldurulması mümkündür.
Tankerlərə yüklənən neftin miqdarı 600 min bareldən 2 milyon barelədək dəyişə
bilər. Yanalma körpüsünün
qurtaracağında suyun
dərinliyinin 33 metr olması imkan verir ki, buraya
ən iri tonnajlı tankerlər yaxınlaşsın. Belə tankerlərin
uzunluğu adətən
250 metrdən çox
olur və onlar 2 milyon barel neft daşımaq
gücündədirlər.
Ceyhan terminalının ən müasir standartlara cavab verdiyini təsdiqləyən faktlardan
biri də odur ki, burada
"sürətli giriş-çıxış”
əməliyyatları təmin
olunub. Yəni gəmilərin qısa
müddətdə neftlə
doldurulması mümkündür.
Belə ki, körpüdə tankerləri yüksək templə yükləmək
- onlara saatda 9600 kubmetr yanacaq vurmaq mümkündür.
Nəticədə tankerlər nəzərdə
tutulan vaxtdan tez yola salınır.
Terminalda bir sıra texnoloji
yeniliklər də tətbiq edilir. Bunlardan biri
UÜB sistemidir ki, gəmilərin çənindən
karbohidrogen qazlarının
ətraf mühitə
yayılmadan təmizlənməsinə
imkan verir. Ceyhan terminalında eləcə
də dənizlərin
gəmilərdən çirklənməsinin
qarşısının alınmasına
dair beynəlxalq MARPOL
konvensiyasının normativlərinə
ciddi riayət edilir. Bu o deməkdir
ki, obyekt gəmilərdən atılan
tullantıların təmizlənməsinə
dair beynəlxalq standartlara cavab verir.
Nəhayət, Ceyhan terminalı BTC kəmərinin Türkiyədən
keçən 1078 kilometrlik
hissəsinin "sinir
mərkəzi”dir. Belə
ki, kəmərin bu hissəsinin bütün əməliyyatları
terminaldan idarə edilir. Xatırladaq ki, Ceyhan terminalının operatoru
BTC tərəfdaşlarının adından fəaliyyət göstərən BİL (BOTAŞ İnternational Limited) şirkətidir.
Buradan dünya bazarına "British Hawthorne” adlı
ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb. Həmin vaxtdan indiyədək
terminalda yüklənən
tankerlərin sayı
4000-i ötüb.
Azərbaycan.- 2019.-7 fevral.- S.9.