Ünvanlardan biri Supsadır

 

Azərbaycan neftini dünya bazarlarına daşıyan boru xətlərindən biri də Qərb İxrac Boru Kəməridir (QİBK). QİBK-ni çox zaman sadəcə Bakı-Supsa kəməri də adlandırırlar. Bu kəmər "Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir. QİBK başlanğıcını Səngəçaldan götürür, onun son ünvanı isə Supsadır.

QİBK-in Səngəçaldakı terminaldan Supsadakı terminaladək uzanan yolu 830 kilometr təşkil edir. Azərbaycan və Gürcüstan arasında "Əsrin müqaviləsi”nin ilkin neftinin nəqlinə dair 1996-cı ilin mart ayında imzalanmış hökumətlərarası saziş üç il ərzində icra olunmuş, yəni QİBK bu dövrdə tikilmişdir. Diametri 530 millimetr olan kəmərin çəkilişi əsasən 1997-1998-ci illər ərzində aparılmışdır.

Xəttin borularının doldurulmasına 1998-ci ilin dekabrında başlanmışdır. 1999-cu il aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilmişdir.

Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunan xam neft Supsa terminalında saxlanılır. Azərbaycan neftinin dünya bazarına ixracında mühüm əhəmiyyət kəsb edən infrastrukturların sırasında bu terminalın özünəməxsus yeri var.

Supsa terminalı Qara dənizin Gürcüstan sahilində, Lançxuti rayonunda yerləşir. QİBK-nin daşıdığı xam neft bu terminaldakı çənlərə yığılır və lazım gəldikcə dənizdəki yükləmə qurğuları ilə tankerlərə vurulur. Daha sonra neft tankerlər vasitəsilə Bosfor boğazından keçərək dünya bazarlarına çatdırılır.

Xam neft kommersiya uçotu qovşağından keçərək hər birinin tutumu təxminən 40 min ton olan saxlama çənlərinə ötürülür. Supsa terminalında həmçinin xam neftin qəbulu və ixracı obyektlərini idarə etmək üçün mərkəzi dispetçer otağı yerləşir. Saxlama çənlərinin sayı dörddür. Onların ümumi tutumu 1 milyon bareldir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min bareldən 1 milyon barelə qədərdir.

QİBK-nin yerüstü obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası, 1 ərsinburaxma stansiyası da daxildir

Bakı-Supsa kəməri sözügedən terminala çatanadək Azərbaycanın və Gürcüstanın bir çox bölgələrindən, dağlarından, dərələrindən, çaylarından keçir. Boru xətti dağlarda hətta 1190 metr yüksəkliyə qalxır. Kəmərin ümumi uzunluğunun 456 kilometrdən çoxu Azərbaycanın, 372 kilometrdən çoxu Gürcüstanın payına düşür.

Terminal 100 faiz milliləşdirilib və Gürcüstan iqtisadiyyatının ayrılmaz bir elementi kimi mühüm əhəmiyyət kəsb edir.

Cari və əsaslı təmir işlərinə ayrılan vaxtı nəzərə almasaq, QİBK 20 ildir fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.

 

Azərbaycan.- 2019.-7 fevral.- S.9.