Ekran sənətinin sərrafı
Tofiq Tağızadə- 100
Onun filmləri insan taleləri
haqqındadır. Dövrü,
qarşılaşdıqları hadisələr fərqli olsa
da, onların heç biri tamaşaçıya yad, uzaq
görünmür. Çünki rejissor
öz kino qəhrəmanlarını bütün hissi, həyəcanı,
dərdi, sevinci, dürüstlüyü,
yanlışlıqları ilə real şəkildə təsvir
etməyə nail olub. Sənətkar bəzən
tarixdə mühüm rol oynayan, bəzən isə heç əhəmiyyət
vermədiyimiz həyat hadisələrinin dərin qatlarında
necə böyük mətləblər olduğuna
tamaşaçını inandırır. Ona
görə Tofiq Tağızadənin ekran ömrü verdiyi
filmlər bu qədər baxımlı və seviləndir.
Həyatın
sınaqlarında...
O, 1919-cu ilin 7 fevralında ziyalı
ailəsində dünyaya gəldi. Orta məktəb
illərindən incəsənətə maraq göstərdi.
Kinonu uşaqlıqdan çox sevirdi. Güclü musiqi duyumu və zövqü var idi.
Beş il oxuduğu musiqi məktəbində
musiqi sənətini öyrəndi. Ancaq orta məktəbi
bitirdikdən sonra başqa bir sahəyə üz tutdu. Energetika Texnikumuna daxil oldu.
1938-ci ildə isə sənədlərini
Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə
verdi. Amma bu institutda təhsilini
başa çatdıra bilmədi. Müharibə
Tofiq Tağızadənin də həyatını məcrasından
çıxardı. Üçüncü
kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə
yollandı. 1941-ci ildə Rostov
yaxınlığında gedən döyüşlərdən
birində ağır yaralandı. Döyüş yolu
bununla bitsə də, o dəhşətli günlərin xatirələri
yaddaşından heç zaman silinmədi...
Geri döndükdən sonra
Sənaye İnstitutunda təhsilini davam etdirmədi. Qəlbində
kök salmış arzularının ardınca Moskvaya
yollandı. 1946-cı ildə Moskva
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun
kinorejissorluq fakültəsinə daxil oldu. Arzusunda olduğu bir aləmə düşdü.
Bu ali təhsil ocağında məşhur
kino xadimlərindən və pedaqoqlardan dərs aldı. Özü kimi istedadlı gənclərlə birlikdə
çalışdı. Sonralar onların hər
biri kinorejissor kimi tanındı, şöhrət qazandı.
Tələbəlik illəri
çox maraqlı, unudulmaz günlərlə yaddaşına
köçdü. 1953-cü ildə təhsilini uğurla
başa vuran bu istedadlı gənci işləmək
üçün "Mosfilm” kinostudiyasına göndərdilər.
Bir müddət Moskvada çalışdı.
Ancaq Tofiq Tağızadə vətənində
yaşamaq, işləmək arzusundaydı. Bu istək onu 1954-cü ildə Bakıya gətirdi.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm”
Kinostudiyasında fəaliyyətə başladı.
Kinoya sevgisi qəlbində erkən
boy versə də, rejissor kimi işə otuz beş
yaşında başladı. O zamanadək həyatın
çox dolanbaclarından, ağır sınaqlardan
keçmişdi. İlk filmini - "Görüş”
kinokomediyasını 1955-ci ildə çəkdi. Azərbaycan və Özbəkistan
pambıqçılarının dostluğundan bəhs edən
bu film kino tariximizdə iki ölkənin aktyorlarının ilk
müştərək ekran işi kimi dəyərləndirildi.
Tofiq Tağızadə quruluşçu rejissor
kimi öz işinin öhdəsindən layiqincə gəldi.
Bu ekran əsəri rejissora uğurlu bir yolun
qapısını açdı.
Tofiq Tağızadə
müharibənin odundan, alovundan keçmiş,
ağrı-acılarını çəkmişdi. Milyonlarla
insanın həyatına son qoyan, şəhərləri, kəndləri
xarabalığa çevirən bu dəhşətli bəlanı
təsvir edən film çəkmək fikri onu rahat
buraxmırdı. Çox gözləməli
olmadı. 1958-ci ildə Həsən Seyidbəyli
və İmran Qasımovun ssenarisi əsasında
ekranlaşdırdığı "Uzaq sahillərdə”
müharibənin gətirdiyi fəlakətləri gözlər
önündə canlandırır, Azərbaycanın igid
oğlu, şücaəti dillərdə dolaşan, əfsanələşən
partizan Mixaylonu - Mehdi Hüseynzadəni geniş
tamaşaçı kütləsinə yaxından
tanıdır.
"Uzaq sahillərdə” həm
rejissora, həm ssenari müəlliflərinə, həm də
aktyorlara böyük şöhrət gətirdi. Film 1959-cu ildə
Kiyevdə keçirilən Ümumittifaq Kinofestivalında
diploma layiq görüldü. Görkəmli
bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə
kinofestivalın ikinci mükafatı verildi.
Bundan sonra Tofiq Tağızadə
"Əsl dost”, "Mateo Falkone”, "Mən rəqs edəcəyəm”,
"Arşın mal alan”, "Mən ki gözəl deyildim”,
"Yeddi oğul istərəm”, "Qızıl qaz”, "Dədə
Qorqud”, "Babamın babasının babası”, "Bağ
mövsümü”, "Evin kişisi”, "O dünyadan salam”
və başqa filmlərə quruluş verdi. Bu
ekran əsərlərinin hər biri öz süjeti, rejissorun
mövzulara özünəməxsus yanaşma tərzi ilə
fərqlənir.
Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunda yüksək təhsil alan, rus kino məktəbinin ənənələrini
mükəmməl şəkildə öyrənən rejissor
bütün bunlarla yanaşı, vətənini,
xalqını çox sevirdi. Onun milli
duyğuları ekran əsərlərində də təcəssümünü
tapırdı. Tofiq Tağızadə
öz filmlərində Azərbaycanın tarixini, mədəniyyətini,
məişətini, adət-ənənələrini
böyük ustalıqla əks etdirirdi.
O, kinonu sevirdi...
1965-ci ildə Üzeyir Hacıbəylinin
eyniadlı musiqili komediyası əsasında rəngli
"Arşın mal alan” tammetrajlı bədii
filmi çəkildi. Üzeyir bəyin möhtəşəm
əsəri bu dəfə rejissor Tofiq Tağızadə
quruluşunda maraqlı ekran həllini tapdı.
Rejissor 1968-ci ildə yenidən
müharibə mövzusuna döndü. Bu dəfə
o, arxa cəbhədə insanların üzləşdiyi
çətinlikləri ekranlara gətirdi. "Mən ki
gözəl deyildim” adlı filmi tamaşaçıları
inandırır ki, arxa cəbhədə özü,
yaxınları aclıq çəksə də, gecə-gündüz
çalışıb düşmənlə
vuruşanları ərzaqla, geyimlə təmin etmək, eyni
zamanda, cəbhədəki əzizlərindən bir məktub
ümidi ilə yol gözləmək, gələn qara xəbərlərin
iztirablarına dözərək işdən ikiəlli
yapışmaq da misilsiz hünər, böyük rəşadətdir.
Müharibənin amansız qanunları arxa cəbhədə
Səidə, Məzahir kimi gəncləri də sınağa
çəkir. Ancaq ən ağır məqamlarda da insan
yaşamağa can atır.
Tofiq Tağızadə
1930-cu illərin amansız repressiyasının şahidi
olmuşdu. Millət sevgisinin, milli düşüncənin bəzən
faciələrlə nəticələndiyini
görmüşdü. Buna baxmayaraq,
ayrı-ayrı filmlərində milli kökümüzə
bağlılığı əks etdirirdi. Onun 1970-ci ildə çəkdiyi "Yeddi oğul
istərəm” filmi də ziddiyyətli məqamları ilə
diqqəti cəlb edir. Rejissor Gəray bəyin,
komsomolçu Bəxtiyarın münasibəti və
münaqişələri fonunda insanları üz-üzə
qoyan, doğmaları bir-birinə nəinki yad, hətta
düşmən edən ictimai bəlaların səbəblərini
axtarırdı. Tofiq Tağızadə sənətkarlığı
və milli duyğuları Gəray bəyə münasibətində
xüsusi nəzərə çarpır. O, sovet
hökumətinin düşmən elan etdiyi bəyi yeddi
komsomolçunun heç birinin əli ilə
öldürmür. Gəray bəy öz qətlinə
özü hökm verir və son anlarındakı duruşu,
baxışları və gülüşü ilə
tamaşaçıda qalib insan təəssüratı
yaradır.
Kinoşünaslar Tofiq Tağızadənin
yaradıcılığını həm də "Kitabi-Dədə
Qorqud” dastanının motivlərini kinoya gətirən ilk
kinorejissor kimi yüksək dəyərləndirir, onun 1975-ci
ildə çəkdiyi "Dədə Qorqud” filmini Azərbaycan
kino sənətinin dönüş nöqtəsi sayırlar.
Rejissorun 1985-ci ildə
ekranlaşdırdığı "Bağ mövsümü”
filmi adi, gündəlik həyatımızda baş verən, bəzən
o qədər də diqqətimizi cəlb etməyən hadisələrin
içərisindəki böyük mətləbləri diqqətə
çatdırır, əsl dəyərin var-dövlət, pul
olmadığını göstərir. Filmdə
sadə bir ailənin timsalında yüksək əxlaqi keyfiyyətlər,
halallıq, dürüstlük təbliğ olunur.
1991-ci ildə böyük
Mirzə Cəlilin "Ölülər” tragikomediyası əsasında
çəkilən "O dünyadan salam” filmi rejissor Tofiq
Tağızadə yozumunda olduqca maraqlıdır.
Tofiq Tağızadə kinorejissor
olmaqla yanaşı, bir çox filmlərdə rol aldı,
"Qızıl qaz”, "Qəribə adam”, "Bəxt
üzüyü”, "Anlamaq istəyirəm”, "Ac həriflər”
və başqa ekran əsərlərində maraq doğuran
kadrlarda öz aktyorluq bacarığını nümayiş
etdirdi.
"Sənətdə
söz deyib nöqtə qoymaq qeyri-mümkündür”
T.Tağızadə uzun illər
respublikamızda kino işinin təşkilində, milli
kadrların hazırlanmasında böyük işlər
gördü.
Bir müddət "Azərbaycanfilm”
kinostudiyasının nəzdində fəaliyyət göstərən
kinoaktyor teatr studiyasının bədii rəhbəri oldu.
O, həm də Kinematoqrafçılar İttifaqında katib vəzifəsində
çalışdı. Dəfələrlə
keçmiş ittifaqın Ali Sovetinə Azərbaycandan deputat
seçildi.
Bu qədər işlərə
vaxt tapa bilən, işgüzarlığı heyranlıq
doğuran sənətkar üçün ən böyük
arzu, ən sevimli məşğuliyyət isə rejissorluq idi. Tofiq
Tağızadə kinonu çox sevirdi. O, həm
özünə, həm də başqalarına qarşı
olduqca tələbkar idi. Sənət naminə
güzəştə getməzdi. Rejissorun
məsuliyyəti, işgüzarlığı, tələbkarlığı
bütün yaradıcı heyətə, çəkiliş
meydançasına sirayət edirdi. Bəzən
bütün bunlar xoş qarşılanmır, ondan inciyənlər
də tapılırdı...
Tofiq Tağızadə filmlərə çəkiləcək aktyorları özü axtarıb tapırdı. Seçimi isə hər zaman doğru olurdu. Bunu bütün ekran əsərlərində uğurlu aktyor oyunu təsdiq edir. Filmlərinin musiqiləri də həmişə uğurlu olurdu. Çünki həmin musiqilərin müəllifləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə və başqa istedadlı bəstəkarlardır.
Ömrünün 40 ilə yaxını kinoda keçdi. Bu illər ərzində o, Azərbaycan kinosunun ən nadir nümunələrinin rejissorlarından biri kimi tanındı. Tofiq Tağızadə elə filmlər çəkdi ki, onların əksəriyyəti nə mövzu və ideya baxımından aktuallığını itirir, nə də sənət nöqteyi-nəzərindən diqqət və maraqdan kənarda qalır.
Tofiq Tağızadə gördüyü işlərin, çəkdiyi filmlərin dəyərini yaxşı bilirdi. Ancaq sənətin bir ümman olduğunu da unutmurdu. Buna görə əminliklə deyirdi: "Sənətkar əgər yaratdığı əsərlərdə öz sözünü deyib qurtarırsa, deməli, onun yaradıcılığında qapanma əmələ gəlir. Sənətdə söz deyib nöqtə qoymaq qeyri-mümkündür”.
Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaratdı. Amma amansız əcəl işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişdi.
Zəngin həyat və yaradıcılıq yolu keçmiş sənətkarlar unudulmur. Bunu 2019-cu ilin 24 yanvarında dövlət başçısı İlham Əliyevin Azərbaycan kino sənətinin inkişafında böyük xidmətlər göstərmiş Tofiq Tağızadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam bir daha təsdiq etdi.
Bütün filmləri Azərbaycan kino sənətinin uğuru sayılan Tofiq Tağızadə öz parlaq istedadını, sənətə ehtiramını, xalqına, Vətəninə məhəbbətini sevə-sevə izlədiyimiz filmlərində yaşadır.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2019.- 7 fevral.- S.11.