XXII Avrasiya
İqtisadi Zirvə toplantısı çərçivəsində
əməkdaşlıq memorandumları imzalanıb
İstanbul şəhərində
keçirilən XXII Avrasiya İqtisadi Zirvə
toplantısı çərçivəsində fevralın
7-də əməkdaşlıq memorandumları imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədlər
Azərbaycan Diasporuna Dəstək Fondu, İtaliyanın
Avrasiya Dialoqu üçün Avropa İnstitutu və
Rumıniyanın Levanten İncəsənət və Mədəniyyət
İşləri İnstitutu ilə Mərmərə Qrupu
Strateji və Sosial Araşdırmalar Fondu arasında
imzalanıb.
Zirvə toplantısı ikinci
iş gününü "Texnologiyanın inkişafı və
insanlığı gözləyən gələcək”,
"Su və köç”, "Qloballaşmanın yeni
ölçüləri, populizm, sağlamlıq
üçün əməkdaşlıq”,
"Ağıllı insanların iclası” mövzularında
panel iclaslarla davam etdirib. Türkiyənin kənd təsərrüfatı
və meşəçilik nazirinin müavini Akif
Özkaldı, İstanbul Bilgi Universitetinin professoru İlter
Turan, Avrasiya Dialoqu üçün Avropa İnstitutunun
direktoru Leonardo Manzari və başqaları iclaslarda
çıxış ediblər.
Qeyd edək ki, Mərmərə
Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı
ilə keçirilən tədbirdə Azərbaycan hər il
olduğu kimi, geniş tərkibli nümayəndə heyəti
ilə təmsil olunub. Nümayəndə heyətinə Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov, Milli Məclis
Sədrinin müavini Valeh Ələsgərov, energetika naziri Pərviz
Şahbazov, qeyri-hökumət təşkilatlarının
nümayəndələri, media təmsilçiləri daxil
idi.
Toplantıda texnologiyaların
inkişafı və insanların gələcəyi, süni zəkanın
iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın
yeni səviyyələri, su və enerji ilə bağlı
mövzular diqqət mərkəzində olub.
Mərmərə Qrupu Strateji və
Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi
Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata
keçirir. Bu toplantılar aktual problemlərin müzakirə
edildiyi mühüm platforma olmaqla bərabər, regionun
inkişafına və əməkdaşlıq əlaqələrinin
genişlənməsinə töhfə verir.
Azərbaycan. - 2019.- 8 fevral.- S.8.