Prezident örnəyi
Vətəndaşların müraciətlərinə operativ baxılması tərəqqiyə və
sosial ədalətə böyük
töhfə verir
Hər bir cəmiyyətin inkişafına və həm də sosial həmrəyliyinə yol açan əsas şərtlərdən biri insanların qayğılarına, onları narahat edən məsələlərə diqqətlə yanaşılmasıdır.
Bu sırada vətəndaşların dövlət strukturlarına olan müraciətlərinə çevik və ədalətli münasibətin ortaya qoyulması da olduqca vacibdir. Xüsusən söhbət sosial dövlətdən və ədalətli cəmiyyətdən gedirsə, burada vətəndaş müraciətlərinə yüksək diqqət olmalıdır. Çünki məhz bu kimi məsələlərin kökündə insanların dövlət orqanlarına inamının və etimadının formalaşması dayanır.
Müraciət hüququ tam təmin olunur
Vətəndaşların müraciətlərinə baxılması Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi və müdafiəsi sahəsində dövlət orqanlarının qarşısında qoyulmuş vəzifələrdən biridir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var.
Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxslər vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Dövlət orqanları və onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların səlahiyyətinə aid olmadıqda bunları müvafiq təşkilata göndərməli və bu barədə müraciət edənə məlumat verməli, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah etməlidirlər.
Azərbaycanda vətəndaşların müraciətlərinə baxılmasının mükəmməl qanunvericilik bazası yaradılıb. Bu məsələ "Vətəndaşların müraciətləri haqqında”, "Dövlət qulluğu haqqında”, "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında”, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Çoxsaylı təşəkkür məktubları inkişafdan və qayğıdan xəbər verir
Bu günlərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan” qəzetində dərc olunmuş "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsindən də göründüyü kimi, ölkə rəhbərinə ünvanlanan heç bir müraciət diqqətdən kənarda qalmır. Məqalədə qeyd olunur ki, vətəndaşların cəmiyyət qarşısında məsuliyyətinin və vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər həmişə böyük maraq doğurduğundan onlar ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə aidiyyəti qurumlarla birlikdə baxılır. Təkliflərin müxtəlif mövzuları əhatə etməsi vətəndaşların fəallığını, respublikada baş verən proseslərə, tarixi keçmişimizə və gələcəyimizə biganə qalmadıqlarını, bu proseslərdə yaxından iştirak etmək arzularını əks etdirir.
Məqalədən göründüyü kimi, Prezident Administrasiyasına ünvanlanan müraciətlərin əhatə dairəsi genişdir və bunların böyük bir hissəsini minnətdarlıq məktubları təşkil edir. 2018-ci ildə Prezident Administrasiyasına daxil olan minlərlə məktubda insanlar səmimi ürək sözlərini, sevinc və fərəh hislərini ifadə ediblər. Onlar ulu öndər Heydər Əliyevin müdrik siyasətinin uğurla davam etdirilməsindən, ölkəmizin sürətli inkişaf yolu ilə inamla irəliləməsindən, Azərbaycanın dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan ölkə kimi tanınmasından, ən müasir silahlarla və texnika ilə təchiz olunmuş orduya sahib olmasından fərəhləndiklərini və qürur duyduqlarını bildirirlər. Məktubların çoxunda vətəndaşlar xüsusi vurğulayırlar ki, həyata keçirilən uğurlu siyasətin müsbət nəticələrini bizdən sonrakı nəsillər də hiss edəcəklər. "Azərbaycan Prezidentinin yorulmaz fəaliyyəti, ölkəsinin inkişafı, xalqının səadəti və xoşbəxtliyi üçün əzmlə çalışması, zamanla ayaqlaşan, gələcəyi görməyi, qiymətləndirməyi bacaran müdrik siyasi rəhbər kimi doğma vətənimizi daim irəli aparması Azərbaycan vətəndaşlarının və dünyada yaşayan soydaşlarımızın diqqətindən yayınmır və Prezident İlham Əliyevin ünvanına daxil olan minnətdarlıq məktublarında öz əksini tapır”, - deyə məqalədə qeyd olunur.
Ötən il bölgələrə çoxsaylı səfərlər edən Prezident İlham Əliyev daim vətəndaşların qayğıları ilə maraqlanıb. Cənab Prezident əhalinin aztəminatlı təbəqəsinin maddi rifahının gücləndirilməsinə, məşğulluğunun təmin edilməsinə, o cümlədən qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının yaşayış şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirib. Dövlət qayğısını görən insanlar, təbiidir ki, ilk növbədə ölkə Prezidentinə minnətdarlıq duyğularını çatdırmağı özlərinə borc bilirlər. Məktublarda qeyd edilir ki, Azərbaycan ötən il böyük inkişaf yolu keçib, mühüm infrastruktur layihələrini başa çatdırıb, orbitə üçüncü peykini göndərib. Ötən il Azərbaycan Ordusu Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 hektar əraziyə nəzarəti təmin edib.
Təbii ki, bütün bunları xalqımız görür və dövlət başçısına ünvanladıqları məktublarda vətəndaşların minnətdarlıq hisləri ifadə olunur.
Məktubların bir çoxunda vətəndaşlar ölkəmizin inkişafı və tərəqqisi yolunda cənab Prezidentlə çiyin-çiyinə çalışan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işləri, eyni zamanda, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüslərini yüksək dəyərləndirir, buna görə təşəkkürlərini bildirirlər.
Təşəkkür məktublarının çoxluğu və coğrafiyasının genişliyi, əksini tapan məsələlərin müxtəlifliyi görülən işlərin həcmindən və miqyasından xəbər verir. Hansı məsələni və regionu təmsil etməsindən asılı olmayaraq həmin məktubların əksəriyyətində vətəndaşlar öz ölkəsi və onun rəhbəri ilə fəxr etdiklərini xüsusi vurğulayırlar.
Şikayətlər azalıb
2018-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin 69 faizi ərizə, 30,7 faizi şikayət, 0,3 faizi təklifdir. 2017-ci illə müqayisədə şikayətlərin faizi azalmışdır.
Ümumiyyətlə isə ötən il daxil olan müraciətlərin ümumi sayı vətəndaşlar üçün vacib olan bir çox mövzular üzrə azalıb. Məqalədə qeyd olunur ki, bunlar dövlət quruculuğu və qanunvericilik, sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı, korrupsiya ilə bağlı məsələlər, şəhər, rayon icra hakimiyyəti başçıları aparatlarının fəaliyyəti, kənd təsərrüfatı məsələləri, o cümlədən kənd təsərrüfatı üçün kreditlərin və torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların tədarükü, emalı və satışı, meliorasiya və su təsərrüfatı məsələləri, habelə ipoteka və fərdi kreditlərin verilməsi, xaricdə təhsil, test imtahanları, təhsil haqqı və köçürmələr, diplomların verilməsi və tanınması, gənclik və idman, informasiya resursları və onların təhlükəsizliyi, ekologiya, yaşıllıqların və meşələrin mühafizəsi, müdafiə, orduya çağırış, hərbi qulluqçuların sosial müdafiəsi, əmək mübahisələri və işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, istilik təchizatı, elektrik sayğaclarının quraşdırılması, sosial mənzillə təmin olunma, fərdi yaşayış evlərinin qiymətləndirilməsi və kompensasiyaların verilməsi, qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər, yerli orqanlarda vətəndaşların qəbulu və müraciətlərə baxılması, miqrasiya və sair məsələlərdir.
Prezident İlham Əliyev vətəndaşların ərizə, şikayət və təkliflərinə qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddətlər ərzində və obyektiv baxılmasını, onların haqlı tələblərinin təmini istiqamətində zəruri tədbirlərin görülməsini bütün dövlət orqanları və dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi qoymuşdur. Bu məsələyə daim toxunan dövlət başçısının əsas tələblərindən biri vətəndaşı narahat edən problemlərə həssaslıqla yanaşılmasıdır. Prezident bu sahədə özü məmurlara nümunə göstərir, respublikanın bütün bölgələrində, eləcə də Bakı şəhərində keçirilən tədbirlərdə vətəndaşların problemlərini öyrənir, onların həlli üçün konkret tapşırıqlar verir.
Məqalədə qeyd olunur ki, ötən il müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülmüşdür. Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 79 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülmüş, 632 nəfərə xəbərdarlıq edilmişdir. Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülmüşdür. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilmiş, 13 nəfərin əmək müqaviləsinə xitam verilmiş, həmçinin 270 nəfərə xəbərdarlıq edilmişdir.
"Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə öyrənilməsi onların daha ətraflı təhlilinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda mövcud olan problemlər barədə dəqiq və düzgün məlumat əldə etməyə, həmin qurumların üzərinə düşən vəzifələri necə yerinə yetirdiyini təhlil etməyə, müvafiq nəticələr çıxarmağa imkan verir”, - deyə yazan Süleyman İsmayılov məqalədə vətəndaş şikayətlərindən də söz açır. Şikayətlərin təhlili göstərir ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda onlar, təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməli olurlar. Bununla belə, vətəndaşların öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gələn əsassız şikayətlər də var.
Ümumiyyətlə, müraciətlərin kim tərəfindən və hansı mövzuda yazılmasından asılı olmayaraq, bu bir həqiqətdir ki, onlar cəmiyyətin döyünən nəbzidir və hər bir müraciətin arxasında insanın düşüncəsi, sevinci, yaxud narahatlığı dayanır, eyni zamanda müraciətlər yaranan problemlərin vaxtında aşkar edilərək aradan qaldırılmasına yol açır. Buna görə də müraciətlərə baxılmasına göstərilən xüsusi diqqət vətəndaşlara qayğı kimi qiymətləndirilir.
Əvvəldə qeyd olunduğu kimi, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması ilk növbədə inkişafa və rifahın yüksəlməsinə xidmət edir. Sevindirici haldır ki, ölkədə bütün sahələrdə uğurla reallaşan dövlət siyasətinin nəticəsi olaraq Prezident Administrasiyasına ünvanlanan müraciətlərin məzmunu da dəyişir. Görünən odur ki, şikayətlərin sayı getdikcə azalır, Prezident İlham Əliyevə ünvanlanan minnətdarlıq məktublarının sayı isə sürətlə çoxalır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2019.- 9 fevral.- S.1-2.