Böyük çillənin kiçik
“qardaşı”
Çillələr
İndi folklorumuzda çox zaman Böyük çillənin dəli-dolu qardaşı kimi bəhs olunan Kiçik çillənin dövranıdır.
Qədim zamanlardan vaxtı təbiətin dəyişimləri ilə hesablayan Azərbaycan xalqı qış fəslinin də özünəməxsus təqvimini yaratmışdı. Bu fəsli üç yerə bölüb, ilkinə Böyük çillə deyirdilər.
Dekabrın 21-dən 22-nə keçən gecə qışla birlikdə gələn çillələrin böyüyünün ömrü 40 gün çəkir. Yanvarın 31-dən fevralın 1-nə keçən gecə Kiçik çillə başlayır. 20 gün sonra isə növbə Ala çillə, Ala-çalpov da deyilən Boz aya çatır. Boz ayın biraylıq ömrü isə martın 20-də baharın gəlişi ilə bitir.
"Qışın oğlan
çağı”
"Çillə” sözünün ümumilikdə ağrı, acı, əzab demək olduğu bildirilsə də, qədimdə insanlar iki çilləyə eyni münasibət göstərmirdilər. Ömrünün uzunluğuna, qarla, şaxtayla gəlməsinə baxmayaraq, Böyük çillədən Kiçik çillə qədər ehtiyat etmir, çəkinmirdilər. Birincinin daha rəhmli olduğu folklor nümunələrimizdən birində belə əksini tapıb:
Böyük çillə
Boyu bir belə,
Gəldi elə
Gülə-gülə,
Getdi gülə-gülə.
Bir əlində qılınc kimi şaxta, bir əlində çovğun,
boran, hirslə, hikkə ilə gələn Kiçik çilləyə isə
belə söz qoşurdular:
Kiçik çillə
Boyu bir belə,
Hikkəsi bir belə.
Gəlişi oldu
Hayınan,
Gedişi oldu
Vayınan.
Mərasim nəğmələrindən
birində insanlara çox da ziyan
gətirmədiyinə görə
Böyük çillənin
şəninə xoş
sözlər söylənilir:
Böyük çillə,
nar çillə,
Ağ gül üstə qar çilə.
Buğdalara yorğan
ol,
Bağçalara bar çilə.
Kiçik çilləni
isə daha sərt, amansız hesab edərək deyirdilər:
Kiçik çillə,
vay çillə
Qarlı, dumanlı çillə.
Gəbə, kilim toxuduq,
Cəhrəmizdə var çillə.
Xalq arasında belə bir rəvayət
dolaşır: "Böyük
çillə ömrünü
başa vurub geri qayıdanda yolda Kiçik çillə ilə qarşılaşır. Kiçik
çillə Böyük
çillədən soruşur:
"Nə etdin?” Böyük çillə
cavab verir: "Tayaları yarıladım,
qovurma küpəsinin
başını endirdim,
qalaqları sökdürdüm”.
Kiçik çillə
ona gülüb deyir: "Mən gedib unluqları, ot tayalarını yox edəcəyəm, qalaqları yandırıb
göyə sovuracağam,
gəlinlərin əlini
xəmir təknəsində
donduracağam”.
Kiçik çillə soyuqluğu və tufanı ilə özündən əvvəlki və sonrakı çillələrdən
seçilir. Ömrü digərlərindən az olsa da,
qış fəslinin
çovğunlu, dondurucu
çağı onun payına düşür.
Elə sərtliyinə görə,
xalq arasında Kiçik çilləyə
çox zaman "qışın oğlan çağı” da deyirlər.
Xeyir-bərəkət bayramı
Xalqımız qədim zamanlardan bugünədək Böyük
çillədə olduğu
kimi, Kiçik çillədə də bayram keçirir. Əski inanclara
görə, Kiçik
çillə yarı
olanda Xıdır Nəbi mərasimi qeyd edilir. Folklorşünaslar bu mərasimin,
demək olar ki, hər yerdə
oxşar olduğunu bildirirlər. "Azərbaycan
etnoqrafiyası” kitabındakı
"Novruz bayramı” məqaləsində Kiçik
çillənin (fevralın)
birinci ongünlüyünün
"Xıdır Nəbi”
adlandırıldığı, bu dövrün qışın ən sərt, çovğunlu, boranlı keçdiyi bildirilir: "Xıdır
girdi, qış girdi, Xıdır çıxdı, qış
çıxdı” atalar
sözü də məhz buradan yaranıb”.
Xalqımızın Novruzqabağı mərasimləri
olduqca maraqlı və zəngindir. Belə ki,
Xıdır Nəbi bayramından sonra Yalançı çərşənbə,
ardınca isə Xəbərçi çərşənbə
və Boz ay gəlir. Novruzqabağı mərasimlər bir-birini
əvəz edir.
Al bayraqlı
Yaz gəlir!
Toplanılan azuqə Kiçik çillədə tükənməyə
başlayır. İlk gündən sərt
üzünü göstərən
Kiçik çillə,
əslində, soyuğu,
qar-çovğunu ilə
bərabər, həm
də buna görə insanları qorxudurdu. Sonunda, gethagetdə isə yenə tufan qoparır...
Qədimdə insanlar bu müddət
sovuşanda sevinirdilər
ki, üzüntülü
soyuğu, dondurucu şaxtası, dəlisov küləkli Kiçik çillə başa çatdı. Böyük çillədə qış yuxusuna getmiş təbiət hələ yuxudan oyanmasa da, yaz
gəlməsə də,
daha qışdan qorxmurdular. Kiçik çillə günlərində,
adətən bununla təsəlli tapırdılar
ki, üzü yaza gedən qışdan qorxmağa dəyməz.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2019.- 9 fevral.- S.7.