“Qış ötürür, yaz bitirir...”
Xalq təqvimi
Xalq təqviminin meydana gəlməsində Azərbaycan ərazisinin coğrafi şəraiti, aranlı-dağlı relyefi, iqlimi, təbii sərvətləri mühüm rol oynamışdır.
Ulu babalarımız əhatəsində
olduğu sirli-sehrli aləmi
həssaslıqla öyrənməklə günədlik təsərrüfat
işlərini, məişət həyatını qurmağa çalışmış, zəruri
maddi nemətlərin əldə
olunmasına can atmış və onlardan səmərəli şəkildə bəhrələnmək
imkanlarını artırmışlar.
Qədim azərbaycanlılar ili hər biri üç aydan ibarət olmaqla dörd dövrə, dörd fəslə - yaza, yaya, payıza (əvvəllər onu küz adlandırırdılar) və qışa bölmüş, bu fəsillərin də hər birinə təbiət səciyyəsi verərək "yaz bitirir, yay yetirir, payız götürür, qış ötürür” - demişlər. Hər fəsli, hər ayı da müxtəlif mərhələlərə bölüb, hər mərhələyə təbiət mövsümləri təsərrüfat işləri ilə bağlı adlar yaraşdırmışlar: əkin ayı, şum ayı, leysan ayı, ağlar-gülər ayı, ilin qızılgül dövrü, köç ayı, qoç ayı, biçin ayı, vay nənə ayı, suvarma ayı, qoradəyən ay, qorabişirən ay, quyruqdondu (quyruq doğdu), elqovan, qızıl payız, məhsul ayı, xəzan ayı, qırov düşən ay, Böyük çillə, Kiçik çillə, Ala-çalpov, Döl ayı və s.
Oğuz
atalar sözlərində deyilir
ki, "Oğuzdan 366 alp qopdu, 24 xas
bəy, 32 səkcək”. Burada ilin, gecə-gündüzü,
ayların zamanına işarə edilir.
Əski Oğuzlar təqvimlə
bağlı bu astronomik
hadisəni insanlaşdırmış, deyim
şəklinə salmış və hər günü
bir apl - igid saymışlar. 24 xas
deməklə gecə-gündüzün 24 saatdan
ibarət olduğunu bildirmişlər.
Belə anlayışlar Azərbaycan şifahi
xalq yaradıcılığında da öz əksini
tapmışdır:
Babamın bir çuxası var, on iki cibi,
Cibin hər birində otuz düymə,
Hər düymənin
bir üzü ağ, bir
üzü qara.
Nümunədəki 12 cib ilin 12 ayına, 30 düymə ayın günlərinə, hər
düymənin ağ və qara üzü
gündüz və gecəyə işarədir.
El-obada ilin dörd fəsli ilə bağlı belə bir tapmaca var:
İrəlidən dörd
qardaş gəlir;
Birinin beli bükülü,
Birinin əli
belli,
Birinin əli güllü,
Biri də dilli-felli.
Bu dörd
qardaş qışa,
yaza, yaya, bir də payıza
işarədir. Göründüyü kimi, fəsillərin
hər birinə əlamətlərin, kəsb
etdikləri xüsusiyyətlərinə
görə ad verilmişdir.
Beləliklə, qədim azərbaycanlılar
əzəli-əbədi dünyanın
sirli-sehrli məqamlarını
uzun müddət müşahidə edib keçirdiyi təcrübələr
əsasında xalq təqvimini yaratmışlar.
Azərbaycan.- 2019.- 9 fevral.- S.7.