428 qanun, 617 fərman, 1055 sərəncam
İlham Əliyevin yeni inkişaf
konsepsiyası sosial dövlət modelinin fundamental əsaslarını
formalaşdırıb
Son 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında tarixi uğurlara imza atan Azərbaycan böyük və şərəfli yol keçib. Prezident İlham Əliyevin dediyi kimi, heç vaxt indiki qədər güclü olmayan Azərbaycan bu gün dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır.
Möhtəşəm iqtisadi
yüksəliş dövrü
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların rifah halını yaxşılaşdırmaqdır. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun "Azərbaycan” qəzetində ötən ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən təhlili məqaləsində qeyd edildiyi kimi, Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasət və Prezident İlham Əliyevin çevik iqtisadi islahatları nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin fundamental əsaslarını formalaşdırıb.
Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin daha da yüksəldilməsini təmin edib.
Məqalədə qeyd edildiyi kimi, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Yəni 15 il ərzində Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövlətinə çevrilib.
Bunu təkcə 15 ilin iqtisadi göstəricilərinə nəzər yetirdikdə aydın görmək mümkündür. Ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye potensialı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə (artıq 45 milyard dollar təşkil edir), kənd təsərrüfatı istehsalının 1,7 dəfə artması tarixi rekorddur.
Bu onu göstərir ki, 15 ildə iqtisadi inkişaf baxımından Azərbaycan qədər inkişaf yolu keçən ikinci ölkə yoxdur. Bu müddət ərzində ölkə iqtisadiyyatına yatırılan 250 milyard dollarlıq sərmayə də bunu bir daha təsdiqləyən faktdır.
Qüdrətli dövlət, etibarlı tərəfdaş
İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, Azərbaycanda indiyədək həyata keçirilən sosial layihələr də dayandırılmayıb. Ölkəmizin təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar isə Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə səbəb olub.
Prezident İlham Əliyevin şəxsi təşəbbüsü, həmçinin Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrin reallığa çevrilməsi, ölkə daxilində mühüm sosial-iqtisadi infrastrukturların inşası, verilən vədlərin vaxtında yerinə yetirilməsi göz önündədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi”, TANAP-ın açılış mərasimləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, dəyəri 6,3 milyard dollar olan "Star” NEZ-in Türkiyədə işə düşməsi Azərbaycanın uğurlarıdır.
Bir vaxtlar elektrik enerjisinə olan tələbatını ixrac qarşılığında təmin edən bir ölkə, eləcə də bir çox layihələrini gerçəkləşdirmək üçün borc alan dövlət bu gün dünyanın əsas enerji ixracatçısı və borc verən ölkəyə çevrilib.
Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət isə Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirməklə yanaşı, qüdrətli dövlət kimi tanınmasını da şərtləndirib.
Dövlət proqramları və uğurlu
göstəricilər
Həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin regionlarında da yüksəliş dövrü yaşanıb. Regionlarda sosial-iqtisadi inkişafa töhfə verən, yeni iş yerlərinin açılmasını təmin edən müəssisələr, zavodlar, fabriklər və digər obyektlər fəaliyyətə başlayıb.
Regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramının icrası nəticəsində 15 min kilometr avtomobil yolu tikilib, 31 yeni elektrik stansiyası inşa olunub, dörd böyük su anbarı tikilib, ölkə üzrə təbii qazla təminat 95 faizə çatdırılıb, 100 mindən çox müəssisə yaradılıb, 17 aqropark fəaliyyətə başlayıb, 15 "ASAN xidmət” mərkəzi yaradılıb, 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, 44 olimpiya mərkəzi yaradılıb.
Bu müddət ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib və 2 milyon iş yeri açılıb.
69 sərəncam, 329 milyon manat vəsait
Yola saldığımız 2018-ci il də regionların sosial-iqtisadi inkişafı baxımından çox uğurlu il olub. Süleyman İsmayılovun məqaləsində qeyd edilir ki, ötən il dövlət başçısının 69 sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 329 milyon manat vəsaitlə 41 şəhər və rayonda abadlıq-quruculuq işləri görülüb, sosial iaşə obyektləri tikilib, 22 şəhər və rayonda əsaslı yenidənqurma işləri aparılb, 13 rayonda yeni təhsil ocaqlarının inşasına başlanıb, 6 rayonda isə yeni yollar və körpülər tikilib.
Prezidentin sərəncamları ilə bir çox sosial obyektlərin tikintisinə, avtomobil yollarının çəkilməsinə və digər məqsədlərə böyük məbləğdə vəsait ayrılıb.
Prezidentin təşəbbüsü ilə 43 regionda 8120 şagird yerlik 140-dan çox modul tipli məktəb quraşdırılıb və qəzalı vəziyyətdə olan bir çox kənd məktəblərinin problemləri həll edilmişdir. Bu il isə 100-dən çox məktəbin tikintisi nəzərdə tutulub.
Ötən il dövlət başçısının 73 sərəncamı ilə avtomobil yollarının tikintisi və yenidən qurulması məqsədilə təqribən 750 milyon manat, o cümlədən ümumilikdə 506 yaşayış məntəqəsini birləşdirən və 1 milyon 163 min insanın yaşadığı kənd və qəsəbə yollarının tikintisi məqsədilə 471 milyon 260 min manat vəsait ayrılıb. Əvvəlki illərdə icrasına başlanılmış işləri də nəzərə alsaq, keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşdırılıb, yeni yollar salınıb, 2,2 milyon insanın yol problemi həll olunub.
Sənayenin
inkişafı, ixracın artımı, yeni iş yerlərinin
açılması
Ötən il ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən layihələr də uğurlu nəticələr verib. Həm ölkədən kənarda, həm də bölgələrdə inşa edilən müəssisə və zavodlar, sənaye məhəllələri və digər obyektlər həm istehsalın həcminin artmasına, həm də yeni iş yerlərinin açılmasına səbəb olub. Ötən il Rusiya, Ukrayna, Latviya, Çin və Polşada Azərbaycan ticarət evləri, Masallı Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Şamaxıda "Şirvan şərabları” MMC-nin şərab zavodu, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, həmçinin İnşaat Kimyəviləri Zavodu, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu və "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, "Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və "Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filiallarının açılması həqiqətən uğurlu göstərici hesab oluna bilər.
Məhz bu müəssisələrin fəaliyyətə başlaması ilə ölkəmizin ixrac potensialı da yüksəlib və ixrac idxalı 8,6 milyard dollar üstələyib.
Xalqın
rifahına xidmət edən fərman və sərəncamlar
Ötən il Azərbaycan Respublikası Prezidentinin xalqın rifahına xidmət edən fərman və sərəncamları, imzaladığı qanunlar böyük rəğbətlə qarşılanıb. Dövlət başçısının 2018-ci ildə imzaladığı 428 qanunun, 617 fərmanın, 1055 sərəncamın əksəriyyəti ölkədə demokratik təsisatların daha da gücləndirilməsinə, idarəetmə strukturlarının təkmilləşdirilməsinə, iqtisadi islahatların davam etdirilməsinə və sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldilib.
Cənab İlham Əliyevin prezident seçkilərindən sonra imzaladığı ilk fərmanın Vətən uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə, onların vərəsələrinə 11 min manat həcmində birdəfəlik yardım göstərilməsi barədə olması da bir daha dövlət başçısının bu kateoriyaya aid insanlara diqqət və qayğısının təzahürü idi. Bu ilin yanvar ayında həmin sərəncama edilən dəyişiklik və Prezidentin şəhid ailələri ilə görüşü deyilənləri bir daha təsdiqlədi.
Ötən 15 il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 6650, təkcə 2018-ci ildə isə nəzərdə tutulandan 3 dəfə çox - 626 mənzil təqdim edilib. Bu il isə bu kateqoriyalardan olan şəxslərə azı 800 mənzil veriləcək.
Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel və 2019-cu il 28 yanvar tarixli fərmanlarına uyğun olaraq, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub, 2018-ci ildə 3099 şəhid hərbi qulluqçunun vərəsələri 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib və ödəmələr növbəti 10 ay ərzində başa çatdırılacaq.
Həmçinin məcburi köçkünlərin problemlərinin həlli dövlətin qarşısında duran prioritet məsələlərdən biridir. 2018-ci ildə məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması davam etdirilərək mənzil və evlərlə təmin olunmuş məcburi köçkünlərin sayı 300 minə çatdırılıb.
Yeni dövlət
proqramı, 17,4 milyard manat vəsait
Bütün bu göstəricilərə
əsasən deyə bilərik ki, ötən illər ərzində həyata keçirilən düzgün
və uğurlu siyasət Azərbaycanın
hərtərəfli inkişafını
təmin edib. Prezident İlham
Əliyevin yeni iqtisadi inkişaf strategiyasının urğurlu
nəticələr verdiyi
göz önündədir.
Hər zaman siyasətinin mərkəzində vətəndaşın
dayandığını deyən
dövlət başçısının
verdiyi vədlərin hər biri reallığa
çevrilir. Bölgələrin
sosial-iqtisadi inkişafını
daim diqqət mərkəzində saxlayan,
mütəmadi olaraq verdiyi tapşırıqların
icrası ilə yerində maraqlanan cənab İlham Əliyevin fərmanı ilə təsdiqlənən
Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı
ilə bağlı Dövlət Proqramı da bir daha
təsdiq edir ki, növbəti 5 ildə də regionların inkişafı
diqqət mərkəzində
olacaq. Elə dövlət proqramında
nəzərdə tutulmuş
işlərin icrasına
əvvəlki proqramdan
da çox - 17,4 milyard manat
vəsaitin ayrılması
da bunu bir
daha təsdiqləyir.
Bütün bunlar onu deməyə əsas yaradır ki, yürütdüyü
müstəqil siyasətlə
ölkəmizi uğurlu
gələcəyə aparan
İlham Əliyevin inkişaf konepsiyası əsasında Azərbaycan
həm bu il, həm
də növbəti illərdə öz uğurlu, dinamik inkişaf tempini nəinki saxlayacaq, onu daha da
möhkəmləndirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 10 fevral.- S.1-2.