TAP Azərbaycan qazını Avropaya
vaxtında çatdıracaq
2018-ci ildə "Cənub qaz dəhlizi”nin reallaşması istiqamətində mühüm addımlar atıldı. May ayında Bakı yaxınlığındakı Səngəçal terminalında layihənin rəsmi açılış mərasimi keçirildi. Buna "Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində qazın əldə olunması və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinin başa çatdırılması imkan yaratdı.
İyun ayında Transanadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə verildi. Beləliklə, "Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü artıq reallaşıb. Dördüncü hissənin - Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi isə uğurla davam edir.
TAP "Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Bu, strateji əhəmiyyətli
bir layihədir, Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək
və enerji təhlükəsizliyinə ciddi
dəstək verəcək.
TAP uzunluğu təxminən
878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri
Albaniyanın ərazisindən,
105 kilometri Adriatik dənizinin altından keçəcək və sonuncu hissəsi İtaliya torpağında
quru sahəyə çıxacaq. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı
şəbəkəsinə birləşdiriləcək.
Artıq İtaliyada TAP-ı qaz şəbəkəsinə birləşdirəcək
kəmərin tikintisinin
vaxtı da açıqlanıb. Bu barədə
ölkənin kütləvi
informasiya vasitələrində
xəbər yayılıb.
KİV "Snam” şirkətinin məlumatına
istinadən bildiriblər
ki, interkonnektor qaz xəttinin tikintisinə bu ilin fevral-mart aylarında başlanılması
gözlənilir. "Snam-TAP” layihəsi üzrə 55 kilometrlik interkonnektor qaz xəttinin çəkilməsi
nəzərdə tutulur.
"Snam” TAP-ın səhmdarlarından
biridir və layihədə SOCAR (20 faiz),
BP (20 faiz), "Fluxys”
(19 faiz), "Enagas”
(16 faiz) və "Axpo” (5 faiz) şirkətləri ilə
tərəfdaşlıq edir.
O, sözügedən layihədə
20 faiz iştirak payına malikdir.
"Snam”
əvvəllər İtaliyanın
"Eni” energetika qrupunun törəmə şirkəti olub. Şirkət təbii qaz infrastrukturunun qurulması üzrə ixtisaslaşıb
və 2017-ci ilin sonuna olan göstəriciyə
görə, bazar kapitalının həcmi
13,953 milyard avro təşkil edib.
Xatırladaq ki, ümumi dəyəri 4,5 milyard avro
olan TAP kəməri ilə ilkin mərhələdə ildə
10 milyard kubmetr qazın nəqli nəzərdə tutulur. Sonrakı illərdə bu həcm artırıla da bilər.
Layihənin İtaliyada
başa çatmasına
baxmayaraq, təbii qazın gələcəkdə
ara keçid
boru kəmərləri
vasitəsilə İsveçrə,
Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə
ötürüləcəyinin mümkün olacağı
istisna edilmir. TAP-ın əhəmiyyəti
həm də ondadır ki, Yunanıstan-Bolqarıstan interkonnektoru
və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.
TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.
Həmin
vaxtdan da tikinti işlərinə başlanıb.
Kəmərin yolu qısa olmadığından və
ayrı-ayrı hissələrinin
fərqli coğrafi şəraitdə yerləşdiyindən
inşaat işləri
də mürəkkəbdir. Belə ki,
marşrut boyu kəmərin ən aşağı hissəsi
dəniz səviyyəsindən
təxminən 820 metr
aşağıda yerləşir.
Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə
çatan zirvələrdən
aşır. Xəttin quru
hissəsində boruların
diametri 48 düym olduğu halda, sualtı hissədə onlar xeyli dar
- 37 düymdür. Beləliklə, tikinti işlərinin mürəkkəbliyi onunla
şərtlənir ki,
digər kəmərlərdən
fərqli olaraq, TAP-ın xeyli hissəsi
suyun altından və dağ zirvələrindən keçir.
Üstəlik, kəmərin bir
sıra yerüstü
obyektləri, məsələn,
ölçmə və
kompressor stansiyaları
da var.
TAP AG şirkətinin
verdiyi məlumata görə, kəmərin
Yunanıstan və Albaniya hissəsində marşrut boyunca xəndəyin 98 faizi artıq qazılıb. TAP layihəsi
üzrə mühəndis,
təchizat və tikinti işləri də daxil olmaqla
işlərin 82,4 faizi icra edilib.
Tikinti meydançalarında işlər
uğurla davam etdirilir. Bu da kəmərin Azərbaycan
qazını Avropaya nəzərdə tutulduğu
vaxtda, yəni gələn il
çatdıracağına zəmanət verir.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 10 fevral.-
S.6.