Minimum əməkhaqqının artırılması əhalinin
rifah halının
yaxşılaşdırılması istiqamətində
növbəti mühüm addımdır
Fevralın 8-də Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq, Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısı cənab İlham Əliyevin bu addımını zəruri edən əsas səbəb odur ki, manatın dəyər itirdiyi və onun səbəb olduğu ikirəqəmli inflyasiyanın baş verməsi nəticəsində 2014-cü ildən indiyədək yaşayşın dəyəri 50 faizədək artıb. Məsələn, 2014-cü ilin yekunlarına görə, rəsmi təsdiqlənən yaşayış minimumunun dəyəri 125 manat idisə, hazırda bu rəqəm 180 manatdır, yəni 55 manat artım var.
Minimum əməkhaqqının bu qədər artırılması dövlətimizin xalqa qayğısının ifadəsidir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaq. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaq. 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Çünki bu, ilin 10 ayını əhatə edəcək. Demək lazımdır ki, minimum əməkhaqqının 50 manat artırılması böyük bir addımdır.
Minimum əməkhaqqının 40 faizə yaxın artırılması ölkə prezidentinin əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, minimum əməkhaqqının bu cür çoxaldılması MDB ölkələrinin heç birində müşahidə olunmur. O da nəzərə alınmalıdır ki, Azərbaycan Prezidentinin qərarı ilə minimum əməkhaqqının məbləği parlament tərəfindən bu yaxınlarda təsdiq olunmuş yaşayış minimumla bərabərləşmiş, ehtiyac meyarı göstəricisini isə 26 faiz üstələmişdir. Beləliklə, minimum əməkhaqqı göstəricisinə görə ölkəmiz MDB-yə daxil olan dövlətlər arasında 7-ci yeri tutmuşdusa, hazırda bir neçə ölkəni qabaqlayaraq 4-5-ci yerdə qərarlaşmışdır. Bu gün minimum əməkhaqqının orta əməkhaqqında payına nisbətdə ölkəmiz MDB məkanında ön sıralardadır. Bu qədər yüksək maaş artımı dünya dövlətlərində çox nadir hallarda olur. Qürurverici haldır ki, Prezident İlham Əliyev bu cür addımları hər il atır.
Artım dövlət sektorunda işləyən 450 min nəfəri əhatə etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi sistemidir və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti pillələr artımla gedir. İkinci pillə 180 manatdan 2,5-3 faiz daha çox, üçüncü pillə isə bundan da çox təşkil edir.
Minimum əməkhaqqının 180 manat müəyyən edilməsi nəinki az maaş alan insanlara, eləcə də vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil ediləcək. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir. Hazırda ölkə üzrə 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Sərəncama əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda da əsas iş yeri və tam iş günü üzrə işləyənlərin əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.
Martın 1-dən
özəl sektor üzrə bütün işəgötürənlər
əmək müqavilələrində müvafiq
dəyişikliklər edərək minimum
əməkhaqqını 180 manata
çatdırmalı və bu dəyişikliyi
əmək müqaviləsi bildirişi
üzrə elektron informasiya
sistemində qeydiyyatdan keçirib
rəsmiləşdirməlidirlər. Bu prosesə
qeyd olunan elektron sistemi vasitəsilə ciddi nəzarət ediləcək. Minimum əməkhaqqını 180 manat
səviyyəsinə çatdırmayanlar
bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə
olan halda da aidiyyəti məsuliyyət tədbirləri
görüləcək.
Prezident İlham Əliyevin imzaladığı sərəncamın
bir müsbət cəhəti də qadınlarla kişilərin
əməkhaqları arasında
olan fərqin azaldılmasına xidmət
etməsidir. Çünki sərəncamın əhatə dairəsi məhz vahid tarif cədvəli üzrə işləyənlərdir
ki, onların da böyük əksəriyyətini qadınlar
təşkil edir.
Vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına
görə qadınların
əməkhaqqında artım
olacaq. Bu gün az maaşla
işləyənlərin bir
çoxu qadınlardır.
Bu sərəncam qadınların əməkhaqqının
və gəlirlərinin
artmasına xüsusi təsir edəcək.
Minimum əməkhaqqının
artırılması ölkə
iqtisadiyyatında çalışan
insanların əməkhaqlarının
artırılmasına və
pensiya fonduna ödənişlərin çoxalmasına
gətirib çıxaracaq
ki, bu da
öz növbəsində
əmək pensiyalarının
əhəmiyyətli dərəcədə
artması deməkdir.
Ölkə rəhbərinin
bu qərarını Milli Məclisdə ratifikasiya edilmiş və minimum əməkhaqqı
ilə bağlı öhdəlikləri ehtiva
edən Dəyişdirilmiş
Avropa Sosial Xartiyasının, eləcə
də Beynəlxalq Əmək Təşkilatının
131 saylı Konvensiyasının
yaxın illərdə
tam həcmdə yerinə
yetirilməsi istiqamətində
atılan mühüm
addım kimi qiymətləndirmək olar.
Hesablamalar göstərir
ki, minimum əməkhaqqının
respublika üzrə orta aylıq əməkhaqqına nisbəti
ötən il 30 faiz təşkil etmişdirsə, hazırda
bu göstərici birdən-birə 10 faizdən
çox artaraq 41 faizə bərabər olmuşdur. Heç şübhə yoxdur
ki, yaxın gələcəkdə ölkə
prezidenti Avropa Sosial Xartiyasında qeyd olunan beynəlxalq
normanın yerinə yetirilməsi üçün
müvafiq qərarlar verəcək.
Əməkhaqqı dövlətin əhalinin həyat səviyyəsi siyasətinin fundamental kateqoriyasıdır
və eyni zamanda əməyin ödənilməsinin səviyyəsi
bu siyasətdən əhəmiyyətli dərəcədə
asılıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan
siyasətin işlənilməsi
və həyata keçirilməsi həmkarlar
ittifaqlarının bilavasitə
iştirakı ilə
baş tutur.
Layiqli əməkhaqqı
uğrunda mübarizə
həmkarlar ittifaqlarının
fəaliyyətində prioritet
yerlərdən birini tutur, gələcəkdə
də AHİK-in və
onun üzv təşkilatlarının işində
real əməkhaqqının əhəmiyyətli dərəcədə
artırılması, onun
vaxtında ödənilməsi,
bu sahədə təbəqələşmənin azaldılması və ayrı-seçkiliyə yol
verilməməsi məsələləri
mühüm yer tutacaqdır. Minimum əməkhaqqının yaşayış
minimumu səviyyəsindən
aşağı olmamaqla
beynəlxalq normalara uyğun təyin edilməsi istiqamətində
səylər davam etdiriləcəkdir.
Cənab Prezidentin bu sərəncamı son illərdə
apardığı sosial
siyasətin tərkib hissəsi olaraq əhaliyə çox böyük töhfəsi
oldu.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının
sədri,
Milli Məclisin deputatı
Azərbaycan.-
2019.- 12 fevral.- S.4.