İlham Əliyevin sosial-iqtisadi inkişaf kursu uğurla reallaşır

 

Ötən 15 ilin qürur doğuran inkişafı müasir Azərbaycanın ən mühüm reallıqlarından biridir. Bu inkişaf isə bütün sahələri əhatə edərək kompleks xarakter daşıyır. Xüsusən iqtisadisosial istiqamətlərdə dövlətimizin nailiyyələri misilsizdir. Yanvar ayında keçirilən Nazirlər Kabinetinin iclası, üçüncü regional inkişaf proqramının yekunlarına həsr olunmuş konfransPrezident İlham Əliyevin şəhid ailələi ilə görüşü göstərdi ki, sosial-iqtisadi inkişaf kursu uğurla reallaşır, dövlətin və insanların mənafeyinə layiqincə xidmət edir.

 

Dövlət öz vətəndaşının qüdrətli dayağıdır

 

Bahar MURADOVA, Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü:

- Bu bir həqiqətdir ki, Azərbaycanda gedən sürətli inkişaf dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edərək bir çox sosial proqram və layihələrdə real əksini tapmaqdadır. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə böyük zəmin yaratmışdır. Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də dövlət qayğısının əhalinin bütün təbəqələrini əhatə etməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən dövlət siyasəti nəticəsində əldə olunan möhtəşəm nailiyyətlər ölkəmizin daha da inkişaf etməsi üçün yeni perspektivlər açmışdır. Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini sosial siyasət təşkil edir. Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialının güclənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur.

Ötən 15 ildə bu sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin etmişdir. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsis. istiqamətlərdə sistemli tədbirlər bu gündavam etdirilirbu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq əhalinin nominal gəlirləri 8,6 dəfə artıb, yoxsulluq səviyyəsi 5,1 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb. Son 15 ildə 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının artırılması bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. Bu ölkədə yüzminlərlə işçinin aylıq maaşının artmasına imkan verəcək.

Əhalinin daha həssas qruplarına, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Bütün zəruri infrastruktura malik olan 102 müasir qəsəbə salınaraq 300 mindən çox qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Ünvanlı sosial yardımların verilməsindən tutmuş yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir.

Dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş dəyərli soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər ölkə rəhbərinin şəhidlərin ruhuna sonsuz ehtiram hissindən, ailələrinə böyük qayğısından qaynaqlanır. Ötən müddət ərzində bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, o cümlədən 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. Cari ildə həmin vətəndaşlara 800-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır və təsadüfi deyil ki, 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra cənab İlham Əliyevin imzaladığı ilk fərman da bu sahəyə şamil olunmuşdur. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli fərmandan ötən müddətdə 3100 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmə həyata keçirilmiş, 6444 nəfər üçünsə bu davam etdirilir. Prezident İlham Əliyevin bu ilin yanvar ayının 28-də imzaladığı digər fərmanla isə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi 12268 şəhidin vərəsələrinə şamil olunur.

Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərmanlar onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən ən humanist addımlardan biridir. Azərbaycan vətəndaşları Prezidentin bu qərarını ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının xatirəsinə olan ehtiramın, onların ailə üzvlərinə diqqət və qayğının zaman keçdikcə daha da artmasının əyani təsdiqi kimi dəyərləndirir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident sarayında şəhid ailələri ilə görüşmələri onlara göstərilən yüksək diqqətin və ehtiramın bariz nümunəsidir.

Bütün bunlar onu göstərir ki, sosial qayğıya ehtiyacı olan insanlarımızla bağlı həyata keçirilən dövlət siyasətinin başlıca qayəsi Azərbaycan vətəndaşlarının daha rahat və təminatlı şəraitdə yaşamalarını təmin etməkdir. Bu siyasət insanlarımızın, xüsusilə də gənclərimizin vətənpərvərlik və dövlətçilik ruhunda böyümələrinə, ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı qorunmasına əlavə stimul yaratmaqla, dövlətin öz vətəndaşının qüdrətli dayağı olduğuna inamını qətiləşdirir.

 

Qürur doğuran inkişaf

 

İqbal MƏMMƏDOV, Milli Məclisin deputatı:

- Siyasi, iqtisadi və hərbi böhranların səngimədiyi çağdaş dövrümüzdə ili yüksək ovqatda və inkişaf göstəriciləri ilə başa vurmaq hər bir dövlətə müyəssər olmur. Tənəzzül, geriləmə və sosial rifahın daha da pisləşməsi dünyanın bir çox ölkələrinin üzləşdiyi reallıqlardır. Bu gerçəkliyi çox uzaqlarda yox, elə Azərbaycana yaxın coğrafiyada yerləşən ölkələrdə də görmək mümkündür.

Azərbaycan dünya birliyinin üzvüdür, iqtisadiyyatımız dünya iqtisadiyyatına inteqrasiya edib. Və fəxarət hissi ilə deməliyik ki, respublikamız geridə qoyduğumuz 2018-ci ili də inkişaf göstəriciləri ilə başa vurdu. Prezident İlham Əliyevin uzaqgörən siyasi və iqtisadi kursu ötən ildə də olduqca böyük və möhtəşəm uğurların əldə edilməsini şərtləndirdi. Bəzi faktlara nəzər yetirməklə Azərbaycanın ötənilki siyasi və iqtisadi nailiyyətlərinin miqyasını və sanbalını görə bilərik.

2018-ci il ölkəmizin ictimai-siyasi həyatında yubileylər və seçki ili kimi də qaldı. Belə ki, xalqımız mühüm əlamətdar tarixlərin və hadisələrin - ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini, Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd etdi. Silahlı Qüvvələrimizin yaranmasının və Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü münasibətilə keçirilən hərbi paradlar ordumuzun və bütövlükdə dövlətimizin qüdrətinin nümayişi oldu. Ötən il Naxçıvandakı Günnüt qələbəsi isə bir daha göstərdi ki, Ali Baş Komandanı İlham Əliyev olan Azərbaycan Ordusu qarşısında dayanan bütün vəzifələri layiqincə yerinə yetirməyə qadirdir.

Təbii ki, ötən ilin ən mühüm siyasi hadisəsi aprelin 11-də keçirilən prezident seçkiləri oldu. Xalqımız, seçicilərimiz bu seçkidə də ən layiqli namizədi dəstəklədilər, cənab İlham Əliyevin ətrafında birləşməklə inkişafın davamlı olmasına, daha qüdrətli Azərbaycana səs verdilər. Xalqımız daxili inamına söykənərək ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətin müəllifinə - cənab İlham Əliyevə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə olmadığını göstərdi. Prezident seçkilərinin nəticəsi həm də bir daha təsdiq etdi ki, xalqımız Heydər Əliyev yolunun davamına alternativ görmür.

2018-ci il həm də Prezident İlham Əliyevin müəllifi olduğu möhtəşəm infrastruktur layihələrin icrasının başa çatması ilə əlamətdar oldu. Ötən ilin may ayının sonlarında "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi göstərdi ki, ulu öndərin əsasını qoyduğu enerji siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dövləti istənilən qlobal layihəni həyata keçirməyə qadirdir. Həm də bütün dünya gördü ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müəyyən etdiyi vəzifələri vaxtında yerinə yetirən, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir.

Bundan bir neçə gün sonra isə "Cənub qaz dəhlizi”nin əsas seqmentlərindən olan TANAP kəmərinin açılışı oldu. Təməli 2015-ci il martın 17-də qoyulan layihə üzrə bütün işlər vaxtında yerinə yetirildi. Eyni zamanda ötən il Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun istifadəyə verilməsi də Azərbaycanın böyük uğurudur. Çünki bu zavod Azərbaycanın, SOCAR-ın sərmayəsi ilə tikilib, ərsəyə gətirildi və buradan əldə olunan gəlirdən həm Azərbaycan, həm də Türkiyə qazanacaq. Ötən il istifadəyə verilən başqa bir möhtəşəm ünvan isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi oldu. Bir daha təsdiq olundu ki, Azərbaycan ən mürəkkəb infrastruktur layihələrini həyata keçirmək imkanlarına malikdir.

Bu cür infrastruktur layihələrini həyata keçirən Azərbaycanın 2018-ci ildəki iqtisadi nailiyyətləri də təqdirəlayiqdir. Görünən odur ki, bir neçə il öncə Prezident İlham Əliyevin başlatdığı yeni iqtisadi islahatlar öz bəhrəsini verir və ölkəmizdə xüsusən qeyri-neft sektorunda ciddi artım var. Bu islahatlar çərçivəsində həyata keçirilən yeni sosial-iqtisadi inkişaf strategiyası 2018-ci ildə milli iqtisadiyyatımızın bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət nəticələrin əldə edilməsi ilə müşayiət olunub, makroiqtisadi göstəricilər nəzərəçarpacaq dərəcədə artıb.

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ilin iqtisadi nailiyyətləri ətraflı müzakirə edilib. Dövlət başçısının qeyd etdiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu olub, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib. Prezident İlham Əliyevin diqqətə çatdırdığı əsas iqtisadi göstəricilər də ötən ilin inkişaf dövrü olduğunu göstərir. Belə ki, ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri açılıb.

Yanvarın 29-da keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans isə ölkəmizin daha möhtəşəm inkişaf mənzərəsini ortaya qoydu. Belə ki, müşavirə regionların inkişafına dair üçüncü proqramın icrasının başa çatmasına həsr olunsa da, orada səslənən rəqəmlər son 15 ildə ölkəmizin hansı inkişaf yollarından keçdiyini göstərdi. Bu dövrdə ümumi daxili məhsul 3,3 dəfə, sənaye potensialı 2,6 dəfə artıb. Valyuta ehtiyatları 24 dəfə artaraq hazırda 45 milyard dollar təşkil edir. Bu illərdə ölkəyə ümumilikdə 250 milyard dollar sərmayə qoyulub, 100 mindən çox müəssisə yaradılıb, 15 min kilometr avtomobil yolu çəkilib. Əlbəttə, əldə olunan uğurlar sosial sahəyə də mühüm təsir edib. Belə ki, ötən 15 ildə - maaşlar 7, pensiyalar 9 dəfə artıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. 3 mindən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. 650-yə yaxın tibb müəssisəsi tikilib və yenidən qurulub, 44 olimpiya mərkəzi yaradılıb.

Bütün bu rəqəmlər kifayət qədər sanballıdır və Azərbaycanın ötən 15 illik inkişaf salnaməsinin göstəriciləridir. Lakin cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, əldə edilmiş uğurlar bizi arxayınlaşdırmamalıdır. Artıq Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiq edib. Bununla bağlı imzalanan fərmandan göründüyü kimi, regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi qarşıdakı illərdə də prioritet olacaq.

Sözsüz ki, yeni dövlət proqramının hədəfləri də yenidir. Bu isə o deməkdir ki, qarşıda Azərbaycanda keyfiyyətcə yeni, indikindən də fərqli inkişaf tendensiyaları müşahidə olunacaq. Başqa cür də o bilməz. Çünki müəllifi İlham Əliyev olan inkişaf kursu Azərbaycana yalnız və yalnız yüksəliş, dinamik iqtisadi nailiyyətlər və yüksək sosial rifah bəxş edir.

Bir məsələni də qeyd edim ki, Prezident İlham Əliyevin sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği artırılaraq martın 1-dən 180 manat müəyyən edildi. Bu ölkədə həyata keçirilən uğurlu sosial siyasətin təsdiqi olmaqla yanaşı, həm də iqtisadi inkişafın göstəricisidir. Ölkənin artan iqtisadi gücü ilk növbədə vətəndaşların sosial rifahının gücləndirilməsinə xidmət edir.

 

Rəşad Cəfərli

 

Azərbaycan.- 2019.-12 fevral.- S.4.