Davamlı və
sabit regional inkişafın möhkəm təməli
Bölgələrin
sosial-iqtisadi yüksəliş mərhələsinin
başlamasından 15 il ötür
İnkişaf etmiş
dövlətlərin təcrübəsi göstərir ki,
iqtisadiyyatın sabitliyini qorumaq üçün regional
inkişafda tarazlılığın, tarixi məşğulluq
ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir.
Son 15 ildə hökumətin
iqtisadi siyasətində regional inkişaf məsələlərinə
xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə
yönəlmiş dövlət proqramlarının, fərman
və sərəncamların yüksək dinamizmlə həyata
keçirilməsi məhz bu reallığa əsaslanır. Bu həm də
onunla şərtlənir ki, milli iqtisadiyyatın daha da
inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin
yerinə yetirilməsi regionların inkişafının
sürətləndirilməsini, habelə sosial-iqtisadi problemlərin
həllində sahibkarlığın rolunun
artırılmasını, regionlarda müasir infrastrukturun
yaradılmasını tələb edir. Son
15 ildə məhz regionların sosial-iqtisadi inkişafına
göstərilən yüksək diqqət və
qayğının nəticəsi olaraq respublikamız ictimai həyatın
bütün sahələrində çoxşaxəli islahatlar
aparan və investisiya cəlbedicililyini qoruyan ölkələrdən
biri kimi tanınır.
Dünyanın mötəbər
"beyin mərkəzi” sayılan Davos Forumunun 2018-ci il
üçün hesabatında Azərbaycanın rəqabət
qabiliyyətliliyinə görə 35-ci, "Doing Business”
hesabatında 25-ci yerdə qərarlaşması həyata
keçirilən islahatların səmərəliliyinin bariz
göstəricisidir.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının yekunları ilə bağlı bir müddət
əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə keçirilən konfrans
respublikamızın dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. Bu konfransda
vurğulanmışdır ki, qeyri-neft sektorunun dinamik
inkişafı sahəsində əldə olunan nəticələr
uğurlu təməlini regionların sosial-iqtisadi
inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən
götürür. Dövlət başçısı cənab
İlham Əliyev ötən 15 il müddətində
sosial ədalət prinsipinin qorunması baxımından
respublikanın hər bir bölgəsinin - potensial və
imkanlar nəzərə alınmaqla - proporsional
inkişafını vacib saymış, bu istiqamətdə
sistemli və ardıcıl tədbirlər həyata
keçirməyi hökumətin mühüm vəzifələrindən
biri kimi müəyyənləşdirmişdir.
Məlumdur ki, Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra iri şəhərlərin
daha sürətlə inkişaf etməsi, rayonların və kəndlərin
isə tərəqqi prosesindən geridə qalması kimi
neqativ tendensiya ilə üzləşmişdi. Paytaxt və
digər böyük şəhərlərin, iri
yaşayış massivlərinin kənd, rayon və qəsəbələrə
nisbətən daha sürətlə inkişaf etməsinə
təkcə postsosialist dövlətlərində deyil,
ümumilikdə bütün inkişaf etmiş dövlətlərdə
rast gəlinir. Dövlət
başçısı dəfələrlə bildirmişdir
ki, urbanizasiya prosesi - şəhərlərə yüksək
axın hazırda bütün dövlətləri
qayğılandıran və ciddi fəsadlarla müşayiət
olunan qlobal problemdir. Cənab İlham Əliyev 2003-cü
ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın,
demək olar ki, bütün rayonlarına səfər edərək
bölgələrdə yaşayan vətəndaşları
maraqlandıran problemlərlə yaxından tanış
olmuş, onları qayğılandıran
çatışmazlıqların kompleks həllinə ehtiyac
olduğunu bildirmişdir.
Problemin miqyasını və Azərbaycan
üçün aktuallığını nəzərə alan Azərbaycan Prezidenti cənab İlham
Əliyev hələ Nazirlər Kabinetinin 17 noyabr 2003-cü ildə
keçirilmiş ilk iclasında regionların tarazlı və
davamlı inkişafını hökumətin
qarşısında başlıca vəzifələrdən
biri kimi müəyyənləşdirmişdir. Bu
zaman o prinsip də önə çəkilmişdir ki,
dövlət hansı iqtisadi-coğrafi zonada yaşamasından
asılı olmayaraq, hər bir vətəndaşının
sosial-mədəni və intellektual yüksəlişinə
çalışmalıdır. Bu, ilk
növbədə, cəmiyyətdə sosial ədalət
prinsipinin qorunması baxımından vacibdir.
Ölkə rəhbərinin 11 fevral
2004-cü il tarixdə imzaladığı
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı”nın təsdiq edilməsi barədə” fərman
da, ilk növbədə, regionların qeyri-proporsional
inkişafının qarşısını almağa xidmət
edən təkmil konsepsiya olmuşdur. İnkişaf
etmiş dövlətlərin təcrübəsi göstərir
ki, məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi
təmin olmadıqda hər hansı inkişafdan söhbət
gedə bilməz. İmzalanmasının
15-ci ildönümü tamam olmuş Dövlət Proqramı
regional inkişafdakı fərqi aradan qaldırmaq
baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd
olmuşdur. Proqram regionlarda
sahibkarlığın inkişafını sürətləndirməklə,
oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi
resurslardan kifayət qədər səmərəli istifadə
etməklə iqtisadiyyatın dinamik inkişafı, əhalinin
məşğulluğunun artırılması, yoxsulluğun
səviyyəsinin azaldılması məsələlərini
özündə ehtiva edirdi. Bölgələrdə
yaşayan vətəndaşların zəruri arzu və istəkləri,
eləcə də onları illərdən bəri narahat edən,
qayğılandıran sosial problemlərin həlli fərmanda
dolğunluğu ilə əksini tapmışdı.
Birinci proqram regional inkişafdakı kəskin fərqin aradan
qaldırılması, yerlərdə sosial-infrastruktur layihələrinin
həyata keçirilməsi, sahibkarlığın
inkişafı baxımından vacib, əlahiddə əhəmiyyətli
sənəd olmuş, bu mükəmməl konsepsiyanın icra
vəziyyəti ilə bağlı hər il
hökumətin müşavirələri keçirilmişdir.
Təsadüfi deyildir ki,
2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafında əsaslı
dönüş mərhələsi kimi qiymətləndirilir. Bu mərhələdə
regionların inkişafında mühüm rolu olan
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
inşası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat
dəhlizlərinin yaradılması kimi mühüm layihələr
başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmiryolunun
inşasına başlanmış, Azərbaycan regionun
mühüm iqtisadi güc mərkəzinə
çevrilmişdir. 2003-2008-ci illərdə
həmçinin, Naxçıvan, Gəncə, Lənkəran
və Zaqatala şəhərlərində müasir standartlara
cavab verən yeni hava limanları tikilmişdir.
Elektrik enerjisi ilə təminatın
yaxşılaşdırılması üçün 7-si
regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik
stansiyasının tikintisi başa
çatdırılmışdır. Təbii qazla təchizatın
yaxşılaşdırılması sahəsində
görülmüş işlərin nəticəsi olaraq 13
illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına
təbii qazın verilməsi bərpa olunmuş, Lerik,
Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri
ilk dəfə, Ağcabədi, Beyləqan rayonları,
Ağdam rayonunun Quzanlı qəsəbəsi və digər
rayonlar təbii qazla təmin edilmişdir.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev 2004-2008-ci illərdə Quba-Xaçmaz,
Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran,
Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına
daxil olan şəhər və rayonların sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə
olaraq 17 sərəncam imzalamışdır. Birinci Dövlət
Proqramının uğurlu icrası nəticəsində
ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində
yüksək artım əldə edilmiş, sosial-iqtisadi
inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi əhalinin həyat səviyyəsinin
yüksəlməsində mühüm rol
oynamışdır.
Dövlət
başçısı regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramında nəzərdə
tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi
üçün 2009-2013-cü illəri əhatə edən
yeni proqramın hazırlanmasını da diqqət mərkəzində
saxlamışdır. Cənab İlham Əliyev belə bir sənədin
hazırlanması zərurəti ilə bağlı
demişdir ki, qarşıda duran vacib vəzifələrdən
biri məhz Azərbaycanın regionlarında
formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına
çatdırılmasıdır.
Prezident İlham Əliyevin 14 aprel
2009-cu il tarixli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın əsas məqsədi bu sahədə
həyata keçirilən siyasətin davamı olaraq ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaq idi.
İkinci Dövlət Proqramı regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün kompleks
tədbirlər müəyyənləşdirməklə
yanaşı, iş adamlarının fəaliyyəti
üçün də yaxşı imkanlar
açmışdır.
Ölkə rəhbərinin
2014-cü il 27 fevral tarixli sərəncamı
ilə "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın təsdiq edilməsi regionların
inkişafı sahəsində 2004-cü ildən
başlanmış tədbirlərin uğurlu davamına təminat
yaratmışdır. Dövlət Proqramı ölkədə
makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq
fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə
və iş yerlərinin yaradılması, irimiqyaslı
infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal
xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin
rifah halının daha da yaxşılaşdırılması
və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri
özündə ehtiva etmişdir.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkədə
qeyri-neft sektorunun və regionların inkişafına xidmət
etmişdir.
Proqramda müəyyənləşdirilmiş məqsədlərə
nail olunması üçün regionlarda infrastruktur təminatının,
o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının
daha da yaxşılaşdırılması təmin
edilmişdir. Eyni zamanda, ixracyönümlü və
rəqabətədavamlı məhsul istehsalı istiqamətində
sahibkarlığın inkişafının sürətləndirilməsi,
əhalinin, xüsusilə kənd əhalisinin məşğulluq
səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin
azaldılması kimi mühüm vəzifələr nəzərdə
tutulmuşdur.
2014-2018-ci illərdə orta illik
inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul
səviyyədə saxlanılması; vergi və gömrük
dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi;
kənd təsərrüfatı məhsulları
istehsalçılarının stimullaşdırılması
tədbirlərinin davam etdirilməsi; taxıl
istehsalının artırılması və rəqabət
qabiliyyətinin gücləndirilməsi;
istehsalçıların ixrac yönümlü fəaliyyətinin
stimullaşdırılması; ümumi daxili məhsulda
qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin
xüsusi çəkisinin yüksəldilməsi və digər
məsələlər diqqət mərkəzində
olmuşdur.
Son dərəcə əhatəli,
sistemli və məqsədyönlü səciyyə
daşıyan dövlət proqramı qazanılmış
uğurlu nəticələrin son beş
ildə də qorunub saxlanılması və inkişaf etdirilməsi,
respublikamızın perspektiv inkişaf hədəflərinin dəqiq
müəyyənləşdirilməsi, ümumi potensialın
regional inkişaf tədbirlərinə yönəldilməsi
baxımından əlahiddə əhəmiyyət kəsb
etmişdir. Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın
dinamik inkişafını daha da sürətləndirmiş,
regionlara göstərilən diqqət və qayğı hərtərəfli
inkişaf və tərəqqi üçün etibarlı zəminə
çevrilmişdir.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev proqramın yekunları ilə bağlı
demişdir: "Azərbaycan regionlarının sosial-iqtisadi
inkişafı proqramlarının qəbul edilməsi mənim
2003-cü ildə prezident seçkiləri ərəfəsində
verdiyim vədlərimdən biri idi. O vaxt demişdim ki, əgər
Azərbaycan xalqı mənə etimad göstərərsə,
ilk növbədə, regionların inkişafı ilə məşğul
olacağam, bölgələrdə olan problemlərin həlli
işində öz səylərimi əsirgəməyəcəyəm.
2004-cü ilin fevral ayında birinci proqram qəbul
olundu və bu gün müzakirə etdiyimiz proqram sayca
üçüncüdür.
Beləliklə,
görülmüş işlər haqqında danışanda əlbəttə
ki, biz son 15 il ərzində yerinə
yetirilmiş işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə,
həm də dəyişən, abadlaşan şəhərlərdə
özünü göstərir. Son 15 il ərzində Azərbaycan
iqtisadiyyatı dünya miqyasında rekord templərlə
inkişaf etmiş, ümumi daxili məhsul 3,3
dəfə artmışdır. Bir daha demək
istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir.
Sənaye istehsalı 2,6 dəfə
artmışdır. İxracımız 4,7
dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və
bu gün 45 milyard dollar təşkil edir. Yəni,
bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni
zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin
inkişafına böyük vəsait qoyulmasına baxmayaraq,
biz öz valyuta ehtiyatlarımızı 24 dəfə
artıra bilmişik. Bu, bizə imkan verir
ki, gələcəyə çox böyük ümidlərlə
baxaq. Azərbaycan iqtisadiyyatı bu gün
dayanıqlı iqtisadiyyatdır”.
Regional inkişaf tədbirləri
son 15 ildə Azərbaycanda güclü sahibkarlar sinfinin
yaranmasına da yeni təkan vermişdir. Möhtərəm
Prezidentin dəfələrlə bəyan etdiyi kimi, bazar
iqtisadiyyatı yolunu seçmiş hər bir ölkənin
sabit və davamlı inkişafında sahibkarlar sinfinin, özəl
sektorun rolu misilsizdir. Xatırlatmaq yerinə düşər
ki, hələ 2004-cü ilin 2 fevral tarixində Bakı Biznes Mərkəzində
yerli sahibkarlarla görüşən dövlət
başçısı onları narahat edən məsələləri
diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini,
iş adamlarına gələcəkdə də lazımi
köməyi göstərəcəyini bəyan etmişdir.
Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara
süni maneələrin yaradılması, hüquq mühafizə
orqanlarının iş adamlarının fəaliyyətinə
müdaxiləsi hallarını pisləmiş, bu münasibət
konkret qərarlarla müşayiət olunmuşdur.
Antiinhisar fəaliyyətinin gücləndirilməsi,
"Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramının (2004-2006-cı illər) təsdiqlənməsi,
ədliyyə və məhkəmə sistemində aparılan
islahatlar, biznes subyektlərinin qeydiyyatı və lisenziya
sisteminin sadələşdirilməsi, yerlərdə regional
iqtisad məhkəmələrin yaradılması və s. kimi
tədbirlər də bunun əyani təcəssümü
olmuşdur. Kiçik və orta
sahibkarlığın güzəştli kreditlərlə
maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə
yersiz müdaxilələrin qarşısının
alınması, özəl sektorda inkişafa mane olan problemlərin
həlli istiqamətində mühüm addımlar
atılmışdır. Dövlət
başçısı iqtisadiyyatın
liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən
azad olunması, özəl sektorun dəstəklənməsi,
sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində
ciddi addımlar atmış, verdiyi bütün vədlərə
sadiqlik nümayiş etdirmişdir.
Son 15 ildə Azərbaycanda
sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının
sadələşdirilməsi, bu sahədə müasir
informasiya kommunikasiyaların mütərəqqi yeniliklərinin
tətbiqi istiqamətində kompleks tədbirlər həyata
keçirilmiş, "e-xidmətlər”in geniş tətbiqi
biznes mühitinin daha da yaxşılaşdırılmasına
səbəb olmuşdur.
Xatırlatmaq lazımdır ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin hələ 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan
Respublikasında sahibkarlığın inkişafı ilə
bağlı bəzi tədbirlər haqqında” fərman bu
istiqamətdə mühüm sənədlərdən
olmuşdur. Belə bir fərmanın imzalanması
o dövrə qədər çoxpilləli biznesə
başlamaq sahəsində mövcud problemlərin həlli,
eyni zamanda, süründürməçilik hallarının
aradan qaldırılması sahəsində, sözün əsl
mənasında, fundamental dəyişikliklərə yol
açmışdır. Bu məqsədlə
fərmanda vahid kodlaşdırmanın aparılması, biznes
strukturlarının "bir pəncərə” - vahid qeydiyyat
orqanı tərəfindən qeydə alınması məsələləri
əksini tapmışdı. Həmçinin
fərmanda biznes strukturlarının fəaliyyəti
üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma
və bərpa işlərinə icazə verilməsi
prosedurlarının sadələşdirilməsi, tikintinin
ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin
aradan qaldırılmasına geniş imkanlar
açılması kimi məsələlər əksini
tapmışdır.
Ötən illərdə
sahibkarlıq subyektlərinin "bir pəncərə” prinsipi
üzrə qeydiyyat sisteminin tətbiqi, habelə bu sahədə
elektron xidmətlərin genişləndirilməsi
sahibkarlıq fəaliyyəti subyektlərinin
qeydiyyatının dinamikasına müsbət təsir
etmişdir. Həyata keçirilmiş bu islahatlar hüquqi şəxslərə
və fərdi sahibkarlara vergi orqanına getmədən internet
vasitəsilə vergi uçotuna dayanma imkanı
yaratmışdır. Bu sistemin tətbiqindən
sonra Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli
dərəcədə yüksəlmiş,
sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi
istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirilmişdir.
Dövlət
başçısının 2010-cu il
aprelin 13-də imzaladığı "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların nizama salınması və
istehlakçıların hüquqlarının
qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər
haqqında” fərmanı sahibkarların fəaliyyətinə
qanunsuz müdaxilələrin qarşısının
alınması baxımından mühüm addımlardan
olmuşdur. Fərman əsasında 2011-ci il
mayın 1-də "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların vahid məlumat reyestrinin forması və
aparılması qaydası haqqında Əsasnamə” təsdiq
edilmiş və bu sənəddən irəli gələn vəzifələrin
icrası Ədliyyə Nazirliyinə həvalə
olunmuşdur.
Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid reyestrinin yaradılması bu sahədə
dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsinə,
yoxlamaların tənzimlənməsi vasitəsilə
sahibkarların hüquqlarının qorunmasına, sui-istifadə
hallarının qarşısının alınmasına xidmət
etmişdir. İlk növbədə, yoxlamaların yalnız
müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata
keçirilməsinin mümkünlüyü vacib şərt
kimi qarşıya qoyulmuşdur.
Sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid qaydalarının müəyyənləşdirilməsi
və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə
qanunsuz müdaxilələrin qarşısının alınması
məqsədilə hələ 2013-cü il
2 iyul tarixində "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilmiş və 2014-cü
il martın 1-dən qüvvəyə minmişdir. Qanun yoxlayıcı orqanlar tərəfindən
sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə
gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə,
o cümlədən araşdırmalar, müayinələr,
monitorinqlər, müşahidələr, təftişlər,
nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və
digər bu cür tədbirlərə şamil edilir.
Dövlət
başçısının 2014-cü il
3 mart tarixli "Sahibkarlığın inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” fərmanı
da bu sahədə ötən illərdən
başlanmış islahatların mütərəqqi
davamını təmin etmişdir. Fərman Azərbaycanda
biznes mühitinin daha da yaxşılaşdırılması və
ən qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi
istiqamətində mühüm tədbirlərin həyata
keçirilməsinə geniş imkanlar
açmışdır. Fərmanla müəyyənləşdirilmiş
vəzifələr aidiyyəti dövlət qurumları ilə
birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə
geniş islahatların aparılmasına imkan
yaratmışdır.
Azərbaycan Prezidentinin 19 oktyabr
2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin
xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin
sayının azaldılması, xüsusi razılıq
(lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi
və şəffaflığının təmin edilməsi
haqqında” fərmanının əhəmiyyəti də
xüsusi qeyd olunmalıdır. Sözügedən
fərmanla sahibkarlıq fəaliyyətinin xüsusi
razılıq (lisenziya) tələb olunan bütün növləri
üzrə (dövlət təhlükəsizliyindən irəli
gələn hallar istisna olmaqla) xüsusi razılıq
(lisenziya) verilməsi bilavasitə Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə
həvalə edilmişdir. Nazirlik xüsusi
razılıq (lisenziya) verilməsi xidmətinin "ASAN xidmət”
mərkəzlərində həyata keçirilməsini təmin
edir.
"Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın yekunları ilə
bağlı keçirilən konfransda dövlət
başçısı cənab İlham Əliyev görülən
işlərin davamı olaraq sayca
dördüncü regional inkişaf proqramının
hazırlandığını diqqətə
çatdırmışdır: "Bütövlükdə
isə deməliyəm ki, ilkin hesablamalara görə,
regionların sosial-iqtisadi inkişafına dair
dördüncü Dövlət Proqramının icrası
üçün ən azı 17 milyard manatdan çox vəsait
nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6
milyard manatı özəl sektor tərəfindən indi icra
edilən və hazırlığı gedən layihələrə
investisiya şəklində qoyulacaq. Dövlət
tərəfindən təxminən 13 milyard manata yaxın
kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə
ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm
ki, bu rəqəm daha böyük olacaq. Çünki
əvvəlki üç proqramın icrası bunu göstərir.
Çünki üç proqramın hər biri
artıqlaması ilə icra edilmişdir. Əminəm
ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək.
Nəzərə almalıyıq ki, indi bizdə
investisiya iqlimi daha əlverişlidir. Mən
giriş sözümdə qeyd etdim ki, Dünya Bankı
"Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə
layiq görüb”.
Regional inkişaf tədbirləri
çərçivəsində qarşıya qoyulmuş ən
başlıca amil insan amilinin bütün sahələrdə
ön planda olması, vətəndaşların sosial rifah
halının, həyat səviyyəsinin daha da yüksəldilməsi,
işsizlik, yoxsulluq probleminin həlli, hüquq və mənafelərinin
qorunmasıdır. Son 15 ildə sosial sahədə həyata
keçirilmiş tədbirlərin miqyası da həddindən
artıq böyükdür. Sadəcə
onu demək kifayətdir ki, son illərdə keçmiş
ittifaq respublikaları arasında ilk dəfə məhz Azərbaycanda
vətəndaşların sovet dövründən banklarda
qalmış əmanətlərinin ədalətli şəkildə
qaytarılması təmin edilmişdir. Ölkəmizin
sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə
olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin
maliyyə imkanlarının artması bu əmanətlərin
qaytarılmasına imkan verməklə yanaşı, həm də
Azərbaycan Prezidentinin vətəndaşlara yüksək
qayğısının real təzahürü olmuşdur.
Hazırda respublikamızda həyata
keçirilən sosial siyasətin əsas prioritetlərindən
biri bu sahədə inkişaf indekslərini Avropa Sosial
Xartiyasının tələblərinə
uyğunlaşdırılması, sosial hüquqların
etibarlı müdafiəsi mexanizminin
formalaşdırılmasıdır. Bu meyarlar dövlət
başçısının sərəncamı ilə təsdiq
olunmuş "2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə
sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi;
aztəminatlı ailələrin maddi imkanlarının
yaxşılaşmasına yönəlik sosial layihələrin
davam etdirilməsi; sosial sistemin təkmilləşdirilməsi
məqsədi ilə islahatların həyata keçirilməsi;
sosial təminat və pensiya sisteminin daim yenilənən
müasir tələblərə
uyğunlaşdırılması ilə bağlı prioritetlər
müəyyənləşdirilmişdir.
Bütün bunlar təsdiqləyir
ki, son 15 ildə inkişaf göstəricilərinə görə
dünya miqyasında lider mövqelərini qoruyub saxlamağa
müvəffəq olmuş Azərbaycanda həyata keçirilən
siyasət bütün çalarları ilə məhz insan
amilinin yüksəlişinə xidmət edir. Cənab İlham Əliyevin
təşəbbüsü və rəhbərliyi altında
ölkədə işsizlik probleminin həlli, yeni sosial
infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə,
rabitə müəssisələrinin qısa müddət ərzində
tikilərək istifadəyə verilməsi, yeni yolların,
su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi
son nəticədə Azərbaycan insanının mədəni-intellektual
səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi
dəyərlərin cəmiyyətimizdə əsas meyara
çevrilməsinə xidmət göstərir.
Dövlət
başçısının son bir ayda qəbul etdiyi qərarlar
onun insan və vətəndaş amilinə, eləcə də
sosial sifariş meyarına necə yüksək həssaslıqla
yanaşdığının əyani göstəricisidir. Qısaca demək kifayətdir
ki, möhtərəm Prezidentin müvafiq fərmanı ilə
1997-ci il avqustun 2-dək ərazi bütövlüyümüz
uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar
xəbərsiz itkin düşdüyünə görə
ölmüş elan edilmiş hərbi qulluqçuların ailə
üzvlərinə sosial müdafiələrinin
yaxşılaşdırılması məqsədilə 11 min
manat məbləğində birdəfəlik ödəmənin
edilməsi, Şamaxı və digər rayonlarda zəlzələ
nəticəsində zərər çəkmiş vətəndaşların
problemlərinin həlli ilə bağlı operativ tədbirlərin
həyata keçirilməsi bunun əyani göstəricisidir.
Təkcə onu demək lazımdır ki, bu günlərdə
minimum əməkhaqqının 130 manatdan 180 manata - təxminən
50 faizədək artırılması Azərbaycanda həyata
keçirilən siyasətin sosialyönümlü mahiyyətini
bir daha təsdiqləmişdir. Bu artımla
dövlət sektorunda çalışan vətəndaşların
məvaciblərinin 30, özəl sektorda çalışan vətəndaşların
məvaciblərinin isə 20 faizlik artımı təmin ediləcəkdir.
Bu sərəncam ümumilikdə 1 milyondan
çox vətəndaşın rifahının yüksəlməsinə
təsirini göstərəcəkdir.
Xüsusi vurğulamaq istərdim
ki, regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu
gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən
olan Sumqayıt şəhəri dinamik inkişaf edir,
müasirləşir. Cənab İlham Əliyevin son illərdə
dəfələrlə Sumqayıtda olması, şəhərin
problemləri, qayğıları, nailiyyətləri ilə
yaxından maraqlanması, istehsal və sənaye
potensialının inkişaf etdirilməsi ilə bağlı
dəyərli tövsiyələrini verməsi də şəhərə
yüksək diqqətin bariz təzahürüdür.
Ümumilikdə, son illər sosial infrastrukturun müasirləşdirilməsi,
əhaliyə yüksək keyfiyyətli xidmətlərin
göstərilməsi, bu zaman qabaqcıl təcrübənin nəzərə
alınması, insanların istirahəti üçün
yüksək şəraitin yaradılması şəhər
rəhbərliyinin yenilikçi iş üslubunun əyani
göstəricisi kimi diqqəti çəkir. Bu
kontekstdə Sumqayıtda insan amilini əsas tutan bir sıra
qlobal layihələrin uğurla reallaşdırıldığını
da xüsusi qeyd etmək lazımdır. Abadlıq-quruculuq
tədbirləri çərçivəsində son 4 ildə
şəhər ərazisindəki əksər park və
meydanların yenidən qurulması əhalinin asudə
vaxtının səmərəli təşkili
baxımından mühüm əhəmiyyətə malikdir.
Nəticədə bu gün Sumqayıt şəhəri
istər yaşayış məkanı, istərsə də ərazi-təsərrüfat
kompleksi və ictimai iqlim zonası kimi, respublikanın iqtisadi və
siyasi həyatında mühüm yer tutur. Şəhərin
böyük sənaye potensialına malik olduğu artıq
dünya miqyasında qəbul olunur və yüksək dəyərləndirilir.
Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Son illərdə möhtərəm Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cənubi Qafqazda analoqu olmayan Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Parkı və digər müəssisələr yaradılmışdır. Bütün bunlar həm də çoxlu sayda yeni iş yerlərinin açılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olmuşdur.
Ötən 15 ilin təhlili deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.
Qüdrət KƏRİMOV,
"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru
Azərbaycan.-
2018.- 12 fevral.- S.1; 5.