“Çarəsiz
idim, birdən qapı açıldı, içəri
İLHAM ƏLİYEV daxil oldu...”
Şamaxılıların
dar günündə imdadlarına çatan PREZİDENT qəzalı
mənzillərin yerində indi möhtəşəm evlər
tikdirir
(Əvvəli
ötən sayımızda)
Şimal bölgəsində təbii fəlakətin baş verdiyi ilk günlərdən ölkənin aidiyyəti strukturları zəlzələnin fəsadlarının aradan qaldırılması üçün qüvvələrini tam səfərbər ediblər.
Prezident İlham Əliyevin Şamaxıya səfəri və zəlzələdən stress keçirmiş insanlara böyük təsəlli verməsi bir daha göstərdi ki, hər zaman vətəndaşlarının yanında olan dövlət başçısı baş verən istənilən ekstremal hadisə zamanı onların üzərindən diqqət və qayğısını əsirgəmir.
Bunu zəlzələdən evləri qəzalı duruma düşən, hazırda isə müvəqqəti olaraq sığınacaqlarda yerləşdirilən sakinlər də bizimlə söhbətlərində təsdiqlədilər.
Möcüzə
sayəsində 9 nəfər ailə üzvümüz sağ
qaldı
Təbii fəlakət Şamaxı rayon Salman Mümtaz küçəsindəki 33 nömrəli evə də ciddi zərər vurub. Mənzildə yaşayan Həsənovlar ailəsi artıq müvəqqəti sığınacaqda yerləşdiriliblər. Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan xüsusi komissiya ilə Şamaxı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının birgə rəyinə əsasən, ailəyə məxsus ikimərtəbəli 5 otaqlı evin 2 otağı tamamilə dağılıb. Ev qəzalı vəziyyətdədir.
Prezident İlham Əliyev də bu ünvana baş çəkib, ev sahibəsi 92 yaşlı Saray Eyvazova ilə görüşüb təsəlli verərkən bildirmişdi ki, onlar üçün yeni ev tikiləcək.
Şamaxıya səfərimiz çərçivəsində müvəqqəti olaraq başqa bir evdə yerləşdirilən bu ailəyə baş çəkib vəziyyətləri ilə maraqlandıq.
Öncə fevralın 5-də gecə saatlarında baş verən zəlzələni xatırlayan Saray Eyvazova həm də Prezidentlə maraqlı dialoqunun təəssüratlarını bizimlə bölüşdü:
- Gecə idi. Hamımız, 9 nəfər bir otağa yığışmışdıq. Birdən hər yer titrəməyə başladı. Oğlum bayırda idi. Qışqırdı ki, zəlzələdi evdən tez çıxın. Mən də güclə tərpənirəm. İşıqlar da söndüyü üçün özümüzü itirdik. Biz olan otaqdan başqa digərlərinin divarları uçub tökülmüşdü. Birtəhər güc-bala ilə həyətə çıxa bildik. Bu, Allahın möcüzəsiydi ki, sağ qaldıq...
Gecə olsa da, rayon rəhbərliyi bizə baş çəkib təskinlik verdi. Səhərə kimi çox narahat olduq. Tezdən gəlib hər tərəfə baxdılar. Gördülər ki, otaqlar tamam dağılıb. Əşyalarımızı çıxartmağa kömək etdilər. Dedilər ki, sizi başqa evdə müvəqqəti yerləşdirəcəyik. Sağ olsunlar, rahatlığımızı təmin elədilər. Sağ qalmışıq, bu günümüzə şükür...
Ürəyim
dağa döndü
Fevralın 7-də uçub-dağılmış mənzilin həyətində əyləşib öz-özünə təskinlik verən ağbirçək deyir ki, həmin gün Allaha inandığı kimi, Prezidentin gəlişinə, onlara dəstək olacağına da inanıb.
- Həyətdə oturub fikirləşirdim. Öz-özümə deyirdim ki, kaş İlham Əliyev indi gəlib dadımıza çata. Çarəsiz idim, bir də gördüm ki, qapı açıldı, gələn Prezident idi. Əvvəl dağıntıya baxdı. Sonra mənə tərəf gəlməyə başladı. Dedim qoca olsam da durum ayağa öpüm gözlərindən. Qurban olum gələn ayaqlarına... Atası kimi hər zaman xalqına qayğı göstərir. Ona görə də insanlar Prezidentə güvənirlər, inanırlar.
Əlləri ilə çiynimdən tutub dedi ki, qalxma. Əyilib üzümdən, gözlərimdən, əlimdən öpdü. Qayıtdım ki, bəs, Mehriban xanım hardadı? Dedi ki, xanımım yeni eviniz tikiləndə gələcək. Prezident buraya bizə dəstək olmağa gəldiyini söylədi və dedi ki, narahat olmayın, eviniz yenidən tikiləcək. Ürəyim dağa döndü. Belə Prezident heç bir yerdə yoxdur. İlham Əliyevə canım qurban! Əsl vətənpərvərdi, qayğıkeşdi...
Hər zaman nümunə göstərən
Prezidentimiz var
Həsənovlar
ailəsi Prezidentin onlara verdiyi mənəvi dəstəyi
çox yüksək dəyərləndirir. Ailənin
üzvləri Rasim, Hicran və Sevda Həsənovlar bu diqqət
və qayğıya, köməyə görə hər zaman
dövlət başçısına minnətdar
olacaqlarını dedilər.
- Biz həqiqətən
çox həyəcanlı anlar yaşadıq. Amma Prezident
İlham Əliyevin bizimlə görüşməsi, təskinlik
verməsi qəlbimizdə iftixar hissi yaratdı. Bir daha əmin
olduq ki, tək deyilik. Arxamızda dövlət və onun rəhbəri
var. Hər zaman vətəndaşın yanında olan dövlət
başçısı təəssübkeşliyi,
qayğıkeşliyi ilə nümunə göstərir. Elə
buna görə də xalq onu dəstəkləyir.
Hər
zaman dövlət başçısına güvənən Həsənovlar
ailəsi hesab edir ki, bütün bunlar Azərbaycan Prezidentinin
15 il ərzində həyata keçirdiyi siyasətin məntiqi
təzahürüdür. Ailə üzvlərinin səmimi
fikirlərini dinlədikdən sonra sağollaşıb
ayrılırıq.
Sakinlər Fövqəladə Hallar
Nazirliyinin əməkdaşlarından razılıq edirlər
Fövqəladə
Hallar Nazirliyinin xüsusi komissiyasının rəhbəri
Kamran Əliyevin müşayiəti ilə müxtəlif
küçələrdəki qəzalı evlərin
söküntü prosesini izləyirik. Sakinlərlə söhbətdə
onlar FHN-in nəzarəti altında aparılan bu prosesdən
razılıq etdilər. Səttar Bəhlulzadə
küçəsindəki Vüqar Teyfurova məxsus 10 nömrəli
birmərtəbəli kürsülü evin otaqlarından biri
tamamilə dağılıb.
Ev sakini
Nazir Teyfurov bizimlə söhbətində bildirdi ki, zəlzələ
baş verərkən evdə 4 nəfər olublar. Ancaq
xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Çaşqınlıq içərisində olsalar da
Prezidentin məhəlləyə gəlişi, hər zaman
yanlarında olduğunu söyləməsi onları qürurlandırıb:
- Zəlzələ
hər kəsə həyəcan hissi yaşatmışdı.
Evimizin bir otağı tamamilə dağılmışdı
və xüsusi komissiyanın nümayəndələri gəlib
baxış keçirdilər. Sonra dağıntı, qəza
ilə bağlı rəy verildi. Fevralın 7-də isə
Prezident İlham Əliyev həyətimizə gələrək
bizimlə görüşdü. Öncə evə dəymiş
ziyanla tanış olan dövlət başçısı bizə
dəstək üçün gəldiyini, eyni zamanda bizimlə
qürur duyduğunu söylədi.
Prezidentin
bütün qəzalı evlərin qısa müddət ərzində
bərpa ediləcəyini söyləməsi, sakinlərlə
səmimi söhbəti bizi çox ürəkləndirdi.
Şəxsən
mən və ailə üzvlərimiz İlham Əliyevə
çox minnətdarıq. Çünki bir daha əmin olduq
ki, ən böyük himayədarımız, dəstəkçimiz
Prezidentdir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından
da razıyıq. Bütün problemlərimizin həllinə
onlar yardımçı olurlar.
Mükəmməl örnək,
yüksələn etimad
Bəli,
bütün bunlar bir daha təsdiqləyir ki, İlham
Əliyevin təbii fəlakətdən dərhal sonra
Şamaxıya səfərinin ən mühüm məqamı
yalnız zəlzələnin fəsadlarını yerindəcə
öyrənmək deyildi. Bu səfər ümumilikdə
Prezidentin idarəçilik fəlsəfəsinin real təcəssümü
idi. Bütün bunları görən Azərbaycan xalqı məhz
humanist, qayğıkeş, insansevər addımlarına
görə İlham Əliyev siyasətinin dəstəkçisidir.
Şamaxıda
baş verən zəlzələnin fəsadları demək
olar ki, aradan qaldırılmaq üzrədir. Artıq
söküntü prosesi başa çatıb. Son məlumata
görə rayonda - yeni mənzillər inşa olunaraq qısa
zamanda sahiblərinə təhvil veriləcək.
Vətəndaş
mənafeyinə həssas münasibətin nümunəsini
yaradan Prezident İlham Əliyevin Şamaxıda insanlarla görüşləri,
söhbətləri, yerindəcə verdiyi
tapşırıqları və Bakıya
dönüşündə bu barədə
imzaladığı sərəncam hər bir ölkə vətəndaşının
dövlət başçısına olan etimadını daha
da artırdı. Bu addımı ilə dövlət
başçısı həm də əsl liderlik örnəyi
göstərdi.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 13 fevral.- S. 1; 5.