Prezidentin islahatlar kursunu parlament tam dəstəkləyir
"Türkiyə Böyük Millət Məclisi tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan
parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələri
buraxılıb. Həmin xatirə pulları Milli Məclisin
bütün deputatlarına hədiyyə kimi təqdim edilib.
Buna görə Türkiyə Böyük Millət
Məclisinin Sədri Binəli Yıldırıma təşəkkürümüzü
bildiririk”.
Milli Məclisin
dünənki iclasına bu sözlərlə başlayan
parlamentin Sədri Oqtay Əsədov həmçinin Prezident
İlham Əliyevin sərəncamı ilə Sosial Tədqiqatlar
Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi
münasibətilə deputat Zahid Orucu həmkarları
adından təbrik etdi.
Xalqa xidmət nümunəsi
Dünənki iclasın gündəliyinə müzakirə
olunmaq üçün 32 məsələ daxil edilmişdi. Bununla belə,
Oqtay Əsədov cari məsələlərin müzakirəsi
üçün də vaxt ayırdı.
Parlamentin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə
mübarizə komitəsinin sədr müavini deputat Aydın
Mirzəzadə bildirdi ki, ötən həftə ölkə
həyatında ciddi və diqqəti cəlb edən hadisələr
oldu: "Prezident İlham Əliyev respublikanın şimal
bölgəsində baş verən zəlzələnin fəsadlarının
aradan qaldırılması üçün ciddi göstəriş
verdi. Fevralın 7-də isə
Prezident zəlzələ bölgəsinə gedərək
sakinlərlə görüşdü. Bu,
xalqa xidmət nümunəsinin bariz təcəssümü
idi”.
Deputat Əli Məsimli söylədi ki, prezident
seçkilərindən sonra Azərbaycanda struktur
islahatlarının yeni mərhələsi başlayıb. Bu islahatlar
xalq tərəfindən dəstəklənir. Prezidentin minimum əməkhaqqının 130 manatdan
180 manata qaldırılması ilə bağlı sərəncam
imzalaması da yüksək qiymətləndirilməlidir.
Parlamentin
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
isə dedi ki, Azərbaycanda elə həftə yoxdur ki,
Prezident tərəfindən sosial məqsədlərə xidmət
edən sərəncam imzalanmasın. Belə
addımlardan biri də minimum əməkhaqqının
artırılması ilə bağlı sərəncamdır.
Bu sərəncamla əhalinin böyük hissəsi əməkhaqlarında
hissolunacaq dərəcədə fərqi görəcəklər:
"Prezidentin sərəncamı müstəqillik
dövründə ilk belə addımdır. Bu,
gələcəkdə əməkhaqlarının
artırılmasına imkan yaradacaq. Vahid
tarif cədvəlinin 19 qrafasında əməkhaqları
hissolunacaq dərəcədə dəyişəcək”.
Komitə sədrinin fikrincə, 2007-ci ildə
yaşayış minimumu 64, minimum əməkhaqqı isə
50 manat olub. 2017-2018-ci ildə isə yaşayış minimumu
173, minimum əməkhaqqı 116 manat idi. Ancaq bu il minimum əməkhaqqı yaşayış
minimumuna çatdırıldı. Bu, əhalinin
sosial rifah halının
yaxşılaşdırılmasına yönəlik
mühüm addımdır.
İqtisadiyyatın və xalqın
sosial rifahına xidmət edən qərarlar
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Siyavuş Novruzov vurğuladı ki, Prezident İlham
Əliyev tərəfindən atılan addımların hər
biri təqdirəlayiqdir. Dövlət başçısının qərarları
nəticəsində həm sosial təminat, həm də xidmət
strategiyasının inkişafı təmin edilir ki, bu da nəticə
etibarı ilə ölkə iqtisadiyyatının inkişafına
və xalqın sosial rifahına xidmət edir:
"Prezidentin tapşırığı ilə əhalinin
sosial müdafiəsi məsələsi bir daha
araşdırıldı və mühüm addımlar
atıldı.
Lakin Azərbaycan əleyhinə işləyən
qüvvələr, əhalini aldatmağa
çalışanlar bu məsələni öz adlarına
çıxmaq istəyirlər. Halbuki
dövlət başçısı çoxdan bu məsələ
ilə bağlı tapşırıq vermişdi. Minimum əməkhaqqı ilə bağlı uzun
müddət idi ki, araşdırma aparılırdı. Bütün ölkələrin təcrübəsini
öyrəndikdən sonra bu istiqamətdə də
mühüm addım atıldı”.
Komitə
sədri onu da vurğuladı ki, xaricdə şər-böhtan
kampaniyası aparanlar minimum əməkhaqqının
artırılması ilə bağlı dövlət
başçısının imzaladığı sərəncama
kölgə salmağa çalışırlar: "Ona
görə də deputatlar seçiciləri ilə
görüşlərdə dövlətin atdığı
addımları geniş şərh etməlidirlər. Prezident İlham Əliyev xalqın problemlərinin
aradan qaldırılması üçün
tapşırıqlar verir. Gənclərin
müxtəlif dövlət vəzifələrinə təyinatı
dövlət başçısının gənclər siyasətinə
önəm verdiyini göstərir. Hər
birimiz əsgər kimi bunları ictimaiyyətə
çatdırmalıyıq. Bu, dövlətin,
Prezidentin strategiyasıdır, kiminsə göstərdiyi təzyiqin
nəticəsi deyil”.
Dövlət hər zaman vətəndaşının
yanında olub
Milli Məclis Sədrinin müavini Bahar Muradova
çıxış edərək öncə TBMM və onun rəhbərliyinə
təşəkkürünü bildirdi. O vurğuladı ki, Azərbaycanın
ən azı son 100 illik tarixini götürsək, onun
bütün məqamlarında xalqımızın əsas
gündəm məsələsi müstəqil dövlət,
ayaqda duran respublika və bu dövlətin yaratdığı
şərait nəticəsində azad, sərbəst, rifah
içərisində yaşayan vətəndaş cəmiyyəti
qurmaq idi: "Bizim əleyhdarlarımızın məqsədi
isə gündəmi dəyişmək, diqqəti əsas məqsəddən,
bizi ölkəmizin qüdrətli dövlətə
çevirmək istiqamətindən yayındırmaq olub”.
Bahar Muradovanın fikrincə, Azərbaycanla Ermənistan
arasında ötən ilin sonundan və bu ilin əvvəlindən
danışıqlar prosesində müəyyən hərəkətlənmə
müşahidə olunmaqdadır. Həm beynəlxalq təşkilatların
vasitəçilərinin, həm ayrı-ayrı ölkələrin,
həm də Azərbaycan və Ermənistan prezidentlərinin
bəyanatlarında əksini tapan məqamlar müəyyən
qədər ümidlənməyə imkan verir: "Ortaya
çıxan bu meyillər bir daha düşünməyə
vadar edir. Biz həll etmək
iqtidarımızı və qüdrətimizi nə qədər
artırırıqsa, bunun qarşısını almaq istəyən
dairələr o qədər səylərini və cəhdlərini
artırırlar”.
Bahar
Muradova dedi ki, Azərbaycan dövlətinin öz vətəndaşının
yanında olması heç zaman şübhə
doğurmayıb və bu, ardıcıl məqsədyönlü
siyasətdir: "Biz bunun içərisindəyik, əksini
söyləyənlər də bunu görürlər. Amma təbii ki, məqsəd başqadır. Onların istəyi gündəmi dəyişməkdir.
Biz bunları nəzərə alaraq diqqətimizi
əsas məqsədimizə yönəltməliyik, ölkə
Prezidentinin müəyyən etdiyi siyasəti dəstəkləyib
onun yanında olmalıyıq”.
Sonra gündəlikdəki məsələlərin
müzakirəsinə başlanıldı.
Bir sıra bələdiyyələrin
işində nöqsanlara və qanun pozuntularına yol verilib
İlk olaraq bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqanın illik
məruzəsi dinlənildi. Sənədi ədliyyə
nazirinin müavini, II dərəcəli dövlət ədliyyə
müşaviri Vilayət Zahirov təqdim etdi.
Sənəddə
göstərilir ki, ötən il bələdiyyə
aktlarının vaxtında təqdim edilməsi üzərində
inzibati nəzarətin gücləndirilməsi
üçün bir sıra tədbirlər görülüb.
Ölkə üzrə 72535 bələdiyyə
aktı hüquqi ekspertizadan keçirilib. Onlardan
69775 akt qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktlara uyğun olmayan 2403 aktın dəyişdirilməsi
və ya ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə
təkliflər verilib. Bu təkliflər əsasında bələdiyyələr
tərəfindən 979 akt ləğv edilib, 1031 akt dəyişdirilib,
qalan 384 akt isə baxılmaqdadır.
Bələdiyyələrin 143 vəzifəli şəxsləri
barəsində inzibati xəta haqqında protokol tərtib edilərək
məhkəmələrə göndərilib. Həyata
keçirilən tədbirlərə baxmayaraq, bələdiyyələrin
fəaliyyətində bir sıra nöqsanlar, o cümlədən
torpaq və maliyyə qanunvericiliyinin pozulması, bələdiyyə
iclasının səlahiyyətlərinə aid məsələlər
üzrə təkbaşına qərarlar qəbul edilməsi
hallarına hələ də yol verilir. Törədilən
cinayət əməlləri də daha çox belə
pozuntularla bağlıdır. Vergi və
ödənişlərin uçotu, yığımı
yaxşılaşsa da, bu sahədə də problemlər
qalmaqdadır. Mədən vergisi ödəyicilərinin,
mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən
şəxslərin uçotdan yayınmasına da yol verilir.
Bələdiyyələr öz təminatları
ilə bağlı addımlar atmalıdırlar
Müzakirələr
zamanı ilk çıxış edən Milli Məclisin
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə
bildirdi ki, son illərdə bələdiyyə üzvlərinin
bilik səviyyələrinin artırılması, beynəlxalq əlaqələr və digər məsələlər
üzrə çox ciddi işlər görülüb.
Bütün bunlar isə olduqca vacib məsələlərdir:
"Hesab edirəm ki, biz bələdiyyələrin mövqelərini
gücləndirmək üçün əlimizdən gələn
hər şey etməliyik”.
İctimai
birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş
Novruzov dedi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti
ilə bağlı kifayət qədər işlər
görülür. Qanundan kənara
çıxan bələdiyyələrlə bağlı
ölçü götürülür. İldən-ilə
bu proses daha da təkmilləşir: "Artıq 15 ildən
çoxdur ki, Azərbaycanda bələdiyyələr fəaliyyət
göstərirlər. Bələdiyyələrin
özündə yeni baxış sistemi
formalaşmalıdır. Bəziləri həddindən
artıq səlahiyyət istəyir, bəziləri isə səlahiyyətlərini
yerinə yetirmir, başqa məqsədlər uğrunda iş
aparır. Bələdiyyələr öz təminatları
ilə bağlı addımlar atmalıdırlar”.
Siyavuş Novruzovun fikrincə, bu gün bələdiyyə
məktəbləri, bağçaları, iaşə obyektləri,
klub və kinoteatrları yoxdur. Ancaq elə bələdiyyələr
var ki, onlara milyon manatdan artıq subsidiya verilib. Bu məbləğlə
elektron kitabxana, kompüter mərkəzləri açmaq
mümkündür: "Növbəti bələdiyyə
seçkilərinə qədər bir neçə məsələ
- onların saylarının azaldılması, bələdiyyə
sədrlərinin seçkili olması və bələdiyyələrin
gəlir gətirməsi mexanizmi hazırlanmalıdır”.
Deputatlardan
Əli Məsimli, Qüdrət Həsənquliyev, Kamran
Bayramov, Çingiz Qənizadə, Qənirə Paşayeva,
Fazil Mustafa çıxış edərək həm məruzə,
həm də bələdiyyələrin fəaliyyəti ilə
bağlı fikirlərini səsləndirdilər.
Parlament milli maraqlara xidmət edən
sənədləri təsdiqlədi
Gündəlikdəki
3 sənəd - "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində
təhlükəsizlik sahəsində əməkdaşlıq
haqqında” Sazişə Xəzər dənizində mütəşəkkil
cinayətkarlıqla mübarizədə əməkdaşlıq
üzrə”, "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində
təhlükəsizlik sahəsində əməkdaşlıq
haqqında” Sazişə Xəzər dənizində
terrorçuluqla mübarizədə əməkdaşlıq
üzrə” və "2010-cu il 18 noyabr tarixli "Xəzər
dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq
haqqında” Sazişə Sərhəd
orqanları arasında əməkdaşlıq və
qarşılıqlı fəaliyyət üzrə” Protokolun təsdiq
edilməsi haqqında qanun layihələri parlamentə bir məktubla
daxil olub.
Sənədlərlə
bağlı məlumat verən Milli Məclis Sədrinin birinci
müavini, Müdafiə, təhlükəsizlik və
korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət
Əsgərov bildirdi ki, hər 3 sənəd Azərbaycanın
milli maraqlarına xidmət edir. Sənədlər
səsə qoyularaq qəbul edildi.
İclasda
"Xəzər dənizinin hüquqi statusu haqqında”
Konvensiyanın, "Xəzəryanı dövlətlərin
hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq
haqqında” Sazişin, "Xəzər dənizində
insidentlərin qarşısının alınması
haqqında” Sazişin və "Xəzəryanı dövlətlərin
hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq
haqqında” Sazişin təsdiq edilməsi barədə qanun
layihələri də təsdiqləndi.
Deputatlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
Birgə Bəyanatının təsdiq edilməsi haqqında,
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan
Hökuməti arasında Azərbaycan Respublikası və
Türkmənistan ərazilərindən keçməklə həyata
keçirilən beynəlxalq daşımalar
iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi
haqqında”, "Azərbaycan Respublikası Hökuməti ilə
Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit
və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan
Birgə Komissiyasının yaradılması haqqında”,
"Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan
Hökuməti arasında sərmayələrin təşviqi
və qarşılıqlı qorunması haqqında”, "Azərbaycan
Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti
arasında gəlirlərə və əmlaka görə
vergilərə münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması haqqında”, "Azərbaycan
Respublikası və Türkmənistan arasında keçirilən
mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat
mübadiləsinin təşkili barədə Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi ilə
Türkmənistanın Dövlət Gömrük Xidməti
arasında” sazişlərin təsdiq edilməsi haqqında
qanun layihələrini də təsdiqlədilər.
"Valyuta
tənzimi haqqında”, "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında”,
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” və "İcra
haqqında” qanunlarda dəyişiklik edilməsi barədə
qanun layihələri də qəbul edildi.
Vəkilliyə qəbulla
bağlı məhdudiyyət aradan qaldırılır
Müzakirəyə
çıxarılan "Hərbi vəzifə və hərbi
xidmət haqqında”, "Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan
Respublikasının qanunlarında, Azərbaycan
Respublikasının Cəzaların İcrası və
İnzibati Xətalar məcəllələrində dəyişiklik
edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də
təsdiq edildi.
"Vəkillər
və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsi haqqında (birinci
oxunuş) parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat
verdi. Dəyişikliyə əsasən,
Azərbaycanda vəkil olmaq istəyən şəxslərə
yazılı test imtahanında müvəffəqiyyət
qazanmadıqda yenidən ixtisas imtahanında iştirak etmək
imkanı verilir. Layihədə o da göstərilir
ki, vəkil olmaq istəyən şəxslər yazılı
test mərhələsi və şifahi müsahibədən
ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə
keçməlidirlər. Yazılı test imtahanında
müvəffəqiyyət qazanmayan şəxsə yenidən
ixtisas imtahanında iştirak etmək imkanı verilir.
İxtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə
tutulur.
Layihə müzakirələrdən sonra səsverməyə
çıxarılaraq qəbul edildi.
"Gənclər siyasəti
haqqında” qanunda ciddi dəyişikliklər edilir
İclasda həmçinin "Gənclər siyasəti
haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi (birinci oxunuş) müzakirəyə
çıxarıldı. Layihə barədə
məlumat verən Milli Məclisin Gənclər və idman
komitəsinin sədri Ülvi Quliyev bildirdi ki, ölkədə
gənclər siyasəti uğurla həyata keçirilir.
Bu sahəyə dövlət tərəfindən
böyük diqqət və qayğı göstərilir, bu
istiqamətdə mükəmməl qanunvericilik bazası
mövcuddur. Dəyişikliklər bu sahədə
hüquqi bazanın müasir tələblərə
uyğunlaşdırılması məqsədi ilə
aparılıb. Layihəni zəruri edən
dövlət başçısının müvafiq sərəncamları
ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi
2011-2015-ci illərdə”, "Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramları üzrə
Tədbirlər Planlarıdır. Bu sənədlərdə
gənclər siyasətinin həyata keçirilməsinin səmərəliliyinin
daha da artırılması istiqamətində qanunvericilik
bazasının təkmilləşdirilməsi nəzərdə
tutulur. Bununla əlaqədar qanunun 9 maddəsinə
26 adda dəyişikliklər təklif olunur.
Sənədin
əsas anlayışlar siyahısına gənclər siyasətinin
məqsəd və prinsipləri, gənclərin mənəvi-əxlaqi
tərbiyəsi və mədəni həyatda iştirakı,
onların sağlamlığının qorunması və
fiziki inkişafı, məşğulluğunun təmin edilməsi,
gənc ailələrə, gənclər təşkilatlarına
dövlət yardımı, gənclər siyasətinin həyata
keçirilməsinin maddi və maliyyə təminatı ilə
bağlı maddələrinə bir sıra vacib əlavələr
edilib.
18 yaşınadək şəxslərlə
bağlı "təhlükəsiz internet” mexanizmi
yaradıla bilər
Qanuna dəyişikliklərdə, həmçinin
göstərilir ki, Azərbaycanda 18 yaşınadək şəxslərə
tütün məmulatları və spirtli içkilərin
satışına, onların idman mərc oyunlarında
birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.
Həmin
dəyişikliklərdə təklif edilir ki, müvafiq icra
hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin
mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və
psixi sağlamlığına təhlükə yaradan zərərli
informasiyalardan qorunmasını təmin etmək
üçün "təhlükəsiz internet” mexanizminin
yaradılmasını təmin etməlidir. Bununla
yanaşı, onlar arasında zərərli vərdişlərə
qarşı təbliğat aparılır və sağlam həyat
tərzi ilə bağlı maarifləndirmə həyata
keçirilir.
Müzakirələr
zamanı çıxış edən deputatlardan Elmira
Axundova, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Qənirə
Paşayeva, Cavid Osmanov fikir və təkliflərini səsləndirdilər.
Sənəd birinci oxunuşda səsverməyə
çıxarılaraq qəbul edildi.
Bütün çap məhsulları
üzərindən əlavə dəyər vergisinin
götürülməsi vacibdir
"Kitabxana
işi haqqında” qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsinin müzakirəsi zamanı Mətbuat
Şurasının sədri, deputat Əflatun Amaşov təkliflə
çıxış etdi: "Bəzi ölkələrdə
çap məhsulları bütün növ vergilərdən
azaddır. Təklif edirəm ki, ümumiyyətlə
bütün çap məhsulları - qəzet, jurnal, kitab
istehsalı və ölkəyə gətirilməsi üzərindən
ƏDV götürülsün. Nəzərə
alaq ki, gələcək elmə, biliyə söykənir.
İstərdim ki, gələcəyimiz naminə
bunu unutmayaq”.
Deputatlar,
həmçinin "Patent haqqında”, Əmək Məcəlləsi
və Cəzaların İcrası Məcəlləsində dəyişiklik
edilməsi haqqında, "Dövlət rüsumu haqqında”,
"Əmtəə nişanları və coğrafi göstəricilər
haqqında” (hamısı ikinci oxunuş) qanunlarda dəyişiklik
edilməsi barədə qanun layihələrinə də
müsbət münasibət bildirdilər.
Dövlət gerbi və himni ilə
bağlı sənədlər təsdiqləndi
"Azərbaycan
Respublikasının Dövlət gerbinin istifadəsi
qaydaları haqqında” və "Azərbaycan
Respublikasının Dövlət himninin istifadəsi
qaydaları haqqında” qanun layihələri barədə
(ikinci oxunuş) komitə sədri Əli Hüseyni məlumat
verərək dedi ki, ilk oxunuşda deputatların əksəriyyəti
müxtəlif təkliflər səsləndiriblər. İkinci oxunuşda bu təkliflərin əksəriyyəti
nəzərə alınıb.
9 maddədən ibarət olan ilk qanun layihəsində
Dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər
müəyyənləşdirilib. Layihəyə əsasən,
Dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli
və nəzərdə tutulan qaydada istifadə edilməlidir.
Dövlət gerbinin oturulan, ayaq basılan və
natəmiz yerlərə vurulması və ya həmin yerlərdə
təsvir edilməsi qadağandır.
İkinci sənəd də 9 maddədən ibarətdir
və Azərbaycan Dövlət himninin ifa edilməsi,
oxunması və dinlənilməsi qaydalarını müəyyən
edir. Vətəndaşlar üçün Dövlət
himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə
dair tələblər də müəyyən edilib. Məsələn:
himn ayaq üstə və sona qədər oxunmalıdır,
yox, əgər oxunmursa, ayaqüstə sona qədər dinlənilməlidir.
Himn ifa edilən zaman Azərbaycanın Dövlət
bayrağı qaldırılarsa, Dövlət bayrağına
tərəf baxılmalıdır və.s.
Hər iki layihə səsverməyə
çıxarılaraq ikinci oxunuşda qəbul edildi.
Gündəliyin sonuncu məsələsi - "Azərbaycan
Respublikası Milli Məclisinin komitələri haqqında”
qanunda dəyişiklik edilməsi barədə layihə də
deputatlar tərəfindən müsbət qiymətləndirildi
və bununla da parlamentin dünənki iclası başa
çatdı.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 13 fevral.- S. 1;
4.