Leyla ABDULLAYEVA: “Ermənistanın baş nazirinin bəyanatlarından
onun mövqeyini anlamaq mümkün deyil”
Ermənistanın baş naziri bu gün ölkə parlamentində çıxışında Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda hər zaman iştirak etdiyini və bu icmanın mövqeyini Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyini söyləyib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bununla bağlı KİV-ə açıqlama verib.
O qeyd edib ki, Ermənistan baş nazirinin bu gün çıxışında Dağlıq Qarabağın azərbaycanlı icmasının danışıqlarda iştirakı məsələsindən bəhs etməsi, dünən onun mətbuat katibinin Dağlıq Qarabağın erməni icmasını Azərbaycan vətəndaşları adlandırması düzgün yanaşmadır. Dağlıq Qarabağ və ətraf bölgələrin Azərbaycanın beynəlxalq tanınmış ərazisinin tərkib hissəsi olduğunu, hazırda bu torpaqların Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını və bu ərazilərdə məskunlaşan erməni icmasının üzvlərinin Azərbaycan vətəndaşları olduğunu bütün beynəlxalq ictimaiyyət tanıyır.
"Baş nazir Paşinyan səsləndirdiyi bəyanatlarla mövcud vəziyyəti daha da gərginləşdirməyə deyil, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də son bəyanatlarında vurğuladıqları kimi, münaqişənin həlli istiqamətində nəticəyə yönəlik danışıqlara zəmin yaratmalıdır. Ermənistan baş nazirinin bəyanatlarından onun mövqeyini anlamaq mümkün deyil. Bir tərəfdən münaqişənin həlli üçün sülh şəraitinin yaradılmasının önəmindən danışan Ermənistan rəsmisi digər tərəfdən danışıqlar prosesinin formatının dəyişdirilməsinə cəhdlər edir, Azərbaycanı, guya ki, əhalisini sülhə deyil, müharibəyə hazırlamaqda, "aqressiv ritorika”da ittiham etməyə çalışır. Həqiqət bundan ibarətdir ki, söhbət Azərbaycanın "aqressiv ritorika”sından deyil, Ermənistanın aqressiv hərəkətlərindən gedir”, - deyə L.Abdullayeva bildirib.
XİN rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasına və bir milyonadək əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə rəğmən bu gün Ermənistanla münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparır. Münaqişənin həllinin bölgəmizə gətirəcəyi faydanı və inkişafı təşviq edir.
"Ermənistan baş
naziri bu həqiqətləri
və münaqişənin həllinin bölgəyə və
konkret olaraq onun ölkəsinə gətirəcəyi
faydanı nə qədər tez anlayarsa, Ermənistan əhalisinə vəd etdiyi "iqtisadi
inqilabı” bir o qədər
tez reallaşdıra bilər. Ermənistan
rəhbərliyindən bu günədək
eşitdiklərimiz bölgənin inkişafı üçün müvafiq
şəraiti yaratmaq və rifah naminə sülhü
təmin etmək əvəzinə daha çox suallar doğurur. Bu da Ermənistan rəhbərliyinin mövqeyi. Əlbəttə, bütün
bu yararsız şərhlər Ermənistan
tərəfinin münaqişənin yalnız sülh
yolu ilə həlli
çağırışına heç
də kömək etmir”, - deyə L.Abdullayeva əlavə edib.
Azərbaycan.- 2019.- 13 fevral.- S. 6.