Ədliyyə fəaliyyəti
dövlət başçısının
tapşırıqlarına uyğun təkmilləşir
Fevralın 13-də Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
kollegiyada ədliyyə
orqanlarının Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci
ilin yekunlarına dair iclasında verdiyi tapşırıqlardan,
həmçinin dövlət
orqanlarının strukturunun
optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə
dair 2019-cu il 17 yanvar tarixli Fərmanından və digər göstərişlərindən
irəli gələn vəzifələri müzakirə
olunub.
Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf
strategiyasının Prezident
İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, Azərbaycanın
2018-ci ildə sürətli
tərəqqisinin, sabitliyinin
və təhlükəsizliyinin
təmin edildiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə
nail olunduğunu vurğulayıb.
Qeyd olunub ki, aparılan
genişmiqyaslı islahatlara
uyğun olaraq dövlət orqanlarının
fəaliyyətinin müasirləşdirilməsi,
büdcə vəsaitlərinə
qənaət edilməklə
idarəetmənin təmin
edilməsi üzrə
ardıcıl tədbirlər
görülür. Azərbaycan ədliyyəsi
də islahatlar aparılmaqla təkmilləşir,
vətəndaşlara daha
operativ, rahat və şəffaf xidmətlərin göstərilməsi,
əlçatanlığın asanlaşdırılması məqsədilə
müasir texnologiyaların
və innovasiyaların
tətbiqi genişləndirilir.
Kollegiyada ötən
il ədliyyə
orqanları tərəfindən
görülmüş işlər
əyani təqdimat keçirilməklə ətraflı
təhlil edilib. Məlumat verilib ki, qanunvericilik
sahəsində bilavasitə
nazirlik tərəfindən
2018-ci ildə əvvəlki
illə müqayisədə
30 faiz çox - 1800-ə
yaxın normativ hüquqi akt layihəsi hazırlanıb,
3300-dən çox akt
hüquqi ekspertizadan keçirilib. Əhali
üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin elektron saytına
(www.huquqiaktlar.gov.az) və milli
qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə
6200-ə yaxın sənəd
daxil edilib və il ərzində
həmin informasiya resurslarına başçəkmələrin
sayı 65 faiz artaraq 1,3 milyonu
ötüb. Şəffaflığın artırılması, açıq hökumət
prinsiplərinin təşviqi
məqsədilə nazirlik
tərəfindən aparılan
10 internet saytın interaktiv
rejimdə fəaliyyəti
təmin olunub, vətəndaşlara göstərilən
30-dan çox elektron xidmətlərdən istifadənin
sayı artaraq 5 milyonu ötüb.
Dövlətimizin başçısının vətəndaşların
müraciətlərinə qayğı və həssaslıqla yanaşılması
ilə bağlı tapşırıqları diqqətdə
saxlanılaraq 12800-ə yaxın
vətəndaş nazirlikdə,
bölgələrdə və
"virtual qəbul” məntəqələri
vasitəsilə qəbul
edilib, qaldırılan
məsələlərlə bağlı zəruri tədbirlər görülüb. Əhalinin
daha çox təmasda olduğu notariat ofislərində əvvəlki illə müqayisədə təxminən
14 faiz çox – 4,4 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin
vətəndaşlıq vəziyyəti
aktlarının dövlət
qeydiyyatı ilə bağlı 317 minə yaxın əməliyyat aparılıb və bu əməliyyatlarla bağlı 51 milyon manata yaxın dövlət rüsumu və digər ödənişlər alınıb.
Daşınmaz əmlakla əlaqədar
müqavilələr üzrə
notariuslar tərəfindən
təxminən 50 milyon
manata yaxın vergi dövlət büdcəsinə köçürülüb
ki, bu da
əvvəlki illə
müqayisədə 26 faiz
çoxdur. Eyni zamanda
"ASAN xidmət" mərkəzlərində
fəaliyyət göstərən
ədliyyə qurumları
tərəfindən rəsmiləşdirilən
əməliyyatlar 2018-ci ildə
bu mərkəzlərdə
verilmiş hazır sənədlərin 48 faizini
təşkil edib.
Dövlətimizin başçısının
qanunvericilik təşəbbüsü
ilə 2018-ci il noyabrın 15-də
"Notariat haqqında”
Qanuna edilmiş əsaslı dəyişikliklər
bu sahədə fəaliyyətin müasirləşdirilməsinə,
ən yeni texnologiyaların və innovasiyaların tətbiqinə
imkan yaradıb. Vətəndaşlara səyyar
və məsafədən
notariat xidmətlərinin
göstərilməsi məqsədilə
xüsusi notariat çantası, elektron ədliyyə köşkü,
dünya təcrübəsində
rast gəlinməyən
və Azərbaycan məhsulu olan, notariat ofisləri və hərəkətləri
ilə bağlı zəruri məlumatları
vahid mənbədən
əldə etməyə
imkan verən mobil notariat proqramı hazırlanıb.
Tətbiq olunan bu innovasiyalar ötən ilin sonunda Bakı
şəhəri Binəqədi
Rayon Məhkəməsinin yeni
binasının açılışı
zamanı dövlətimizin
başçısına nümayiş
etdirilib. Qeyd olunub
ki, vətəndaş
cəmiyyətinin inkişafında
mühüm rol oynayan və nazirlik tərəfindən
dövlət qeydiyyatına
alınmış qeyri-kommersiya
təşkilatlarının ölkədə ümumi sayı 4350-ə, KİV-lərin
sayı isə 5250-yə
çatıb.
Nazirliyin mühüm
fəaliyyət istiqamətlərindən
olan məhkəmə
qərarlarının icrası
sahəsində iş
həcmi əhəmiyyətli
dərəcədə artaraq
2018-ci ildə icra sənədlərinin sayı
873 minə çatıb,
onlardan 460 minə yaxınının icrası
təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində
hüquqi və fiziki şəxslərə
əvvəlki illə
müqayisədə 2 dəfədən
artıq – 1 milyard 150 milyon manatdan çox vəsait ödətdirilib. Məhkəmə qərarlarının icrasından
qərəzli boyun qaçıran 4640 nəfər
inzibati məsuliyyətə
cəlb olunub, 446 şəxs barəsində
cinayət işi başlanılıb.
Dövlətimizin başçısının cəza
siyasətinin humanistləşdirilməsinə
dair Sərəncamına
uyğun olaraq Cinayət Məcəlləsinə
edilmiş dəyişikliklərlə
əlaqədar məhkəmələr
tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə
baxılması təmin
edilib, 4200-dən çox
şəxs cəzadan
tamamilə azad olunub və ya cəza müddətləri
azaldılıb.
Nazirlik tərəfindən
ədalət mühakiməsi
əleyhinə, o cümlədən
məhkəmə qərarlarının
icra olunmaması və digər cinayətlərlə bağlı
673 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və
hüquqi şəxslərə
vurulmuş 2 milyon manata qədər ziyan istintaqın gedişində ödətdirilib.
Məhkəmə ekspertizası
mərkəzinə il
ərzində 41 ekspert
ixtisası üzrə
36 minə yaxın iş daxil olub,
bu zaman ekspertlər 805 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin
99,7 faizini həll ediblər.
Dövlət gənclər
siyasətinə uyğun
olaraq yeni nəsil kadr korpusunun formalaşdırılması
üzrə tədbirlər
davam etdirilib, açıq müsabiqələr
nəticəsində əksəriyyətini
gənclər təşkil
edən 267 nəfər
ədliyyə orqanlarına
qulluğa qəbul olunub, bütövlükdə
isə ötən il ərzində 576 vakant ştat vahidi komplektləşdirilib.
Eyni zamanda dövlət başçısının
təşəbbüsü ilə yaradılmış
könüllülər institutunun
təşviqinə xüsusi
diqqət yetirilib, bu sahədə müvafiq ali
təhsil müəssisələri
və tələbə-gənclər
təşkilatları, eləcə
də Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr
qurulub və 1200-ə
yaxın könüllü
ədliyyə və məhkəmə fəaliyyətinə
cəlb olunub, onların bir qismi üçün Ədliyyə Akademiyasında
xüsusi təlimlər
keçirilib.
Kollegiyada, həmçinin
bildirilib ki, 2018-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə
tədbirlər görülüb,
Türkiyə, Belarus, Serbiya
və Əlcəzairin
ədliyyə nazirləri
ölkəmizə səfərlər
edib, hüquqi sahədə mühüm sənədlər imzalanıb,
habelə nümayəndə
heyətimiz Avstriya, Xorvatiya və Malayziyada mötəbər
beynəlxalq tədbirlərdə
iştirak edib.
Kollegiya iclasına
dəvət olunmuş
QHT nümayəndələri çıxış edərək
ədliyyə fəaliyyətinin
təkmilləşdirilməsi üzrə görülən
tədbirləri yaxından
izlədiklərini, bu
sahədə nailiyyətlərin
və tətbiq olunan innovasiyaların cəmiyyətdə daha geniş təbliğ olunmasının əhəmiyyətini
qeyd edib, Ədliyyə Nazirliyi tərəfindən şəffaflığa,
ictimai iştirakçılığa
hər zaman xüsusi önəm verilərək vətəndaş
cəmiyyəti nümayəndələrinin
ədliyyənin ayrı-ayrı
fəaliyyət istiqamətlərinə
cəlb olunmasını
və qarşılıqlı
fəaliyyətin səmərəliliyinin
artırılmasını vurğulayıblar.
İclasda görülmüş
işlərlə yanaşı,
ədliyyə fəaliyyətində
mövcud nöqsan və çatışmazlıqlar
müzakirə edilib, işin dövlətimizin başçısının tələbləri
səviyyəsində müasirləşdirilməsi,
innovativ metodlar tətbiq edilməklə səmərəli təşkili,
o cümlədən rəqəmsal
idarəçiliyin tətbiqi,
qanunvericiliyin təkmilləşdirilməsi,
strukturun optimallaşdırılması
ilə bağlı və digər konkret tapşırıqlar
verilib.
Eyni zamanda, dövlətimizin başçısının
2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə
təsdiq olunmuş
"Azərbaycan ədliyyəsinin
inkişafına dair
2019-2023-cü illər üçün
Dövlət Proqramı”nın
icrası ilə bağı nazirliyin üzərinə mühüm
vəzifələrin düşdüyü
qeyd edilərək, ədliyyənin gələcək
inkişafında "yol
xəritəsi” olan bu mühüm sənədin vaxtında və mütəşəkkil
icrasının vacibliyi
vurğulanıb.
Azərbaycan Prezidentinin
məmur-vətəndaş münasibətlərinin sağlam
zəmində qurulması,
insanlara layiqli xidmət göstərilməsi,
korrupsiyanın və digər neqativ halların qarşısının
alınması, şəffaflığın
və dürüstlüyün
tam təmin olunması
barədə tələbləri
xüsusilə diqqətə
çatdırılaraq etik
davranış qaydalarına
dönmədən əməl
olunması, vətəndaş
məmnunluğunun yüksəldilməsi
ilə bağlı və digər konkret göstərişlər
verilib.
Sonda ədliyyə fəaliyyətini
tənzimləyən bəzi
normativ hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər
dövlət qeydiyyatına
alınıb.
Azərbaycan.- 2019.- 14 fevral.- S. 5.