Xalqımız güclü ordusuna güvənir

 

Dünən Şəki Şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xidmətin yaradılmasının 7-ci ildönümü qeyd edilib. Əvvəlcə ümummilli liderin abidəsi önünə əklillər qoyulub. Ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirdə çıxış edən Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 7 il keçir. İcra başçısı bu münasibətlə xidmətin bütün kollektivini, eyni zamanda Şəki şəhər şöbəsinin əməkdaşlarını ürəkdən təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Elxan Usubov qeyd edib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin tələb olunan səviyyədə icrasının təmin edilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi rolu var. Bu qurum fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirir. Qısa müddətdə çox böyük inkişaf yolu keçən, ordu quruculuğu prosesində mühüm rol oynayan bu qurum yarandığı gündən gənclərin hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər, sağlam ruhlu gənclərlə təmin edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.

E.Usubov çıxışını belə yekunlaşdırıb: - "Bu gün ordu quruculuğu prosesi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsait artırılır. Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Milli Ordumuz hazırlıq, texniki təchizat, silah baxımından dünyanın ən qabaqcıl orduları sırasındadır. Belə bir orduda xidmət keçmək hər bir Azərbaycan gənci üçün böyük şərəfdir. Güclü ordu xalqımızın dayağıdır.

Bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Azərbaycan tam üstünlüyü əldə edibtarixi ədalət, ərazi bütövlüyümüz mütləq bərpa olunacaq. Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazırdır və bununla bağlı Ali Baş Komandanımızın əmrini gözləyir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi, polkovnik-leytenant Yalçın Sadıqlı bildirdi ki, şöbənin kollektivi öz işini Şəki Şəhər İcra Hakimiyyəti və digər dövlət qurumları ilə əməkdaşlıq şəraitində qurur. Şəki şəhərində hərbi xidmətə çağırılan gənclərın təntənəli şəkildə ordu sıralarına yola salınması artıq bir ənənəyə çevrilib. Ehtiyata buraxılmış əsgər və zabitlərlə mütəmadi olaraq görüşlər keçirilir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim yad olunur, onların ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına qayğı göstərilir. Eyni zamanda, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam inkişafı daim diqqət mərkəzində saxlanılır.

Tədbir çərçivəsində şəhid Aqşin Abdullayevin əziz xatirəsinə ithaf olunmuş "Həyatı nəsillərə örnək olan qəhrəman” kitabının təqdimat mərasimi keçirilib. Kitabın müəllifi şəhərin ziyalılarından olan Kamil Adışirinovdur.

Şəhidin anası Dursun Abdullayeva tədbirdə çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Şəhidin döyüş yoldaşı, "Azərbaycan bayrağı” ordenli gizir Tahir Misirxanov çıxışında Aqşinin şərəfli döyüş yolu keçməsindən bəhs edib. O, yazılan kitabın Ağşin Abdullayevin qismində bir daha şəhidlərin ruhuna böyük ehtiram və yüksək dəyər verilməsini diqqətə çatdırıb.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2019.- 14 fevral.- S. 6.