Milli Məclisdə “Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai
müzakirəsi keçirilib
Fevralın 14-də Milli Məclisin insan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda "Peşə birlikləri haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, parlament müxtəlif mövzular ətrafında ictimai müzakirələr, diskussiyalar, konfranslar təşkil edir, gündəmin mövzularına dair geniş müzakirələr açır və sosial təbəqələrdən gələn sifarişləri, istək və arzuları, mövcud problemlərin həlli yolları ilə bağlı təklifləri daim dinləyir, müzakirə edir və qanunların qəbulu prosesində bundan faydalanır. Bu səviyyədə çoxsaylı müzakirələr keçirilib, Milli Məclisin komitələrində, o cümlədən plenar iclasda müzakirə olunaraq bir çox qanunlar qəbul olunub ki, bunlar da bu gün həyatımızın müxtəlif sahələrini tənzimləyən vacib normativ hüquqi aktlara çevrilib.
Bahar Muradova qeyd edib ki, zamanın reallıqları nəzərə alınaraq Milli Məclisdə artıq bir neçə zəruri sənəd, o cümlədən "İctimai iştirakçılıq haqqında”, "Könüllü fəaliyyət haqqında” və digər qanunlar hazırlanıb və qəbul olunub. 2019-cu ilin yaz sessiyasının qanunvericilik işləri planına da bir sıra yeni qanun layihələri daxil edilib. Bunlardan biri deputat Azay Quliyevin müəllifi olduğu "Peşə birlikləri haqqında” qanun layihəsidir. Bu qanun layihəsinin ictimai müzakirəsi hər şeydən əvvəl bu məsələ ilə bağlı vəziyyəti araşdırmaq, mövcud problemləri aradan qaldırmaq, inkişafa nail olmaq məqsədilə müxtəlif təcrübələri öyrənmək və qanunvericiliyimizə gətirmək üçün ilkin addımdır.
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, bu gün peşə birlikləri ilə bağlı fəaliyyət var. Sadəcə, mövcud ictimai münasibətlər qanunvericilik çərçivəsində tənzimlənmir. Bunu qanun formasına salıb təqdim etməyə ehtiyac var idi və biz bunu etdik. Bu qanun layihəsi həm dövlətin, həm də peşə birliklərinin maraqlarına uyğundur. Sənəddə deyilir ki, peşə birliklərində sahibkarlıq və ya peşə fəaliyyəti subyektlərinin üzvlüyü könüllüdür. Müxtəlif növ sahibkarlıq fəaliyyəti və ya peşə fəaliyyətini həyata keçirən subyekt bir neçə peşə birliyinin üzvü ola bilər. Peşə birliyinin yaradılmasının ümumi prinsipləri Mülki Məcəllə ilə müəyyən edilir. Birlik dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusunu əldə edir. Peşə birliyi tərəfindən onun dövlət reyestrindən çıxarılması haqqında ərizənin verilməsi, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında birlik ləğv oluna bilər. Peşə birliyinin idarəetmə orqanları onun üzvlərinin ümumi yığıncağı və idarə heyəti hesab olunur. Birlik öz fəaliyyəti ilə bağlı məlumatların kütləvi informasiya vasitələrində dərc olunmasını təmin edir. Layihədə peşə birliklərinin funksiyaları, hüquq və vəzifələri, onların üzvlərinin və vəzifəli şəxslərinin məsuliyyəti, intizam tənbeh tədbirlərinin tətbiqi, əmlakın formalaşma mənbələri ilə bağlı məsələlər yer alıb.
A.Quliyev bildirib ki, qanun layihəsi 4 fəsil, 17 maddədən ibarətdir. Bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, peşə birliklərinin statusunu, yaradılması və fəaliyyəti qaydasını müəyyən edir, müvafiq sahələr üzrə peşələrin inkişafını, peşə sahiblərinin qanuni maraqlarının qorunmasını təmin edir, peşə birliyi, onun üzvləri və üzvlərin mallarının (işlərinin, xidmətlərinin) istehlakçıları arasında yaranan münasibətləri tənzimləyir.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar kursu hüquq sisteminin təkmilləşdirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Bu gün Azərbaycanda kifayət qədər mükəmməl hüquq sistemi yaradılıb. Amma, eyni zamanda, ictimai münasibətlər də yerində dayanmır, getdikcə daha mürəkkəbləşir, onun yeni xüsusiyyətləri, yeni sahələr ortaya çıxır. "Peşə birlikləri haqqında” qanun layihəsinin hazırlanması zərurətdən yaranan bir addımdır.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Bu islahatların əsas hissəsi hüquqi islahatlardır. Qeyd olunub ki, "Peşə birlikləri haqqında” qanun layihəsi dünya təcrübəsinə uyğundur.
Müzakirələr zamanı çıxış edən deputatlar Fazil Mustafa, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Tahir Mirkişili, Vahid Əhmədov, Fəzail Ağamalı, Çingiz Qənizadə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvləri Sahib Məmmədov, Əliməmməd Nuriyev, qeyri-hökumət təşkilatlarının təmsilçiləri Vüqar Bayramov, Tofiq Cahangirov, Yaşar Cəlilov, Nəriman Səfərli, Vergilər Nazirliyinin nümayəndəsi Anar Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov və digərləri layihə barədə fikirlərini bildirib, təkliflərini veriblər.
Layihənin müəllifi Azay Quliyev səsləndirilən fikirlərə münasibət bildirib, bəzi sual doğuran məqamlara aydınlıq gətirib.
Milli Məclis
sədrinin müavini, komitə sədri Bahar Muradova iclasa yekun vuraraq
müzakirələrin səmərəli keçdiyini
deyib. Bildirib ki, qanunu daha
da zənginləşdirmək üçün söylənilən
faydalı fikirlər nəzərə alınacaq, sənədin
təkmilləşdirilməsi istiqamətində lazımi iş aparılacaq.
Azərbaycan.- 2019.- 15 fevral.- S.5.