Dövlət Dumasında Azərbaycan-Rusiya parlamentlərarası
dostluq qrupunun görüşü keçirilib
Rusiya Federasiyası Dövlət
Duması ilə Azərbaycan Respublikası
Milli Məclisi arasında yüksək səviyyəli parlamentlərarası
komissiya yaradılması
barədə saziş
imzalanmaq üçün
hazırdır.
AZƏRTAC xəbər verir ki, RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bu barədə Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun görüşündə məlumat verib. L. Kalaşnikov ümidvar olduğunu bildirib ki, həmin sənəd Avrasiya ölkələri parlamentlərinin spikerlərinin bu il Astanada keçiriləcək müşavirəsi çərçivəsində imzalanacaq. O deyib: "Biz bu məsələyə böyük əhəmiyyət veririk. Duma şurasında həmin komissiyaların məsul katibləri təsdiq edilib. Onlar hökumətlərarası komissiyaların üzvləridir”.
Deputat daha sonra bildirib ki, hazırda Xəzəryanı ölkələrin spikerlərinin Xəzər regionun inkişafı problemlərinə həsr edilmiş konfransının keçirilməsi məsələsi müzakirə edilir. Həmin görüşə hazırlıq üçün Həştərxanda müvafiq komitələrin üzvlərinin müşavirəsi keçiriləcək.
Azərbaycan Milli Məclisinin deputatı Əli Hüseynli qeyd edib ki, Azərbaycan parlamentinin rəhbərliyi RF Dövlət Duması ilə əməkdaşlıq məsələsinə xüsusi əhəmiyyət verir. O vurğulayıb ki, parlamentarilər iki ölkənin dövlət başçıları və hökumətləri arasında mövcud dostluq münasibətlərini daha da möhkəmlətməlidirlər. Deputatın sözlərinə görə, ölkələrimizin hökumətləri arasında müəyyən razılaşmaların həyata keçirilməsi qanunvericilik səviyyəsində dəstəklənməlidir. Əli Hüseynli deyib: "Biz Dövlət Dumasının sədri Vyaçeslav Volodinin yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması barədə təklifini yüksək qiymətləndiririk. Bilirik ki, Dövlət Duması belə komissiyaları əməkdaşlığı daha da möhkəmlətmək və inkişaf etdirmək niyyətində olduğu ölkələrlə yaradır”. O əmin olduğunu bildirib ki, bu komissiya parlamentarilər arasında birbaşa əlaqələrin inkişafına şərait yaradacaq.
Əli Hüseynli daha sonra qeyd edib ki, bəzi hallarda təxribatçı hərəkətlər və bəyanatlar müşahidə olunur. O deyib: "Biz belə halların kökünü kəsməliyik. Azərbaycan Cənubi Qafqazda Rusiyanın etibarlı müttəfiqidir. Elə etməliyik ki, parlamentarilərin Dağlıq Qarabağa qanunsuz səfərləri bir daha təkrarlanmasın”.
L.Kalaşnikov cavab verib ki, Duma məkanından münasibətlərin korlanması üçün istifadə edilməsinə heç vaxt imkan verməyəcək. O deyib: "Mənim fikrimcə, bəzən anlaşılmazlıq üzündən belə hallar baş verir. Mən həmin insanlarla söhbət etmişəm. Lakin biz belə faktlara diqqət yetirməliyik, çünki belə hallar bizim münasibətlərimizə ziyan vurur”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu RF iqtisadi inkişaf naziri Maksim Oreşkinin bu yaxınlarda Azərbaycana səfəri barədə söhbət açıb. O qeyd edib ki, həmin səfər çərçivəsində Rusiya-Azərbaycan nümayəndə heyəti dövlət sərhədində avtomobil körpüsü tikintisinin gedişi ilə tanış olub. Səfir vurğulayıb ki, Azərbaycan tərəfi Bakıdan Rusiya sərhədinə qədər yeni yol çəkir. P. Bülbüloğlu deyib: "Maksim Oreşkin Azərbaycan Prezidenti İlə görüşdə sərhəd boyunca yerləşən üç buraxılış məntəqəsinin təkmilləşdirilməsi üzrə aparılan işlərdən söhbət açaraq bildirib ki, gömrük prosedurları "bir pəncərə” prinsipi üzrə həyata keçirilir. Yəni, insan 10 dəqiqə ərzində sənədlərini alıb yola düşə bilər. Düşünürəm ki, sərhəd zonasının sakinləri üçün sərhəd rejimi qaydalarının sadələşdirilməsi məsələsinə parlamentlər səviyyəsində baxılmalıdır”.
Rusiya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət
Dumasının deputatı Dmitri Savelyev ikitərəfli münasibətlərin
möhkəmlənməsində parlament
diplomatiyasının mühüm rol oynamasını vurğulayaraq,
Rusiya və Azərbaycan regionlarında
birgə tədbirlər keçirilməsini təklif edib.
Azərbaycan.- 2019.- 15 fevral.- S.5.