Azərbaycanda dövlət-vətəndaş münasibəti
sağlam zəmində qurulub
Ölkəmizdə müntəzəm olaraq islahatlar həyata keçirilir. Bu islahatların əsası 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz həmin dövrdən də Azərbaycanın sabitlik və inkişaf dövrü başlanmışdır. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoymuşdur. Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının qəbul edilməsi ölkənin müxtəlif istiqamətlərdə inkişafını müəyyənləşdirmişdir.
Keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı istiqamətində genişmiqyaslı işlər aparılır. Odur ki, bu ildən islahatların yeni mərhələsi başlayır.
Prezident İlham Əliyevin "Real” televiziyasına müsahibəsində də son illərdə iqtisadi sahədə aparılmış islahatların, ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlərin hansı müsbət reallıqları ortaya qoyduğu barədə geniş bəhs olunmuşdur. Qazanılmış nailiyyətlər Dünya Bankının "Doing Business” hesabatında da öz aydın əksini tapmışdır. Azərbaycan həmin hesabata ilk dəfə 2006-cı ildə düşmüşdür və o dövrdə 90-cı yerləri tuturdu. Bu gün isə ölkəmiz 25-ci yerdədir. Biznes mühitinin yaxşılaşdırılması, investisiya qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində əsl inqilabi islahatlar həyata keçirilmişdir. İndi məqsəd daha da irəliyə getməkdir.
2019-cu ildən başlayan islahatların əsas hədəfi də Azərbaycanı məhz müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir. Buna indiyə qədər qazanılmış nailiyyətlər də imkan verir, yəni möhkəm bünövrə artıq var. Məsələn, bu gün Azərbaycan böyük həcmdə elektrik enerjisi istehsal edərək həm öz tələbatını ödəyir, həm də xaricə elektrik enerjisi ixrac edir. Halbuki 1990-cı illərin əvvəllərində ölkədə bu sahədə böyük problemlər yaşanırdı. Digər sahələrdə də vəziyyət acınacaqlı idi. İndi isə heç sovet dönəmində də qazlaşdırılmamış ən ucqar kəndlərdəki evlərdə mavi alov şölələnir. Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizi ötüb. Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə çoxsaylı layihələr həyata keçirilib.
Bütün bunlarla yanaşı, Azərbaycan həm də qlobal beynəlxalq layihələri gerçəkləşdirməyə nail olub. Ölkəmiz artıq Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Belə ki, indi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Azərbaycan bu layihələrin hər ikisində iştirak edən yeganə ölkədir.
Qazanılan nailiyyətlər, əldə olunan gəlirlər ilk növbədə xalqın rifahına yönəldilir. Başqa sözlə, Azərbaycan dövləti güclü sosial siyasət yeridir və bu, həmişə gündəmdə olan ən vacib və ümdə məsələlərdən biri olaraq qalır. Prezident İlham Əliyev dövlətin siyasətinin mərkəzində vətəndaşın dayandığını daim vurğulayır və bu sözlər ardıcıl tədbirlərlə, əməli işlərlə təsdiq olunur.
Dövlət ilk növbədə ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların həyat səviyyəsini yaxşılaşdırmağa çalışır. Bu istiqamətdə böyük işlər görülmüşdür. Erməni təcavüzü nəticəsində yurd-yuvasından köçkün düşmüş insanlar üçün 100-dən çox şəhərcik salınmışdır. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardımın verilməsi prosesi davam edir.
Bütün bunlar vətəndaşa dünya təcrübəsində analoqu olmayan humanist bir yanaşmadır. Bu, Azərbaycan dövlətinin siyasətinin bariz nümunəsidir və təsadüfi deyil ki, beynəlxalq təşkilatlar ölkəmizin həyata keçirdiyi bu tədbirləri nümunə kimi göstərirlər.
Çox uzağa getməyək. Bu yaxınlarda Prezident İlham Əliyevin Şamaxıda zəlzələdən zərər çəkmiş və stress keçirmiş insanlarla görüşünü xatırlayaq. Bu görüşlərin özü də Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin necə sağlam bir zəmində qurulduğunun bariz nümunəsidir. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə dövləti onun yanındadır. Dövlət də tam əmindir ki, vətəndaşlar da hər zaman onun dayağıdır.
Bir sözlə, sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, orada irəliləyişlərə nail olunmasın. 1990-cı illərin əvvəllərində Azərbaycanın geridə qalmasını bəlkə də heç kəsin görməməsini istəyərdik. Bu gün isə Azərbaycan dünya miqyaslı tədbirlərə evsahibliyi edir. Son illərdə "Eurovision” mahnı yarışmasının, I Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, "Formula-1” yarışlarının ölkəmizdə böyük müvəffəqiyyətlə keçirilməsi buna aydın misaldır.
Azərbaycandakı inkişaf dünyanın diqqət mərkəzindədir. Bunu ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da təsdiqləyir. Təkcə keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlib. Bu isə həm də nailiyyətlərimizin əyani nümayişi, milyonlarla insanın şanlı keçmişimizdən, uğurlu bugünümüzdən xəbər tutması, qonaqpərvərliyimizi, yurdumuzun gözəlliyini görməsi deməkdir.
Bütün bunlar Azərbaycan dövlətinin yeritdiyi düzgün və məqsədyönlü siyasəti nəticəsində mümkün olub. Məlumdur ki, xalqın və iqtidarın birliyi istənilən ölkədə hərtərəfli inkişaf üçün əsas şərtdir. Azərbaycanda bu, vardır! Bu böyük üstünlük imkan verir ki, ölkəmiz daha böyük uğurlar qazansın, islahatlar yolu ilə daha da irəliyə getsin. Prezident İlham Əliyevin dediyi kimi, hədəfimiz qüdrətli, müasir dövlət qurmaqdır.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 15 fevral.-
S.7.