1 ünvanda 320 xidmət
Sumqayıtda 6 ildir ki, əhaliyə xidmət
"ASAN”laşıb
"Burada göstərilən xidmətdən çox razıyam. Sözün həqiqi mənasında vətəndaşlara əla xidmət göstərilir. Dövlət rüsumlarının miqdarını da konkret bilirik. Kimsə səndən rüşvət istəmir. Hər kəs növbəsini gözləyir və kimsə növbədənkənar iş görə bilməz. Əməkdaşlar da insanlarla çox mehriban davranır. Bir şeyi neçə dəfə soruşsan da, məmnunluqla cavablandırırlar. Buradan heç kim hələ narazı getməyib. Get-gedə də belə mərkəzlərin sayı artır. Bu da hər bir vətəndaşı sevindirir. Ona görə ki, getdikcə hər şey asanlaşır”.
Bu fikirlər nəvəsinə
şəxsiyyət vəsiqəsi almaq üçün
Sumqayıt regional "ASAN xidmət” mərkəzində
növbə gözləyən 68 yaşlı Baxşəli
Abadova məxsusdur. Ağsaqqal deyir ki, burada insan özünü çox
rahat hiss edir.
Onunla söhbətləşən digər şəxslərin
də bu fikirləri təsdiqləməsi və çöhrələrindəki
məmnunluq ifadələrindən hiss olunur ki, hər kəs
buradakı xidmətdən çox razıdır.
2013-cü ildən fəaliyyət
göstərən Sumqayıt regional "ASAN xidmət” mərkəzi
artıq 6 ildir bir neçə rayonun əhalisinə xidmət
göstərir və bu sırada ilklərdən biridir. Biz də Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Elnur Niftəliyevin müşayiətilə mərkəzə
baş çəkib fəaliyyəti ilə yaxından tanış olduq.
Bakıdan
üç ay sonra...
Yaradıldığı gündən
fəaliyyətini "vahid məkan” prinsipi əsasında
quran Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN
xidmət” mərkəzləri artıq 6 ildir ölkə vətəndaşlarının
xidmətindədir.
Sumqayıt regional "ASAN xidmət”
mərkəzi 2013-cü il mayın 3-də
Prezident İlham Əliyevin iştirakı ilə
açılıb. Mərasimdə dövlət
başçısı bildirmişdi ki, Sumqayıtda Bakı
şəhərinə xas olan bütün standartlar tətbiq
olunmalıdır: "Artıq "ASAN xidmət” Sumqayıta
da gəldi, Bakıdan üç ay sonra... Sumqayıt,
doğrudan da, ölkəmizin çox gözəl şəhərinə
çevrilir və Bakıdan sonra Cənubi Qafqazda ikinci
böyük sənaye şəhəridir.
Sumqayıtın əhalisi də artır,
iş yerləri açılır. İndi yeni
yaradılan sənaye müəssisələri, texnoparklar kənar
bölgələrdən də işçi qüvvəsini
Sumqayıta gətirəcək. Yəni burada iş
çox olacaq və bu mərkəz nəinki Sumqayıt sakinlərinə,
eyni zamanda, Abşeron, Siyəzən, Şabran və
Xızı rayonlarının sakinlərinə xidmət
göstərəcək”.
Vətəndaşlar
"ASAN xidmət”ə çox güvənirlər
Mərkəzə daxil olarkən
ilk şahid olduğumuz mənzərə insan izdihamı idi. Hər kəs
Məlumat Mərkəzinə yaxınlaşıb müraciət
edir və xidmətin əməkdaşları işin
çoxluğuna baxmayaraq, vətəndaşları xoş təbəssümlə
qarşılayıb lazımi kömək göstərirlər.
Məlumat Mərkəzinin əməkdaşlarından
biri də Gülşən Hüseynovadır. Gülşən deyir ki, hərdən
vətəndaşla əməkdaş arasında
anlaşılmazlıq da yarana bilir: "Əsasən, burada
göstərilməyən xidmətlərlə bağlı
belə hallar olur. Vətəndaşlar "ASAN
xidmət”ə çox güvənirlər. Ona bizdə istədiyi məsələ ilə
bağlı xidmət göstərilmədiyini izah edəndə
incik düşür. Düşünür
ki, "ASAN” hər bir dərdə dəvadır və
bütün xidmətlər burada olmalıdır”.
10 rayona fasiləsiz
xidmət göstərən mərkəz
"ASAN xidmət”in
şöbə müdiri Elnur Niftəliyev söylədi ki, bu
mərkəz Sumqayıt, Abşeron, Xızı, Siyəzən,
Şabran, Quba, Qusar, Xaçmaz, Şamaxı, Qobustan
rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət
göstərir. Mərkəz həftənin bazar ertəsi - cümə
günləri saat 09:00-dan 19:00-dək, şənbə və
bazar günləri isə saat 09:00-dan 17:00-dək fəaliyyətdədir.
Hazırda bütün
"ASAN xidmət” mərkəzlərində olduğu kimi
burda da 11 dövlət orqanı, həmçinin özəl
şirkət və müəssisələr tərəfindən
ümumilikdə 320-dən çox müxtəlif xidmət
göstərilir.
Gün ərzində
2500 vətəndaşa xidmət göstərilir
Müşahidə etdik ki,
"ASAN xidmət” mərkəzində vətəndaşların
gözləməsi və vaxtını səmərəli
keçirməsi üçün funksional
yardımçı xidmətlər - bank, sığorta,
hüquqi yardım və tərcümə mərkəzləri,
laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi,
internet-kafe, poçt şöbələri, fotostudiya da fəaliyyət
göstərir. Mərkəzdə fəaliyyət göstərən
dövlət orqanları və funksional yardımçı
xidmətlər tərəfindən gün ərzində
ümumilikdə 2000-2500 vətəndaşa xidmət göstərilir.
Sumqayıt regional "ASAN xidmət”
mərkəzinin böyük məsləhətçisi Səbinə
Nəsirova qeyd etdi ki, gün ərzində daha çox şəxsiyyət
vəsiqəsinin verilməsi, dəyişdirilməsi, vətəndaş
pasportunun dəyişdirilməsi, doğum haqqında şəhadətnamənin
verilməsi, sürücülük vəsiqələrinin,
vergi ödəyicilərinin qeydiyyata alınması ilə
bağlı müraciətlər olur.
Fiziki məhdudiyyətli
insanlar üçün hər cür şərait
yaradılıb
Burada fiziki məhdudiyyətli
insanlar üçün də bütün zəruri şərait
yaradılıb. Binanın girişində onlar üçün
xüsusi lift quraşdırılıb. Gözdən
əlillərin sərbəst hərəkəti
üçün isə hər bir mərtəbənin
döşəməsinə xüsusi örtüklər vurulub
və lövhələr onların oxuya biləcəkləri
müvafiq hərflərlə hazırlanıb.
Vətəndaşlar mərkəzdə
yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil
rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərinin,
kredit və sığorta ödənişlərini həyata
keçirirlər.
Mərkəzdə həm də
ana otağı mövcuddur. Südəmər
körpəsi ilə mərkəzə gələn ana bu
otaqdan istifadə edə bilər. Birinci mərtəbədə
yerləşən uşaq əyləncə mərkəzinə
yaxınlaşan zaman isə 4-5 balacanın oyuncaqlarla
oynadığının şahidi olduq. Könüllü
Aysel İbadova onlara nəzarət edirdi. Ayselin
dediyinə görə, bu xidmət pulsuz həyata
keçirilir. Məqsəd,
uşağı olan vətəndaşların işini
asanlaşdırmaqdır. Uşaqlar burda
maksimum 2 saat qala bilərlər. Bu müddətdə
valideynlər işlərini başa vurur və
uşaqlarını təhvil alıb gedirlər.
Xidmətin səlahiyyətləri
artırılır
Mərkəzin
üçüncü mərtəbəsində təmir
işləri gedirdi. Əldə etdiyimiz məlumata görə, Prezident
İlham Əliyevin bir sıra dövlət orqanlarının
strukturunun optimallaşdırılması və idarə edilməsinin
təkmilləşdirilməsi ilə bağlı əlavə
tədbirlər haqqında 17 yanvar 2019-cu il tarixli fərmanından
irəli gələrək bəzi xidmətlər üzrə
pəncərələrin sayı artırılır və əhalinin
rahatlığını təmin etmək üçün
işlər aparılır.
Xatırladaq ki, Prezident
İlham Əliyevin müvafiq fərmanına əsasən,
"ASAN xidmət”in icra etdiyi funksiyaların digər nazirlik və
komitələrdə paralel şəkildə aparılması
aradan qaldırılıb. Belə ki, indiyə qədər
"ASAN xidmət”lə bərabər, digər rəsmi
qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər
"ASAN xidmət”ə verilib. Bununla da,
"ASAN xidmət” mərkəzləri müvafiq dövlət
xidmətlərinin alternativsiz formada həyata keçirildiyi
vahid məkana çevriləcək.
"ASAN xidmət”in
şöbə müdiri Elnur Niftəliyev bildirdi ki, elə
xidmətlər var ki, onunla bağlı daha çox müraciətlər
daxil olur. Buna görə də elə "ASAN xidmət” mərkəzləri
olacaq ki, orada pəncərələrin sayı, bəzi mərkəzlərdə
isə əməkdaşların sayı artırılacaq.
Amma yenə də əhaliyə təklif olunacaq
dövlət qurumlarının xidmətləri həmin
dövlət orqanlarının əməkdaşları tərəfindən
reallaşdırılacaq. Şəxsiyyət
vəsiqəsini Daxili İşlər Nazirliyinin əməkdaşları,
yaxud doğum haqqında şəhadətnaməni Ədliyyə
Nazirliyinin əməkdaşları verir. Sadəcə
məkan olaraq artıq "ASAN xidmət” alternativsiz fəaliyyət
göstərəcək.
Səyyar xidmət
konsepsiyası
Onu da əlavə edək ki,
Sumqayıt "ASAN xidmət” mərkəzi bölgələrdə
də səyyar xidmət göstərir. Xidmətin səyyar
avtobusunda səyyar xidmət konsepsiyasının əsas
komponentləri - alternativ enerji mənbələrindən
istifadə olunması, nağdsız hesablaşmaların və
şəffaflığın təmin edilməsi, vətəndaşların
dövlət orqanlarına etimadının gücləndirilməsi
əksini tapıb. Səyyar qrupların hər
biri şəhər və rayonlarda 15 gündən bir ayadək
vətəndaşlara xidmət göstərir. Qrup
müvafiq şəhər və rayona daxil olarkən xidmətlərin
həyata keçirilməsi üçün iki iş
günü ərzində nəzərdə tutulmuş
xüsusi məkanlarda yerləşdirilir.
Hazırda regionlarda 10 Səyyar
"ASAN xidmət” avtobusu və Səyyar "ASAN qatar” vasitəsi
ilə vətəndaşlara xidmətlərin göstərilməsi
davam etdirilir.
2013-cü ilin iyun ayından etibarən 1 milyon
600 mindən çox vətəndaşa səyyar formada xidmət
göstərilib. Səyyar "ASAN xidmət”in
həyata keçirilməsinin əsas məqsədləri
dövlət xidmətlərinin vətəndaşlara daha
rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar
üçün əlçatanlığın təmin edilməsi
və vətəndaş məmnunluğuna nail
olunmasıdır.
Könüllülər
- cəmiyyətin fəal üzvləri
Hər bir "ASAN xidmət”
mərkəzində olduğu kimi, Sumqayıt regional "ASAN
xidmət”də də könüllülərlə rastlaşa
bilərsiniz.
Onlar "ASAN xidmət” konsepsiyasının bir
komponentidirlər. Vətəndaşlara istənilən
köməyi göstərən bu gənclərin sayı
hazırda 75 nəfərdir. Ölkəmizdə
"ASAN” könüllülərinin sayı isə 17 mindən
çoxdur.
Prezident İlham Əliyev də
Sumqayıt regional "ASAN xidmət” mərkəzinin
açılışında könüllülərlə görüşdə
onlara göstərdikləri təşəbbüsə görə
minnətdarlığını ifadə etmişdi: "Bu,
sizin üçün də gözəl təcrübədir. İlk
növbədə gələcək fəaliyyətiniz
üçün, hesab edirəm ki, çox vacib olan təcrübədir.
Digər tərəfdən, bax bu valantyorluq sizin
niyyətinizi göstərir, onu ifadə edir. Yəni, siz cəmiyyətin fəal üzvlərisiniz.
Əgər siz könüllü şəkildə,
necə deyərlər, vətəndaşlara və dövlətə
təmənnasız kömək etmək istəyirsinizsə,
deməli sizin niyyətiniz çox xoşməramlıdır
və ölkəmizin ümumi inkişafına tam uyğundur.
Bax, belə gənclər olmalıdır, Vətəni
sevən, insanlara xoş münasibət bildirən, peşəkar,
bilikli və müasir. Mən sizə
uğurlar arzulayıram. Sizə bax bu təşəbbüsə
görə minnətdarlığımı bildirmək istəyirəm”.
Mərkəzdə
çalışan işçilərdən bəziləri
könüllülərin arasından seçilib
Könüllülərdən
20 yaşlı Aytən İlyasova Bakı Dövlət
Universitetinin tələbəsidir. İmtahanlarını
bitirib qış tətilinə çıxdığı
üçün evdəki boş zamanını dəyərləndirmək
məqsədilə burda könüllü işləməyə
başlayıb. Dediyinə görə, bu ona real iş həyatı
ilə tanışlıq imkanı yaradır, eyni zamanda yeni
dostluqlar qazandırır.
Taryel də 1 aydır ki,
könüllülər sırasındadır. 24 yaşı
var. Bir ay ərzində çox şey əldə etdiyini
deyir. İşindən, vətəndaşlara
xidmət etməkdən çox zövq alır.
İş günü nə qədər gərgin keçsə
də heç hiss etmədiyini vurğulayan Taryel bura gözəl
kollektiv, sosial ətraf və iş təcrübəsi qazanmaq
üçün gəldiyini deyir.
Vətəndaşlar
arasında sorğu keçirən Gülşanə
Əliyeva da gənc könüllüdür. Artıq günün
yarısına kimi xeyli adam sorğuda
iştirak edib. Hamı da razılığını
bildirir. Qeyd edək ki, respublika üzrə keçirilən
rəy sorğularına əsasən vətəndaşların
"ASAN xidmət” mərkəzlərindəki xidmətlərdən
məmunluq əmsalı 99,6 faiz təşkil
edir.
Onu da öyrəndik ki,
Sumqayıt "ASAN könüllüləri” tərəfindən
mütəmadi olaraq müxtəlif tamaşalar
reallaşdırılır. Elə bu yaxınlarda,
2 fevral - Gənclər Günü münasibətilə
Sumqayıt "ASAN könüllülər”i Sumqayıt
Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir
Hacıbəylinin "Arşın mal alan” musiqili
komediyasını səhnələşdiriblər.
Bu məlumatı da verdilər
ki, Sumqayıt regional "ASAN xidmət” mərkəzində
20-yə yaxın işçi könüllülərin
arasından seçilib.
2019-cu ildə
"ASAN” bütün ölkəni əhatə edəcək
Ümumiyyətlə, "ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqidir.
Elnur Niftəliyev deyir ki, 2019-cu ildə Tovuzda, Balakəndə, Ağcabədidə, Kürdəmirdə, Şamaxıda "ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq: "Bununla da xidmət mərkəzlərinin sayı 20-yə çatacaq. Bu 5 mərkəz açıldıqdan sonra bütövlükdə ölkə ərazisini əhatə etmiş olacağıq. Hansı yerdə ki, "ASAN xidmət” mərkəzləri yoxdur, orada da səyyar "ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək. Bu, xidmətlərin vətəndaşlarımıza daha əlçatan və innovativ üsullarla çatdırılması üçün edilir.
Göründüyü kimi, 2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən "ASAN xidmət” hər bir vətəndaşın işini asanlaşdırır və problemlərin minimum qısa vaxt ərzində həllinə yardımçı olaraq xalqın rəğbətini qazana bilib.
Fərizə ƏHMƏDOVA
Azərbaycan.-
2019.- 16 fevral.- S.1; 4.