Xalqın etimadını qazanmaq
nümunəsi
Mehriban Əliyevanın Gəncə səfəri xoş təəssüratlarla yadda
qaldı
Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə Gəncəyə səfəri məlum həqiqətlərə bir daha aydınlıq gətirdi. Belə ki, bütün məziyyətləri ilə yanaşı, bu səfər həm də respublikamızdakı sarsılmaz xalq-iqtidar birliyinin növbəti təsdiqi kimi yadda qaldı.
Mehriban Əliyeva ilə Gəncənin məşhur görməli yerlərindən olan "Xan bağı” mədəniyyət və istirahət parkında görüşən sakinlər arasında ictimaiyyətin bütün zümrələrini görmək olardı. Aralarında yaşlılar da vardı, gənclər də. Kimisi mənzilinə görə təşəkkür etdi, kimisi təhsilə və elmə göstərilən diqqətə görə, kimisi də şəhərdə aparılan abadlıq və quruculuq işlərinə görə. Həmin gün Mehriban Əliyeva əslində Gəncənin bir çox ünvanlarında olsa da, özünün dediyi kimi, gəlişinin əsas məqsədi gəncəlilərlə görüşmək idi. Və rəsmiyyətdən uzaq qarşılıqlı səmimi dialoq şəraitində keçən görüş, sakinlərin ürəkdolusu minnətdarlıqları hər şeydən öncə gəncəlilərin Prezident İlham Əliyevin ətrafında sıx birləşmələrinin, Heydər Əliyev ideyalarına sədaqətlərinin növbəti dəfə təcəssümü oldu.
Prezident İlham Əliyev hər zaman Gəncənin inkişafına, abadlığına, tarixinin təbliğinə xüsusi diqqətlə yanaşıb. Təsadüfi deyil ki, Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə hazırda Qafqazın ən gözəl şəhərlərindən birinə, ölkənin əsas iqtisadi və mədəni mərkəzinə çevrilib. Qədim abidələrin müasir şöhrəti, yeni yolları, dünyanın ən yüksək standartlarına cavab verən beynəlxalq hava limanı, ən sivil tələblərə uyğun səhiyyə ocaqları onun inkişafının göstəricisidir. Bütün bunların hamısı Prezidentin Gəncəyə və onun sakinlərinə olan yüksək qayğısının nümunələridir. Bu gün də Gəncədə yeni infrastrukur layihələri həyata keçirilir, abadlıq işləri aparılır. Ötən ilin sonlarında isə Gəncənin uğurlarının sırasına biri də əlavə olundu.
Ölkədə ilk belə sürət qatarı məhz Gəncə istiqamətində istifadəyə verildi. Bu, bir daha ölkə rəhbərliyinin şəhərə xüsusi diqqətinin nümunəsi oldu.
Gəncəlilər İlham Əliyevin xüsusi diqqəti və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, bütün bunlar onların Mehriban Əliyeva ilə görüşündə bir daha ifadə olundu. "Biz Sizi çox istəyirik”, "Allah Prezidentimizin canını sağ eləsin”. "Hamımız Prezidentimizə təşəkkürümüzü, minnətdarlığımızı bildiririk”, "Gəncəlilər həmişə onun arxasındadır” kimi sözlər və Mehriban Əliyevadan Prezidentə salamlarını çatdırmağı xahiş etmələri gəncəlilərin ürəkdən gələn ən səmimi təşəkkürlərinin ifadəsi idi.
Sakinlərlə görüşdə İlham Əliyevin Gəncəyə xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva həm də gəncəlilərin qonaqpərvərliyini və səmimiyyətini qeyd etdi: "İlham Əliyev prezidentlik dövründə 15 dəfə Gəncədə olub, daim Gəncəyə diqqət göstərir. Gəncə bizim qədim şəhərdir, gözəl şəhərdir, böyük tarixə malik şəhərdir. Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma, eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır. Xan bağı da qədim abidədir. Əlbəttə, tarixiliyi, qədim simanı qoruyub saxlamaq, eyni zamanda, müasirləşmək Gəncəni nadir bir şəhərə çevirib. Burada təkrarolunmaz ab-hava var, əlbəttə, əsas gəncəlilərdir. Mən hər zaman sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirəm, çox sağ olun, burada olmağıma çox şadam”.
Mehriban Əliyeva Gəncəyə səfəri çərçivəsində qızı Leyla Əliyeva ilə birlikdə "İmamzadə” ziyarətgahını da ziyarət edib. Bu ziyarət, o cümlədən həmin gün orada Mehriban Əliyevanın adından ehsan süfrəsinin verilməsi Birinci vitse-prezidentin xalqımızın mənəvi dəyərlərinə bağlılığının təcəssümü oldu. Qeyd edək ki, dini-tarixi abidələrin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev "İmamzadə” kompleksinin də təmiri və bərpasına xüsusi qayğı göstərib. İnsanların inam və inanc yeri kimi üz tutduqları bu məbəd məhz dövlət başçısının sərəncam və göstərişləri sayəsində gözəl görkəm alıb.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Gəncəyə səfər qrafiki zəngin idi. Ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsinin ziyarəti ilə başlanan səfər zamanı Birinci vitse-prezident Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində oldu, məktəbə, uşaq evinə və uşaq bağçasına baş çəkdi. Elə bu səfərdən sonra şəhərdəki Nizami Aydın adına 18 nömrəli tam orta məktəbə və 32 nömrəli körpələr evi-uşaq bağçasına yeni həyat veriləcək. Məktəbdəki mövcud vəziyyətin araşdırılması və təcili surətdə yenidən qurulması üçün tapşırıqlarını verən Mehriban Əliyeva, həmçinin körpələr evi-uşaq bağçasının da yenidən qurulmasının qısa zamanda və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğuladı. Qısa müddətdən sonra bu təlim-tərbiyə ocaqları şəhərin ən gözəl ünvanları sırasında yer alacaq.
Birinci vitse-prezidentin Gəncə səfəri xoş təəssüratlarla yadda qaldı. Gəncəlilər Mehriban Əliyevanın timsalında bir daha ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını gördülər. Eyni zamanda antiazərbaycançı dairələr də bir daha gördülər ki Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx həmrəydir və heç bir qüvvə bunu sarsıda bilməz.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2019.- 16 fevral.- S.1, 5.