Əli Həsənov: “Məişət
zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen
xalqları arasında tarixən mövcud olmuş dostluq və
qardaşlıq əlaqələrinə xələl gətirə
bilməz”
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov fevralın 15-də Moskvadakı "Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentlə bağlı AZƏRTAC-a açıqlama verib.
Əli Həsənov bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Prezidentin köməkçisi deyib: "Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır”.
Azərbaycan
ilə Rusiya arasında gündən-günə
inkişaf edən əməkdaşlıq
əlaqələrinin həm də ölkəmizin Şimali Qafqaz
respublikaları, o cümlədən Çeçenistanla əməkdaşlığının
möhkəmlənməsində önəmli rol
oynadığını vurğulayan
Əli Həsənov deyib: "Rusiya çoxmillətli dövlətdir, burada yaşayan xalqlar öz dillərini, mədəniyyətlərini
qoruyub inkişaf
etdirirlər. Rusiyada yaşayan
azərbaycanlılar da digər xalqlar kimi həmişə
öz milli mədəni
hüquqlarından tam istifadə edə
bilirlər. Biz soydaşlarımızı, qardaş
çeçen və Rusiyada
yaşayan digər xalqların nümayəndələrini
bu ölkədəki multikultural
mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək
məqsədlər üçün
istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə
dəvət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən
sui-istifadə edərək xalqlarımız arasında
düşmənçilik toxumu səpmək
istəyən qüvvələr böyük
yanlışlığa yol verirlər və
öz çirkin niyyətlərinə
çatmayacaqlar”.
Azərbaycan.-
2019.- 16 fevral.- S.3.