Son səfər”in təəssüratları

 

İmadəddin Nəsimi- 650

 

Azərbaycan ədəbi-ictimai fikri tarixində çox mühüm yer tutan, təsəvvüf dünyagörüşünün ən böyük fəlsəfi- estetik interpretatorlarından biri olmaqla öz əqidəsi yolunda təsəvvürə çətin gələn məhrumiyyətlərə məruz qalmış İmadəddin Nəsiminin şəxsiyyəti, həyatı, yaradıcılığı barədə onu yetirən xalq çox gec - təxminən beş yüz il sonra geniş məlumat əldə etsə də, dahi Mücahid (və Şəhidin) ümumi (mücərrəd) obrazı nəinki xalqın yaddaşından çıxmamış, zaman-zaman sxolastik ehkamlara qarşı çıxan həqiqət axtarıcılarına sözün böyük (və üsyankar!) mənasında ilham vermişdir.

Salman Mümtazın "Azərbaycan şairlərindən Nəsimi” məqaləsi ilə Azərbaycana qaytarılan şair-mütəfəkkir haqqında Həmid Araslı, Cahangir Qəhrəmanov, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Zümrüd Quluzadə, Qəzənfər Paşayev... kimi görkəmli tədqiqatçıların əsərləri meydana çıxdıqca xalq öz dahi oğlunu daha yaxından tanımağa başlamış, 1973- ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyilə keçirilən 600 illik yubileyi isə İmadəddin Nəsimi barədəki milli təsəvvürə fundamental miqyas vermiş, xalq şairi Qabilin "Nəsimi” poeması, xalq yazıçısı İsa Hüseynovun (Muğannanın) "Məhşər” romanı, eləcə də "Nəsimi” filmi bu miqyası bədii təfəkkürün qüdrətilə zənginləşdirmişdir.

Lakin çoxdandı ki, Nəsimi haqqında diqqəti cəlb edən bir əsər yazılmırdı. Və görkəmli yazıçı Hüseynbala Mirələmovun "Son səfər” povesti, fikrimizcə, həmin boşluğu müəyyən qədər aradan qaldırmış oldu. Yalnız ona görə yox ki, dahi şəxsiyyət ədəbiyyatda bir daha "yad edildi”, daha çox ona görə ki, Nəsimiyə tamamilə yeni ideya-estetik mövqedən baxmaq təşəbbüsü özünü göstərdi.

Bu günlərdə "Azərbaycan” qəzetində "Son səfər” povestini hissələrlə oxumaq imkanı əldə etdik. Hüseynbala Mirələmovun Nəsimisi nə Qabilin, nə də İsa Hüseynovun (Muğannanın) Nəsimisi deyil. "Son səfər” müəllifi geniş panoramlı təsvirlərə, yaxud dövrün Nəsimidə təcəssüm edən mürəkkəb fəlsəfi-ideoloji özünüifadə (və özünütəsdiq) mükalimələrinə (bu xüsusiyyətlər həm "Nəsimi”, həm də xüsusilə "Məhşər” üçün səciyyəvi idi) varmadan şair-mütəfəkkirin taleyinə, əgər belə demək mümkünsə, adi bir insan olaraq nəzər salmağın təcrübəsini təqdim edir... Uzaq yolların yolçuluğundan "yorulub” vətəni Şirvana - Şamaxıya qayıdan şairlər şairi burada cəmi- cümlətanı bir neçə ay qala bilir. İdeya (və sənət!) düşmənləri onu elə ikrahedici bir paxıllıqla qarşılayırlar ki, hətta Şirvanşah İbrahimin xoş münasibəti, himayəsi də şairlər şairinin Şirvanda, ümumən Azərbaycanda yaşama arzusunu gerçəkləşdirməyə imkan vermir. Lakin şair öz ilk məhəbbətinə - Hüsniyyəyə qovuşmaqla təsəlli tapmış olur...

"1409- cu ilin yazı idi. Şairlər şairi Seyid Əli İmadəddin Nəsimi ölkə- ölkə dolaşmaqdan - məscid, karvansara və xanəgahlarda gecələməkdən, dərviş, abid, imam, şair və səyyahlarla söhbət eləməkdən yorulub, doğma Şamaxıya qayıdırdı. O, artıq belə qərara gəlmişdi ki, ömrünün yerdə qalanını ata yurdunda - kiçik qardaşı Şahxəndanla bir yerdə keçirsin...”

Yazıçı hadisələri bir nağıl təhkiyəsi sürətilə təsvir etsə də, hərdən müxtəsər təfsilatlara da diqqət yetirib şairlər şairinin tərcümeyi- halının zəruri detallarına varır:

"Seyid Əli hələ mədrəsədə oxuyarkən Hüsniyyə adında bir qıza aşiq olmuşdu, amma uzaqdan- uzağa, gizlin. Qəlbini aça, eşqini dilə gətirə bilməyən şair öz şeirlərində sevgilisini vəsf edir, ah çəkir, fəryad qoparır, hicr odunda alışıb yanır. Amma çox çəkmir ki, onun eşqlə süslənən könül bağçasını xəzan vurur...

Seyid Əlinin məhəbbətindən bixəbər olan Hüsniyyə on altı yaşında ikən valideynləri tərəfindən mədrəsədən uzaqlaşdırılır, qəti istəməsə də, zorla bir müsəllimə ərə verilir. Amma o, Seyid Əlinin qəlbində elə kök salır, elə fəsli- yaz yaradır ki, daha orada bir başqası üçün yer qalmır. Şairin bütün fikri- zikri, xəyalı və xoşbəxtliyi məhz bu sevgi ilə pərvəriş tapır”.

Nəsimini Şirvana qaytarıb gətirən qüvvələrin biribu eşq olur. onu "göylər”dən "yer”ə endirən həmin eşq gerçəkliyi povestdə, çox önəmlidir ki, şair- mütəfəkkirin haqqındakı ülvi təsəvvürləri zədələmədən, məişət münasibətləri prozaikliyinə endirmədən təsvir olunmuşdur. Müəllif bütün əsər boyu zərif eyhamlarla hiss etdirir (və nəticə etibarilə, əsərin əsas motivlərindən birinə çevirə bilir) ki, şair- mütəfəkkirin ən adi hərəkətlərində də qeyri- adi dünyagörüşünün (və istedadının) hikməti var...

Nəsimi Şamaxıya gəldiyi ilk gecə kiçik qardaşı Şahxəndanın yiyə durduğu evlərini daşa basırlar...

"Evlərinin daşa basılması təzə hadisə deyildi. Artıq neçə müddət idi ki, məhəllə uşaqları, nəinki gecələr, hətta gündüzlər də onu rahat buraxmır, "kafir”, "kafirin qardaşı” deyib sataşır, hətta təklikdə yaxalayanda döymək də istəyirdilər. Səbəb isə, əlbəttə, qardaşının yazdığı şeirlər idi. Qəribədir, bu qəzəllər, qəsidələr, qitələr onların həm çörəyi, həm də qınaq yeri idi”.

Şahxəndanla Nəsiminin söhbətləri, bir tərəfdən, iki qardaşın adi məişət əhvalpürsanlığıdırsa, digər tərəfdən, kifayət qədər ciddi mətləblərin mahiyyətini aşan mükalimələrdir...

"Şahxəndan dedi:

- Dadaş, mən sənə görə qorxuram, özümə görə yox... Əslində mənimlə heç işi olan da yoxdur. Məhəllə uşaqlarıdı, hərdən sataşırlar, onları da dayı oğlunun adı ilə qorxudub qaçırdıram. Mənim bütün narahatlığım sənə görədir. Çünki məni yox - mən kiməm ki - səni kafir hesab edirlər. Mən bilirəm sən kafir deyilsən, camaat isə bilmir. Nə vaxtsa, kimsə orda-burda ağzından qaçırıb ki, sən kafirsən, odur-budur düşmüsən ağızlara. Qəzəllərin, qəsidələrin də o qədər qəliz, fikirlərin o qədər qarmaqarışıqdı ki, avam camaat oxuyub heçbaşa düşmür. Başa düşməyəndə də, deyir ki, bu elə kafirdi ki, kafir!

Onlar astadan söhbət eləyə- eləyə evlərinin yolunu tutmuşdular. Şairlər şairi gülümsəyib dedi:

- Balası, sən lap böyük adamlar kimi danışırsan.

Şahxəndan güldü.

- Məni sənin yazdıqların, bir də dönə- dönə üzünü köçürdüyüm Qurani-Kərim belə vaxtından əvvəl böyütdü”.

Vətənə döndükdən sonra şairin rastlaşdığı qaragüruh mühiti onu real təhlükələr qarşısında qoymaqla daha dərindən düşünməyə vadar edir...

"Seyid Əli İmadəddin Nəsimi nahardan sonra eyvanda - taxta çarpayıda uzanıb xəyallara daldı. Fikirləşdi ki, bugünkü hadisəyə necə əncam çəksin. O, həmişəlik gözəl vətəninə - Şirvana qayıdıb, evlənəcəyinə və ömrünün qalanını dost- aşna arasında keçirəcəyinə, yazıb- yaradacağına qərar vermişdi. Fəqət şirvanlıların, lap elə bakılıların da onun əleyhinə olduqlarını - düşməninə çevrildiklərini görüb sarsılmışdı. Sadəcə, qapdaşı qorxmasın deyə özünü saymazlığa vurmuşdu - guya ki, onlar fikir verməli şey deyilmiş. Əslində isə, məsələ çətin və qəliz idi. zarafat deyil, birdən- birə sənə "kafir” damğası vururlar, deməli, burada qala bilməzsən. Qara camaatın fikrini dəyişmək isə, elə də asan deyil”.

Nəsiminin Şirvanşah İbrahimlə görüşləri, həm zamanın gərdişi, həm şeir- sənət, həm də şairin gələcək taleyi barəsindəki həsbi- halları povestdə istər tarixi həqiqətə sadiqlik, istərsə də ədəbi- bədii təxəyyülün inandırıcılığı baxımından maraq doğurur. Hüseynbala Mirələmovun müasir mövzularda yazan yazıçı olmaqla yanaşı, tarixi mövzularda qələm işlətmək təcrübəsi də "Son səfər”in yaradıcılıq- sənətkarlıq uğurunun təmin olunmasına az yardım etmir... Nəsimi öz dünyagörüşünün təbliğatçısı kimi nə qədər səmimidirsə, Şirvanşah İbrahimsosial-siyasi şəraitin bütün ziddiyyətlərinə baxmayaraq, o qədər qərarlarında qəti, mövqeyində ardıcıldır. Lakin şair-mütəfəkkirlə müdrik dövlət xadiminin bir-birini anlaması belə hələ çıxış yolu deyil...

"Gözləri həmişə qıpqırmızı olan girdəsifət Bəhlulinin təklifi ilə Rəbiyyə xatun Qurani- Kərimi gətirib ortalığa qoydu və əlini kitaba basıb dedi:

- Bu Qurani-Kərimə and içirəm ki, bu sirri heç yerdə, heç kimə açmayacaq və İmadəddin Nəsimi adında kafərin ya sürgün, ya də qətl olunduğunu görməyincə, onu təqib etmək fikrindən dönməyəcəyəm.

Rəbiyyə xatundan sonra şair Bəhluli, şair Qulaməli, şair Qaim Şirvani, şair Əhməd Kəsirəddin, şair Tacəddin Şirvani, şair Mail Fədai, molla Ruxnəddin Xəlili, molla Seyid Məhəmməd, dəllək Nəsrəddin Zəbani, falçı Yusif Səbayi, lotu İsfəndiyar Qutluq növbə ilə bir-bir əllərini Qurani-Kərimə basıb, onun dediklərini təkrar etdilər”.

Povestdə Nəsiminin "rəqib”ləri, tamamilə doğru olaraq, Şirvanşah İbrahimin də düşmənləri kimi təqdim olunur. Və sui-qəsdin qarşısı alınsa da, Şirvan (ümumən Azərbaycan) məhz qaragüruhun mənhus maraqları ucbatından öz dahi övladına sahib çıxa bilmir...

"Şamaxı narahat və həyəcanlı günlər yaşayırdı. Artıq neçə vaxt idi ki, Şamaxı və Bakı şairlərinin müraciətinə əsasən buraya Təbrizdən, Ərdəbildən, Zəncandan dəstə- dəstə adamlar gəlirdi. Həmin müraciətdə yazırdılar ki, əziz bəradərlərimiz, böyük yurdumuzun şair, qəzəlxan, mərsiyəxan və meyxanaçıları, neçə illərdi ki, Şamaxıda üzdəniraq bir şair peyda olub, öz kafir əşarı ilə nəinki müqəddəs dinimizə, hətta Allah və peyğəmbərimizə hədyanlar yazıb, hər yerdə xalqın ruhuna rəxnə salır...”

Öz tərəfdarlarını - özlərinə bənzəyənləri səfərbər edən qaragüruh şairi məhv edə bilməsə də, onun Azərbaycan hüdudlarını tərk eləməsinə nail olur.

konkret tarixlə başlayan əsər konkret tarixlə də başa çatır.

"1409-cu ilin avqust ayının onunda sübh çağı, o vaxt ki, hələ yol-iz aydın görünmür və yalnız məşriq səmasında üfüqin kiçik bir hissəsini bir halə bürüyür, Şamaxının Seyidlər məhəlləsindən uzanan yolda iki dəvə kölgə kimi ağır-ağır uzaqlaşırdı...

Seyid Əli İmadəddin Nəsimi bu qədər dərdi, nisgili olmasına rəğmən xoşbəxt idi. Çünki ata ocağından, qardaşından ayrı düşsə də, xoşbəxtliyi insana bəxş edən dörd ünsürün dördüonunla bir yerdə idi: sevgi, şöhrət, hörmət və nəhayət, Vətən!

Bəli, doğma Azərbaycan dilinin timsalında Vətən daim onunla idi...”

"Son səfərpovestində bir neçə ayın hadisələri barədə söhbət getsə , şairlər şairinin obrazı kifayət qədər səciyyəvi cizgilərilə ( sənətkarlıqla) təsvir edilmiş, şair- mütəfəkkirin şəxsi həyatı ilə ictimai idealları arasındakı sarsılmaz əlaqə çox munis, səmimi, təbii münasibətlər kontekstində təqdim edilmişdir. nəticə etibarilə əminliklə demək olar ki, Hüseynbala Mirələmovun istedadlı qələmi Nəsimi haqqındakı təsəvvürlərimizi xeyli genişləndirən yeni bir ədəbi abidə yaratmaqla dahi şəxsiyyəti mənsub olduğu xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.

 

Nizami CƏFƏROV,

Akademik

 

Azərbaycan.- 2019.- 17 fevral.- S.7.