Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib

 

Azərbaycan Mədəniyyət Nazirliyinin və “Beat Group” şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl qırmızı xalı üzərindən keçən gənc vokalçılar festivaldan gözləntilərini paylaşdılar.

Vokal üzrə pedaqoq, Ukraynanın Əməkdar artisti Rimma Şapovalova jurnalistlərə müsahibəsində festival iştirakçılarına böyük ümidlər bəslədiyini bildirərək, yeni istedadların üzə çıxarılmasında belə tədbirlərin əhəmiyyətini qeyd etdi. “Belə gözəl uşaqlarla işləmək mənə böyük zövq verir. Əminəm ki, onların parlaq gələcəyi var və bu uşaqlar hələ özlərini göstərəcəklər. Bu konsert xeyli müddət yaddaşlarda qalacaq”, - deyə Rimma Şapovalova bildirdi.

Sonra möhtəşəm qala-konsert oldu. Festivalda çıxış edən iyirmidən çox gənc istedad Azərbaycanın və dünyanın məşhur hitlərini səsləndirdilər.

Sonda bütün iştirakçılara diplom və xatirə hədiyyələri təqdim edildi.

Qeyd edək ki, festivalda iştirak üçün 100-dən çox istedad müraciət etmişdi. Onların yalnız 21-i finala çıxıb.

Festivalda, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən olan ifaçılar iştirak ediblər.

Festivalın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, layihənin musiqi prodüseri Rüstəm Rzayev, vokal üzrə pedaqoq isə Rimma Şapovalovadır.

 

Azərbaycan.- 2019.- 17 fevral.- S.3.